Xaliq Bahadır. Azərbaycan dövləti nə dövlətidir?

Başda duranların dediyinə görə, Azərbaycan dövləti sosial dövlətdir. Onlar illərdir xalqa bu yöndə yalanlar danışıblar, danışırlar: “Azərbaycan dövləti sosial dövlətdir, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. Bu sayaq yalanlara yalnız sosial dövlətin nə olduğunu, necə olduğunu bilməyənlər inanar. Sosial dövlətin nə olduğunu, necə olduğunu bilənlər isə burasını da çox yaxşı bilirlər: Əliyevlər Azərbaycanında adına “vətəndaş” insan  kütləsi rejim siyasətinin ən ucqarında, üstəlik, subyekt yerində də deyil, obyekt yerində durur. Qısaca olaraq belə deyə bilərik: Azərbaycan xalqı bu dövlətin başında duranlar üçün eləcə obyektdir: barınma-varlanma obyekti! Bu üzdən də burada sosial anlayışı göstərildiyi kimi deyil, göstərilmədiyi kimidir.
Göstərildiyi sözdür, ritorikadır, yalan-palandır, nağıldır. Göstərilməyən dövlət hakimiyətini ələ keçirmiş birilərinin oğurluq yolla əldə etdikləri milyardlardır. O oğurluq milyardlar üzündən bu gün Azərbaycan xalqı dünyanın ən uğursuz-yolsuz xalqlarından biridir: ölkənin doğal resursları aşıb-daşır, di gəl, xalq aclıq, yoxsulluq, yolsuzluq içindədir. 10 milyonluq xalqın var-dövlətini beş-on oğru ələ keçirəndə belə olur! Beş-on oğru 10 milyonluq xalqı yalnız polis, ordu gücünə əldə saxlaya bilməz. Beş-on oğru İŞVERƏNLİYİ dövlət siyasətinə çevirməklə ölkəni belələriylə doldursa belə, 10 milyonluq xalqı əldə saxlaya bilməz. Buna görə də televiziyaları rejimin başlıca arxa-dayağına çevirməklə xalqa tez-tez, gərəkirkən çoxlu, nağıl-yalanlar danışmaq qaçılmazlığı yaranır. Deyək, Kənd Təsərüfatı İlində  bu sferanı gerçəkdən gəlişdirmək yerinə, xalqı aldatmaq üçün oyuna əl atılır: ölkə boyu “yeni strukturlaşdırma” adıyla yeni binalar tikilməklə Kənd Təsərüfatı İdarələri yaradılır. İl başa çatanda nə olur? İl başa çatanda Kənd Təsərüfatının darmadağın edildiyi, bunun yerinə ortaya yeyinti-mənimsəmə üzündən bir-birindən baha Kənd Təsərüfatı İdarələri çıxarıldığı bəlli olur.
Başqa bir fakt. Birdən yalnız xalqı deyil, eləcə də bütün qabaqcıl dünyanı aldatmaq üçün ilə ad verilir: MULTİKULTURALİZM ili. Bəh-bəh! Elə bu ildə də türmələrin qapısı açılır, ancaq içəridən çölə yox, çöldən içəri. Axı, türmələr yalnız cəzaçəkmə yeri deyil, neft-qaz gəlirlərindən çox da geri qalmayan böyük gəlir qaynağıdır: gündüz hamı yaxşı yemək istədiyi kimi, gecə də yaxşı yatmaq istəyir. gündüz yaxşı yeməyə yaxşı pul verməlisən, eləcə də gecə yaxşı yatmaq üçün yaxşı pul verməlisən. Yeməyin işi uzundur: soğanı-kartofu, əti-yağı. Gecəninki kəsəsinədi: krovatın biri 150 manat. Türmədən tez çıxmağın da öz qiyməti var: 10 min! Bu ölkədə hər nəyə dəyər verilsə də, adamlara dəyər verilmir. Elə rejim başında duranların yalanı da burda üzə çıxır: adamların dəyərləndirilmədiyi dövlət sosial dövlət sayılmır, sayıla bilməz.
Bugünlərdə ölkədə sosial dövlət adına bir addım atıldı: İ.Əliyev “Prezident yanında Mənzil İnşaat Dövlət Agentliyi” yaratmaqla “Sosial mənzil” projesini gerçəkləşdirmə “sərəncamı” verdi. “Prezidentin yanında” sözü gedən mənzillərin tikintisini gerçəkləşdirəcək Mənzil İnşaat Dövlət agentliyinə bağlı “MİDA” (iraq olsun, NİDA!) Məhdud Məsuliyətli Cəmiyət də olacaq. Bildirildiyinə görə, tikinti işləri ilin sonunda başlayacaq. Beləcə, “ehtiyacı olanlara” – belələri, bildiyiniz kimi, təkcə Bakıda minlərlədir – “güzəştli” mənzillər veriləcək. Sözsüz, jurnalistlərə prezident seçkisi qabağı verilən mənzillər kimi bu mənzillər də yubandırmaqla prezident seçkisi qabağı veriləcək – bu isə sosial qayğı deyil, uzun illər olduğu sayaq, xalqla siyasi alver faktıdır.
“Güzəştli” adıyla xalqa sırınacaq “sosial mənzillər”dənsə böyük axınla gələn neft milyardlarından yararlanmaqla gerçək sosial dövlət qurmaq gərək idi. Rüşvətdən-korrupsiyadan uzaq demokratik hüquq dövləti! İndiki kimi xalqı dolayan dövlət deyil, dolandıran dövlət!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv