NİCAT MÜBARİZ. “O Dünya”dan gələn zəng

(Yarızarafat)

 Dünyada qloballaşmanın, Avropada iqtisadi böhranın, ərəb dünyasını bürüyən “baharın”, Şimal yarımkürəsində qışın at oynatdığı bir vaxtda hansısa ərəb telekanalında belə bir sual ətrafında polemika gedirdi: “Yer kürə şəklindədir, yoxsa düzbucaqlı?” Maraqlıdır, bunlar planetimizin hansı biçimdə olduğunu indi aydınlaşdırırlar?! Necə tez ayılblar. Bu qızğın müzakirələrlə təxminən eyni vaxtda başqa bir mövzu da –“o dünyadan gələn zəng”, lap yerinə düşdü. Zəng haqqında bir az sonra.
İnsan özünü dərk etməyə başladığı gündən onu maraqlandıran və aydınlaşdırmağa çalışdığı əsas məsələlərdən biri dünyanın yaranması, ilkin başlanğıc, ölüm, ölümdən sonrakı həyat və s. olmuşdur. Mahiyyətində böyük fərq olmayan bütün dinlərdə bu məsələlərə yer ayrılıb. Təbii ki, bu münasibətlər elmi, idrakı təmin etməyib. Xüsusilə də ölümdən sonrakı həyat – yəni “o biri dünya” haqqında deyilənlər. Adını eşidib üzünü görmədiyimiz, ağlımızın kəsmədiyi mücərrəd məkan.
Nə yazıqlar ki, yeni nəsilin əsas kütləsi hələ də “ilahi varlıqlara” – cinə, şeytana, mələklərə, yəni “o biri dünya”nın məxluqatına inanırlar. Az sayda inanmayanlar da əsasən qeyri-müəyyənlik içindədirlər.
İlk dəfə mən, bu adını çəkdiklərim haqqında uşaq vaxtı nənəmdən eşitmişdim, sonradan isə mollalardan. Hamı eyni şeyi deyir, bu dünya fani dünyadır, əsas “O Dünya”dır. Hər kəs bir-birinə tövsiyə edir ki, gərək bu dünyada “ordakı” yerini qazanasan. Amma nədənsə bu çağırış özünü doğrultmur. Hər kəs üçün bundan vacib məsələ, necə deyərlər həyatın dadını çıxarmaq, yeyib-içmək, kef etməkdir. Onsuz da əvvəl-axır bir tövbəyə görə “gözəgörünməz” Allah pisliklərini bağışlayacaq, yığdıqlarını halal edəcək və sən də “o biri dünya”da cənnət əhli olcaqsan. Beləliklə, həm bu dünyada qazanırsan, həm də “O Dünya”da. Bir güllə ilə iki quş vurmaq buna deyirlər.
Bu yerdə orta əsrlər Avropasının tarixi yada düşür, – Roma Papasının satdığı indulgensiyalar, yəni “cənnət qəbzləri”. Kilsəyə, Papaya pul verib əvəzində qəbz alırdılar ki, “o dünya”da Allahın qəzəbindən xilas olsunlar. Bu bir növ “straxovka”nı xatırladır. Ancaq Yerin fırlandığını söyləyən Cordano Brunonu tonqalda yandırmışdılar. Əlbəttə, Bruno tonqalda yandırılmasaydı elm nə az, nə çox düz 3 əsr qabağa düşə bilərdi…
Keçək “o dünyadan gələn” zəng məsələsinə. Belə ki, qohumlarımdan biri ölmüşdü. Dinin qaydasıyla yas mərasimi başladı. Ağlayanlar, çayçı, çadır, mürdəşirlər və s. tez bir zamanda hazır oldu. Bircə rəhmətliyi “o dünya”ya yollamaq, son mənzilə aparmaq qalmışdı. Və nəhayət gedib çıxdıq qəbirstanlığa. Burda da hər şey hazır idi. Rəhmətliyi basdırıb qurtardıq. Dahi Mirzə Cəlil demişkən, rus dilində danışdığımız dirilərimizdən ayrılıb ölümüzlə ərəb dilində danışmağa başladıq. Molla qəbrin başında dayanıb aramla “Yasin” oxuyurdu. Elə bu vaxt mollanın əl telefonuna zəng gəldi. Yazıq kişi oxuya-oxuya telefonunu çıxartdı ki, gələn zəngin kimdən olduğuna baxsın. Ancaq gözü telofonda donub qaldı, rəngi ağarmışdı. Elə bu vaxt ordakılardan biri dilləndi:
– Ə, nə dirəşmisən, niyə gözünü döyürsən a kişi? Rəhmətlikdi də “vızıv” atır ki, çatmışam, narahat olmayasınız…
Həmin telekanala polemika üçün yeni sual:- Zəng edən rəhmətlik idi yoxsa…?!

23.12.2012

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv