Soylu Atalı. Şəhidlər Xiyabanında

Min Şəhid ağladı içimdə bu gün,
Min Şəhid ruhunu dağladı ahım.
O qərib ruhlular Yurdunda sürgün,
O Yurdsuz ruhlara ağladı ahım.

O qanlı illərin ağrısı döndü,
İçimdə alışdı, yandı çata-çat.
Elə bil göylərin işığı söndü,
Elə bil soyudu, dondu kainat.

Daş gözlər gözümə dikildi səssiz,
Elə bil min ildi donub baxışlar.
Hər üzdə suallar oxudum –

                                           bəs siz,
Niyə yaşayırsız, dönük soydaşlar.

Niyə qanımıza torpaq ələdiz,
Tarixi gizlədiz torpaq altında.
Günahı mərmərlə örtüb bəzədiz,
Yoxmu qeyrət çəkən papaq altında?!

Uzun yüzillərin oyaq günahı,
Tarixin sirrini saxlar canında.
Qaranlıq yuxuya verir sabahı,
Bulanlıq niyətlər yenə oyunda.

Açılmır cinayət, bitmir xəyanət,
Qurbanlar düzülür ard-arda yenə.
Ümid azaldıqca artır zəlalət,
Yağı qan ələyir bu Yurda yenə.

Hanı Babək ruhu sarsıtsın Şəri,
Hanı Qorqud Sözü boylar boylasın?!
Füzuli yanğısı, Nəsimi sehri
Doğulsun yenidən soylar soylasın.
Hanı Od ruhumuz odlar qalasın?!

25.02.2019.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv