10 Köçəri Ayı Türkmənçay bağlaşmasının 193-cü ildönümüdür

 Fəlakətlərimizdən dərs götürək!
Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər.

  Azərbaycanın bölünmüşlüyünün ildönümü –

 Türkmənçay  bağlaşması

  

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!

Giriş olaraq bildirmək istəyirəm ki, qarşıdan “Türkmənçay müqaviləsi”nin 182-ci ildönümü gəlir. Biz üç nəfər ziyalı – Abil Ulusoy, əslən Təbrizli Ağşın Ağkəmərli və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Azərbaycanın köklü problemlərini geniş xalq kütləsinə çatdırmağa çalışacağıq. Bunun üçün məsələyə kifayət qədər açıq münasibətlər ortaya qoymağa cəhd edəcəyik. Və bu münasibətlər Azərbaycan mətbuatında çap olunmaqla yanaşı, Güney Azərbaycanda yayılmağa, lap elə Türkiyədəki dostlarımız vasitəsiylə orda da bu məsələlərə diqqəti cəlb eləməyə çalışacağıq. Nəzərdə tuturuq ki, Almaniyadakı Ocaqdaşımız vasitəsiylə, Rusiyadakı pərəstişkarlarımız vasitəsiylə köklü problemlərimiz bilinməli və bizli-bizsiz öyrənilməlidir. Geniş, ciddi maarifçilik işi qurulmalı, məktəb halında formalaşmalıdır. Başqa yöndən maarifçilik işi görənlərin uğurları danılmadan bu iş sistemli getməli, ardıcıllıq yaranmalıdır. Güney Azərbaycanda hər nəsildən bir baş qaldıran Azadlıq istəkləri inqilabi xarakter alır, ancaq sonucda istəklər uğursuzluğa düşür və bu gedişlərdə başqa qüvvələrin istəkləri təmin olunur. Soydaşlarımız istəklərinin əlindən tutub ayağa dururlar. Ancaq təkcə istəklər azdır. İctimai, mənəvi, siyasi yetkinlik mərhələsini keçərək Ümumxalq Hərəkatı yetirilmir. Beləliklə, az sayda fəal, təpərli insanlarımız sıradan çıxarılır, məhv edilir. Həyatımızda məğlubiyyətlər zənciri əmələ gəlir. Bu səbəbdən də hesab edirik ki, maarifçiliyin ilk mərhələsi milli fəlakətlərimizi düzgün dəyərləndirməkdən və bundan dərs götürməkdən,  habelə bunları öyrətməkdən ibarət olmalıdır. Maarifçilik işi partiya məqsədlərindən, Avropalaşma-Qloballaşma meyillərindən kənarda qurulmalıdır, demokratik təsisatların mücərrəd beynəlmiləlçilik gedişlərindən qaynaq­lanan fraqmentlərlə yüklənməməlidir. Qəti şəkildə Milli İdeya quruculuğu həyata keçirilməlidir – şüarçılıqdan uzaq, özünüifadə xatirinə şöhrətpərəstlik meyillərindən uzaq, – mənəvi, idraki yetkinlik səviyyəsində özünü həsr eləməklə.

 Abil Ulusoy: Bütün bu fikirlərin sonradan bir kitabça halında hazırlanmasını istəyərdim. Bunun Azərbaycanda yayılmasını necəsə təmin eləyə bilərik. Bəlkə sabah ən ucqar bölgəmizdən qabağa duran olacaq və o, bütövlükdə Azərbaycan xalqının iradəsini ifadə eləyə biləcək, bir hünər ortaya qoyacaq. Biz buradan əsasən Güney’ə səslənirik. Toxunmaq istədiyimiz məsələlərə onların diqqətini yönəlt­mək üçün uzlaşdırılmış addımlar atılacaq. Gərək olanda mövzulardan bir balaca kənara da çıxacağıq. Yəni burada Borçalı ilə bağlı, eləcə də Dəmirqapı ilə bağlı söhbətlər gedəcək, Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan məsələləri də dilə gətiriləcək. Yəni Azərbaycana bir tam, bir bütöv kimi baxacağıq. Ancaq xüsusi çəki Güney üzərində olacaqdır. Əsas ağırlıq mərkəzi “Güney”dir. Azərbaycanla bağlı bütün məsələləri əhatə eləyən söhbətlər olacaq. Ancaq Soylu bəyin dediyi kimi, bu məsələlərin qoyuluşu bir söhbətə sığmayacaq, daha çox görüşlərimiz olacaq. Mən Asif Atanın “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabını bir çox ali təhsil müəssisələrində və digər fərqli ünvanlarda yaymışam. Hətta onların elektron biçimlərinin beynəlxalq mübadiləyə girməsinə nail olmuşam. Bunlar özləri də işin yayıcılığına xidmət edirlər. Nəyə görə də ümumazərbaycan məsələlərində daha çox yayıcılar cəlb olunmamalıdırlar?!

Soylu Atalı: Kitab təşəbbüsü yaxşı məsələdir. Məncə bu kitab belə bir məzmun daşımalıdır: “Azərbaycanın köklü məsələlərinin öyrənilməsi, təhlili və həlli yönündən maarifçiliyin yeni mərhələsi”.

İndi qayıdaq “Türkmənçay müqaviləsi” məsələsinə. Hesab eləyirəm ki, bu məsələnin tarixi baxımdan bəlli olan detallarına yön almayaq. Tamamilə məsələnin məzmununa daxil olmaq lazımdır. Nə baş verdi, niyə baş verdi, bundan biz çıxa bilərikmi?! İlk öncə qardaşımız Ağşın Ağkəmərlini dinləyək. Ağşın Ağkəmərlinin indiyə qədər də özünəməxsus işləri olub, onu tanıyırlar. Gəlin görək qoyulan məsələlərə yeni Dünyabaxışdan daxil olmaq mümkündürmü?! Ağşın bəyin Ocağımızla dostluq əlaqələri artıq bir neçə ildir ki, davam edir. Bu əlaqələrin arxasında milli dünyagörüş daya­nır. Məncə bu gün prinsipial məsələləri maarifçilik xəttinə çıxarmaqla əlaqələrimizin yeni mərhələsinə başla­yırıq. Çünki Ağşın bəy təsadüfən ortaya çıxmış birisi deyil, Güney Azərbaycana bağlı olaraq sözü və işi olan ziyalıdır.

 Ağşın Ağkəmərli: Belə bir işi nizama salmaq ürəyimcədir. Düşünürəm ki, çaşqınlıqların qarşısının alınma­sın­da bu işimiz töhvə verəcəkdir. Məsələyə gəlincə, sizin dediyiniz kimi, ümumi bilgiləri təkrar eləmək istəmi­rəm. Ancaq ilk olaraq bildirmək istəyirəm ki, Türkmənçay Təbrizdən 125 km aralıda Miyana içində və Xal-xal dağlarına gedən bir yolda yerləşən kənddir. Bu müqavilə orada bağlanıbdır. Və o kəndin içində müqavilə bağlanan otaq bu gün də olduğu kimi qorunub saxlanır.

Mən burada bir məsələyə toxunmaq istəyirəm. Türkmən­çay müqaviləsi ani olaraq, o məqamda yaranan bir hadisə deyil. Bunun kökü çox dərinə və qədimə gedib dayanır. Bizim fərqinə varmadığımız bir məsələ var ki, düşmən bizi bizdən qat-qat yaxşı tanıyır. Bizim kimliyimizi, qüdrətimizi özümüzdən çox yaxşı bilir. Və bilir ki, bu milləti birləşdirən bir amil ortaya çıxarsa, onun qarşısını heç nəylə almaq olmaz. Ona görə bizim millətimizi nəzarətdə saxlamaq üçün böyük güc ortaya qoyurlar, böyük sərmayə sərf edirlər, necə deyərlər, varlıqlarını ortaya qoyurlar. Onlar bizi ayrı-ayrı qollara parçalaya biliblər və biz də bu parçalamaya inanmışıq, boyun əymişik, ona tabe olmuşuq. Buna baxma­yaraq, düşmən bizə parçalar şəklində deyil, bir bütöv şəklində yanaşır, xarakterik olaraq. Bütövlükdə Türk Dünyasını bir vahid kimi götürürlər, özbəyi tatardan, tatarı türkməndən və s. Ayırmırlar. Və götürdükləri ssenari türk millətini qollara ayırdı. Eyni zamanda Türkmənçay müqa­viləsi Atillaların qorxusundan yarandı. Təkrar türk milləti bir araya gəlməsin, Avropanı təhlükəyə salmasın, qorxuya salmasın, Avropanın dinc yuxusuna haram qatmağa qalxma­sın. Ona görədir ki, Türkmənçay müqaviləsi ortaya çıxdı. Və sonradan da yeni “türkmənçaylar” ortaya çıxdı. Söhbət nədən gedir?! Məncə bütün diqqət ona yönəlməlidir ki, hansı yolla “Türkmən­çay”ın yaxud “türkmənçaylar”ın qarşısı alınmalı­dır. Bir baxımdan baxanda biz həm tələsmişik, bir baxımdan baxanda da çox gecikmişik. Tələsdiyimiz bu olub ki, tarix boyu çox ideolojiliklər ortaya qoymuşuq, amma bu ideologiyalardan düzgün faydalanıb istifadə eləyə bilmə­mişik. Özgəsi bu ideolojilikləri götürüb bəhrələnib. Bizim səpələdiyimiz, itirdiyimiz ideyaları yığıb, toparlayıb özlərinə ideologiya yaradıblar. Həmin ideologiyanın sayəsində bizi hədələyiblər, parçalayıblar. Baxmayaraq ki, ortaya qoyduğu­muz ideyaların kökü çox qədimə bağlıdır, biz hər Hərəkatda müəyyən hissələri itirə-itirə gəlmişik. Belə olubdur ki, məsələn, Xürrəmilik ideyası ortaya gəldi, ancaq biz özümüz bundan bəhrələnə bilmədik. Burada bir məsələyə də toxun­maq istəyərdim ki, bizim ideyalarımızı yox eləyən ən çox eşikdən deyil, içəridəki əllər olubdur. Bu gün əgər Güney Azərbay­canda türkə qarşı hansısa bir təşkilat hərəkət edirsə, onun başında duran bir türkdür. Bu gün Amerikada İrançılıq təpkisini gücləndirən beş televiziya kanalının birincisi və ya bir neçəsi Təbrizlinindir. Ona görə bizim işimiz iki yöndə müəyyənləşməlidir. Həm içəridəki cəbhəmiz, həm də eşikdəki cəbhəmiz təhlil olunmalıdır. Və bu cür hallara qarşı millətimizi yetişdirmək lazımdır. Eyni zamanda xaricdən də müəyyən xətərlərin, basqıların, təsirlərin qarşısını almaq üçün ondan da müəyyən təhlillərimiz olmalıdır.

 Soylu Atalı: Biz söhbətimizi aparıcısız aparırıq. Ona görə söhbətlərimiz bir-biri ilə uzlaşsın deyə, müəyyən müdaxilələr olanda xahiş edirəm nəzərə alaq. Üçümüzün fikirləri bir sistem təşkil etsin deyə, istəyərdim ki, Abil bəy toxunduğumuz məsələ ilə bağlı müəyyən bir bilgi versin.

 Abil Ulusoy: Ümumiyyətlə, söhbət çox geniş məsələləri əhatə eləyir. Ona görə diqqətimizi maksimum dərəcədə toparlayırıq.  Bilirsiniz ki, Güney Azərbaycan heç vaxt dinc dayanmayıb. 20-ci yüzildə 4 dəfə inqilab həyata keçirib. Dünyanın heç bir yerində belə bir şey olmayıb.

Soylu Atalı: Ona görə Quzey Azərbaycanda durub demək ki, əşi, Güney Azərbaycan daim əsarətdədir, – bu fikir Güneydə hər hansı bir işin getmədiyi anlamına gəlməməlidir.

 Abil Ulusoy: Bəli, Güney Azərbaycanda gedən işlər ona görə də qürurvericidir…

 Ağşın Ağkəmərli: Həm də üzücüdür…

SDC10938 

Abil Ulusoy: Mən məsələnin o tərəfinə də toxunacam. Ona görə qürurvericidir ki, Güney Azərbaycanlılar dünyada azadlıq uğrunda mübarizənin örnəyini ortaya qoydular. Öz haqları uğrunda dönmədən mübarizəyə qalxırlar. Dünyanın heç bir ölkəsində belə bir nümunəyə rast gəlməmişik. Ancaq burada təəssüfləndirici məqam da var. Azadlıq uğrunda mübarizəyə qalxdıq, məğlub olduq. Hansı nəticəni çıxardıq, hansı dərsi götürdük?! Çox keçmədi, ikinci dəfə ayağa durduq. Səttarxanla Xiyabaninin mübarizələri arasındakı məsafə çox qısa bir məsafədir. Əzilmiş, tapdalanmış bir millət qısa zamanda özünə gələ bildi. Sənin içində azadlıq istəyi nə qədər böyükdür ki, əziləsən, ancaq sınmayasan, yenidən ayağa qalxasan. Xiyabanidən sonra yenə qısa müddət ərzində Pişəvəri başladı, Milli Hökumət quruldu. Ancaq bir-birinin ardınca məğlub oldu. Və bunun özünün də səbəbləri yetərincə araşdırılmadı, çox təəssüf ki. Və sonra 79-cu ildə İran-İslam inqilabı ki, bu da Təbriz üsyanından başladı. İranın bu günə gəlib çıxmasında yenə də müstəsna rol Güney Azərbaycanın üzərinə düşdü. Yəni hər bir şey Güney Azərbaycandan başladı və Azərbaycan heç nə əldə eləmədi. Deməli, buradan çıxarılmalı ibrət dərsləri var… Biz məsələnin həlli yollarına da ciddi baxmalıyıq – hansı məsələ birinci, hansı məsələ ikinci qoyulmalıdır. Soylu bəy bayaq çox düzgün dedi ki, bizim buradan Güneyə üz tutmağımız maarifçilik xarakteri daşıyır. Güneyə birinci bu lazımdır. Amma bu maarifçiliyin özündə ideya başlıca rol oynayır.

Soylu Atalı: Məsələnin çıxış yoluna tərəf istənilən ideya ilə yön almaq mümkün deyil…

Abil Ulusoy: Bəli. İkinci bir məsələ, dünyanın Milli Azadlıq Hərəkatlarına münasibəti necədir?! Robinzon Kruzo kimi bir adada təkcə yaşamırıq. Özümüz istəyirik, amma həm də ətraf dünya var. Dünyanın Güney Azərbaycana münasibəti, dünyanın türkə münasibəti… Dünyanın siyasi sistemində milli azadlıq mübarizələrinə münasibət çox mənfidir. Bu gün dünyanın siyasi cəhətdən aparıcı dövləti sayılan Amerikanın özü kifayət qədər bölücülüyə meyillidir. Buna baxmayaraq İranda da bölücülük məsələsinin baş tutmasında maraqlıdırmı?! Maraqlı deyil, niyə?! Əvvəla, onu demək istəyirəm ki, bəzi Güneyli soydaşlarımızla ünsiyyətdən də bəlli olur ki, Qərbə meyil, demokratiya vədlərinə uymaq, oradan imdad gözləmək halı var. Guya Amerika gəlib İranla mübarizə edəcək və bizimkilər də bundan yararlanacaq. Ancaq bizə görə Güneyin azadlığı məsələsi tamamilə ayrıca qoyulmalıdır. Kimin kimlə savaşı onların istəkləridir – nələr eləyəcəklər özləri üçün. Pişəvəri Hərəkatı vaxtı da Qərbin – Amerikanın, İngiltərənin oynadığı rol kifayət qədər ortadadır. O dövrün şahidlərindən bu gün yaşayanlar da var. Hərbi müşavirlərin işə qarışması, silahla kömək, pulla kömək və Güney Azərbaycanın Milli Hökumə­tinin devrilməsini yetirdilər. Dünyada soyuq müharibə deyilən bir şey əslində Güney Azərbaycandan başladı. II Dünya Savaşından əvvəl soyuq müharibə deyilən bir anlayış heç yox idi. Soyuq müharibənin bütün atributları Güney Azərbaycanın üzərində gəldi çıxdı ortaya. Qərb-Sovet münasibətləri soyuq müharibənin ilk rüşeymlərini o vaxt gətirib qoydu ortalığa.

Bir də məsələyə dövlətçilik baxımından yanaşırıq. Asif Ata deyir ki, “dövləti olmayan xalq yetim xalqdır”. Bu kontekstdən bir maraqlı məsələyə aydınlıq gətirmək yerinə düşərdi. Çox təəssüf ki, Güneylilərin də dilindən səsləndirilən bir məsələ müəyyən bir çaşqınlıq yaradır. Məsələn, Səfəvilər dövləti, Əfşarlar dövləti, Qacarlar dövləti. Əslində İran adlanan 1,6 mln kv.km coğrafi bir ərazi var. Həmin ərazidə İranın dövlət halına gəlməsindən 1925-ci ilə qədər – Qacarlar dövlətinin süqutuna qədər orada əsasən türk dövlətləri olubdu. Sasaniləri çıxmaq şərti ilə hamısı türk dövlətləridir.

 Ağşın Ağkəmərli: Min il…

 Abil Ulusoy: Bəli, min il. İranın çoxəsrlik həyatında dövlətçilik ənənəsini türklər qoyublar. İranı siyasi bir sistem kimi saxlayan, onu parçalanmaqdan qoruyan türk idi. Yəni türkün bu coğrafi ərazidə yaratdıqlarının adı İran idi, quruculuğu yox. Yəni demək istəyirəm ki, İranda yaranan türk dövlətçilik ənənəsini bir tayfanın adıyla bağlamaq doğru deyil. Yəni Qacarlar dövləti bir tayfanın qurduğu deyildi, türk dövləti idi və s. İdarəçilikdə ayrı-ayrı farslar da var idi. Ola bilər ki, tək-tək ərəblər də olsun, kürdlər də olsun. Amma dövlətçiliyi yaradan, dövlətçiliyi qoruyan və idarə eləyən türk əməyi və hökmü idi. 1925-ci ildə ki, Qacarların hakimiyyəti süquta uğradı, hakimiyyət keçdi farsların əlinə. Və onlar da məsələyə artıq özlərininki kimi yanaşmağa başladılar.

 Soylu Atalı: Mən istəyərdim bu məsələnin üzərində bir balaca vurğu eləyək. Dövlətin adının tayfalara bağlanmasını xatırlatmaq yaxşı mövqedir. İntəhası bir var bizim arzularımız, bir də var gerçəklik. Bax, bu gün qardaşımız bizim arzularımızdan çıxış eləyir. Əslində bundan sonra Güney Azərbaycanda nə baş verəcəksə, məhz bizim bu istəklərimiz yönündən baş verməlidir ki, nəhayət Azərbaycada yaranan dövlət vahid bir türk dövləti anlamında olsun, qəti olaraq hansısa bir tayfanın dövləti anlamında olmasın.

Mən yenidən mövzunu “Türkmənçay müqaviləsi”nin üzərinə qaytarmaq istəyirəm. Asif Atanın “Azərbaycanımız – Azərbaycanlığımız” adı altında ümumazərbaycan ruhunu ifadə eləyən bir dəyər sistemi var. Bu dəyər sistemində O, Azərbaycanın bütöv mahiyyətini ortaya qoymuşdur. Bu mahiyyəti Azərbaycanın fərəhli bir aqibəti sayır, varlığının qarantı, tarixinin özülü sayır. Və bu özül üzərində hansı Azərbaycanı qurmaq olarsa, onu düşünür, onu axtarır, onu təklif edir, onu təqdim edir. Asif Ata Azərbaycanın yaratdıqlarını, qurduqlarını böyük bir sevgi ilə fəlsəfi bir sistem halında ortaya qoymaqdan başqa onun müsibətlərini, fəlakətlərini də açıq şəkildə ortaya qoyub, təhlil eləyib. Və istəyir ki, Azərbaycanlılar, türk insanları həmin fəlakətlərin özünü də ciddi araşdırsınlar, öyrənsinlər və dərs götürsünlər. O fəlakətləri sayarkən, məsələn, Midiyanın süqutu (Asif Ata oradan başlayır fəlakətlərimizi təhlil eləməyə), Babəkin qətli (çünki Babəkin qətli əslində Azərbaycanın yadlığa faciəvi şəkildə yenilməsi ilə nəticələndi), sonra Çaldıran fəlakəti və s. nəhayət, gəlib “Türkmənçay müqaviləsi”nin üzərinə çıxır.

Mən bu gün elə hesab edirəm ki, Türkmənçay müqaviləsi bizim tarixi fəlakətlərimizin ən zor olanıdır. Niyə, çünki Azərbaycan bölündü, parçalandı. “Türkmənçay müqa­viləsi”nə qədər də Azərbaycanın bölünmüşlüyü olub – tayfalar səviyyəsində. Ancaq bu dərəcədə qəddar möhür vurulmayıb Azərbaycanın aqibətinə. Yəni “Türkmənçay müqaviləsi” Azərbaycanı təkcə coğrafi dağıntılara deyil, yüzillərdir davam eləyən assimilyasiya zülmünə məruz qoydu. Bu müqavilənin baş verməsiylə nələr itirmədik biz. Milli-mənəvi dəyərlər aradan getdi; dövlətçilik ənənəmiz sarsıldı; Millətin ruhani varlığının, ruhani vəhdətinin əsası sarsıdıldı; millət tamamilə öz gözündən düşdü – özünə yadlaşma başladı. Bizim taleyimizi həll eləmək o qədər asanlaşdırıldı ki, bircə nəfərimizi də saya salıb müqavilə prosesinə yaxın buraxmadılar. Təsəvvür edin ki, bu bölünmədən sonra İranda ardıcıl türk millətini inkar təbliğatı quruldu. Bu da ondan ibarət idi ki, burada türk-filan yaşama­yıb. Azərbaycan elə farsdır, onun dili sonradan türkləşib. Azərbaycanın mədəniyyəti fars deməkdir. Ona görə Azərbaycan ağlını başına yığıb öz farslığına qayıtmalıdır.

Türkmənçay müqaviləsi

Asif Ata görüşlərinin birində bu məsələləri çox həyəcanlı şəkildə vurğulayırdı. Bilirsiniz ki, farsçılığın bugünkü gücü də, strukturlarını qoruma mexanizmi də İslamdır. Onun başında duranlar da məhz həmin təbliğata uyub farslaşan türklərdir. Beləliklə, fars rejimi ruhsuzlaşdırdığı mollabaşıları bütövlükdə Güney Azərbaycan türklərinə nümunə göstərir. Heç bir məktəb, təhsil görməyən sadə soydaşlarımızı aldadaraq, dəhşətli bir assimilyasiya işi həyata keçirirlər. “Gəlin “özünüzə qayıdın” – farslaşın – Xomneyiləşin, Zəncaniləşin”. O Zəncani ki, Zəncanın ali dini rəhbəri sayılır. İndi onu ortaya atıblar və onun vasitəsilə İranı yalançı müsəlman haqqının qorunmasında borclu sayırlar. Bununla da ordakı Milli Hərəkatın fəallarına “avans” vermək həvəsinə düşüblər. Guya onlar o qədər humanistdirlər ki, heç yerdə müsəlmanın haqqına biganə deyillər. Ancaq məlum deyil ki, bu müsəlman deyilənin haqqı nə deməkdir, müsəlmana etiqad haqqı tanımaqla Güney Azərbaycan türkünün Azadlıq haqqı niyə eyniləşdirilir?! Bilirsinizmi, bu cür oyunlar əslində assimilyasiya gedişlərini qorumaq üçündür. Bizim soydaşla­rı­mız belə şeylərə uymağa meyilli olmamalıdırlar. Zəncanilər demirlər ki, Güney Azərbaycan türklərinin bir millət olaraq itirdikləri nədən ibarətdir?! “Müsəlman haqqı” deyilən nə varsa, hamısı həmin o farslaşdırma təbliğatının tərkib hissəsi­dir. Hətta bu təbliğat Azərbaycan Elmlər Akademiyasının içinə qədər soxula bilib. Yazılar dərc olunur, jurnallar buraxılır, saytlar işlədirlər və s. Xalqın ruhunu tamamilə sarsıtmaq, xalqı tamamilə özünə yadlaşdırmaq prosesi gedir. Bax, bu prosesin içərisində Güney Azərbay­canda olan insanlarımız, demək olar ki, çox az sayda qüvvələrlə ayağa dururlar. Mən qınamıram. Bizim haqqımız yoxdu onları qınamağa. Yenə bizim özümüzü məsuliyyətdən qıraqda saxlayıb bir paramızı qınamağımız doğru olmazdı. Bayaq biz deyirik ki, orada böyük qəhrəmanlıqlar olub, əsrdə bir neçə dəfə inqilablar törəyib. Söz yox ki, biz dərinə gedəcəyik, ayrı-ayrı detallara varanda. Biz inqilabçılığın tərəfdarı deyilik, biz intibahçılığı təqdim edirik. Ancaq türk millətinin azadlığı uğrunda gərək olarsa, o inqilaba yenə getmək olar. Ancaq buna biz idraki səviyyədə hazırlaş­malıyıq. Yəni ideya əsasında, yəni ideologiya əsasında düşünüb getmək olar ki, yeni məğlubiyyətlər baş verməsin. Biz gərəksiz qurbanlar verməkdən təngə gəlmişik, biz qırğınlara getməkdən üzülmü­şük. Ona görə nəticəsiz qırğınlara getməməliyik. Bizim bugünkü çağırışlarımız da ondan ötəridir ki, məğlubiyyət saçan qırğınların qarşısını alaq. Ona görə biz deyirik ki, Güney Azərbaycanda olan insanlarımız az sayda ki, ayağa dururlar (30-35 mln. sayın qarşılığında), əlbəttə, qələbə gözləmək çətindir. Az sayda fəallarımız qabağa dururlar, Azadlıq istəyirlər. Ancaq kimdən istəyirlər, kim verməlidir o Azadlığı?! Axı bütün kütlə fəaliyyətə qoşulmur, istək ümumxalq hərəkatı səviyyəsinə qalxmır. Ona görə də bizi boğurlar, susdururlar. Və biz yenidən bir nəsil gözləməli oluruq. Yeni dönəm gözləməli oluruq ki, yeni enerji ilə azadlıq istəyək. Bax, bu problemləri önləmək üçün, bu gedişlərin qarşısını almaq üçün Güney Azərbaycanın, – təkcə Güney Azərbaycanınmı, həm də Quzey Azərbaycanın maarifçiliyə böyük ehtiyacı var. Biz elə Güney, Güney deyirik, guya Quzeyin aqibəti Güneyin aqibətindən lap yaxşıdır. Əslində deyil. Burada dövlətimiz yarandı. Bu dövlət bizim gözümüzün işığı qədər bizə əzizdir. Biz dövlətçilik məsələsinə qarşı hədsiz dərəcədə həssasıq, onun üzərində əsirik. Lakin bu dövlət bizim səadətimizi (millət olaraq) gələcəyə aparan bir bütövdürmü, gücdürmü?! Nə qədər ki, Güneyimiz yoxdur, onun taleyinə biganəlik var, burdakı balaca bir gücümüzlə bu dövlətimizi əlimizdə saxlaya biləcəyikmi, qoruya biləcəyikmi? Açıq demək lazımdır, hər tərəfdən canavar kimi ağzını açıb üstümüzə gələnlər var. Bu gün Quzey Azərbaycan üçün Güney sanki yoxdur. Bu tay üçün də maarifçilik ona görə lazımdır ki, bunun üçün o, onun üçün bu olsun. Ağıllarda aqibət birliyimizin gələcəyi öz biçimini tapsın. Necə sən burada müstəqilsən, azad yaşayırsan ki, sənin qan qardaşların orada zindanlara atılır, qətlə yetirilir, olmazın məhrumiyyətlərə düçar olur. Ona görə də ümumazərbaycan ruhunun birliyi ağıllara elə işləməlidir, düşüncələr elə böyüməlidir ki, sabah Güneylə Quzeyi qarşı-qarşıya qoymasınlar, onları bir-biriylə döyüşdürməsinlər. Sabah həqiqətən də azğın güclər içəridən bizi elə yeni fəlakətlərə sürüyə bilərlər ki, yenidən ayağa dura bilməyimiz çətin olar. Sabah İran-İslam rejiminin əsarətindən qurtaran bir toplumu Qərbçiliyin caynağında hərcayiləşdirilən o biri hissə ilə döyüşdürə bilərlər. Ona görə səbrlə və səylə çox idraklı şəkildə xalqın içəridən dəyişilməsi həyata keçirilməlidir. Bilirsinizmi, maarifçilik özümləşmə istiqamə­tində o taylı-bu taylı getməlidir. Və ümumazərbaycan Hərəkatına gəlib çıxma­lıyıq biz. Ümumazərbaycan Azadlıq Hərəkatının içəri­sinə başqa şeylər gəlib qarışmamalıdır. Demokratik azadlıqlar qarışmamalıdır, “söz azadlığı” oyunları, hansı ki, onun arxasında Qərb durur, onun arxasında Avropa durur. Öz mənafeləri üçün durur. Və ortaya atılan bu istəklər (dönə-dönə biz vurğulamışıq) onların mənafelərini doğruldanda qüvvəli görünür, gərəkli görünür, daha doğrusu, göstərilir.

Bu işlərimizin ümumazərbaycan səviyyəsində bir adı var – Azadlıq!

Ağşın Ağkəmərli: İstəklərimiz, söhbətlərimiz üst-üstə düşür. Abil bəyin dediyi bəzi məqamlar var idi. Mən bu məqamlara toxunmaq istəyirəm. Məsələn, 20-ci əsrin əvvə­lin­dən sonuna qədər yüz ildə dörd dəfə inqilab olub. Yəni hər nəsildə bir dəfə. Bəs bu Hərəkatların uğursuzluq­larının səbəbi nədir?! Hesab edirəm ki, uğursuz nəticə məqsədi təyin eləmədən işə başlamağımızdan irəli gəlir. Yəni bir növ ideoloji boşluğun olmasından irəli gələn səbəblər var. Biz həqiqətən məsələyə real baxmaq istəyiriksə, hətta Pişəvəri Hərəkatı müəyyən dönəmdə rusların, ya farsların əliylə ortalıqdan götürülməsəydi belə, öz içindən yeni problemlər ortaya çıxacaqdı.

Həmin variantı, həmin ssenarini biz Xiyabanidə də görürük. Və həmin ssenarinin bənzərlərini bu gün “Talış Muğan Respublikası”nın yaranmasında, o gün “Naxçıvan – Araz” Respublikasının elan olunmasında da görürük. Bəzi məqsədi qapalı olanlar tərəfindən belə problemlər gündəlikdə saxlanılır.

İndi istəyirəm əsas məsələnin üzərinə gələm. Bizim itirdiyimiz bir şey var – o, ideolojilikdir. İdeoloji boşluq yaranıb. İdeoloji boşluq isə məqsədi təyin eləmədən addım atmağa gətirib çıxarır. Məqsədi təyin eləyə bilsək, ona doğru hərəkət eləmək də nəticə verə bilər. Bir millət əsasən üç şeydən asılıdır: – ərazisinin müəyyənliyi, mədəniyyətinin özünün­­kü olması, o biri tərəfdən ideolojisinin olması. İdeolo­giya bizdə tamam yadlıqdan ibarətdir. Məscid bizi müsəlmanlaşdırmaqla ərəbləşdirir. Bu günə qədər İslama dəyər vermişik, onun şəhidinə dəyər vermişik, qiymət vermi­şik, özümüzdə onun yaratdığı faciələrə isə göz yummuşuq.

1924-cü ildə Rza xanı ingilislər İrana gətirəndə, minillik türk hakimiyyətinə son qoymaq məqsədi daşıyırdılar. Çünki bilirdilər ki, ingilis dövlətinin məqsədini yeritmək üçün orda onlara bir kölə lazımdır. O kölə kim ola bilər?! Rza şah. Kim idi Rza şah?! – Tövlədə at saxlayan bir ilxıçı. Yaxşı onu gətirdilər hakimiyyətə. Gətirən kimi dövlətin idarəçiliyində birinci addım İran Coğrafiya Komissiyasını yaratmaq oldu. Səhv eləmirəmsə, Fars körfəzinin yaxınlığında. 1924-cü ildə Rza xanı gətirdilər, 1925-ci ildə isə Coğrafiya Komissiyası yarandı. Bu komissiya yaranan gündən bizim yer adlarımızı dəyişməyə başladılar. Yəni bu millətin birinci olaraq ərazi bütövlüyü hədələndi. Bu millətin dilini, mədəniyyətini lağa qoydular. Bu vəziyyət təkcə bizdə deyildi. Azərbaycanın parçalanmış bütün qollarında bu proses həyata keçirilirdi. Gürcüstanda da bu iş görüldü, Qərbi Azərbaycanda da elədilər. Baxmayaraq ki, bura sovet ölkəsiydi, ora kapitalist ölkəsi. Eyni ssenarini hər yerdə təkrar eləyirdilər. Dərbənddə də eləyirdilər, bizim digər ərazilərimizdə də. Hətta o dönəmdən etibarən İran sözü hallanmağa başladı. Əvvəl İran sözü yox idi, dövlətlərin adı gedirdi. Bura mənimdir, bu ev mənimdir, mən öz adımı bu evin içində daşıyıram, sənə niyə verməliydim. Boş bir ideolojinin (1924-cü ildən etibarən) ingilis orda təməlini qoydu. O İrançılıq məsələsi  –  “İran ərazisi” məsələsi İranın adını yaratdı. Və ingilis azlıqda olanı iqtidara gətirdi. Bu gün də azlıqdadır, aşağı-yuxarı 14 mln.-dan artıq deyil fars. Çoxluqda olanın mədəni varlığını yox etməklə, ərazi bütövlüyünü yox etməklə onu alçaltdı. Hələ də bu davam edir. Azərbaycanın Türkiyə və Naxçıvan sərhədlə­rində qeyri-türk millətlərini yerləşdirdilər. Ermənini yerləşdirdilər, kürdü yerləşdirdilər. Və bu gün bizi bizə qarşı qoydular. İki-üç həftə bundan əvvəl Təbrizdə nümayiş edilən sərgi vardı. O sərgini kürdlər nümayiş etdirmişlər. O sərgidə Təbrizi böyük Kürdüstan ərazisi sayıblar. Necə olub, bu məmləkətə erməni yiyə durur, kürd yiyə durur, fars yiyə durur, gürcü yiyə durur, rus yiyə durur, mən durmuram. Suç məndədir. Yəni, siz bayaq Pişəvəri məsələsində bir məqama toxundunuz. Bu toxunduğunuz məqamların hər biri böyük bir təhlil tələb eləyir. Səttarxanınkı da. Necə olur Səttarxan kimi bir qüdrət – “Təbrizi” yaradan, bir mollanın sözünə aldandı, getdi Tehrana. Tərksilah elədilər. Necə oldu, Tehranda Yefrem erməni silahlandı, ordunun uniformasını geyindi və Səttarxanı güllələdi. Bu boşuna deyil. Bunun üstündən ötəri keçmək olmaz. Xiyabanini götürək. Necə oldu, Xiyabani bir düşüncə ilə, bir məfkurə ilə gəldi, bir anda boğuldu. Pişəvərini götürək. Pişəvəri hökumətini çoxları düşünür ki, ruslar yaradıblar. Amma belə deyil. İndi o zamanın detalları, gedişatı elə görünür. Ancaq bu başqa bir məsələdir. Milləti­mi­zin əsas istəyi vardı. Siz bayaq yaxşı dediniz, 1979-cu ildə İran-İslam Respublikasının yaranmasında ən fəal olan türk idi. İranda heç bir inqilab türksüz mümkün deyil. Yəni Azərbaycan türkü o inqilaba qol çəkməsə, o inqilab hərəkətə keçməz. Bəs nəticə necə oldu? Yenə biz itirdik. Bəs yaxşı, bir dəqiqə tarixin önündə durmasaq, özümüzü silkələməsək, özümüzü bir an özümüzə göstərməsək, biz yenə bu səhvlərə yol verəcəyik. Yaxşı, bu məsələnin qarşısını müəyyən düşüncələrlə almaq lazımdır.

 Soylu Atalı: Doğrudur, bax, mən elə istəyərdim ki, Abil bəy sizin sözünüzü gücləndirsin. İranın ictimai-siyasi durumunu qısa şəkildə dəyərləndirsin.

 Abil Ulusoy: Mən istəyirəm ki, qısaca olaraq “Türkmən­çay müqaviləsi”nə qədər ki,  vəziyyət, “Türkmənçay”dan sonra vəziyyət haqqında bir neçə kəlmə söz deyək.

“Türkmənçay”a qədər Azərbaycanın Quzeyində hansı proseslər baş verirdi?! – Asif Ata həmişə deyirdi ki, “Azər­bay­can birdir, əgər ikidirsə, deməli o, yoxdur əslində”. Bayaq Soylu bəy də qeyd elədi, mənim üçün də Azərbaycan ağlımda birdir. Mən Güneydə olmamışam, ancaq  Həmədandan, Zəncandan, Xoydan, Təbrizdən, Salmasdan…, Borçalıdan, Dərbənddən, indi olmayan Qərbi Azərbaycandan birlik halı yaratmışam düçüncələrimdə. Bu, hər birimizin  hafizəmizdə həmişəlik qalmalıdır… O dövrdə xanlıqlar var idi. Bu xanlıqlardan bir çoxları tərksilah olunmuşdu. Dərbənd təslim olmuşdu Pyotra, Nadir şah Əfşarın səhvi nəticəsində bizim qədim Oğuz Yurdu Borçalı verilmişdi Gürcü çarlığına. Bəlkə buna belə baxırdı ki, əşi, onsuz da mən elə burda da hakiməm. Ancaq Əfşarların hakimiyyəti zəifləyəndən sonra təəssüf ki, Borçalı qaldı indiki Gürcüstan ərazisində.

…Sonuncu İrəvan xanı hakimiyyətdən devrildi, Naxçıvan xanı onun kimi. Azərbaycanın tərkibində xanlıqların olması və bunların da bir-biri ilə çəkişməsi, heç birinin birləşmək həvəsində olmaması, vahid bir Azərbaycan (heç olmasa Quzeydə) görmək istəməmələri. İkinci bir tərəfdən, Güney Azərbaycanın özündə də xanlıqlar vardı və ümumi durum Quzeydən heç də fərqlənmirdi. Deməli, həmin dövrdə Azər­bay­can əslində daxilən parçalanmışdı. Quzeydə və Güneydə üst-üstə götürəndə səhv etmirəmsə, 15–17 xanlıq var idi. Belə bir məqamdan sonra hakimiyyətdə olan Qacarlar rus çarlığı ilə müqavilə bağladı. Türkmənçaydan öncə bəllidir ki, 1813-cü il oktyabrın 10-da Gülüstan müqaviləsi bağlanmışdı. Həmin müqavilə artıq Qacarlar dövlətinin əl-qolunu bağlayırdı. Baxmayaraq ki, Qacarlar dövləti bağlanmış müqaviləni hüquqi cəhətdən ləğv eləyib əvvəlki vəziyyətə qayıtmağa çalışırdılar. Buna görə də Rusiya ilə yenidən müharibəyə başlandı və acınacaqlı məğlubiyyət yarandı. Və “Türkmənçay” faciəsi baş verdi – 1828-ci il fevralın 10-da gecə saat 12-də. Bunlar bəlli tarixdir, ancaq bunu soydaşlarımıza xatırlatmağı gərəkli sayırıq. Çox təəssüf ki, Azərbaycan Arazın o tayı, bu tayı olmaqla bölündükdən sonra da fəlakət davam elədi. Güney Azərbaycanın özü qısa müddətdə Şərqi Azərbaycan və Qərbi Azərbaycan Ostanlarına bölündü. Tarixi Azərbaycan yurdu olan Qəzvin, Həmədan inzibati cəhətdən ayrıldı və s. 130 min kvadrat kilometr ərazisi olan Quzey Azərbaycanda da biz Borçalını itirdik, Qərbi Azərbaycan mahallarını itirdik, Dərbəndi itirdik. Quzey Azərbaycanın özündə də parçalanmalar baş verdi. Bu Türkmənçay Müqaviləsinin acı nəticələri idi.

 Soylu Atalı: Deməli, Azərbaycan, sovet hakimiyyəti tərəfindən İran şahı kimi təqdim olunan Qacarlar dövləti ilə Rusiya arasında bölündü. Mahiyyətcə Rusiya Azərbaycanın bir hissəsini aldı. Bu fəlakətli zərurət nəticəsində bayaqdan adı çəkilən, azadlıq uğrunda baş qaldıran inqilablarımızın məğlubiyyətlərini yaşadıq. Eləcə də, Müsavat hökuməti kimi tarixi bir şansımızın qısa müddətdə əlimizdən çıxmasını yaşadıq. Mən söhbətimizin əvvəlində də dedim ki, bugünkü dövlətimiz də xalqımız üçün ümid qaynağıdır. Ancaq biz bu ümidimizi təsdiq eləməyin və qorumağın yollarını bilirikmi?! Siyasi Dünya Düzəni deyilən bir gedişata bizim heç bir siyasi təsirimiz yoxdur. Böyük Gücləri neftimizlə qidalandırmaq heç də ümidverici siyasi təsir sayılmamalıdır. Və Siyasi Düzən istənilən vaxt bizim taleyimizi dəyişməyə hazırdır. Biz isə açıq deməliyik ki, bunun qarşısında dayanmağa hazır deyilik. Deməli, biz Türkmənçay Müqaviləsinin fəlakətlərini aradan qaldırmaq istiqamətində ideoloji iş aparmalıyıq – ardıcıl və sistemli.

 Ağşın Ağkəmərli: Mən bir sual vermək istəyirəm. Niyə Azərbaycan Arazboyu bölündü, sizcə Qızılüzən çay ola bilməzdi, Həmədan ola bilməzdi?! Bilirsiniz, bu sualımın arxasında fikir dayanır. Niyə o qədər götürdü. Rusiyanın o qüdrətini nəzərə alsaq, şübhəsiz çox da götürə bilərdi.

 Abil Ulusoy: O dövrdə məsələ təkcə İran-Rusiya münasibətlərindən ibarət deyildi. O dövrdə Osmanlının da bir marağı vardı. Fransa – Avstriya münasibətləri də Türkmən­çay Müqaviləsinin üzərində qurulurdu. Burada onlar Türkiyəni öz yanlarında görmək istəyirdilər, onu Rusiyaya qarşı qoymaq məqsədi vardı…

Soylu Atalı: Bu deyilənlər artıq siyasi təhlillərin bəlli tarixidir. Bunu biz öz aramızda bölüşə bilərik. Ancaq burada öz mövzumuzu konkret bir sonluğa gətirib çıxarmağımız doğru olar.

 Ağşın Ağkəmərli: Bu gün İranda 3 məsələ daha çox hallanır. Bir İrançılıq məsələsi, biri Federasiya, üçüncüsü İran tərkibində xalqların müstəqilliyi məsələsi. Güney Azərbaycan üçüncü məsələnin üzərində dayanır. Belə ki, biz bütün sınaqlardan çıxmışıq. Uzun müddət, sizin vurğuladığınız kimi, minillik hakimiyyətimiz dönəmində özümüzə bir gün ağlamamışıq. Bütün əziyyətləri biz çəkmişik, bütün ziyanlar bizə olub. İran-İraq savaşında 125 min Azərbaycanlını şəhid vermişik. Bir o qədər də yaralılarımız vardı. İranda 130 min erməni vardı. Biz orada yaşayan bütün ermənilərin sayı qədər şəhid verdik, ancaq erməni qədər haqqa çatmadıq. Bəs bizim dərdimizin əlacı nədədir?! Biz bu təcrübələri eləyə-eləyə, uduza-uduza gəlmişik. İndi çətin də olsa, mümkünsüz də görünsə, əziyyətli də olsa bizim məqsədimiz müstəqillik olmalıdır. Müstəqilliyin də əsas qayəsi və düşüncəsi əvvəli insanın öz içində yaranır. Mən kiməsə borclu deyiləm ki, dövlət yaradım ona. Yaranı (tibbi terminlə desək) pansuman eləməklə məsələ həll olmaz. Onu müalicə eləmək lazımdır. Yaranı da müalicə eləmək üçün bizə milli ideolojilik lazımdır. Biz bu günə qədər əgər bu səviyyəyə enmişiksə, o bizim ideoloji boşluğumuzdan irəli gəlib. Mən fikirləşirəm ki, bu gün Xürrəmilərin, Hürufilərin Düşüncəsi, onların sintezi Asif Atanın Dünyabaxışında canlanır. Bizim bugünkü kimliyimizi tam ortaya qoyur. Mən bu yöndən düşünəndə Asif Ata Dünyabaxışı əsasında yaranacaq Milli İdeolojini millətimizin xilası kimi, dərmanı kimi götürürəm. Millətin tarix boyu sürgünlüyünə, parçalanmasına Milli İdeoloji ilə son qoymaq mümkündür. Mən ərazidən çox millətə üstünlük verirəm…

Soylu Atalı: Çox gözəl, yəni milləti içəridən böyüdüb ayağa qaldırsan, ərazisinə yiyə dura bilər. Birinci söhbətimizin sonuna gəlirik. Detallara sonrakı söhbətlərdə müraciət eləyəcəyik. İndi yekun olaraq Abil bəy də fikrini ümumiləşdirsin.

 Abil Ulusoy: Biz məsələyə ümumi münasibət bildirdik. Burada əsas diqqət həm də dünyanın türkə olan münasibətinin üzərinə gəlib çıxdı. Bir dəfə De Qolldan soruşurlar ki, kommunizm təhlükəlidir, yoxsa kapitalizm? Deyir, başı Sarayevada, ayağı Çində olan Türkdən qorxun. 20-ci yüzilin ortalarında deyilmiş bu fikir göstərir ki, dünyanın türkə olan münasibəti dəyişmir. Aydın olur ki, Azərbaycanın Güneyinin qabağında, yəni onun Azadlığının, Bütövlüyünün qabağında hansı qüvvələrin maneəsi durur. Ona görə də nə istəyərdik?! – Asif Ata bir çıxış yolu göstərib. O deyir ki, İranın sabahında nə baş verir, versin Uluyurd Hərəkatı yaranmalıdır. Bir millət başının üzərinə bir bayraq qaldırmalıdır, siyasi atributları bir olmalıdır. Uluyurd Hərəkatı bunu yetirməlidir. Bu məsələdə də əsas ağırlıq Güneyin üzərinə düşür. Soylu bəy doğru qeyd elədi ki, Hərəkat gərəksiz ağrılardan, gərəksiz qurbanlardan qorunmaqla yetirilməlidir.

 Soylu Atalı: Çox yaxşı. Mən də Ağşın bəyin bir fikrinə istinad edirəm. Fəlakətlərimizin əsas səbəbi kimi ideoloji boşluğu qabağa çəkdi və burada Asif Atanın Dünyabaxışının Azərbaycan üçün qaçılmazlığını və ona söykənməyin zəruriliyini vurğu elədi. Bu fikri Ağşın bəy hər vaxt  qabardır, bu da o deməkdir ki, bu qənaət onun düşüncəsində tam oturuşub və öz ulusu üçün bu ideyanı yaşadıb həyata keçirməyin önəmini diqqətdə saxlayır. Mən də dostlarımızın fikirlərini inkişaf etdirmək istəyirəm – həm bu, həm də Abil bəyin vurğuladığı “Uluyurd” məsələsini. Bəllidir ki, bu gün dünya ən çox siyasi gedişlərdən ibarətdir. Siyasi gediş bütünlüklə udmaq və uduzmaq havasına köklənibdir. Qətiy­yən humanizmə köklənməyib, ədalət prinsiplərinə əsaslanmır. Ona görə də biz bildirmək istəyirik ki, dünyanın indiki siyasi gedişində Güney Azərbaycanımıza yalnız Babəkimizi, Nəimimizi, Nəsimimizi göstərməklə yetərlənmirik. Onlar bizim ruhani özülümüzdə duran məsələlərdir. Ancaq biz deyirik ki, siyasi maneələrin qabağına  mütəşəkkil, ideoloji cəhətdən yetkin olan siyasi qüvvə, siyasi hərəkat çıxmalıdır. O hərəkat ki, siyasət olaraq dünyanın onun içərisinə soxulub yurdumuzu uçurmasına mane ola bilsin. Bu hərəkat da ki, qardaşımızın dediyi kimi Uluyurd Hərəkatıdır. Uluyurd Hərəkatı Asif Atanın ideyalarından biridir. Bu hərəkatın prinsiplərini biz zaman-zaman açmağa çalışacağıq. Ancaq qısaca olaraq o prinsiplərin adlarını burada çəkmək istəyirəm. Bəli, Asif Ata Dünyabaxışı xalqı içəridən kökləməlidir, müəyyən bir yetkinlik halına qaldırmalıdır. Yetkinlik halına çatan xalq ayağa durmalıdır və Uluyurd Hərəkatını başlamalıdır. Hərəkat onun böyük Azadlığı ilə sonuclan­malıdır. Bu da bizim indi dediyimiz fikirlərin axarını, yönünü məhz bu ideyaya gətirib bağlayır. Biz heç kimi tələm-tələsik “bəli, başüstə” deməyə çağırmırıq. Ancaq nə qədər ki, biz bu deyilənlərlə bağlı ciddi düşünməyəcəyik, bütün bura qədər deyilənləri ciddi araşdırıb təhlil eləməyəcəyik, bizim təklif elədiyimiz prinsiplər ölçülüb-biçilməyəcək, onda bütün çabalar öz mənasını itirə bilər, deyilənlər şüar olaraq qala bilər, Azərbaycan üçün. Şüarçılıqdan çıxmaq lazımdır. Bunun üçün isə dediyimiz kimi, bu ideyalar əsasında maarifçilik işinin genişləndirilməsi gərəkdir. İndiyə qədər də fərqli yönlərdən maarifçilik işləri gedib. Biz heç kimin əməyini inkar eləmirik. Ayrı-ayrı insanlarımız çalışıblar, çabalar göstəriblər. Türkçülük məsələsini qabardıblar. Lakin bütün bu çabalar istəklər şəklində gündəliyə gəlib, ideya şəklində, ideologiya səviyyəsində əsaslı işlənilməyib. İnsanlarımız üçün mübarizə mayakına çevrilməyib. Biz burada ona çalışırıq ki, insanlarımız arzulardan, istəklərdən yüksəyə qalx­sın­lar, xalqımızın ümidləri ayrı-ayrı istəklərdə məhdud­laşıb dayanmasın. Hesab eləyirəm ki, biz bunu verə biləcəyik.

Uluyurd Hərəkatının beş prinsipi var: – Tayfaçılıqla mübarizə, Dinçiliklə mübarizə, Etnik Bölücülüklə mübarizə, Özgəçiliklə (Qərbçilik, Rusçuluq…) mübarizə, Azərbaycanın siyasi bərpası – Bütöv Azərbaycan. Biz zaman-zaman bu prinsipləri açıb təhlil eləməyə çalışacağıq. Bütün bu prinsiplər insanlarımızın ağlında oturuşmayınca, qəlbinə hakim kəsilməyincə, xalqı tələm-tələsik ayağa qaldırmaq yeni fəsadlara gətirib çıxara bilər. Xalqı bu səviyyəyə qaldırmadan ayağa qaldırmaq onu güdaza verməkdir. Nəsillər bir-birini güdaza getmələrlə, qırılmalarla təkrar eləyir. Nəsillər bir-birini qələbələrlə davam eləmir, qırğınlarla davam eləyir. Bunun üçün biz özəllikcə Güney Azərbaycanımızın fəallarını maarifçilik işlərini qurmağa çağırırıq ki, onlar həbslərə atılmasınlar, məhv edilməsinlər. İran oturuşmuş bir dövlətdir. Onun öz qlobal məqsədləri var, biz bu məsələyə yenidən qayıdacağıq. Onların öz təsir imkanları var ki, fəal insanlarımızı çaşdırmağa çalışsınlar, ayrı-ayrı fərdlərimizin addımlarına avantüra donu geydirib məhbəslərə atsınlar, onları sıradan çıxartsınlar. Buna getmək olmaz!

Bir də bir məsələni istəyirəm xatırladım ki, insanlarımız hər şeyə ayıq baxmağa çalışsınlar. Milli yöndən bir iş görən kimi dərhal əks-təbliğatlar başlayır ki, filan məsələnin, filan addımın vaxtı deyil. Çaşqınlıq yaratmaqla bizi ətalətdə saxlamağa çalışanlar sürətlə çoxalırlar. Güclü dövlətlər də istəyir ki, biz elə deyək filan şeyin vaxtı deyil, o isə bizi istədiyi kimi təsirdə saxlasın, yapsın-yoğursun. Biz çox şeydə gecikmişik. Nəyin vaxtıdır, nəyin vaxtı deyil, – bunu da düşünməyi bacarırıq. İdarə olunmaqdan usanmaq lazımdır. Biz Azadlıq məsələsini yetirib çatmalıyıq Ona.

Nəhayət, demək istəyirəm ki, Asif Atanın böyük işinə söykənməyin vaxtıdır. Biz Azadlığa  Onun meyarı ilə baxmağa başlamalıyıq.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız Var Olsun!

 (arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv