Nə üçün ermənilərlə bağlı gerçəklər deyilməsin? Hər baxımdan. Gəlin çıxaq,
deyək: kimdir ermənilər…
Mark Bristol, ABŞ Yüksək komissarı
xxx
“Xocalıda yalnız ölülər qaldı” – deyə döyüşkən səsilə “Moskovskie novosti”
dünyaya soraq yaydı.
Xatınla, ya da Sonqmi ilə hər hansı tutuşdurma yersizdir: onlarda
cəza verənlər köməksiz insanların baş dərisindən, qulaqlarından kolleksiya yığmırdılar,onları eləcə öldürürdülər.
Ю.А.Помпеев. Кровавый омут Карабаха.
Mən nə istəyirəm?
Mən bütün insanların, bütün xalqların dost, qardaş olmasını, barış içində yaşamasını istəyirəm. Ancaq bütün bunlar torpaqlarımızın tutulması, xalqımızın qırılması bahasına başa gəlirsə, mən buna qarşı çıxıram. Bu gün bizi barışığa çağıranların istəyi budur: biz itirilən torpaqlarımızdan, tökülən qanlarımızdan keçərək yüz ildən bəri bizimlə öz torpaqlarımızda qanlı savaş aparan, qanlı savaş yoluyla torpaqlarımızı tutan, qondarma “Böyük Ermənistan”, “dənizdən dənizə” ideologiyasına uyğun olaraq ölkəmizi özününküləşdirməyə çalışan erməniliklə bizi barışdırmaq!
Əkrəm Əylislinin «Dружба народов» jurnalında çıxmış «Каменные сны» (“Daş yuxular”) povesti erməni ideologiyasına, dünyadakı erməni yandaşlarının istəklərinə uyğun yazılmış yalan yığınıdır. Tanınmış Rusiya tənqidçisi Lev Anninski “əsəri” yüksək dəyərləndirir, onu “roman-rekviyem” adlandıraraq bildirir: “bu eləcə bədii tekst deyil, yazıçının, gerçək patriotun qorxmaz addımıdır, xalqının vicdanı, ləyaqəti üçün acı gerçəkləri dilə gətirməsidir”. Hansı acı gerçəkləri? Bax, iş burasındadır. Ermənilik, çoxsaylı erməni yandaşları Azərbaycana bağlı belə bir əsəri göydə axtarırkən yerdə əllərinə düşüb. Yalan yolçularına görə, indiyədək baş verən azərbaycanlı – erməni savaşlarının, konfliktlərinin bir başlıca suçlusu var: azərbaycan xalqı! Əkrəm də bunu deyib.
Lev Anninskinin çox yazılarını oxumuşam. Gərəsən, Əkrəm Əylisli özünün dönükcəsinə yalanlarının, uydurmalarının yerinə tarix faktlarına uyğun gerçəkləri yazıb ortaya qoysaydı, onda necə olardı? Lev Anninski, bir çox başqaları onda da Əkrəmin yazdığını beləcə öyərdilərmi? Jurnal onda da onu çap edərdimi? Yox! Bunu nədən bilmək olar? Rusiya massmediasında uzun illərdən bəri aparılan erməniyönlü antiAzərbaycan propaqandasından. Rusiya ilə yaxın bağlılığı olan Əkrəm Əylisli hələ indiyədək bircə yol da kiçicik bir yazı yazıb o yersiz propaqandanı durdurmaq istəyində bulunmayıb. Ancaq bu sifarişli yazını can-başla, sevinə-sevinə yazıb. Görəsən, Əkrəm böyük tarix gerçəyini – Azərbaycana iki yüz illik erməni problemini Rusiyanın yaratdığını yazsaydı, onda necə olardı? Yazmır – siyasi konyunkturanı gözəl bildiyinə görə!
Bəlli olduğu kimi, 19-cu yüzildə Qafqazı tutandan sonra erməniləri İrandan, Türkiyədən Azərbaycan torpaqlarına işğalçı Rusiya gətirib yerləşdirib. Çar I Nikolayın 21 mart 1828-ci il buyruğuna uyğun olaraq Azərbaycanın İrəvan-Naxçıvan bölgəsində “Erməni vilayəti” yaradılıb. Beləliklə, İranla Türkiyəyə düşmən Rusiya burada özünün forpostunu, gələcəkdə erməni dövləti yaratmağın özülünü qoyub. Qabaqca Rusiyanın, sonra İngiltərənin, daha sonra Antantanın yardımı ilə ermənilər Qarsdan Qubayadək Quzeyli-Güneyli Azərbaycanın hər yerində qanlı qırğınlar törətməklə bütün Azərbaycanı onun yiyələrindən qırıb-arıtmağa girişiblər.
Sultan Türkiyəsində çoxlu sayda deputatları, baxanları olan, burada türklərdən üstün durumda, kef içində yaşayan ermənilər İngiltərənin, Fransanın, Rusiyanın Türkiyəni parçalamaq planlarına uyğun olaraq, onların yardımlarına arxalanaraq 1860-ci illərin başlanğıcından ölkənin hər yerində baş qaldırıb türkləri qırmağa girişmişdilər. İllərlə ermənilərə “sevgili yurddaşlarımız” baxışı sərgiləyən Sultan Türkiyəsi erməni qırğınlarının bütün ölkəni bürüməsindən, getdikcə daha azğın, daha amansız xarakter almasından sonra işə qarışmış, qıraqda deyil, özünün dövlət sınırları içində gərəkən addımları atmalı olmuşdu. Bu addımlar ermənilərin başladıqları qırğınları durdurmağa yönəlmişdi. Hansı dövlət bunu etməzdi? Ortada bütün bunlarla bağlı doğru-düzgün bilgi verən çoxlu sayda kitab var. Özü də bunlar daha çox türklərin deyil, başqalarının yazdıqları kitablardır. O kitabları yazanlar insanlığını itirməmiş ingilis, fransız, rus dövlər-ordu yetkililəri, bilginlər, jurnalistlərdir. Sınır tanımayan ağlasığmaz erməni vəhşilikləri, erməni qaniçənliyi, erməni iyrəncliyi o kitablarda konkret faktlarla göstərilir. Doğrudanmı Əkrəm Əylisli o kitabların birini də oxumayıb? Doğrudanmı o, ermənilərin Qafqaza gəlişindən sonra Qafqazı sonu görünməyən qırğınların bürüdüyünü, onların Azərbaycandan da, Gürcüstandan da torpaq qoparmaq istəyi ilə nə oyunlardan çıxdıqlarını bilmir? Sözsüz, bilir. Bilə-bilə də yazdığı yalanlara don geydirmək, özünü quruya çıxarmaq üçün deyir: “Qafqaz xalqları bir-birinə düşmən olmamalı, körpüləri yandırmamalıdr”. Rusiyanın yardımı ilə Qafqaza doluşandan indiyədək durmadan, dönə-dönə düşmənçilik yaradan da, körpüləri yandıran da ermənilər deyilmi? Bu düşmənçilik, körpüləri yandırma yolunda ermənilərin başlıca arxa-dayağı, gücləndirib dil verəni sənin, Əkrəm Əylisli, «Daş yuxular» adlı yalan, uydurma motivlər üzərində qurulmuş “əsərinin” ortaya çıxdığı Rusiya deyilmi?
Əkrəm yazdığı yalanlarla bağlı təpkiləri görüncə şaşırıb çaşbaş vurur, bir yandan “əsəri” Azərbaycan dilindən rus dilinə özünün çevirdiyini deyir, o biri yandan onun Azərbaycan dilinə çevrilməsinə, başqa cür desək, Azərbaycan dilində yayılmasına qadağa qoyur. Niyə? Özünün dediyinə görə, “əsərin” üstündə ayrıdan işləmək, “bəzi dəyişikliklər etmək üçün”. Bəllidir: bu adam rusa, erməniyə gərəkən qulluğu göstərəndən sonra “öz xalqına” da qulluq göstərmək istəyir. Necə də acınacaqlıdır! Özünü sığortalamaq üçün o, belə bir tutarqada da bulunur: “Qəhrəmanın dililə deyiləni yazıçının adına yazmaq olmaz”. Doğrudur, ancaq, axı, obrazları (“qəhrəmanları”) danışdıran yazıçıdır, niyə görə sənin “qəhrəmanlarının” hamısı bu xalqa qarşıdır? Yazdıqların ortada ikən sən bunu necə dana bilərsən? Elə yazdıqların ortada ikən bunu danmağa çalışırsan: “Əsərdə Azərbaycan xalqının ləyaqətini bir zərrə belə alçaldan söz yoxdur. Bu, bədii əsərdir, hər bir oxucu özü bildiyi kimi qavrayır. Mənim 75 yaşım var, xalqın əleyhinə yaza bilmərəm”. Yazmısan, axı!
İndi çoxları bunları əlində bayraq eləyib: “yazıçı sözü, bədii əsər, obrazın dili, söz azadlığı”. Sizin hamılıqla “roman” adlandırdığınız bu sayıqlama yersiz yerə öz xalqını alçaltma, eləcə də yersiz yerə işğalçıları yüksəltmə motivləri üzərində qurulubsa, sizsə bunu görmək istəmədiyinizdən demokrat donuna girirsinizsə, onda deyəcəyim bir söz qalır: mənim yazıq xalqım!
Keçək “romanın” özünə
Ancaq öncə dünyada geniş yayılmış erməni ideologiyasını yada salaq: “Ermənilər dünyada ən qədim, ən mədəni, böyük, talantlı, gözəl, barışsevər xalqdır, ən yüksək yetənəklərə yiyələniblər. Eləcə də ermənilər ən yazıq, cəfakeş, dünyada ilk genosidə uğramış, indi də uğrayan millətdir”. Əkrəmin istəyib-istəmədiyindən asılı olmayaraq “roman” bütünlüklə bu bəlli erməni ideologiyası üzərində qurulub. Bir daha deyirəm: bütünlüklə, başdan-ayağa.
Povestdə 1989-cu il dekabrın sonları, 1990-cı ilin 13 yanvarı arasında baş verən olaylardan danışılır. Ancaq bəri başdan vurğulamaq gərəkir: bunlar o çağlar ölkəmizdə baş verənlər deyil, Əkrəmin uydurmalarıdır. Demək, belə. Çoxdan xalq artisti adı almalı olan, ancaq neqativlər-yaramazlıqlarla barışmazlığına görə bu adı ala bilməyən tanınmış aktyor Saday Sadıqlı Bakını bürüyən antierməni atmosferi üzündən evdə, işdə, şəhərdə özünə yer tapa bilmir. Axı, o, insan yaramazlıqları ilə barışmaz adamdır. Bu barışmazlıq onu az qala dəlililiyə gətirib çıxarır. Doğulub boya-başa çadığı Əylis kəndi, bu kənddə onun uşaqlıqdan gördüyü “mədəni, gözəl, əməksevər, namuslu erməniləri”, Əylisdəki “müqəddəs” erməni kilsələrini yada saldıqca o, Bakıda hamıdan, sevimli teatrından belə, soyuyur. Saday Sadıqlı təmiz hava udmaq, gözünün qurdunu öldürmək, könlünü açmaq üçün Sabunçu dəmiryol vağzalına gedir. Gedir, Bakı – Yerevan qatarına baxsın. Baxıb, yüngülləşsin. Ancaq qatar gəlmir, gələ də bilməzdi. Axı, mədəni ermənilər “vəhşi” azərbaycanlılarla bütün ilişkiləri kəsmək üçün dəmiryolu relslərini sökməklə Bakı – Noraşen, Bakı – Yerevan qatarlarını biryolluq dayandırmışdılar Bax, yazıq Saday aktyorumuz bunu bilmədiyindən dəmiryolu vağzalına boş-boşuna ayaq döyməli olur. Görünür, yazıçı da bunu bilmirmiş, yoxsa sevimli aktyorunu boş-boşuna dəmiyol vağzalına nəyə aparıb gətirirdi?
Povestdə sözü gedən çağlarda baş verənləri unutmayan, Saday aktyorun anlaşılmaz davranışlarını görən oxucu onun gicbəsər olduğunu düşünə bilər. Sayğılı oxucu, bir az toxta, yazıçı sonra səni təkcə Sadayın yox, özünün də doğulub boya-başa çatdığı Əylis kəndinə aparacaq, onda Sadayın sənə anlaşılmaz görünən davranışlarının nədənini, hardan qaynaqlandığını biləcəksən. Indi isə sənə istəməsəm də pis bir soraq çatdırmaq istəyirəm. Bu Saday yazıq bir gün başında sonsuz erməni sevgisi, Eçmiədzin kilsə istəyi gicələ-gicələ bəlli kilsənin yanına gəlib çıxırkən onu “vəhşi yerazlar” görür, erməniyə oxşadaraq (görünür, o, sonsuz erməni sevgisi, bu yöndə ardıcıl düşüncələri üzündən erməniyə oxşamağa başlayıbmış) ölüncə döyür, sonra da bağın ortasındakı hovuza atırlar. Bu arada yaxınlıqdan keçən aktyor dostu Nuvariş (bu nə addı, bilmirəm) Qarabağlı onu huşsuz durumda götürüb travmatalogiya xəstəxanasına aparır. “Yardım edin, doktor, yardım, görün vəhşi yerazlar belə böyük bir insanı, görkəmli aktyoru nə günə salıblar!”
Uzun illər Moskvada yaşamış, Bakıya yaxınlarda köçüb gəlmiş doktor Fərid Fərzani (İran azərbaycanlısı) tibb bacısı Münəvvər xanım. O qarışıq, duyğusal çağların həkim-tibb personalı! Xəstəxananın pəncərəsi önündən yığın-yığın adamlar qışqıra-qışqıra keçib gedir: “Qarabağ bizimdir, bizim olacaq!” Danışıqlarından, davranışlarından göründüyü kimi, doktor Fərzaniyə də, Münəvvər xanıma da bütün bunlar “vız gəliyor”.
Oxucunun Nuvarişlə yaxın tanışlığı xəstəxanadan başlayır. Nuvariş də, demək olar, dostu Saday kimi düşünür. Onun qonşusu, teatrda qarderobçu işləyən Qreta Sərkisovna Minasova günlərin bir günü özünü balkondan atıb öldürür. Nuvarış bunu Baksovetdə işləyən, Qretanın evini ələ keçirmək istəyən şuşalı Şahqacar Ərməğanovdan görür. Povestin başlıca motivinə uyğun olaraq düşünsək, biz sonralar ermənilərin Şuşanı tutmasını Qreta Sərkisovnanın öcünün alınması kimi anlamalıyıq. O çağlar Bakıda, ölkəmizdə baş verənlərin axarında “İstər-istəməz” ortaya belə bir tezis çıxır: “ermənilər pis deyil, biz pisik”. Elə biz pis olduğumuza görə də “nə olsa sonda ermənilər suçlu olacaq”. Oxucuların yazıçıya qızmamaları üçün bildirirəm: bunlar obrazların dilindən deyilir. Nuvariş dostunun sağalmasını gözləmədən özünü öldürür.
Nuvarişin özünü öldürməyi bir az qaranlıq qalır. Niyə? Bakını bütünlüklə düşmənçilik bürüdüyündən, qorxudan küçəyə çıxmaq olmadığından Nuvariş tapança almaq istəyində bulunur. Yazıçı dostlarından biri ona asanlıqla tapança əldə etməyin yolunu göstərir: “Cəbhəçilərin hərəsində bir neçə tapança var, get Böyük Bəydən istə, sənə də versin”. Nuvariş keçmiş çayxana yoldaşı Böyük Bəyin yanına gedir. Böyük Bəy küçəyə əliboş, başqa cür desək, yaraqsız çıxmağın necə qorxulu olduğunu bildiyindən Nuvariş demədən də onun nədən ötrü gəldiyini əlüstü anlayır, ona görə tez adamlarına göstəriş verir: “Buna çoxlu patronla bir tapanca verin!” Nuvariş çoxlu patronla tapançanı alıb gedir, sonra da özünü… balkondan atır!
Əylisə xoş gəlmişik
Bu arada yazıçı bizi Əylisə aparır. Bir az keçmişin Əylisinə. Sadayın Əylisdə gələcək arvadı Azadə xanımla (Bakıda diş həkimi) gələcək qayınatası doktor-psixiatr Abasəliyevlə tanışlığı başlayır. Bakıdan kəndinə gəzməyə gəlmiş doktor Abasəliyev evləri gəzə-gəzə Sadaya Əylislə bağlı bilgilər verir. Sən demə, Əylis lap əski çağlardan erməni kəndi olub. Gözəl, mədəni, əməksevər, hamılıqla doğru-düzgünlük yolçusu, elliklə barış adamı olan ermənilər, üstəlik, dönməz Allah adamları olduqlarından orda-burda qazanıb gətirdikləri pullarla kənddə nə az, nə çox, düz 12 dənə kilsə tikiblər. (Görünür, Əylis o çağlar Paris boyda, ya da Parisdən azacıq balaca olub). Bütün bunlara görə, eləcə də povestdə deyildiyi kimi, “ermənilər həmişə allahla bir olublar” deyə aktyor Saday uzun illərdən bəri Bakıda yaşasa da, Əylisi, gözəl, mədəni, əməksevər, doğru-düzgün Əylis ermənilərini, onların kilsələrini unuda bilmir. Bütün bunların sonucu olaraq o, müqəddəs Eçmiədzinə gedib xristian olmaq, müqəddəs, hər cür biclikdən, hiylə-kələkdən uzaq (inanan daşa dönsün!) erməni keşişləri arasında yaşamaq istəyir. Sadayın bu istəyi yersiz deyil: “O çağlar Əylisdə allah kimi adamlar yaşayıb”. Başqa cür desək, ermənilər! Ay ast vas!
Doktor Abasəliyev gənc Sadaya ermənilərin Əylisdən necə yoxa çıxmaları tarixini danışır. Sən demə, günlərin bir günü Osmanlıdan Əylisə başının quldur dəstəsi ilə Ədif bəy adında bir Paşa gəlib çıxır. Türklər, demək olar, Əylisdəki bütün erməniləri qırırlar. Qalır bir Hayqanuş, bir də gənc, gözəl Aniko. Türkiyədə oxuyub gəlmiş Mirzə Vahab Anikonu özünə arvad eləyir. Müsəlmanlığa girən Aniko hər gün… kilsəyə gedib gəlir. Qocalıb öləndə özünün gizlinini açıb deyir: “Mən yalandan müsəlman olmuşdum”. Erməni doğru-düzgünlüyü!
Doktor Abasəliyevin söyləmələrinə görə, aborigenlərdən boşalmış Əylisə başqa yerlərdən, başlıcası da Arazın o tayından azərbaycanlılar gəlib doluşurlar. Onlar öldürülmüş ermənilərin evlərinə yiyələnirlər. Bu evlərin üstündə indinin özündə də erməni ruhları dolaşdığından, Əylisdə böyüklü-balacalı, qadınlı-kişili, demək olar, hamı gicbəsərdi, povestdə deyildiyi kimi (obrazın dilindən!), psixdi, şizikdi, bir sözlə, ucdantutma degenerat. Buna görə uşaqların çoxu hələ də bir sıra çatışmazlıqlarla doğulur. Əylis adamlarının ayaması da sözügedən ruhlardangəlmə travmatalogiya görsənişləridir: Psix Qulu, Qaban Qulam, Mırıq Müzəffər, Sümsük Səfi, Topal Çimnaz, Cinni Səkinə, Cingöz Şaban, Cəllad Məmmədağa…
Bah, yadımdan çıxmışdı, Əylis ermənilərinin ən çox yaxınlıq elədiyi adamlar Osmanlının Van, Bitlis, Diyarbəkir bölgəsindən, bir sözlə, Kürdüstandan gələn kürdlər olub.
Yenidən Travmatalogiya xəstəxanasında
Yazıçı yenidən bizi Bakıya, travmatalogiya xəstəxanasına qaytarır. Axı, aktyor Saday hələ də xəstəxanadadır. Özü də hələ özünə gəlməyib. İndi biz xəstəxanada Sadayın arvadı Azadə xanımla tanış olururq. Azadə xanım Yeni ili birlikdə keçirmək üçün atasını xəstəxanaya çağırır. Mərdəkanda yaşayan doktor Abasəliyev Yeni ili qızının, kürəkəninin yanında keçirmək istəsə də, çağırışdan boyun qaçırır: evini mərdəkanlıların soyacaqlarından qorxur. Sonra o, xəstəxanaya gedir. Onun ayağı sayalı olur, aktyor Saday özünə gəlib ilk sözünü deyir: “Eç-mi-əd-zin!” Adamda sevgiyə bax! (Təmiz erməni yalanıdı). Doktor-psixiatr Abasəliyev hara, niyə gəldiyini unutmuş kimi, palatada Əylis-erməni tarixindən leksiya oxumağa başlayır. Sən demə, doktor Mərdəkanda boş-boşuna oturmayıbmış; orda o, Əylis-erməni tarixini öyrənirmiş.
Doktorun tapıntısına, Əylis ermənisi Zəkəriyyənin yazdığına görə, hələ 340 il qabaqdan Əylis erməni kəndi olub. Sonra, yuxarıda deyildiyi kimi, Ədif Paşa özünün quldur dəstəsi ilə gəlib erməniləri qırıb. Əylis də qabaqlar ermənicə – Akulis olub. Nə yaxşı, arada Münəvvər xanım doktor Abasəliyevdə böyük, qarşısıalınmaz coşqu yaradan erməni tarixinə qarşı çıxır. Ancaq bu, ötəri, epizodik bir görsəniş olur: doktor onu dinləmək, dediyinə önəm vermək istəmir. Daha önəmli fakt olaraq erməni şairi Yeğişe Çarensdən alıntı verilir: “Pülüyümüzü kəsməyə qoymadığımızdan, bizim bütün millətimizi qırmaq üçün onların əlinə bəhanə keçib”. Azərbaycanda ermənilərin qırılması ilə bağlı doktor Abasəliyevin dilindən (obrazın dilindən!) belə deyilir: “Öldürülən hər erməni üçün bir şam yandırılsaydı, bu şamların işığı ayın işığından parlaq olardı”.
Doktor Fərzani televizora baxır. Televizorda saqqalı bir şair çıxış eləyir – Xəlilullah Xəlilov-Uluruh Turanməkan. Onun şeiri bu sözlərlə bitir:
Не зарься на мою родину, хай
Ведь земли не раздают в пай.
Oxucu yaxşı bilir: bu adam Xəlil Rza Ulutürkdür. Doktor Fərzani onun çıxışını ironiyalı “Molodes!”lə dəyərləndirir (obrazın dilindən!), onu saqqallı uşaq adlandırır. Doktor Fərzani şairin torpaq sevgisi ilə bağlı belə bir fəlsəfi düşüncədə bulunur: “Torpaq sevgisi! Onun saqqalı uzun olduğundan qəbri də uzun olacaq”. Uzun saqqal uzun qəbir deməkmiş. Buna kosmopolitizm adı verməyə, inciyib-qınamağa dəyməz: obrazın dilindən deyilir, obrazın düşüncələri olaraq verilir.
Povest Uluruhla bitir. Uluruh başına yığdığı acıqlı kütləylə, ərsiz qadınlarla “Qarabağ!” hayqıraraq şəhəri dolaşır. Onlar erməni kilsəsini yandırmaq üçün bir saatdan çox çalışırlar…
Povestin sonunda ortaya çıxarılan Uluruh ÇOX GÖZƏL bədii tapıntı sayılmalıdır. Assosiativ olaraq yada Əylisin başı üzərində dolaşan ruhlar düşür. Birinci MÜQƏDDƏS ruhdur, ikinci CİNAYƏTKAR ruh…
Beləcə, sizinlə biz DAŞ YUXULARDAN qurtulduq. Tanrı bizə bir də belə yuxular göstərməsin!
Gərəkən əkləmə
Azərbaycan tarixçiliyini, başlıcası da Türklüyü, Türkçülüyü lağ obyektinə çevirən Əkrəm Əylisli başdan-ayağa yalana bürünmüş erməni tarixçiliyinə böyük sevgi, sayğıyla yanaşır… O, Əylisin 340 il qabaqdan erməni kəndi, oradakı kilsələrin də erməni kilsələri olduğunu bildirir (obrazın dililə!).
705-ci ildə (340 ildən çox-çox qabaq) erməni katolikosu İlya Qafqazda ən böyük, ən güclü dövlət olan Albaniyanı ərəblərə çuğulluq yoluyla darmadağın etdirir. Bundan sonra ermənilərin (daha doğrusu, hayların) albanları erməniləşdirmə prosesləri başlayır. Albanlar xristianlığa haylardan 270 il qabaq girmişdilər. Ermənilər albanları bir yandan “dost, qardaş” olduqları ərəblərin, o biri yandan kilsənin gücündən yaralanaraq erməniləşdirirdilər. “Mədəni” ermənilər qriqorian-kilsə ideologiyasına uyğun olaraq, kilsənin gücündən yararlanmaqla, alban kitablarını yandırıb iz itirməklə, özlərinə “Böyük Ermənistan” yaradırdılar. O çağdan bu çağa baş alıb gələn erməni işğalçılığı, erməni qaniçənliyi erməni kilsə ideologiyasından qaynaqlanıb, indi də o ideologiyadan qaynaqlanmaqdadır. Budur Əkrəmin “müqəddəs” Eçmiədzini!
Albaniya tarixinin ünlü araşdırıcılarından olan F.Məmmədova yazır: “XII əsrə qədər Naxçıvanda erməni yazılarından istifadə edilməmiş, buradakı alban xristianları isə yalnız X əsrdən erməniləşməyə başlamış və buna görə memarlıq abidələri Naxçıvanda yaşayan erməni əhalisinə deyil, öz alban katolikosuna, 1836-cı ilə qədər mövcud olan müstəqil alban kilsəsinə məxsus olmuşdur” (Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı . 1993. səh. 105). Yeri gəlmişkən, Eçmiədzində oturan başqa bir erməni katolikosu, Nerses, 1836-cı ildə Peterburqa gedib çuğulluq etməklə elə o il alban katolikosluğunun varlığına biryolluq son qoymuş, sonra da katolikosluğun arxivini ələ keçirib yox etmişdi. Görünür, Əkrəm ermənilərə aşırı sevgisindən bu sayaq faktları, onların Qafqaza ayaq basmalarından bu yana törətdikləri saysız qırğınları görmək istəmir…
“Mədəni” ermənilərin Azərbaycanda törətdikləri çoxsaylı, xarakterik qırğınlardan biri: “18 mart 1918-ci il. Şamaxı. Səhər tezdən erməni quldur birləşmələri şəhərin müsəlman hissəsinə soxulmuşlar. Onlar evləri yandırır, tanınmış ictimai xadimləri, ziyalıları öldürürdülər. Rusiyanın Birinci Dövlət Dumasının keçmiş üzvü Məmmədtağı Əliyev də ayrıca amansızlıqla öldürülmüşdür. Yanğından qurtulmağa çalışan adamları güllələyirdilər. Dinc sakinlər ağlasığmaz işgəncə, əzab-əziyətlə öldürülürdülər. Küçələr işgəncə verilmiş, döşləri kəsilmiş, qarınları yırtılmış qadınların meyitləri ilə dolu idi. Payalarla torpağa sancılmış uşaqların qalaq-qalaq meyitləri görənləri dəhşətə gətirmişdi. Küçələrdə, məscidlərin həyətlərində meyitlərdən tərpənmək olmurdu. Fövqəladə İstintaq Komissiyasının üzvü A.F.Novatskiyə görə, Şamaxını viran qoyan erməni quldur dəstələri “bir ideyadan – öldürmək, qarət etmək, qarət etmək, öldürmək ideyasından ruhlanmışdılar” (Erməni terror və quldur birləşmələrinin bəşəriyətə qarşı cinayətləri. XIX-XXI əsrlər. Bakı-Elm-2003, səh.57-58).
Qısa qırğın epizodları: Göyçə-Zəngəzur qırğınlarında (1918-19-cu illər) böyük rol oynamış erməni generalı Dro deyirdi: ”Türklərə (azərbaycanlılar) güllə işlətməyə qızırğanmaq gərəkdir. Ən yaxşısı mənim etdiyim etməkdir: onları diri-diri quyulara doldurmaq, sonra da üstdən daş tökmək”. Ermənilər Urmiya-Səlmas arasında 10 minədək dinc adamı qırmış, sonra əsir götürdükləri azərbaycanlı qızları lüt soyundurub yol qırağına düzməklə “hərbi parad” keçirmişdilər (1918-ci ilin martında). Quqark rayonunda ermənilər 76 azərbaycanlı uşağı boruya doldurub öldürmüşdülər (1988-ci ildə). Eçmiədzində ermənilər azərbaycanlı ananı iki qızı ilə qabaqcadan ilan tökdükləri quyuya atıb, keşişlərlə birgə tamaşaya durmuşdular…
ADR parlamentində erməni azlığına geniş yer ayrılmışdı – 11 deputat. 1920-ci il yıxılmasından sonra ermənilər ADR hökumətinin bir sıra liderlərini öldürdülər. Onların suçu nə idi? Daha sonra ADR hökumətinin yetirmələrini (minlərlə!) Sovet-NKVD gücündən yararlanmaqla öldürdülər. Bəs onların suçu nə idi ? Birinciləri Türk, sonrakıları “pantürkist” olduqlarına görə öldürmüşdülər.
Ermənilərin azərbaycanlıları Batı Azərbaycandan – doğma yurd-yuvalarından qovma dönəmlərinə (sikl) baxaq: 1918-19; 1948-49; 1988-89. Tarix faktlarından göründüyü kimi, qırma-qovma aktları planlı olub. Törətdikləri çoxsaylı terror, qırğın aktları başda olmaqla ermənilər bütün bu çoxillik antitürk-antimüsəlman siyasətlərini bir sıra böyük dövlətlərin, üstün güclərin geopolitik planlarına, eləcə də onların antitürk-antimüsəlman istəklərinə uyğun olaraq gerçəkləşdiriblər. Beləliklə, 20-ci yüzilin başlanğıc çağlarınadək başdan-başa türklərin yaşadığı Batı Azərbaycan az bir arada – ermənilərin ardıcıllıqla gerçəkləşdirdikləri terror, qırğın sonucu olaraq – MONOETNİK “Ermənistana” çevrildi. Bu gün “vəhşi” Azərbaycanda 100 minə yaxın erməni yaşayır, “mədəni” ermənilərin ölkəsinə çevrilmiş “Ermənistanda” bircə azərbaycanlı qalmayıb, qala bilməyib!
M.S.Ordubadi. Qanlı illər. Ordubadi bu əsərində ermənilərin başlıca olaraq 1905-ci ildə Dağlıq Qarabağda törətdikləri çoxsaylı qanlı qırğın faktlarını yazıya alıb. Nəyə görəsə Ə.Əylislini belə faktlar ilgiləndirmir. Hə, yadıma düşdü: ermənilərlə azərbaycanlıları barışdırmaq üçün. Görəsən, ermənilərin başladığı düşmənçiliyi azərbaycanlıların üstünə yıxmaqla necə barışıq yaratmaq olar?!
Van, Bitlis, Diyarbəkir – Kürdüstan. Necə böyük yalan! Bu eləcə Əkrəm Əylisli yalanı deyil, Rusiya başda olmaqla bir sıra böyük dövlətlərin Türkiyəni parçalamağa yönəlmiş geopolitik planlarının “bədii” görsənişidir. 19-cu yüzildə ingilis-rus yardımlarına güvənən ermənilər türklərlə kürdləri bir-birindən ayırmadan qırıblar. 19-cu yüzil bir yana, 20-ci yüzilin ortalarından az sonrayadək də Türkiyədə TÜRK-KÜRD ayrılığı olmayıb. Bu ayrılığı sonralar Türkiyəni parçalamaq istəyən güclər yaradıblar. Bəs Türkiyəni parçalama ideyasına öndərlik edən PKK harada yaradılıb? SSRİ-də! PKK-nı yaradanlardan biri KQB- yə bağlı Sov.KP MK yetkilisi, Bakı ermənisi Karen Brutens olub. PKK-çılar arasında çoxlu erməni olması da faktdır.
Ədif Paşanın Naxçıvanda etdiklərinə gəlincə, Azərbaycanı amansız erməni qırğınlarından qurtarmaq üçün ADR hökuməti Osmanlı Türkiyəsindən yardım diləməli olmuşdu. Bu baxımdan, Əkrəm obrazının göstərdiyi kimi, nə Ədif Paşanı cinayətkar saymaq olar, nə də Bakının Türk şəhidliyindəki 1130 türkiyəli qardaşımızı – onlar bizi erməni qırğınlarından qorumağa gəlmişdilər, bizdən ötrü canlarından keçdilər…
Şahqacar adının uydurma kriminal obrazda canlandırılması bugünümüzü, keçmişimizi ayrıca olaraq qaralamaq üçündür.
Xəlil Rza Ulutürklə bağlı epizod… Bu, Əkrəm Əylisli düşkünlüyünün apogeyi sayılacaq bir epizoddur. Xəlil Rza da, oğlu Təbriz də bu millətin yolunda şəhid olub. Təbrizi öz Ölkəsində, öz Torpağında – Azərbaycanda (Ağdamla Xocalı arasında) ERMƏNİLƏR öldürdülər! Biz Təbrizin ölüsünü öldürülmüş başqa altı gəncimizlə birlikdə ermənilərdən bir kanistr benzinə aldıq. Onları
yandırmışdılar. Bütöv yox, yarımçıq. Hərəsinin bir yeri yanmışdı. Görünür, ermənilər onları yaralı ələ keçirib yandırmışdılar. Onlardan birinin ayqaları yandırılmışdı. Onu Bakıdan tanıyırdım, yaraşıqlı, sağlam, ideyaca yetkin bir oğlan idi. 20-ci yüzilin başlanğıcında baş verənlərdən bəlli olduğu kimi, yaralıları yandıraraq öldürmək ermənilərin özümlü işgəncə metodlarındandır. Belə-belə işlər, Əkrəm Əylisli…
Cəbhə ilə bağlı uydurmaların üzərində geniş dayanmaq istəməyərək bildirirəm: 1) Azərbaycan xalqının gözəlliyindən o çağlar Bakıda oğurluq, başqa kriminal görsənişlər aradan qalxmışdı; 2) Bakıda erməniləri öldürmə faktlarının arxasında başlıca olaraq Moskvadan yönətilən hakimiyət orqanları, gizli güclər dayanırdı. 1988-ci ilin fevralında Sumqayıtda erməniləri öldürmə aksiyasının arxasında gizli hakimiyət gücləri, erməni Qriqoryan dayandığı kimi. Bakıda 20 Yanvar törətmək üçün KQB-nin əlilə qırğın situasiyası yaradılmışdı. AXC-Milli Müdafiə Şurası olaraq biz o çağlar minlərlə ermənini arxasında KQB-nin dayandığı qaçılmaz qırğından qurtarmışıq. Əkrəm Əylisli bunları “bilmir”. Niyə görə? Bilmək istəmədiyinə görə!
Ayrıca olaraq vurğulamaq gərəkir: 200 mindən artıq azərbaycanlı indi “Ermənistan” adlandırılan Batı Azərbaycandan qanlı qırğın yolu ilə qovulmuş, Dağlıq Qarabağı Azərbaycandan qoparıb “Ermənistana” birləşdirmək qərarı çıxarılmışdı. Qarabağda azərbaycanlıların ov tüfəngləri də əllərindən alınmışdı. Təpədən dırnağadək yaraqlanmış ermənilər 1918-20-ci illərdə olduğu kimi, yenə əliyalın xalqı qırır, yurd-yuvalarından qovurdular. 20-ci yüzilin başlanğıcında Göyçə – Zəngəzurda baş verənlər 20-ci yüzilin sonlarında Qarabağda baş verirdi: bir sıra böyük dövlətlərdən güc alan ermənilər bizi qırmağa girişmişdilər. Azərbaycan xalqı ölkə içində də (SSRİ), ölkə dışında da təklənmiş, arxa-köməksiz qalmışdı. Ermənilər arxa-köməksizliyimizdən yararlanaraq hər yandan üstümüzə gəlirdilər. Onda Əkrəm Əylisli… YOX idi!
Deyirlər: “Obrazın dili…” Olsin, ancaq Azərbaycan xalqının “ilin xalqı” adlandırıldığı bir dönəm içində “Daş yuxulardakı” başlıca obrazların bütünlüklə bu xalqa antipatiya sərgiləməsi nə deməkdir?!
Deyirlər: “Yıxılana balta çalmaq olmaz”. Doğrudur, ancaq gerçəkdə yıxılan Azərbaycan xalqı, ona balta çalan xalq yazıçısıdırsa, onda necə olsun?!
Gerçəklik düşüncələri
Əkrəm Əylisli Azərbaycan torpaqlarından ermənilərə pay verən (qabaqca Göyçə-Zəngəzur, sonra Dağlıq Qarabağ, ardınca Dağlıq Qarabağa bitişik bölgələr) Rusiyanın da qatıldığı Minsk qrupundan daha effektsiz, daha yararsız barışdırıcıdır.
Yalan yoluyla xalqını kriminala bürüyüb barışığa çalışmaq… Yalan olan yerdə barışıq, barış ola bilməz. Oddan alova tullanmaqla yanğından qurtulmaq olmaz. Birini söyməklə (azərbaycanlıları), o birini öyməklə (erməniləri) necə barışıq, barış yaratmaq olar?!
Oyunlar, oyunlar, oyunlar… Biz içdən də, dışdan da böyük oyun içindəyik. Bunlar milli mənliyimizi aşındırmaq, tapdamaqla bizi yenməyə yönəlmiş oyunlardır!
Ə.Əylisli “Daş yuxuları” barış üçün yazdığını bildirir. Ola bilsin, belədir, ancaq ortada barış strategiyası yoxdur. Fakt budur: o, ortaya barış strategiyası yerinə yeni savaş strategiyası, ən başlıcası, yeni savaş motivasiyası çıxarıb. İstəyib-istəmədiyindən asılı olmayaraq Əkrəm Əylisli “Daş yuxular”la ermənilərin Azərbaycanla, ayrıca olaraq Türklərlə bağlı dəlicəsinə nifrətini daha da körükləyib alovlandırma yolu tutur, birini yersiz yerə alçaltmaqla, o birini yersiz yerə yüksəltməklə içdən real, dışdan potensial savaş şeypuru çalır. Bu gur, “ayın işığından da parlaq” şeypur çağırışı hər nə etsən də barış üçün yer qoymur.
Cavid deyirdi:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Təcavüzkarı təcavüz olunanın yerinə qoyub suçlunu suçsuz, suçsuzu suçlu göstərməklə qan izini kəsmək – barış yaratmaq olarmı?! Göyçə-Zəngəzurdan tutmuş, Qarabağadək bizim Ölkəmizə, bizim Torpağımıza, eləcə də Qarsdan Qubayadək bizim Canımıza, bizim Varlığımıza təcavüz olunub! Doğrudanmı bütün bu faktları tərsinə çevirməklə, baş-ayaq qoymaqla barışıq-barış yaratmaq olar?! Gerçəkdən barış istəyən, barışa çalışan yazar obrazların dilindən yararlanaraq, ən azı, olaylara, faktlara, tarix gerçəklərinə BAXIŞ BALANSI yarada bilərdi. Yaratmayıb!..
“Əkrəm Əylislinin söz, ifadə azadlığı, düşündüyünü demək hüququ var” deyə, demokrat donu geyinib haray-həşirlə ona qarşı çıxanları antidemokrat sayan kimsələr, sizcə, “Daş yuxularda” təcavüzkar, ekstremist, degenerat yerinə qoyulmaqla MİLLİ MƏNLİYİ tapdanan bu xalqın öz mənliyini qorumaq hüququ yoxdurmu?! Hansı millət olmasından asılı olmayaraq, bir millətin mənliyi tapdanan yerdə barışıqdan-barışdan danışmaq olarmı?!
Deyirlər, Ə.Əylisli “Daş yuxuları” Nobel ödülü almaq üçün yazıb. Olsun. Bundan belə o nə ödülü alır-alsın… Nobel ödülü laureatı U.Folkner deyir: “Yazıçı yalnız insandan yazmaqla qalmamalı, onun dözümlü olması, çətinliklərə üstün gəlməsi üçün dayaq rolunu oynamalıdır”. Əylisli “Daş yuxularla” belə bir dayaq rolunu oynayıb, ancaq torpaqlarımızı tutan, xalqımızı qıran təcavüzkar, terrorçu, ekstremist ermənilər üçün (eləcə də erməni yandaşları üçün), onların yalançı “erməni genosidini” bütün dünyada daha inamla ortaya atması, keçərli etməsi üçün!
Nekrasov deyirdi: Sən şair olmaya bilərsən, ancaq yurddaş olmağa borclusan”. “Daş yuxular”dakı uydurma motivasiyası, sxematik obrazları ilə Ə.Əylisli gerçək şair-yazıçı yerində görüləsi deyil. Yurddaşlığa gəlincə, 1988-ci ildə KQB-Qriqoryan-erməni tandeminin törətdiyi, gizlinləri çoxdan ortada olan Sumqayıt olaylarını da bizim boynumuza yıxan bir yazıçının yurddaşlığından danışmağa dəyərmi?!
V.Hüqonun “Səfillər”, L.Tolstoyun “Savaş – barış” romanı. İki böyük humanistin ortaq tarix yaradıcılığı. Olaylara, faktlara baxış, yanaşma ayrı-ayrı olsa da, tarixin saxtalaşdırılmamasında birgəlik var. Görünür, bu romanlar, roman yaradıcıları dünyada bir də buna görə sevilir.
ABŞ-da deyirlər: “Doğru-düzgün olan deyil, lobbiçiliyini düzgün quran uğur qazanır”. “Daş yuxularla” Ə.Əylisli faktik olaraq yalançı “erməni genosidi” ilə bağlı LOBBİÇİLİK missiyasını yerinə yetirir.
Olduqca acınacaqlı görsənişdir: Azərbaycan xalqı indiyədək erməni təcavüzündən qorunmalı olurdu, indi öz içindən – Əkrəm Əylisli təcavüzündən qorunmalı olur. Kimlərsə Mirzə Cəlili, Sabiri örnək göstərirlər – yersiz yerə. Onlar milləti tənqid edirdilər, özü də sevə-sevə tənqid edirdilər. “Daş yuxularda” millət hər hansı sivilizasiya görsənişlərindən uzaq vəhşi, yaramaz, kriminal toplum olaraq göstərilir, təhqir olunur. Tənqidlə təhqiri qarışdırmayın: tənqid yüksəltmək üçündür, təhqir yenmək üçün. “Daş yuxularda” bizim millətimiz yenilir!
Yazını dünyanın ən ünlü tənqidçilərindən biri olaraq tanınan V.Belinskinin Qoqola məktubundan alıntı ilə bitirirəm: “Xalq yazıçını pis kitaba görə hər çağ bağışlamağa hazırdır, ancaq zərərli kitabı nə ola bağışlamaz”. “Daş yuxular” zərərlidir, çox zərərli!
03-04.02.2013
P.S. Prezidentin tapşırığı ilə Rusiya məktəblərində dərsdənqıraq oxu üçün 100 yazar seçilib. Onlardan biri də A.Pristavkindir. Yüzlüyə Pristavkinin “Qızılı bulud gecələyirdi” povesti salınıb. Ancaq Rusiyanın bir sıra tanınmış adamları bu povestin yüzlükdən çıxarılmasını istəyir. Niyə? Onların bildirdiyinə görə, “1944-cü ildə Stalin köçürməsi ilə bağlı tendensioz düşüncəylə tarixin açıq SAXTALAŞDIRILMASINA yol verilib: bir xalqın (çeçen xalqının) faciəsi qabardılır, başqa bir xalqın (rus xalqının) faciəsindən danışılmır. Eləcə də çeçenlərin köçürülməsi ilə bağlı qərarın nəyə görə ortaya çıxmasını, belə radikal qərarı doğuran qanlı olayların gerçək nədənlərini yazıçı açıb göstərməyib”.
Tarixin saxtalaşdırılması!- “Daş yuxularla” bağlı bizim dediyimiz də budur.
“Azadlıq”da çapına qadağa qoyulub – ÇQQ.