ASİF ATA. İNSANİLƏŞƏN CƏMİYYƏT

Ağanın mənafeyinə yox, Sinfin mənafeyinə yox, Silkin mənafeyinə yox, Mücərrəd Ümuminin, Hamının mənafeyinə yox, – hər bir Şəxsin, fərdin mənafeyinə xidmət edən cəmiyyət – İnsani cəmiyyət sayıla bilər.
Bu o deməkdir ki, Maddi Mülkiyyət bir kəsin yox, Mücərrəd Ümuminin, Hamının (Dövlətin) yox, hər bir fərdin malı olmalıdır.
Bu o deməkdir ki, Mülkiyyətə zəhmətkeş sahib olmalıdır.
Mülkiyyətlə zəhmətkeş arasında yadlıq aradan qalxmalıdır.
Hər bir şəxs əməyinin bəhrəsini mənimsəməlidir.
Mülkiyyət – Mücərrəd Ümuminin, Hamının sərəncamına veriləndə, fərd mülkiyyətdən məhrum olanda, Mücərrəd Ümumi şəxsiyyətin Ağasına çevrilir.
Bu, fərdlə Ümumi arasında uçurum yaradır.
Cəmiyyətin bir qütbündə – Mülkiyyətə tam sahib olan – Möhtəşəm Ümumi, – o biri qütbündə – Mülkiyyətdən tam məh-rum olan Məzlum Fərd dayanır.
Möhtəşəm Ümumi – fərdin maddi təminatını öz üzərinə götürməklə – onu şəxsi Müstəqillikdən məhrum edir.
Yeni bərabərsizlik, yeni ziddiyyət, yeni ədalətsizlik meydana gəlir: Mücərrəd Ümuminin, Hamının (Dövlətin) maddi əsarəti.
Xüsusi mülkiyyət eybəcərliyində – əməkçi başqa bir şəxs tərəfindən (kapitalist, mülkədar) istismar edilirdi, öz əməyinin sahibi olmurdu, onu əmtəə səviyyəsində satırdı.
Ümumi (ictimai) mülkiyyətdə – əməkçi yenə də öz əməyinə sahib olmur, Başqasının (Mücərrəd Hamının, Dövlətin) ağalı-ğına məruz qalır.
Mülkiyyəti yaradan – Mülkiyyətə sahib olmalıdır.
Maddi sərvətləri yaradan – maddi sərvətlərə sahib olma¬lıdır.
Ümumiliyin hakimliyində mülkiyyəti, maddi sərvətləri yara-dan – mülkiyyətdən, maddi sərvətlərin çoxundan məhrum olur.
Mülkiyyəti yaradan – mülkiyyətsiz qalır.
Maddi sərvətləri yaradan – Ümumidən maddi güzəran payı alır.
Əməklə şəxsiyyət arasında özgələşmə yenidən bərpa olur.
Bir şəxsin ağalığından xilas olan zəhmətkeş, Ümumiliyin, Hamının (Dövlətin) ağalığına düçar olur.
Başını bir boyunduruqdan çıxarıb, başqa boyundu¬ruğa salır.
Tarix iki cür əməkçi yetimliyi tanıyır: İstismarçıya mənsub olan mülkiyyət yetimliyi, mücərrəd Ümumiyə, Hamıya (Dövlətə) mənsub olan mülkiyyət yetimliyi.
Hər ikisində – mülkiyyəti yaradan, maddi nemətləri istehsal edən zəhmətkeş – mülkiyyətdən məhrum olur.
İnsaniləşən cəmiyyət bu ədalətsizliyə son qoymalıdır.
İnsani cəmiyyətdə Bir Şəxsin yox, bir Sinfin yox, bir Silkin yox, Mücərrəd Ümuminin, Hamının yox, hər bir Fərdin mənəvi ləyaqəti təsdiq olunmalıdır.
Bu o deməkdir ki, hər bir Fərd öz həyatının Rəhbəri olmalı-dır: həyatını Vicdana tabe etməli, Vicdanın hökmünü eşitməlidir.
Cəmiyyət qanunlarını Fərd Vicdan Qanunu əsasında qəbul edir, yaxud rədd edir.
Ömrün Sahibi cəmiyyət yox, Fərd özü olur.
Fərd öz fəaliyyətini, düşüncələrini, duyğularını, həyat tərzini Ruhani Qanunlar əsasında qiymətləndirir.
Ruhani Qanunlara cavab verməyən ictimai Qanunlar rədd edilir.
Cəmiyyət Ailə səviyyəsinə yüksəlir.
Zordan imtina edən dövlət səviyyəsinə.
Mülkiyyətdən imtina edən dövlət səviyyəsinə.
Xalq yaradan dövlət səviyyəsinə.
Xalqı dünyada təmsil edən, qoruyan, yüksəldən dövlət səviyyəsinə.
Maddiyyat üstünlüyündən, imtiyaz fərqindən, Ağalıq səlahiyyətindən imtina edən dövlət başçısı səviyyəsinə.
Həmin cəmiyyətdə – fərdin özünüidarə haqqı qorunur.
Cəmiyyət – fərdi idarə etmir.
Cəmiyyət – fərdlərdən Xalq yaradır.
Fərdlərdən xalq yaratmaq – fərdin müstəqilliyini məhv etmək deyil.
Əksinə, fərdi düşüncəni, duyğunu, həyat tərzini yeni səviyyəyə – xəlqi səviyyəyə yüksəltmək deməkdir.
Xalq – fərdiyyətin inkarı yox, zirvəsidir.
Xalqda – fərd öz Başqalaşma ehtiyacını, ehtirasını təsdiq edir.
Fərdiyyətin – Xalqlaşma səviyyəsi var.
Həmin səviyyə – Müstəqillik ləyaqəti tələb edir.
Cəmiyyətin əsil Məqsədi Müstəqil fərdlərdən Xalq yaratmaqdır.
Xalq nədir?
Sinfi, Silki ziddiyyətlərin aradan qalxması nəticəsində yaranan ictimai birlik.
(Zidd qütblərə, qruplara bölünən, parçalanan xalq – xalq deyil).
Ümumi etiqad, İnam, Fəlsəfi Fikir, Bədiyyat, Dil əsasında yaranan ruhani birlik.
(Ruhani birlik olmayan yerdə Xalq yoxdur).
Ümumi adət-ənənəyə əsaslanan məişət birliyi.
(Məişət birliyi olmayan yerdə – Xalq yoxdur).
Ümumi tale əsasında yaranan – Tarixi birlik.
(Tarixi birlik olmayan yerdə – Xalq yoxdur).
Müqəddəsləşən Torpaq, Vətən birliyi.
(Torpaqsızlaşmaq – Xalqsızlaşmaqdır).
Müstəqil Dövlət əsasında yaranan siyasi birlik.
(Bunsuz xalq yoxdur, yəni xalqın dünyada yeri yoxdur).
Ümumi mənəvi qanunlar əsasında yaranan Əxlaq birliyi.
(Əxlaq birliyi olmayan yerdə – xalq yoxdur).
Əcdad ümumiliyinə əsaslanan Etnos birliyi.
(Etnos birliyi olmayan yerdə – xalq yoxdur).
Yalnız müstəqil olan – xəlqi birliyə can atar.
Çünki yalnız müstəqil olan – özü olur.
Özü olan isə mütləq başqalaşır.
Kölə – xəlqi birlik aramaz.
Çünki kölə – özünü itirmiş fərddir.
Özünü itirən – başqalaşmaz.
İndiyə qədər bəşər – xalq tanımayıb.
Çünki ruhani cəmiyyət tanımayıb, müstəqil fərd tanımayıb.
İndiyə qədər dövlətlər yaranıb, əsil xalq yaranmayıb, fitnə-fəsad, qan-qada törəyib – əsil xalq yaranmayıb.
İndiyə qədər dövlət öz məqsədini fərdi əsarətə salmaqda görüb.
İndiyə qədər Ümumiliklə, Hamıyla, Dövlətlə – Fərdiyyət arasında keçilməz sədd, uçurum mövcud olub.
Ya Dövlət, ya Fərd deyiblər.
Fərdi Ümumiliyə təhkim ediblər və Xəlqi Ümumi¬likdən məhrum olublar.
Ümumi Ağalığı yaradıblar və Ümumidə Fərdi itiriblər, insansızlaşıblar.
İnsani cəmiyyətin başında ən Kamil Ruhani ləyaqət sahibi durmalıdır.
Xəlqi Amal yolunda özündən ən çox keçən, Mənəvi Qanunlara ən çox riayət edən, öz balaca «Mən»indən ən çox imtina edən, Həyatdan ən az alan, həyata ən çox verən, Zor Səlahiyyətindən Mütləq Mənada əl çəkən, Mülkiyyətsiz, Varidatsız Şəxsiyyət!
Xalqa xidmət edən – balaca «Mən»ə xidmət etməz!
Xalqı sərvət sayan – varidata həvəslənməz!
Ən cüzi güzəran – ən böyük fəaliyyət!
Hər şeyə malik olmaq və heç nəyə malik olmamaq!
Özünü özündə itirmək və Xalqda tapmaq!
Cəmiyyəti xalq səviyyəsinə qaldırmaq, yəni insaniləşdirmək!
Hamıdan əskik yaşamaq və hamıdan artıq yaşamaq!
İnsaniləşən Cəmiyyət – Müstəqilləşən Fərd, Yaranan Xalq, Mülkiyyətləşən Əməkçi və Mütləqləşən Başçı deməkdir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv