XALİQ BAHADIR. Xaos strategiyası (II)

Politika, başlıcası da dövlət başında duranların yürütdüyü politika qurtardığı yerdə başlamadığı kimi başladığı yerdə də qurtarmır. Bu baxımdan Ərdoğanın Rusiya ilə indiki yaxınlaşmasına eləcə hansısa ötəri yanlışın düzəldilməsi faktı olaraq baxmağın özü yanlışdır. Bilindiyi kimi, bu günlər Ərdoğan yeni bir çağırışda bulunmaqdadır: “Dostları artırmaq, düşmənləri azaltmaq”. İstənilən dövlət çıxarları baxımından olduqca önəmli-gərəkli çağırışdır. Ancaq görün bunu deyən kimdir: hakimiyət başında olduğu 14 il boyunca içdə də, dışda da Türkiyəyə düşmənçiliyi körükləyən birisi. Ərdoğanın yürütdüyü çoxillik ayrımçı, bölücü politikalar üzündən bu gün Türkiyə iç düşmənlərlə qapsanmış durumda olduğu kimi, dış düşmənlərlə də çevrələnmiş durumdadır. Bu durumu yaratmaqla Türkiyəni böyük çıxmaza gətirib çıxarmış adam istefa vermək yerinə, “yeni dönəm” başlatdığını bildirir. Qonşularla “yeni dönəm” – dostluq dönəmi; düşmənə çevrilmiş böyük dövlətlərlə, birliklərlə “yeni dönəm” – dostluq dönəmi. Bir daha vurğulamaq gərəkir: 14 illik iç-dış düşmənçiliklərdən sonra… yeni dönəm – dostluq dönəmi.
Burası ayrıca vurğulanmalıdır: Ərdoğan özünün geniş düşmənçilik politikalarına ölkə içindən başlamışdı. Özünün yeni dönəmini də o, ölkə içindən başlamalı idi, ancaq nəyə görəsə bunu etmir. Ölkə içindəki düşmənçiliklər qaldıqca ölkə dışındakı dostluqlar gərəkən effekti verə bilməz – burası bəlli bilinməlidir. `Ərdoğan Atatürkçülüyə, Atatürkçü düşüncə sisteminə qarşı çıxaraq dini dövlət politikasına çevirməklə Türkiyəni bölücülük-düşmənçilik bataqlığına sürüklədi. Bu bir proje idi: sivil dövləti din dövlətinə dönüşdürmə projesi. Bu azmış kimi Ərdoğan daha iki projenin öndərliyinə yükləndi: 1) Yeni Osmanlı projesi; 2) ABŞ-ın “Böyük Yaxın Doğu” projesi. (Ərdoğan nəyə görəsə bu projeni “Böyük Orta Doğu projesi” adlandırır. Görünür, onun ürəyinə belə yatır, olsun). Ərdoğanın üçünə birlikdə yiyəlik etməyə çalışdığı üç projenin birincisini (din projesi) bir qırağa qoyub ikinciylə üçüncüyə baxaq. Bəri başdan bildirmək gərəkir: bu üç projenin üçü də xarakter-ideologiya baxımdan biri-birinə qarşıdır, barışmaz doktrinlərdir.
“Yeni Osmanlıdan danışırkən Ərdoğan bildirirdi: “Sınırları genişlətməyə çalışıyoruz”. Ölkə içində bölücü düşmənçiliklər yaratmaqla sınırları necə genişlətə biləcəyini Ərdoğan kimsəyə, ən yaxın partiya yoldaşlarına belə anlatmırdı. Nədən? Burada anlatılacaq nəsə yox idi – bu üzdən: bu bir absurd idi! Yüz il qabaq yıxılmış Osmanlının çöküşündə millət dövlətindən ümmət dövlətinə dönüşmə çox böyük, çox önəmli rol oynamışdı. İndi Ərdoğan Türkiyəni yenidən millət dövlətindən ümmət dövlətinə dönüşdürürdü. Başqa bir yandan, yüz il qabaq Osmanlını yenib dağıtmış bəlli imperialist dövlətlər indi o çağdakından qat-qat güclü idilər. Eləcə də bəlli imperialist dövlətlərin ələ alıb yönəltməsiylə Osmanlının dağıdılmasında başlıca rol oynamış ərəb faktoru – bütün ərəb dövlətləri bu gün imperializmin əlaltısı rolunda çıxış etməkdədir: belədə hansı Yeni Osmanlıdan danışmaq olar?!
Ərdoğan hələ bu yaxınlaradək (demək olar, Rusiya uçağını vurdurmasınadək) özünü ABŞ-ın “Böyük Orta Doğu” projesinin “eş başqanı” adlandırır, görünür, bunun belə olduğuna çox inanırdı. Mən çağında dönə-dönə “Yeni Osmanlı” kimi bunun da mif olduğunu yazmışdım: əski Osmanlını dağıtmış dövlətlər bir belə güclü olduqları durumda kiməsə yeni Osmanlı yaratmaq şansı verməzdilər. Hələ mən Ərdoğanın özünün iç savaşlarına sürükləyib gücsüz duruma gətirdiyi Türkiyə faktorunu qırağa qoyuram. “Böyük Yaxın Doğu – Orta Doğu” projeyə gəlincə, bu proje bütünlüklə Türkiyənin bölgədə əl-qolunu bağlamaqla Türkiyə sınırlarını daraltmağa yönəlik bir projedir. Çağında bunu anladığımdan Ərdoğanın çox öyündüyü “eş başqanlığını” çağındaca MİF-fantaziya adlandırmışdım…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv