Soylu Atalı. Bilmək – Yaşamaq

Ürəyinizdə Ata Günəşi olsun, dəyərli Amaldaşlarım. Sizin hind ruhaniyyatı ilə, eləcə də sufiliklə bağlı verdiyiniz suala qısaca cavab vermək istəyirəm.
Mənəvi təmizlənmənin özülü sayılan əsas ideya Nirvana ideyasıdır. Nirvana insan üçün həyatın hər cür əzablarından qurtulma yoludur. Hər cür nəşədən, ehtirasdan, hər cür həzzdən imtina etməyin yoludur. Bu olmadan insanın ruhu yaranmır, kamilləşmir. İnsanın ruhu kamilləşmirsə onun həyat tərzi heyvanın həyat tərzinə bənzər olur.
İkinci ideya Atman ideyasıdır. Atman dünyanın ruhu sayılır. Dünyanın ruhu həm də insanda təcəlla edir. İnsanın özünü dərk etməsi Atmana qovuşmasıyla başa gəlir.
Sonra Mayya ideyası var. Gerçəklik, gördüyümüz həyat, dünyanın görünən nəyi varsa, hamısı ölümlüdür, hamısı fanidir. Ona görə də insanı gözün gördüyü bu fanilik aldatmamalıdır, cəzb etməməlidir. İnsan bunlardan keçməyi bacarmalıdır ki, özünü təsdiq edə bilsin.
Bir də Aximsa ideyası var. Aximsa insanın mənəvi kamilliyinin təsdiqi kimi düşünülür. İnsana aqressiv davranmaq olmaz, heç nəyə qarşı, istər təbiətdə hər hansı bir canlıya qarşı, istərsə də insana qarşı aqressiv davranmaq, zorakılıq etmək olmaz. Ona görə hindlilərdə bəzi məktəblər olub ki, onlar həşəratları öldürməmək üçün əkin-səpində ehtiyatlı davranmağı tələb ediblər. Söz yox, bu,aşırı xırdaçılığa enməkdir (ifrata varmaqdır), ancaq bu da bir ideyadır. Ocaq olaraq, biz bu xırdaçılığa girmirik, ancaq mürtəce, dağıdıcı, özünəyarar baxışlardan bu cür çağırışlar daha gözəldir, daha zəngindir.
Hind ruhaniyyatı, hind baxışı özündən sonrakı bir çox xalqların həyatında ciddi iz buraxıb, önəmli rol oynayıb. Eləcə də yunan fəlsəfəsinin formalaşmasına ciddi etki göstərib. Asif Ata deyib: əslində yunan fəlsəfəsini dərindən öyrənsən görərsən ki, hind fəlsəfəsinin, hind ruhaniyyatının şərhidir.
Bununla belə, onların da özünəxaslıqları var. Bəşər həyatında, öz millətlərinin həyatında rolu, etkisi var. Bunların heç biri boşuna deyil, zəngin biliklər sistemidir, özündən sonrakı çağlara, dönəmlərə etki göstərib…
Sufiliklə bağlı sorularınıza cavab: Sufilərdə şəriətləşmə, təriqətləşmə, mərifətləşmə, həqiqətləşmə yolu var. Şəriət deyəndə onlar islam dininin ehkamlarını, qanunlarını  gözə alırlar. Yaşamağı nizamlayan qanunlar olmalıdır, o dövrün toplumunda birgə yaşamağı nizamlayan qaydalar bəlirlənmişdi. Bu qaydalara daim əməl etməyin gərəkdiyini bildirirdilər. Əməl edərsənsə sən öz insani kimliyinə uyğun olarsan. Ona görə öncə şəriətləşmə, yəni dini qayda-qanunlara əməl etmək gərəkdir.
İkincisi təriqətləşmədir. Təriqət – özünəxas yol yaratmaqdır. Şəriətləşmədən sonra Təriqətləşmə yolu keçilməlidir. Təriqətləşmə odur ki, kamilləşmə yolu seçənlər yeni prinsiplərlə, sufilərin bəlirlədiyi doğru yol ilə yaşamalıdırlar. Təriqət, söz yox, dinin içində yaranmış bir yoldur.
Üçüncü mərifətləşmədir, arılanma anlamındadır. Yəni sən davranışlarına nəzarət eləməlisən, münasibətlərini şəriətin, təriqətin tələblərinə uyğunlaşdırmalısan. Bunu özünə aşılamalısan, özündə yaratmalısan, saflaşmalısan, içsəl arılığa yetməlisən.
Dördüncü həqiqətləşmə yoludur. Bu üç aşamanı keçəndən sonra sən artıq səbəbə çatırsan, Allaha qovuşursan, Allah qatında yaşayırsan. Bunlar aşamalardır, sonucda insan kamilliyə qovuşmalıdır.
Sufilərin baxışında olan bu dörd hal aşağı-yuxarı Buddanın dörd prinsipindən bəhrələnib.Göyel dinlərin ayrı-ayrı çalarlarında da onların etkisi güclüdür. Düzdür, həqiqətləşmə sonradan əlavə olunub. Onlarda öncə üç ideya olub, sonra həqiqətləşmə əlavə olunub, bu da sonuc kimidir. Necə ki, Asif Atada beş ideya var, altıncı ideya – “Ləyaqətli bəşər” sonucdur. Beş ideyanın gerçəkləşməsi bəşərin ləyaqətli bir düzeyə qalxması ilə sonuclanır. Sufilərdə Həqiqətləşmə də sonucdur.
Üçlük Zərdüştdə də olub. Zərdüştdəki üçlük demək olmaz Buddadan gəlib. Çünkü Zərdüşt Buddadan öncə olub. Ola bilər ki, Buddanın düşüncələrinə Zərdüştün etkisi olub. Hətta mənim araşdırmalarıma görə, hind ruhaniyyatının özündə türkün Göy Tanrıçılığının izləri, etkiləri var. Bunların çoxu Şumer bilgilərinə gedir. Qədimdə ayrı-ayrı xalqlarda formalaşan bir çox biliklər başlanğıcını Şumerdən götürür. Mən Şumerlə Tanrıçılığı doğma görürəm. Tanrıçılıq da yaxın dönəmin olayı deyil, bir sıra qaynaqların vurğuladığına görə onun 7 min il, bəzi qaynaqlara görə 10 min il tarixi var. Ancaq hind vedalarının aşağı-yuxarı 3 min il tarixi var.
Zərdüşt miladdan öncədir, Budda miladdan öncədir. Sonra xristianlıq gəlir. Bunların hamısına dərindən baxsaq görərik, Tanrıçılığın az, ya çox dərəcədə etkisi var.
Ümumiyyətlə, maddi yaranışın əsasında duran dörd ünsür panteizmdən başlayır. Qədim türklərin panteist baxışı bütün sonrakı dönəmlərdə iz buraxıb. Yunanların natur filosofları çox sonrakıdır. Maddi, fiziki yaranışın əsasında duran dörd ünsür – torpaq, su, hava, od, türk baxışından gəlir.
Dörd ünsürdən birinin – mənəvi təmizlənmənin özülündə Zərdüştün Od İşığı ideyası durur.  Zərdüştün Üçlüyü də Od İşığıyla bağlıdır – Arı düşüncə, arı duyğu, arı əməl. Hamısının mahiyyətində bir doğmalıq var. Sadəcə hərəsi onu özünəxas şəkildə yeniləyib…

xxx

 

İnsanda ən böyük sorun odur ki, “O”lmaq istəmir, bilmək istəyir. Biliyə qarşı deyilik,  ancaq bilmək meyili, bilmək istəyi Olmaq istəyinin qarşısını almamalıdır. Sonucda nəyə gəlib çıxılır, insan Ola bilmədiyi üçün biliklə yetərlənir, bilməklə özünü aldadır. Həm də bilmək, ən çox, onun bioloji xassələrinə gərək olur. “Ol”a bilməyən insan biliyi ilə eqoizm balacalığına enir. Başqalarına münasibətdə “mən səndən üstünəm” kompleksi yaradır. Bu da bilmək yarışına gətirib çıxarır. Hər kəs bilik əldə edib qarşısındakının bilikliliyinə uduzmamaq, yenilməmək üçün çaba göstərir.
Mənim az-çox araşdırdığım, oxuduğum, öyrəndiyim şəxsiyyətlər olub ki, onlar bildikcə sarsılıblar, lovğalaşmayıblar. Sarsıntılar onlara nəyə yetə bilmədiklərini, necə ola bilmədiklərini öyrədib. Bu gün çox bilginlərdə, özəllikcə Batı yönlü bilginlərdə sarsıntılar olmur…
Asif Atanın sağlığında mənim bildiklərim gözümün, qulağımın əzbərlədikləri idi. Bildiyim də deyildi, əzbərlədiklərim idi. Asif Atadan bildiklərim də eləcə, canımın, gözümün, qulağımın əzbərlədiyi bilgilər idi. Çünkü Asif Atanı bilməyə gücüm yox idi. Asif Ata mənə bilmək üçün əsaslı səbəb verməmişdi, yəni şərh verməmişdi. Birbaşa öz hədəflərini, – ideyalarının mahiyyətini verirdi. Mən isə ora girə bilmirdim…
İndi Tolstoyun “Hərb və Sülh” kitabı ilə bağlı dediyinizə gəlirəm. Bu kitabdan sizin, ya başqalarının umduğu nədir,– birbaşa hədəflər. Roman tələsik hədəf vermək üçün yazılmır. Roman öz məqsədlərini anlatmaq üçün sənin baxışını münasibətlərin, yaşamın detallarına yönəldir. Obrazlı desək, yarpaq-yarpaq, çiçək-çiçək gəzdirərək talaya aparıb çıxarır.
Buradan yenə qaydıram bilik məsələsinə. Mən Asif Atanı, daha çox, Asif Atadan qıraqdakı ədəbiyyatları oxuyanda öyrənib dərk elədim. Ona görə klassikaya, böyük ədəbiyyata minnətdarlıq hissi duyuram ki, Asif Atanı daha yaxşı tanımağıma yardım etdi. Asif Atanı tanıdıqca, öyrəndikcə məndə Asif Atanı bilməklə yetərlənmək sorunu yaranmadı, bildiklərimi yaşamıma gətirməyin yollarını aradım. Daha doğrusu, Asif Atanın bəlirlədiyi yola, üsluba doğmalaşmağı öyrənməyə başladım. Məndə sarsıntılar yaranırdı. Ən çox da niyə sarsıldığımı dərindən bilmədiyim üçün sarsılırdım. Öyrəndikcə görürdüm, heç nə bilmirəm. Anlamağa başlayırdım ki, içimdə çox böyük əngəllər var. Bu əngəllər özümü kəşf etməyimə qarşı yönəlmiş əngəllərdir, mənə mane olan məsələlərdir. Bu maneələri tanıdıqca sarsılırdım. Nə qədər ki, heç nə bilmirdim, özümü özümdən gizləməyə çalışırdım. Ancaq “bu mənəm” deyə bildikcə (etiraf etməyə gücüm çatdıqca) sarsılırdım. Mən bu sarsıntıların sonucunda bir şeyi də anladım ki, böyük insanlar, böyük şəxsiyyətlər, mənəviyyat peşində olan insanlar o sarsıntılardan keçirlər, sarsıntısız gedib Ora ulaşa bilmirlər. Onlarda sarsıntı bəlkə də məndəki kimi olmayıb, onlardakı sarsıntı daha amansız, daha intensiv, daha davamlı olub. Hər zaman içimdə bir istək olub, kaş ki, bu yaşıma qədər o aşamaları keçmiş olaydım. Onda ömrüm böyüklərin ömrünə bənziyərdi…
Biliklə bağlı bir məsələyə də toxunum: Bəzi hallarda (hətta çox hallarda) insan Biliyi bilməklə özünü aldada bilir. Biliyə münasibətin yerində olmamasının belə bir zərəri də var. Belə çıxmasın ki, bilik pis şeydir. Bilik demir ki, özünü aldat. Ancaq insan özünü aldadır. Adama elə gəlir, hər şeyi bilir, yaxşı bilir, o bilik ona, maddi baxımdan yardımçı olmalıdır. Mənəvi pillələri qalxan insan üçün belə bir sorun olmur. Yəni bilik ona mane olmur…
Qayıdıram başqa bir məsələyə – Sokratın “Mən onu bilirəm ki, heç nə bilmirəm” sözünün üzərinə. Mən onu çox düşündüm. Üzdən yanaşanda bu deyiliş təvazökarlıq göstərisi kimi görünür, ancaq elə deyil, təvazökarlıq göstərisi yoxdur Sokratda. İnsan mənəviyyat dünyasında özünü axtarıb yaşamaq istəyirsə, yaşaya bilmirsə, onun üçün bütün biliklərin önəmi azalır. Əgər mənəvi dünyanın tələblərində azad yaşaya bilmirəmsə, deməli, heç nə bilmirəm. Yəni mənəviyyat dünyasını qurmayan bilik – bilik deyil. Bura qədər olan biliklər böyük anlamda bir heçdir. Ən yaxşı halda, bu biliklər Orda yaşamağa gətirən yoldur, ancaq yaşamaq üçün yetərli deyil. Bütün məsələ budur, məzmun budur. Ona görə deyirəm, insanlar daha çox biliyin peşində olurlar. Topluma baxın, bütün texnologiyaları, filanı bilirlər, ancaq yaşamırlar. Bədbəxtlər bu biliklərin içərisində məhv olurlar. Mənəviyyat ölür. Biliyin məngənəsində mənəviyyat inkişaf edə bilmir, məhv olur. Bu dəhşətli bir faciədir. Bu faciəni yetirən (ən çox) Batıdır. Bu günə qədər İnsanlıq bu faciə içərisində yaşayır. Bunu da görmək istəyən, anlamaq istəyən yoxdur.
Biz Asif Ata peyğəmbərliyi ilə bağlı söz deyəndə çoxları ağız əyir, bilik belə gəldi, texnologiya belə getdi, siz də başlamısınız belə… Anlamırlar, bizim dərdimiz nədir. Sənin aşırı texnoloji biliklərin, qartal ovunu dimdiyində parçalayan kimi, səni parçalayıb yeyir, xəbərin yoxdur…
Sonucda belə ümumiləşdirərdim: Biliyə qarşı deyiləm. Bilik mənəviyyatın vasitəçisidir, mənəviyyatın əvəzedicisi deyil. Biz onu deyirik. Hətta mənəviyyatla, İnsanlıqla bağlı bilik belə, hələ bilikdir, yaşamaq deyil. Sən bu biliyə yetirsən, ancaq yaşamırsansa biliyin önəmi azalır…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv