Türkel Araşdırma Qurumunun və Mütləqə İnam Ocağının birgə təşəbbüsü ilə 27 Yağış ayı, 33( noyabr, 2011) cü il tarixdə Rafiq Tağının xatirəsinə həsr olunmuş Anım Tədbiri düzənləndi. Burada media mənsubları, Rafiq Tağını sevən dostları və qardaşı İlqar bəy iştirak edirdi.”1) Nə baş verdi və niyə baş verdi – kim idi Rafiq Tağı; 2) Azad düşüncə və dövlətçilik. Söhbət əsasən bu məsələlərin üzərində quruldu.
Tədbiri giriş söü ilə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı açdı. O, iştirakçılara gəldikləri üçün təşəkkür etdi və Rafiq Tağıya olan sayğıdan yaranan törənin mahiyyətini ifadə etdi. Soylu Atalı Rafiq Tağının kimliyi haqqında danışdı və aşağıdakıları qeyd elədi: “ Düşünürəm ki, bir fərdin nə yazmasından, hansı səviyyədə yazmasından asılı olmayaraq, burada dövlətçiliyin təhdid olunması məsələsi var. Bu da bizləri ciddi düşündürür, narahat edir. Rafiq Tağı ilə bağlı yazımda mən gümanlara söykənərək təhdid edən ünvanı vurğulamışam. Rafiq Tağının illər öncədən bu yana təqib olunması, həm də təhdid olunması, bu, təkcə müəyyən bir zümrənin təhdidi məsələsi deyildi. Onun məhkəməsində bəlli bir say vardı və onlar məqsədyönlü oraya gəlmişdilər. O zümrə cahil kəsim idi və idarə olunan, konkret olaraq, İranın idarə etdiyi qüvvələr idi. Rafiq Tağının məhkəməsində açıq şəkildə prokuroru, məhkəməni təhdid edirdilər. Azərbaycan cəmiyyətində xof yaranıb artıq, İranın adını tutmaq olmaz. O İran ki, Güney Azərbaycanda qətllər törədir, Azərbaycan Respublikasını da daim hədələyir. Bu gün bizim ziyalımızı qətl ediblər. Burada başqa qüvvələr də ola bilər. Azərbaycan cəmiyyəti elə anarxiya durumundadır ki, gümanlar min yerə gedə bilər. Biz, Azərbaycan toplumu olaraq, vətəndaş qarşıdurması həddində yaşayırıq. Bu gün Rafiq Tağıya qəsd oldu, sabah başqasına və beləliklə qarşıdurma yaranır. Nə qədər ki, belə qarşıdurma şəraiti var, o dövlətin gücündən danışmaq doğru deyil. Ölkədə ziyalıların, düşünən insanların diqqəti buna yönəlməlidir…”
Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan gələnlərə təşəkkür edərək qeyd etdi ki, “Rafiq Tağının timsalında dəyərli bir aydınımızı itirdik. Bu, sıradan bir hadisə kimi baş vermədi, onu bizim əlimizdən aldılar. Müxtəlif fikirlər var, bu əməli kim törədib. Kim edibsə də, bu əməl sözə, fikrə, düşüncəyə qəsd deməkdir. Məqsədlərinə nail olmadılar amma. Məqsəd azad sözü susdurmaq olubsa da, bu, baş verməyib və verməyəcək. Tarixdə də belə ağrılarımız olub. Əgər millət bir qətlin qarşısında geri çəkilərsə, onda bu millət nə dövlət qura bilər, nə də bütövləşə bilər. İndi orta əsrlər vaxtı deyil. Hər kəsin sözünü azad demək haqqı var… Hər birinizi aktiv olmağa çağırıram. Bir daha yaxınlarına, sevənlərə başsağlığı verirəm.”
Ziyalı Surxay Qocayev Rafiq Tağı kimi ziyalının terrora məruz qalmasını ürək ağrısı ilə qeyd etdi.
Nədən hökm eləyir gecə gündüzə,
Namərdlər mərdlərə, əyrilər düzə.
Bütün ömrü boyu durur üz-üzə
Alim kitab, cahil naqan əlində…
Surxay bəy cəmiyyətdən fərqlənən, axına qarşı gedən insanların hər zaman basqıya məruz qaldıqlarını dilə gətirərək bunun bağlı da şeirini oxudu.
Bunu qəhrəmanlıq, əsl hünər san
Hər oğul çıxammaz axına qarşı.
Bəlkə yad önündə dayanmaq asan,
Çətindir dayanmaq yaxına qarşı…
Axın kar qaya tək udar səsimi,
Axın qarşısında dayanar dağlar,
Bax, axın qarşısında gedən Nəsimi,
Dünən də haq idi, bugün də haqdır…
Asif Ozan Rafiq Tağının ölümündən təəssüfləndiyini qeyd edərək, indiki zamanda ölkədə durumun mürəkkəb olduğunu bildirdi: “İçəridən təhlükələr azmış kimi, kənardan da içimizə girən təhlükələr artmaqdadır. Onun qətli sıradan bir qətl deyil. Azərbaycan cəmiyyətində öz yolu və auditoriyası olan və azad fikrin, düşüncənin daşıyıcısı olan bir insana qarşı qətl baş verdi. Çox təəssüf ki, biz belə qurbanlar veririk. Amma bu qurbanlar ürəyimizdə şəhidlik zirvəsinə yüksəlir… Bütün yaxınlarına başsağlığı verirəm”.
Gənc yazar Könül Səid Rafiq Tağı ilə dostluğunun yaxın zamanlarda yarandığına baxmayaraq, ona mənəvi ata sevgisi ilə yanaşdığını söylədi: “Onunla hər dərdimi, problemimi bölüşürdüm. Məni səbrlə dinləyər, doğru yolu göstərənə, əhvalım düzələnə qədər mənimlə danışardı. Onun haqqında sosial şəbəkədə fikirlərimi bildirəndə mənə dedilər ki, qorxmursan ki, onun aqibəti sənin də başına gələ bilər? Mənsə deyirəm ki, azad fikrimi bildirməkdən niyə çəkinməliyəm?”
Rafiq Tağının qardaşı İlqar bəy Rafiq Tağının bir həkim kimi, insanlara təmənnasız yaxşılıq edən insan kimi keyfiyyətlərindən danışdı. Ailədə, nəsildə ona olan sayğını, sevgini dilə gətirdi. İlqar Rəsulun Rafiq Tağıdan götürdüyü bir müsahibədən danışdı: “İlqar Rəsul soruşur ki, Allahla görüşsən nə deyərsən, Rafiq Tağı da cavab verir ki, çox xoşbəxt olaram və deyərəm ki, nə eləmişəmsə, sənin naminə etmişəm”. İlqar bəy Rafiq Tağını Allahsız adlandıranların yanlış düşündüklərini dedi: “Çünki insanlara təmənnasız yaxşılıqlar etmək, həkim kimi, insan kimi maddi və mənəvi dayaq durmağın təməlində sevgi var. Allahsızlıq cəhalətdədir, qaragüruhdadır, qətl edəndədir”. O, Rafiq Tağının xaraktercə mülayim olmasına baxmayaraq, qələm əlində olarkən sərtliyinin də xalqına sevgisindən yarandığını, İranın göstərişi ilə burda ayağa qalxan mollalara qarşı olduğunu dedi: “Sanki xalqını ayıltmaq istəyi vardı o sərtliyində də. Gördüyünü, duyduğunu ziyalı kimi yazırdı, əsl kişi kimi yazırdı, ölümü də elə əsl kişi kimi oldu, sözünü axıra kimi dedi”.
Zaur Qəriboğlu: “Biz azad cəmiyyətdə yaşasaq da, özümüz azad deyilik elə bil. Faciəmiz də budur. Ətrafdan da ciddi basqılar var. Azərbaycanda bu gün şüurları işğal əməliyyatı gedir. Öz içimizdən deyil, kənardan gedir bu əməliyyat. Bu şüuru işğal da cəmiyyəti manqurtlaşdırır. Rafiq Tağıya əl qaldıran mən inanıram ki, manqurt olub, ona normal azərbaycanlı əl qaldıra bilməzdi. İranda təhsil almış gənclərlə söhbət edərkən görürəm ki, bunlar üçün heç bir dəyər yoxdur, nə millətçilik, nə də dövlətçilik var. Əmrə tabe, hazır şəkildə dayanıblar. Bir insanın şüuru işğal olunubsa, çox faciəli və təhlükəli prosesdir. Torpaq işğal olursa, qaytarmaq olar, şüur isə çox çətindir”.
Gənc yazar İlahə Nəsibova qəhərləndi. İndi onun haqqında danışmağın çətinliyini söylədi. Rafiq Tağını sevənlərə başsağlığını çatdırdı.
İnqilab İsmayıl terror hadisələrinin baş verməsinə təəssüfləndiyini qeyd etdi: “Bu cür addımlara qarşı da ziyalılar, əli qələm tutanlar yazmalı, xalqın gözünü açmalıdır… Açıq yazmaq lazımdır, ciddi, əsas fikirlərimizi ortaya qoymalıyıq. Ziyalıların birliyi olmalıdır”.
Ulusəs Atalı: “Yazı da sözdür. Rafiq Tağıya qəsd ediblər. Qəsd qorxu əlamətidir. Onu edən qorxduğuna görə elədi. Bunu yazıda da, şifahi də demək olar. O, bu əməli ilə məni qorxutmaq istədi, amma qorxuda bilmədi. Çünki mən qorxaqdan qorxa bilmərəm. İçimin həqiqətindən geri çəkilə bilmərəm. Şərdən qorxsam, heç vaxt addım ata bilmərəm. O zaman nə mənim dediyim sözün qüvvəsi olar, nə də əməlimin nəticəsi…”
Nurtəkin Atalı: “Rafiq Tağının pozitiv bir aurası vardı. Adama elə gəlirdi ki, Rafiq bəyin hansısa səhvini də ona söyləsə, onu doğmalıqla qəbul edəcək… Həbsxanadan çıxarkən evində qonaq oldum. Həbsxana həyatından da danışarkən ağır hisslərlə danışmazdı. Həbsxanada görüş keçirmək istəyimi deyəndə həmin anda həbsxana rəisini aradı və görüş təyin etdi. Soylu Atalının həbsxanada məhkumlarla görüşünü keçirdik. Təəssüf ki, özü gedə bilmədi. Orda da ona doğma münasibətin şahidi oldum.
Onun azad düşünmək, azad yazmaq haqqı vardı. Onun timsalında azad düşüncəyə qıydılar. Onunla ünsiyyətimizdə mən bir şeyin şahidi oldum ki, davamlı olaraq, basqıların olmasına baxmayaraq, dəyişmədi. Bu da ona qarşı güvən hissi yaradırdı. Rafiq Tağının ömrü kəsilsə də, onun düşüncəsi, obrazı, ömrü dəyişməz bir hadisə olaraq qaldı. Ölüm ağırdır, çünki əbədi həsrət var, səsini eşitməyəcək, üzünü görməyəcəyik. Buna baxmayaraq, onun işıqlı bir xatirəsi var ürəyimizdə, o xatirəni yaşadırıq və yaşadacağıq”.
Ağa Cəfərli tədbirin təşkilinə görə təşəkkürünü bildirdi: “Bu cür tədbirlərin keçirilməsi vacibdir, əhəmiyyətlidir. Biz yazarlar, aydınlar ictimai müqaviməti təşkil eləməlidir. Çünki bu, adi hadisə deyil. Sözə görə adam öldürmək barbarlıqdır. Özünü aydın hesab edən insanlar cavab verməlidir. Hansı formada verilməlidir, bunu danışmalıyıq. Susmaq sözə xəyanətdir. Ola bilsin ki, Azərbaycanda müəyyən qüvvələr kimlərisə üz-üzə qoymaq istəyir. Facebookda İran agentləri xəbərdarlıqlar yazırlar ki, sizin də taleyiniz Rafiq Tağının taleyi kimi olacaq. Bizim heç birimiz sığortalanmamışıq. Biz yalnız mənəvi dəstək ola bilərik. Fiziki mənada qorumaq daha çox dövlətin üzərinə düşür. İnsanların təhlükəsizliyini təmin etməlidir.”
Yasin Türksoy: “Başımız sağ olsun. Türkiyədə erməni Hrant Dinkin öldürülməsi ilə adamlar ayağa qalxıb “həpimiz Hrant Dinkiz” deyə həmrəyliklərini bildirdilər. İndi İran qəsbkarları bir-birlərini təbrik edirlər ki, gördünüz neylədik. Bütün bunlar ayılmağımız üçün tutarlı bir dərsdir…”
Nəsibə Əsgəroğlu başsağlığı verdi. Sonra mərhuma keçirilən yas tədbirlərinin millətimizin ruhuna yad olduğunu dilə gətirdi. Ziyalı sözünün deyilməsinin, ölən insana qiymət verilməsinin gərəkliyini vurğuladı.
Göylü Atalı: “Başımız sağ olsun. Onunla redaksiyada tanış olduq, Ocaqla tanışlığı da mənimlə tanışlıqdan sonra başladı… Onun bıçaqlanmasından bu yana saytlarda izləyirəm ki, ona çoxmənalı münasibət var. Amma insan kimi Rafiq Tağı haqqında hər kəs eyni fikri deyə bilər ki, sözün əsl mənasında insanlıq keyfiyyətlərinə malik idi…”
Çıxışlardan sonra Soylu Atalı bəzi məsələlərə aydınlıq gətirdi: “Güvəndə olmaq və öz ölkəsində arxayın olmaq məsələsində təkcə dövlət strukturlarına arxalanmaq azdır. Biz deyə bilmərik ki, bunu təmin edəcəklər. Biz mübarizə adamı olaraq, düşünərlər olaraq öz taleyimizin sonucunu görmürük. Təkcə ona görə yox ki, dövlətimizin başında duranlar və ya dünyada gedən proseslər dövləti güvənsiz, insanın həyatını dəyərsiz edib. Əgər biz Azərbaycan düşünərləri olaraq, başqa-başqa qüvvələrin kölgəsinə qısılmasaq, sığınmasaq, öz milli kimliyimizə üz tutsaq, o yöndən ortaq nöqtəyə gəlsək, ümumi bir vəhdət təşkil etsək, onda bizim güvənlimiz artacaq. Onda birimizin digəri üçün dəyəri, qiyməti uğurlu bir səviyyəyə çatacaq. Bizim bir-birimiz üçün dəyərimiz niyə azdır? Çünki deyirik ki, bu, filan qüvvəyə xidmət edir, bu başqasına. Bu, filankəsin adamıdır. Ona görə bizim dəyərimiz itir. Bir-birimizin qədrini bilmirik. Biz başqa qüvvələrin himayəsindən, pəncərəsindən bir-birimizə baxırıq. Yazdığımızın, düşündüyümüzün dəqiq, doğru qiymətini, ölçüsünü tapa bilsək, milli hədəfə üz tuta bilsək, onda bizim güvənimiz artacaq. Demirəm ki, fəlakət olmayacaq. Amma ehtiyatlılıqdan daha çox qorunma prinsipi güclənəcək…”
Sonda Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Ocaq Kurallarına uyğun olaraq Asif Atanın “Ölümlə Görüş” yazısını oxudu: “Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdurursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!”
Sonra hamı ayaq üstə “Matəm üstə Mütləqlə Təması” dinlədi:
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
Soylu Atalı Rafiq Tağının ailəsinə, yaxınlarına və dostlarına bağsağlığı verərək tədbiri yekunlaşdırdı: “Yurdu, Ulusu var olsun! Evindən işıq əskik olmasın!”