Ümidlisən, məhəbbətlisən, səmalısan, baharlısan, müjdəlisən, bərəkətlisən, səxavətlisən, cavanlısan, gözəllisən, bulaqlısan, səslisən, rənglisən, musiqilisən, sözlüsən, mərhəmətlisən, məlahətlisən, paklısan, nurlusan, qəhrəmanlı – fədakarlısan, torpaqlısan, çaylısan, mehirlisən, vüqarlısan!
Körpəlikdə – ana səsi, ilk günəş şüası, gecə ənginliyi, meşələrin ilk qüssəsi, əllərin əllərə mehri, sədalarla dolmuş təbiət, ilk gül, ilk mehr, doğmaların istisi, kəndinə, şəhərinə, evinə heyrət, ilk qar, ilk mahnı, düşüncə, arzu tumurcuqları.
Gənclikdə – təbiətlə birləşməyin, yerlə-göylə bir olmağın, sevginin musiqisi, hicran anının məşəqqətli ülviyyəti, dostluq kitabının oxunması, qəlbin təlatümlü, tufanlı çağı, duyğu seli, arzuların səmaviliyi, idrak eşqinin alışması, qeyri-adiliyə qovuşma, torpaqda, daşda insan nəfəsi duymaq, gözlərin, üzlərin ali mənası, hərarətli İnam, qüdsiyyət yağışında çimmək!
Yetkinlikdə – Atalıq-Analıq səadəti, kişilik səlahiyyəti, qadınlıq ləyaqəti, vicdan əzəməti, qələbələr, nailiyyətlər şərafəti, özünütəsdiq bəxtiyarlığı, xalqsevərlik ülviyyəti, məhəbbətin, dostluğun kamilliyi, idrakın məhsul vədəsi, ömür çayının aramla axması, musiqinin, sözün mənəviyyatla birliyi, ülfət gözəlliyi, yenidən dogulmaq səadəti!
Qocalıqda – ürək səbatlıgı, dünyanı anlamaq kamilliyi, örnək olmaq səlahiyyəti, Mütləqlə təmas müqəddəsliyi, idrakın zirvə məqamı, mənəviyyatın paklıq vədəsi, başqalarında özünü görmək qüdsiyyəti, Agsaqqallıq məlahəti, düşüncə, duyğu ciddiyyəti, ruhani rəvanlıq, ömürdə qədimliyin ifadəsi!
Ey dünya, sən yalnız bunlardan ibarət olsaydın, mən səni Mütləq sanardım, səndə dayanardım! Ancaq Xeyirli Dünya oldugun qədər də Şərli Dünyasan! Buna ğörə də mənim üçün azsan!
Asif Ata. xeyirli DünyA
İyul 23rd, 2023 admin