Asif Ata. Tarix

Tarix həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb.
Bu baxımdan o, ruhanidir.
Tarix həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib.
Bu baxımdan o, qeyri-ruhanidir.
Tarixdə nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub.
Tarixdə ruhani niyyətlə qeyri-ruhani gerçəklik, ruhani məqsədlə qeyri-ruhani nəticə arasında daim uçurum olmuşdur.
Tarixdə möhtəşəmlik, qüdrət və tərəqqi adıyla qəddarlıq, amansızlıq, yırtıcılıq təsdiq olunub.
Tarixin vəsf etdiyi böyüklüyün, əzəmətin çoxu qeyri-ruhani­liyin, qeyri-insaniliyin, ədalətsizliyin, həqiqətsizliyin təzahürü olub. Tarixdə ruhani görünən məqsədlər çox hallarda qeyri-ruhani vasitələrlə həyata keçirilib və bu səbəbdən ruhaniliyi tərk edib, özünün əksinə çevrilib.
Tarixdə insan mahiyyəti, ləyaqəti hələlik heç vaxt inkişafın əsas istiqaməti olmayıb, o, istənilib, elan edilib, şüara çevrilib, ancaq həyata keçməyib.
Tarixi insan yaratsa da, tarix bilavasitə ona xidmət göstərməyib, onu təsdiq etməyib, ondan kənardakı qüvvələri təsdiq edib.
Tarixin gedişatında ruhani keyfiyyətlər, ülviyyətlər, bəşər­sevərlik, həqiqət, ədalət çox zəif təzahür edib. Tarix insanın ruhani mahiyyətinin aşkara çıxmasına xidmət göstərməyib. Tarixi simalar bir çox hallarda ruhani məqsədlərə, keyfiyyət­lərə yox, nisbi, sonlu, hətta eybəcər məqsədlərə, keyfiyyətlərə əsaslanıblar.
Məkr, xəbislik, xəyanət, zalımlıq, şöhrətpərəstlik, eqoizm, şəhvət, yalan – tarixi fəaliyyət bunalra arxalanmışdır.
Tarixi gedişatın ümumi nəticəsində ruhanilik var: insanın təkmilləşməsi, təbiət üzərində qələbəsi.
Ancaq bu nəticənin özündə belə qeyri-ruhani cəhətlər görü­nür: insanın qüdrəti onu ruhaniliyə, mənəviliyə yüksəltmir.
İnsanın dünyanın sahibi olması, təbiəti özünə tabe etməsi – bəşərin qələbəsidir. Lakin bu qələbə onun ruhani böyüklüyünü təsdiq etmir, əqli və cismani böyüklüyünü təsdiq edir. Çünki tarixi nailiyyətlər insanı öz ruhani mahiyyətinə ucaltmır, insan tarixi prosesdə mənən yüksəlmir, artmır, yeni ruhani zirvələr zəbt etmir: o, yeni möhtəşəmlik qazanırsa da, yeni ruhanilik qazanmır. Insan təbiəti ram edirsə də, daxilindəki yırtıcılığı, vəhşiliyi, naqisliyi ram etmir, öz nisbiliyindən, qeyri-Mütləqi­liyindən, qeyri-kamilliyindən ayrılmır. Gedişatın istiqaməti nöqteyi-nəzərindən qeyri-ruhani xüsusiyyətlərə malik olan tarix özünün təzahür formalarında qeyri-ruhaniliyi hərtərəfli təsdiq edir. Tarix bir ictimai vəziyyətdən başqa ictimai vəziy­yətə keçməyi Mütləq mənada bəşərin inkişafı kimi qələmə verib. Nəticədə isə dəyişiklik əsas ziddiyyətləri aradan qaldır­mayıb. Olsa-olsa bir ziddiyyəti başqa ziddiyyətlə əvəz edib. Dəyişiklik vasitəsiylə yaranan yeni həyat qeyri-ruhani cəhətləri ləğv etməyib: qeyri-ruhanilik əslində nəinki azalmayıb, hətta çoxalıb. Məsələn, tarixdə qulun vassala çevrilməsi prosesi ümu­mi mənada ruhaniliyin təsdiqidir. Lakin bu təsdiq nisbi səciyyə daşıyır. Çünki insan sayılmaq hələ insan kimi yaşamaq deyil.
Vassal insan sayılsa da, sahibinin əmlakı səviyyəsində qiymətləndirilirdi.
Antiinsanilik, antiruhanilik ancaq şəklini dəyişmişdi, mahiyyət əvvəlki idi.
Bəşərin bir idarə üsulundan digər idarə üsuluna keçməsində biz həmin qanunauyğunluqla rastlaşırıq. Məsələn, müstəbid monarxizmdən antik demokratiyaya keçid əslində ruhaniliyin qələbəsi ola bilərdi. Burada adi insan öz ləyaqətini qorumaq üçün imkan əldə edirdi, hakimiyyətin və hökmdarın kölgəsi olmurdu. Ancaq əslində hakimiyyət yenə də bir şəxsin əlinə keçirdi, xalq yenə də hakimiyyətdən məhrum idi, mahiyyət etibarı ilə demokratiya elə monarxiya idi. Sonralar inqilablar respublika formasını bərqərar etdilər. Hakimiyyət guya xalqın əlinə keçdi, əslində hakimiyyət yenə də xalqın olmadı, tarixi simanın oldu.
Napoleonun inqilabi Fransanı imperiya elan etməsi tamamilə təbii bir hadisəydi. Çünki tarixdə hakimiyyət yalnız bir şəxsin hökmünü, varlığını, iradəsini ifadə edir.
Tarix qanlı döyüşlər bahasına yeni-yeni idarə üsulları yaradır, ancaq həmin üsullar bir-birindən seçilmirlər və bu səbəbdən də insanın ruhani təsdiqi baş tutmur.
Bu nöqteyi-nəzərdən tarixdə Mütləq kimi qələmə verilən nə varsa, qeyri-kamilin təsdiqi olub. Əbədi səltənətlər, basılmaz ordular, mütləq möhtəşəmliklər, əbədi səadətlər, misilsiz ədalətlər, təmənnasız xidmətlər – əslində nisbi, qeyri-kamil, keçici hadisələrin təzahüründən başqa bir şey deyildilər.
Ölümsüz sayılanlar ölür, kamillər naqis görünür, möhtəşəm­liklər kiçilir, təmənnasızlıq – şöhrətpərəstliyin, bəşərsevərlik – hakimiyyətsevərliyin ifadəsi olurdu. Ədalət pərdəsi altında hədsiz ədalətsizliklər, həqiqət pərdəsi altında hədsiz yalanlar, tərəqqi pərdəsi altında sonsuz qırğınlar yarandı. Maddiyyat təsdiq olun­du – mənəviyyat təsdiq olunmadı, əşya təsdiq olundu – insan təsdiq olunmadı, silah təsdiq olundu – zəka təsdiq olun­madı, nifrət təsdiq olundu – məhəbbət təsdiq olunmadı, şüar təsdiq olundu – həqiqət təsdiq olunmadı, zor təsdiq olundu – vicdan təsdiq olunmadı.
Tarix bir xalqı başqa xalqların sahibinə çevirmək istədi, bir üsul-idarəni bütün xalqların üsul-idarəsinə çevirmək istədi, sonsuz qadalar yaratdı və özünün qeyri-kamilliyini, nisbiliyini, ölümlülüyünü sübut etdi.
Bu baxımdan tarix insani, ruhani tarix olmadı.
Hələlik o, xalqların bir-birilə amansız çarpışma tarixi, üsuli-idarələr tarixi, vəhşi ehtiraslar tarixi, yanlışlıqlar, xülyalar tarixi olub.
Hələlik insan özünü tarixdə təsdiq etməyib.
İnsanın ruhani rəhbərləri, xadimləri olub, ancaq ruhani tarixi olmayıb.
Çünki ruhani rəhbərlər tarixin gedişatına təkan verə bilməyiblər.
Ruhani tarixi öz ruhani mahiyyətinə çatmış insan yarada bilər.
Ruhani tarix ruhani bəşər tələb edir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv