Xaliq Bahadır. Bu xalqdan nə istəyirsiz?

Bizim hər birimizin yurddaş olaraq prezident-dövlət başçısı adını daşıyan İlham Əliyev başda olmaqla Əliyevlər ailəsindən soruşmaq hüququmuz var: bu xalqdan nə istəyirsiz? Ən azı, indiki referendum qərarından sonra bu soru günümüzün ən aktual sorularından biri, birincisi olmalıdır. Demokratiya ritorikasından tutmuş antikorrupsiya ritorikasınadək xalqı aldada-aldada Demokratiyanı diktaturaya, Respublika quruluşunu monarxiyaya dönüşdürdülər.
Ata Əliyevdən başlayaraq hər ilin başlanğıcında qaçqınlara yalan sırıdılar: “Bu il sizi doğma yurd-yuvanıza, ata-baba ocağınıza qaytaracağıq”. Oğru-korrupsioner hökumət üzündən göndərilən humanitar yardımları yetərincə ala bilməyən minlərlə qaçqın ac-yalavac, ancaq Qarabağa qayıtmaq illüziyasına qapılaraq çadırlarda can verdi. Çadırlar Qarabağı görənlərdən boşalandan sonra… ATƏT-matətlə qurulan oyun içində… QaraDAĞda, Abşeronda QAÇQIN şəhərcikləri tikdilər. Ata yolunu bütünlüklə mənimsəmiş oğul Əliyev, görünür, ermənilərin dincliyini pozmamaq üçün  Qarabağdan çox-çox uzaqda tikilmiş o evləri də qaçqınlıqdan qırılıb qalanlara Əliyevlərin böyük  payı-sovqatı olaraq sunurdu. Bu isə elə-belə edilmirdi: qaçqınların boynuna Yer üzündə onların tək arxa-dayağı olan Əliyevlərə səs vermək borcu qoyulurdu.
Davranışlarından, etdiklərindən göründüyü kimi, yalnız QaraDAĞda, Abşeronda ev tikdikləri qaçqınlar deyil, bütün Azərbaycan xalqı qanıyla, canıyla, malıyla, puluyla Əliyevlərə  borcludur. Özü də 1969-dan bu yana. Axı, 1969-dək Azərbaycanı SSRİ-də tanıyan yox idi. Onlar (Əliyevlər) 16 keçici qırmızı bayraq almaqla Azərbaycanı bütün SSRİ-yə tanıtdılar. Bəs Azərbaycan xalqı? Hakimiyəti bərk-bərk tutub saxlamaq üçün KQB generalına VARLI-VERİMLİ Azərbaycan gərək idi. O Azərbaycanı yaratmağın yolu xalqı gecə-gündüz çalışdırıb əzməkdən, əzib çalışdırmaqdan keçirdi. Qonşu Gürcüstanla “Ermənistan” da xalq Ümumittifaq büdcəsindən barınmaqla bolluq içində kef çəkirkən, qan-tər içində Ümumittifaq büdcəsini dolduran Azərbaycan xalqı yoxsulluq, hüquqsuzluq içində çürüyürdü. Gözünüzün önünə bir xalq gətirin: qonşu Gürcüstanla “Ermənistan”nın mağazalarına yeməyə ət-yağ, ölüsünü büküb basdırmaqdan ötrü bez almağa axışan əzik-büzük Azərbaycan xalqı! O çağlar regionun ən yoxsul, ən hüquqsuz xalqı! Bəs indi? İndi daha pis! İndi daha yoxsul, indi daha hüquqsuz!
Ölkənin resurslarını, xalqın malını-pulunu, eləcə də bütün hüquqlarını bir Ailə mənimsəyib – Əliyevlər ailəsi! İndi onlara yeni referendum gərəkdir – qurduqları diktatura rejimini – ailə hakimiyətini daha da gücləndirmək, daha da dayanıqlı etmək üçün referendum! 1993 qayıdışından bu yana onlar Azərbaycanı bütün dünyaya tanıtmaqdadırlar – sökə-sökə, dağıda-dağıda, dünyanın bu başından o başına rüşvət verə-verə, paylaya-paylaya!
Bu gün yenə Azərbaycan xalqı qarnını doyurmaq üçün gözünü Gürcüstanla “Ermənistan”a dikməli olur. Əliyevlərin Azərbaycan xalqına yaşatdıqları indiki acınacaqlı, düşkün durumun ən yaxşı sərgiləndiyi yerin biri Gürcüstanla Azərbaycanın sınır qapısı – Qırmızı körpüdür. Bu körpüdə işsiz-yoxsul Azərbaycan kişilərinin, Azərbaycan qadınlarının gündəlik yaşam dramı sərgilənir!
Gürcüstana boş əllə gedən Azərbaycan kişiləri, Azərbaycan qadınları əllərindəki yükün ağırlığından Qırmızı körpünü  üzü Azərbaycana az qala sürünə-sürünə, iməkləyə-iməkləyə keçirlər. Kim bilir, bəlkə, onların əllərində, çiyinlərində ağır yük olmasa belə, Azərbaycana sürünə-sürünə keçərlər: Əliyevlər Azərbaycanı çoxdan sürünənlər ölkəsinə çeviriblər; Ölkənin resurslarını, xalqın hüquqlarını özəlləşdirib ələ keçirməklə.
1996-cı ildə ABŞ Dövlət departamentinin Azərbaycanla bağlı yaydığı bildiridə deyilirdi: “Azərbaycan xalqının hakimiyəti dinc yolla dəyişmək hüququ əlindən alınıb”. Bu tezis (düzünə qalsa, aksiom!) ABŞ-ın illik bildirilərində indiyədək dönə-dönə vurğulanıb. Çevriliş cinayət sayılır, dinc yolla hakimiyəti dəyişmək hüququ mənimsənib. Nə etməli?

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv