Xaliq Bahadır. Xaos strategiyası (I)

Ərdoğanın Rusiya ilə indiki barışıq-yaxınlaşması sosial şəbəkələrdə ikili reaksiya doğurdu. Kimlərsə buna qarşı çıxdılar, kimlərsə bunu alqışladılar. Mən birincilərdən oldum. Bizə qarşı çıxanlardan böyüklərindən görüb-götürdüyünə uyğun olaraq bizi sərt aşağılayanlar da oldu: sən demə, biz qlobal siyasətin nə olduğunu anlamırıq. Biz ölkəiçi sosial-politik baxışlarımızla da bağlı yanaşmalarla qarşılaşırıq: “siz prezidentin qlobal siyasətini anlamırsız”.
İstənilən prezidentin – dövlət başçısının çoxlarının adına yekə-yekə qlobal dediyi politikası ölkə dışından deyil, ölkə içindən qaynaqlanır. Daha doğrusu, ölkə içində yürütdüyü, gerçəkləşdirdiyi politikalara bağlanır, yeri gəldikcə onlardan güc alır. Bu baxımdan Əroğanın da, İ.Əliyevin də adına qlobal dediyiniz politikaları eləcə mifdir! Adına mif deyilən nəsnə isə, uzaqbaşı, emosional dəngə faktorudur.
H.Əliyev Azərbaycanda hakimiyətə qayıdışının başlanğıcından bizim ortaq ulusal (milli) dəyərimiz olan Məhəmməd Əmini, onun ideyalarını  aşağılama-aşındırma yolu tutduğu kimi, Ərdoğan da hakimiyətinin, demək olar, başlanğıcından Atatürkü, Atatürkçü düşüncə sistemini aşağılama, aşındırma yolu tutdu. Burada “demək olar” ara sözünün öz yeri var: iki yüz illik rus işğalından yenicə qurtulmuş Azərbaycanda dövlətçilik düşüncəsi yenicə oturuşmağa başladığından, üstəlik, Məhəmməd Əmin ideyaları ulusun düşüncəsinə yerləşmədiyindən H.Əliyev özümlü işlərinə lap başlanğıcdan, qorxusuzca başladı. Türkiyədə durum başqa idi: burada dövlətçilik, Atatürkçü  düşüncə sistemi geniş yayılmış, oturuşmuşdu.
1993-də H.Əliyevi Azərbaycanda, 2002-də Ərdoğanı Türkiyədə hakimiyətə gətirən güclər bu faktorları bütünlüklə göz altına almaqla iki yaxın Türk dövləti üçün tasarladıqları oxşar planların gerçəkləşdirilməsində azacıq ayrıntılara da yer vermişdilər. Azərbaycanda tanınmış KQB generalı nə istəsə edə, bütün imperialist gözləntiləri asanlıqla doğrulda bilərdi – eləcə sözə güc verməklə. Azərbaycanda sözlə, quru yalanla uğur qazanmaq olardı, Türkiyədə – yox. Bu üzdən də Türkiyədə öncə ortaya iş qoymaq gərəkdi. Qoyuldu. Türkiyədə Ərdoğan başçılığında ekonomik yüksəliş başladı. Ekonomik yüksəliş artdıqca Ərdoğanın Atatürk üzərinə, Atatürkçü düşüncə üzərinə yürüşü də güclənib genişləndi. Türkü ulusu bir də uyqudan oyanıb özünü-ölkəsini dərin xaos içində buldu: indiyədək bütöv olan ölkə indi içindən yüz yerə bölünmüş durumda idi. İslam dinini dövlət dininə çevirmiş Ərdoğan ərəb dünyasını yüz illər boyunca bölük-bölük edən, içindən didib-dağıdan din xaosunu politik xaosla qarışdırıb Türkiyənin içinə soxmuşdu. Daha Türkiyəyə qıraqda düşmən axtarmaq, qıraqdan ataq gözləmək gərək deyildi; Türkiyə içindəcə düşmənlə (bir-birinə düşmən baxışlarla) dolmuş, içindəcə çeşidli ataqlara uğramışdı. İndi Ərdoğana bir iş qalırdı: özünü duruya çıxarmaq üçün hamını suçlamaq. Özü də indiyədək Türkiyə politika alanında görünməmiş bir davranışla: hamını kəskincə aşağılamaqla, söyüb-yamanlamaqla.  Yapma-yalan islamçı ideoloji ortam yaratmaqla Ərdoğan gerçəkdən gerçəyə TÖRƏ tanımazlığı yoluna çıxmışdı…
Böyük Atatürkün Türkiyə üçün qoyub getdiyi yol var: “Yurdda barış, dünyada barış”. Ərdoğan Türkiyəni o yoldan sapındırmaqla Yird içində də, Yurd dışında da  Türklüyü təklənmiş-yenilməyə yönəlik duruma gətirdi. Böyük Atatürk demişdi: “Sovetlər birliyinə qarşı çıxmaq dünya imperializminin qucağına atılmaqla sonuclanar”. Bu tezis böyük nüvə dövləti olaraq tanınan Rusiya ilə bağlı da keçərlidir. Atatürkün burada dediyini bilmədən mən illərlə Türkiyəmi Rusiya ilə qarşıdurmaya getməkdən çəkinməyə, bunun yerinə yaxınlaşmaya çağırdım. Özünün İŞİDlə neft biznesini qorumaq üçün Ərdoğan “Türkiyənin dövlət sınırlarını qoruma” adı altında Rusiya ilə düşmənçilik yaratmaqla Türkiyə ekonomisini böyük itkiyə uğratdı. O, gərəksiz yerə ABŞ-a, NATO-ya arxalanırdı…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv