İlqar Tağı. Asif Ata Ocağının 40 illiyi

 Asif Atanın fəlsəfi irsinə dərindən bələd olmadan haqqında ekspert rəyi bənzəri fikir söylə­mək diletantlıq, ya da söz xatirinə söz deməkdən başqa şey deyil. Asif Ata haqda fikir sərgilə­mək eyni zamanda milli dəyərlərimizə yanaşmamız qədər sorumluluq tələb edir. Çünkü Asif Atanın təliminin rişələri minilliklərin milli, mənəvi tarixinə dayanır… Buna baxmayaraq, az-çox oxu­duqlarıma, çoxillik təəssüratlarıma əsaslanaraq, bir neçə fikir söyləyə bilərəm. Yanıla bil­məyim istisna deyil. Bu təlim sovet rejiminin təhdidləri fonunda xalqın milli ruhunu yaşatmağı bacardı. Mənəvi, fiziki basqılara baxmayaraq, həmin dövrdə yarandı, yaşadı. İndi də yaşayır, yaşa­mağa məhkumdur. Anladığım qədər, bu təlim sovetin “ottepel” dövründə Asif Əfəndiyevin timsalında, hürufiliyin milli ruha bağlılığının davamı kimi, yeni şəkil alaraq təzədən doğuldu. Milli ruh hər hansı formada yenidən araya gəlməliydi, gəldi də. Bu sadəcə, Asif Ata varlığında tə­cəl­la etdi… Burda Asif Ata avtoritet kimi yox, aramızdan biri kimi göründü, təqribən Budda, ya da İsa kimi. O, başqa dinlərdəki peyğəmbərlər kimi, hökmranlıq edən, əmr edən, fətva verən deyildi. Bu təlim Yaradanı insanın özüylə eyniləşdirir – insanı xaliq görür, qul yox. Hətta de­yərdim, bu təlimin müddəaları yaradılışın müasir fəlsəfi-elmi anlayışlarıyla üst-üstə düşür.

Asif Ata təlimi pozitiv ideoloji təlim kimi təqdirəlayiqdir. Bu təlim daha çox səmavidir (insan ruhunu kosmosa açmaq anlamında), nəinki səmavi adlanıb da Yer “qayğıları” ilə uğraşan dinlər. Asif Ata təlimi daha çox dindir və bu, Tanrının özünün istəyə biləcəyi, insan övladının fitrətilə səs­ləşən dindir, nəinki özü özünü sülh dini kimi elan edib, ancaq hiyləgərcəsinə, fiziki ekspansiya yo­luy­la məişətimizədək soxulub, hələ də dominant olan, insanlığa qarşı olan islam dini. Bu təlim daha bəşəridir, daha doğmadır, nəinki bütün yabançı dinlər. Bu təlim mil­lili­yimizdən ucalır. Bu təlim tənqidlərə də açıqdır, tolerantdır, intellektualdır, təzələnməyə, in­kişafa açıqdır. Bu açıdan, Asif Ata Ocağının belə bəşəri dəyərləri yaşatmaq kimi önəmli fun­ksi­yası var.

Bu Ocaq xal­qı­mızın mənəvi təmizlənməsi (katarsis) yeri hesab olunmalıdır. Bu Ocaq –insanlarımızın zeh­niyyətini istismar, manipulyasiya predmeti kimi görən, mənhus strateji siyasi planlarıyla xərçəng yarası kimi ölkəmizdə kök salmış yad dinlərə qarşı immunitet kimi yaşayır. Bundan sonra da yaşayıb-şaxələnmək onun vacib missiyasıdır. Çünkü aydınlarımız, milli məfkurə daşıyıcılarının içlərində bu təlimə sevgi, rəğbət kök salıb. Bunun ruhumuzdan çıxarılması mümkünsüzdür. Ölkəmizdə insanlığın daim ucalması naminə Asif Ata təliminin yaşaması, təşəkkül tapması arzularıyla!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv