Üzü və Sözü Güney Azərbaycan türklərinə doğru
Ürəyinizdə Günəş olsun, sayğılı Yurddaşlarım və Soydaşlarım!
Azərbaycanın indiki durumu Türk Dünyasının ən dərin problemidir. Bir az geniş təhlil olunsa, məlum olar ki, bütövlükdə dünyanın dərin problemidir. Ancaq indiki siyasi dünya Azərbaycanın taleyinə qarşı biganədir, çünki bu taleni siyasi dünya özü hazırlayıb. 200 ildir Azərbaycanın bu durumdan çıxmasının qarşısını alır. Bu qədər vaxtda ardıcıl Azadlıq mübarizələri aparmışıq, böyük mənada bəhrə verməyib. Azərbaycanın ikiyə bölünməsi durumu daha da mürəkkəbləşdirib. Mübarizələrimiz həmişə pərakəndə xarakter daşıyıb. Mütəşəkkil ayağa duranda belə, məzmunca pərakəndə olub. 20-ci yüzildə Azərbaycanın Güneyində 3 dəfə inqilab həyata keçirilib, məğlubiyyətlə sonuclanıb. Söz yox ki, xalqın ruhunda mübarizə ənənəsinin yaranması tarixilik baxımından da, millilik baxımından da bir örnəkdir. Ancaq mübarizə Azadlıq yetirməlidir.
Bu inqilablarda yenilməyimizin səbəbi heç də fars rejiminin gücünə dayanmır, beynəlxalq güclərin bu rejimin arxasında durmalarına görədir. İnqilabi hərəkatlarımız həmişə dünya güclərinin kələklərinə aldanıb və gücümüzün böyük bir hissəsini itirməli olmuşuq. İçimizdəki ideoloji boşluğa görədir ki, kənardan bizə yenilməyimizi yetirən ideolojilik veriblər. Baxın, Səttarxan Hərəkatında Məşrutəçilik, Xiyabanidə Ümumirançılıq, Pişəvəri hökumətində kommunizm ideyaları buna misaldır. Azərbaycanın Quzeyində də mövcud olan ideoloji boşluqlar bizə bənzəri aqibəti yaşadıb. Burada da iki dəfə müstəqillik mübarizəsinə qalxmışıq. M.Ə.Rəsulzadənin başçılığı altındakı qalxışımız ideoloji mürəkkəbliyin ucbatından oturuşa bilmədi. İdarəçi fəallar 3 qrupa bölünmüşdülər: – İttihadçılar, Qərbçilər, Millətçilər. İdeolojidə güzəştçilik, yəni onu hissələrə bölmək mübarizəni gücdən salmaq deməkdir. Bolşeviklər bu durumdan istifadə edib fəallarımızı məhv elədilər.
İkinci dəfə 90-cı illərdə müstəqillik məsələmiz gündəliyə gəldi. Özümüzü aldatmadan deməliyik ki, Quzey Azərbaycan “Topxana” oyunları ilə başlayan bir proseslə müstəqillik əldə edə bilməzdi. Bu müstəqillik dünyanı yeni biçimdə görmək istəyən Siyasi Güclərin əməlləri ilə baş tutdu. Sovet-rus impriyasının dağılması xatirinə olan bir iş idi. Bu gün açıq şəkildə görünür ki, bu müstəqilliyimiz idarə olunur. Burada da bizim ideoloji təyinimiz yoxdur, tarixin təkrarı üzərində eyforik elanımız var. Dövlətimizin başı üzərində dalğalanan bayrağımızın məzmununu təhlil edin. Görün “türkləşmək, avropalaşmaq, islamlaşmaq” qarışığından nə aydınlaşdıra biləcəksiniz?! Yurdumuzda yaşayan toplumun əsas kütləsi türk olduğu halda, onun nə adı, nə mədəniyyəti heç bir qanunda, heç bir ictimai nizamda mövcud deyil. Ancaq geyimimizdən tutmuş, siyasi idarəçiliyimizə qədər avropalaşma tezisi ilə həyatımız anarxiyaya çevrilib. İkinci xətdə isə islamlaşma tezisi ilə həyatımızı idarə edən İran şiəçiliyi, Amerika Nurçuluğu, ingilis vəhhabiçiliyi özünü doğruldur. Türkçülük bir ara məhəlli xarakter daşıyırdı, indi o da yoxdur. Halbuki Türkçülük bizim millətləşmə prosesimizdir. Hər vasitə ilə bizi millətləşməkdən məhrum edirlər. Bunsuz isə bizim nə azadlığımız baş tutacaq, nə də müstəqilliyimiz bütövləşəcək.
Söhbətin əvvəlində vurğuladıq ki, Azərbaycanın durumu türk dünyasının ən dərin problemidir. Çünki türk etnosunun milli-ruhani mahiyyətini ən dərin şəkildə Azərbaycan ifadə eləyib. Azərbaycan – türkün ruhani imkanıdır. Burada təsdiq üçün tarixi həqiqətləri təhlil də eləmək olardı. (Bu çox geniş mövzudur, ayrıca bölüşmək olar…) Hətta Atatürkün ağlı, düşüncəsi Azərbaycanın ideoloji fikirlərindən qaynaq tapırdı və b.k. Bu gün yazılarda, düşüncələrdə “Türk Düyası” deyimi olsa da, gerçək olaraq siyasi gücə və mənəvi-ruhani birliyə malik olan Türk Dünyası qurulmayıb. Ona görə də Azərbaycanın durumunu türk dünyası öz problemi hesab eləmir. Bu gün Azərbaycan deyəndə hər kəsin ağlında 69 min kv.km-lik bir coğrafiya canlanır. Əgər Azərbaycan deyəndə Həmədandan Dərbəndə qədər bir varlıq təsəvvürlərə gəlmirsə, onda “Türk Birliyi” deyimini heç yerdə dilə gətirmək gərək deyil. Bir şeyi dərk eləməliyik ki, türkün birləşməsinin qabağını Azərbaycanın dağınıqları vasitəsi ilə alırlar. Böyük Türk Birliyi üçün Azərbaycan dağıntılardan xilas olmalıdır. Bəlağətsiz demək olar ki, Azərbaycan “Türk Birliyi”nin Dayaq nöqtəsidir.
Azərbaycanın Bütövlüyü məsələsini qəti qoymaq lazımdır. Güney Azərbaycanda başlayan prosesləri süni şəkildə tələsdirmək olmaz. Tələsməklə ən yaxşı halda inqilaba gəlib çıxmaq olar. Bu isə bizə yenidən məğlubiyyət gətirə bilər. Çünki inqilabı düzgün yönəldə biləcək Milli İdeoloji və Milli Vəhdət yaranmayıb. Orada bizim fəaliyyətimizi yenə də Maraqlı Qüvvələr idarə edib öz istədiklərini quracaqlar. Heç bir kənar Qüvvə bizim Milli Azadlığımızda maraqlı deyil. Bu səbəbdən də bizə “Tələsiyən İnqilab” yox, Milli Azadlıq Mübarizəsi lazımdır. Milli Azadlıq Mübarizəsi isə Milli İdeoloji, Milli Düşüncə üzərində formalaşa bilər. Milli İdeoloji Azərbaycanın Bütövlüyünə yönəlməlidir. Güney Azərbaycanın ayrıca müstəqillik məsələsini , yaxud İranın federasiyalaşması məsələsini qabartmaqla heç nəyə nail ola bilməyəcəyik. Dünyada nə baş verir-versin, dünya nə düşünür-düşünsün, mübarizə Azərbaycanın bütövlüyü uğrunda getməlidir. Azərbaycan bölünübdür, biz parçalanmış xalqıq. Dünyanı bu tarixi ədalətsizliklə üz-üzə qoymaq lazımdır. Bu yöndə maarifçilik işi getməli, bölünmüşlüyü aradan qaldırmaq istəyimiz milli düşüncəyə yeridilməlidir. Qoy işin tam həlli bizdən sonrakı nəsillərə qalsın, ancaq tələsik, nəticəsiz addımlarla gücümüzü, enerjimizi havaya sovurmayaq. Ürəkli oğullarımızın, vətənsevərlərimizin zindanlarda məhv edilməsinə səbəb verməyək. Boşuna qurbanlar olmaz. Qurban vermələr iş görməlidir. Bu saat Qurulma zamanıdır, qurban zamanı deyil. Bu gün Amerikanın, Qərbin İranla oynadığı oyunlardan bizə yalançı pay ayrıla bilər. O qüvvələr heç vaxt işin bizim azadlığımıza yönəlməsinə imkan verməyəcək. İranla bağlı nə baş versə, bizim susdurulmağımız hesabına baş verəcək. Ən yaxşı halda bizimlə bazarlıq edəcəklər. Bazarlıqla Vətən qurulmaz.
Biz İranda üç istiqamətdə mübarizə aparmalıyıq: 1) İrançılıqla mübarizə – Azərbaycanın coğrafi və inzibati cəhətdən İranlaşdırılmasının fəsadları dərk olunmalı və düşüncələrə yeridilməlidir. 2) İslamçılıqla mübarizə – İslam şiəçiliyi Güney Azərbaycanda etnik mahiyyətimizi zədələyib milli şüurun təşəkkül tapmasını əngəlləyən antiinsani bir ideolojidir. Asif Ata ortaya bir İnam Dünyabaxışı qoyub və bu baxışdan qaynaqlanan Milli İdeoloji işləmişik. Buna dayanıb dirəniş göstərmək mümkündür (bax: www.asifataocagi.com və www.Turkel-aq.org). 3) Qərb imperializminin nəzəri-ideoloji əsası olan demokratizmə qarşı mübarizə. Qərb demokratizmi azadlıq, insan haqları adı altında ictimai anarxiya yaradır və milli varolmanı ardıcıl zərbə altında qoyur. Bir sözlə, Qərbçilik Monarxiyanı dağıdıb, Anarxiyanı qurur. Bu səbəbdən də mübarizəni yetirən şəxsiyyətlərin ağlı, düşüncəsi qəliblərin içinə girməməli, Milləti bütöv şəkildə ayağa qaldırmağı düşünməlidir.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!
31 Xəzan Ayı, 33-il.
(Oktyabr, 2011)