“Güney Azərbaycanda gedən mübarizələr və nəticə olaraq bu günü”

Türkel Araşdırma Qurumu təqdim edir
Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış
II mövzu: “Güney Azərbaycanda gedən mübarizələr və nəticə olaraq bu günü”

Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız!
Türkel Araşdırma Qurumu özünün növbəti toplantısına yığışıb. Biz bu dəfə də “Güney Azərbaycanın müstəqillik məsələsinə konseptual baxış”la bağlı fikirlərimizi bölüşəcəyik. Güney Azərbaycanla bağlı toxunduğumuz məsələlər orada baş vermiş hərəkatlar kontekstində müzakirə olunacaqdır. Öncə onu deyim ki, 20-ci əsr dünyada iri dövlətlərin yaranma dövrü kimi yaddaşlarda qaldı. Habelə çoxsaylı müstəqil dövlətlər də yarandı. Bu əsrdə dünya iki dəfə böyük sarsıntı keçirdi, I və II Dünya müharibələri baş verdi. Çünki dünyanın yenidən bölünməsi uğrunda böyük güclər mübarziəyə qoşulmuşdular. Yaranmış bu fürsətdən istifadə eləyərək böyük güclərə arxalanan və böyük güclərin özünün də maraqları daxilində yeni dövlətlər yarandı. Azərbaycanın Güneyində də hərəkat başlandı. 20-ci əsrin əvvəlində, 1905-ci ildə Səttarxanın, 1921-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə hərəkat oldu. Və ən nəhayət, Pişəvərinin rəhbərliyi altında III dəfə milli müstəqillik uğrunda hərəkat baş verdi. Azərbaycan Güneydə öz müstəqilliyinə qovuşdu, milli hökumət yarandı. Mənə elə gəlir ki, Səttarxan, Xiyabani və Pişəvəri hərəkatları arasında müəyyən fərqlər də var idi. Bu fərqlər ilk baxışdan xırda, adi görünsə də, Güney Azərbaycanın həyatı üçün önəmli olan fərqlər idi: Səttarxanın başladığı hərəkatda bir istək var idi, bu nə idi? Həmin dövrdə bizim də qeyd elədiyimiz kimi, İran coğrafiyasında Qacar türklərinin dövləti var idi. Həmin dövlətin idarəçiliyində zəifləmə baş vermişdi. İdarəçilikdə buraxılan kobud səhvlər, sosial ədalətsizlik var idi. Əhalinin yaşayış səviyyəsi çox aşağı idi. Ayrı-ayrı millətlərin nümayəndələri, o cümlədən türk milləti də azadlıq istəyi ilə ayağa qalxdı və bu ümumirançılıq səviyyəsində özünü göstərdi. Ümumirançılıq bu gün biz deyirik, həmin dövrdə əslində dövlət – qacarlar, türk dövləti idi. Əslində Səttarxanın başladığı hərəkat həm də Qacarlar türk dövlətinə qarşı idi. Həmin hərəkatın istəyi bilirik ki, İran xalqlarına azadlıq gətirməkdən ibarət idi. 21-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başladığı hərəkatda bir balaca çalarlar dəyişmişdi. O, Azəristan adlı bir dövlət qurmaq istəyirdi. Burda da ümumirançılıq prinsipləri ortada olmağına baxmayaraq, artıq Azərbaycan adlı işartılar var idi. Pişəvəri hərəkatına isə fərqli baxımdan yanaşmaq lazımdır. Burada istək Azərbaycan türkünün özünün milli hökumətinin qurulması idi.

Ağşın Ağkəmərli: Doğrudur, XX əsrdə Güney Azərbaycanda milli azadlıq uğrunda hər nəsil ayağa qalxıb və əzəmətli hərəkat yaradıb. O hərəkatlarda ortaq məqam ondan ibarətdir ki, başlıca nəticə əldə olunmayıb. Səttarxan hərəkatının təbii səbəbləri bunlardır: Qacar dövləti millətin istəklərinə cavab verə bilmirdi, ölkədə bir boşluq yaranmışdı. Xüsusilə iqtisadi problemlər meydana gəlmişdi. Dünyada yeni bir hərəkat oyanmışdı, həmin dövrdə Türkiyədə ikinci məşrutə hərəkatı baş vermişdi. Bunlar şünbhəsiz ki, təsirsiz deyildi və xüsusilə Quzey Azərbaycanda gedən müəyyən proseslər də öz təsirini Güneydə göstərirdi. Biz, məsələn, Nərimanovla Səttarxanın yaxşı münasibətlərinin olduğunu və Nərimanovun Güneydə bəzi yardımlar və köməklik göstərdiyini, oranı həmişə diqqət mərkəzində saxladığını bilirik. Amma söhbət ondan gedir ki, İran adlanan bu ərazidə minillik türk hökumətlərinə, Türk iqtidarına Səttarxanın əliylə son qoymaq istəyi onun arxasında duran bəzi xarici qüvvələrin, ölkələrin də marağında idi, o cümlədən, İngiltərənin. İngiltərə bu məsələdə çox maraq sərgiləyirdi. İstər Rusiya, istər Avropa maraqları dairəsində İran qurulmuşdu. 1945-də ingilis siyasəti nəticəsində fars millətini iqtidara gətirmək məqsədi irəli sürüldü. Əslində türk soylu olanların hakimiyyətdən təmizlənməsinə 1925-ci ildən başlanılmışdı. Onun nəticəsində Azəristan məsələsini düşünüb gündəmə gətirməyə təşəbbüs göstərdilər. Ancaq bu da müsbət nəticə verə bilmədiyinə görə 45-dən başlayaraq Pişəvəri hərəkatı fəaliyyətə başladı. O Atlantik anlaşmasının nəticəsində ki, hər bir millət öz taleyini öz əliylə həll eləyə bilər, öz gələcəyini öz istəklərinin, düşüncələrinin, fikrinin əsasında qura bilər. Bu məqama dayanaraq, Pişəvəri Hərəkatı yarandı. Millətin Səttarxan Hərəkatında iştirak eləyən insanlarının evladları Xiyabani hərəkatında olmuşlar. Xiyabani hərəkatında iştirak eləyənlərin bir çoxu milli hökumətdə öz istəklərini və öz tələblərini irəli sürdülər. Şübhəsiz ki, üçüncü dünya ölkələrində birbaşa xaricin təsiri olduğuna görə, xaricdən, xüsusilə İngiltərə, Rusiya və Avropadan idarə olunduğuna görə bu istəklər tamamilə yerinə yetirilmədi. Niyə? Çünki bunun mahiyyətində bir boşluq var. O boşluq bu gün də qalır. Həmin boşluq o gündən bu günə millətləşməmək prosesidir. Yəni millət kimi formalaşmamağımızdır. Millət kimi gündəmə gələ bilməməyimizdir. Millət kimi vahid bir səsə, vahid bir yumruğa, vahid bir istəyə yetə bilməməyimizdir. Ona görə də bizi içərimizdən və çölümüzdən parçalamağa nail olurlar. Çox acınacaqldır ki, Şah İsmayıl Xətainin 1505-ci ildə bizə verdiyi 500 min kv.km Azərbaycan ərazisindən bu gün bizə təxminən 86.6 kv.km qalır. Bu gün Azərbaycan ərazisinin 20%-i yox, demək olar ki, 80 %-i işğal altındadır. Bir ölkədə ki, sən öz məktəbini yarada bilmirsən, Təbrizdə ki, sən öz istəyini həyata keçirə bilmirsən, demək o da işğal olunmuşdur.

Asif Ozan: Mövzumuz kifayət qədər ciddidir. Məsələyə real yanaşsaq, bu çox ciddi elmi araşdırma mövzusudur. Bununla belə mən düşünürəm ki, biz mövzuya elmi tarix kontekstində yox, daha çox milli ideologiya, milli məfkurə kontekstində yanaşırıq. Ona görə də istər-istəməz öncə qarşıya belə bir sual çıxır: Güneydə milli azadlıq hərəkatı deyəndə konkret nəyi nəzərdə tuturuq. Hər bir milli azadlıq hərəkatının olması üçün ilk növbədə toplumda milli özünüdərk şüuru, milli kimliyinin bəlirlənməsi düşüncəsi formalaşmalıdır. Əgər bu düşüncə yoxdursa, o toplumda milli azadlıq hərəkatından danışmağa dəyməz. Əgər toplumun içərisindən bir və ya bir neçə lider çıxıb kütləni arxasınca aparsa, hələ bu da milli azadlıq mücadiləsi deyil. Çünki bu daha çox kortəbii xarakter daşıyır, kütlə nə üçün, niyə getdiyini dərk eləmir. Ona görə də kütləni bu kortəbii mübarizələrdən çıxartmağın yollarını düşünməliyik. Güneydə bu hərəkatların məğlub olmasının kökünü 20-ci əsrdən çox-çox önlərdə axtarmaq lazımdır. Ona görə istəyirəm ki, tarixə qısa bir ekskursiya edim. Əgər biz İslama qədər türkün, konkret olaraq oğuz türklərinin, tarixinə nəzər yetirsək, açıq-aşkar görərik ki, qorunub saxlanılan mənbələrdə, məsələn, Dədə Qorqud dastanlarında, tarixi türküstan torpaqlarında qalan abidələrdə, o cümlədən onun mifologiyasında milli özünüdərk qabarıq şəkildə özünü göstərir. Dədə Qorqud dastanlarındakı personajların hər birinin geyimində, danışığında, döyüş üslubunda və s. milli kimlik elementləri açıq-aşkardır. Bu, İslama qədərki düşüncədə türkçülüyün təcəssümüdür. Bəs necə oldu ki, bu mərhələyə gəlib çatmış, etnik özünüdərkdə Avropanı yüzillər qabaqlamış bir millət, bu prosesdə Avropadan arxaya keçdi?! Baxmayaraq ki, Avropada milli özünüdərk intibah dövründən sonra tədricən formalaşmağa başlayır, maarifçilik dövründə artıq bu proses daha da intensivləşir və ondan sonra çağdaş Avropa millətləri formalaşır. Nəzərə alsaq ki, Avropanın bu gün güvənc duyduğu Dante, Petrorka kimi mütəfəkkirlər əsərlərini öz ana dillərində yox, məhz latın dilində yazıblar. Buna görə onlar qürur duysalar da, həm də məyus olurlar ki, latın dilində düşünüb yazıb. Amma Dədə Qorqudun öz ana dilimizdə yazıldığını nəzərə alsaq, milli düşüncəni araşdırsaq görərik ki, hələ 7-ci əsrdə milli düçüncə doğma dildə ifadə olunurdu. Amma çox təəssüflər olsun ki, İslamın gəlişindən sonra dini düşüncə, dini məfkurə tədricən milli özünüdərk şüurunu, etnik dərki, özünü müəyyənləşdirməni sıxışdırır, arxa plana keçirir. Təxminən min illik bir dövr ərzində – Babək hərəkatından başlamış 19-cu əsrin ortalarına qədər milli düşüncə dini düşüncənin basqısı altında qalır. Cənubda inqilabların, mücadilələrin məğlub olmasının kökündə həmişə milli özünüdərk şüuruyla dini şüurun mübarizəsi dayanıb. Təəssüf ki, dini şüurun basqısından bu gün biz nə Güneydə, nə də Quzeydə xilas ola bilməmişik. Mənim qənaətim ondan ibarətdir ki, bu gün İslam dinində sünni və şiə məzhəbi oyundur. Şiə məzhəbi əslində dini don geydirilmiş fars millətçiliyi və şovinizmidir. Sünnilik isə yenə dini donda təqdim olunan ərəb millətçiliyidir. Bu gün biz ərəb millətçiliyiylə fars şovinizminin təsirindən özümüzü xilas eləyə bilmirik. Hər iki ideologiya bizə dini pərdədə verildiyinə görə kütlə şüurunda müqavimətlə üzləşmir. Bununla belə, mən belə düşünürəm ki, minillik dini basqının, dini xurafatın, dini cəhalətin hökm sürməsi beyinlərdə, düşüncələrdə, Azərbaycan türkünün milli özünüdərk istəyini, həvəsini qıra bilmədi və 20-ci əsrdə o yenidən boy verdi.

Vüqar Bəyturan: Bu mövzu, həqiqətən də, çox geniş mövzudur. Mahiyyət ondan ibarətdir ki, 20-ci əsrdə Güneydə baş verən inqilablar, hərəkatlar əsas hədəfi – milli müqəddərat məsələsini qarşısına qoymamışdı. Ona görə də arzuladığımız və o hərəkatda iştirak eləyənlərin düşündükləri proseslər baş vermədi. Nəticədə fars şovinistləri həmin hərəkatlardan bəhrələndilər. Belə ki, 1905-ci ildə də, 1921-ci ildə də, eləcə də 45-ci ildə biz gördük ki, Azərbaycan türkünün milli enerjisi, milli gücü, inqilabları həyata keçirməyə çatdı, amma onun nəticəsinə çatmadı. Mən hesab eləyirəm ki, biz inqilablar dedikdə həm də İslam inqilabına nəzər yetirməliyik. Çünki İslam inqilabı özlüyündə indiyə qədər çox təhlil olunmayıb. Bilirsiniz ki, hakimiyyətdə olan fars-molla rejimi onun detallarına qədər öyrənilməsinə maraq göstərməyib. Eləcə də qonşu dövlətlər, Azərbaycan bu məsələyə tarixi prinsiplərdən yanaşmayıbdır, təhlil olunmayıbdır. Amma Güneylilər çox yaxşı bilir ki, əslində İslam İnqilabının əsas ağırlıq mərkəzi Təbriz olub. Təbrizdə bu prosesə başçılıq eləyən Şəriət Mədari inqilabın əsas aparıcı siması və lideri olub. Uzun müddət prosesləri kənardan izləyən və proseslərə xaricdən müdaxilə eləyən, sonralar imam statusu ilə mükafatlandırılan Xomeyni hiylə işlədərək inqilabın liderinə çevrildi. Ondan sonra Şəriət Mədarinin fiziki məhvi reallaşdırıldı. Güneydə yenə təqiblər başladı. İslam İnqilabı Azərbaycan türkləri üçün gözlənildiyi kimi milli hüquq və azadlıqların bərpasına deyil, əksinə, bu hüquqların kəskin şəkildə əllərindən alınmasına yönəlib. Azərbaycan türkləri İranda bu qədər hakimiyyətdən kənar, bu qədər hüquqlarından məhrum olmamışdı. Mən diqqəti son proseslərə yönəltmək istəyirəm. Bildiyiniz kimi Musəvinin başçılığı ilə Yaşıl Hərəkat başlanılanda Azərbaycanın siyasi dairələrində müzakirə gedirdi ki, bu prosesə dəstək verilsin, ya yox. Uzun müzakirələrin nəticəsində belə bir fikir formalaşdı ki, Azərbaycan türklərinin milli haqlarını özündə ehtiva etmədiyinə görə Yaşıl Hərəkata Azərbaycan türklərinin siyasi partiya və qurumları dəstək verməyəcək. Dəstək verilmədiyinə görə də Yaşıl Hərəkat əvvəlki hərəkatlardan fərqli olaraq heç bir ciddi nəticəyə nail ola bilmədi. Proses elə beşikdəcə boğuldu. Həmin dövrdə Günaz TV-nin saytına belə bir müraciətimiz oldu ki, Güney Azərbaycan türkləri imkan verməməlidir ki, növbəti dəyişikliklər bizim qanımız bahasına baş versin və nəticədə yenə də uduzan tərəf biz olaq. Azərbaycan türkü olaraq öz milli kimliyimizi ortaya qoymalıyıq ki, bu proseslərin nəticəsində Güneydə fəal gücə çevrilək və Quzeylə birləşmənin ilkin addımlarını ata bilək. Əvvəlki təcrübədə buraxılmış səhvlər bu dəfə də təkrarlansa, bu dəfə də İranda siyasi dəyişikliklər adı altında proses sistemin başqa formada bərpası istiqamətində aparılsa, yenə də uduza bilərik. İranın idarəetmə formasının dəyişilməsi nəticəsində bizim üçün çətinlik uzun müddət davam edəcək və milli maraqlarımızın bərpası istiqamətində konkret addımlar atmaq imkanlarımız əlimizdən alınacaq. Ona görə də çox həssas olmaq lazımdır. İstər Güneydə, istərsə də Quzeydə olan Azərbaycan türkləri bu prosesdə vasitə və oyuncaq olmağa razı olmamalıdır. Biz prosesin aparıcıları olmalıyıq və hədəfi də özümüz müəyyənləşdirməliyik.
Bu gün kənardan müəyyən ismarışlar verilir ki, İranda xalq ayağa qalxsın, hüquqları və azadlıqları uğrunda mübarizə aparsın. Biz bilirik ki, bu mesajların arxasında eynilə çar Rusiyasında olduğu kimi, sistemi və rejimi dəyişmək adı altında başqa bir “xalqlar həbsxanası”nın yaradılması nəzərdə tutula bilər. Hesab eləyirəm ki, bu oyuna getməməliyik və bəri başdan Azərbaycan türkləri öz milli müstəqillik və bütövlük məqsədini ortaya qoymalıdır.

Abil Ulusoy: Mən istəyərdim ki, Soylu bəy bir məsələyə aydınlıq gətirsin. Əgər ümumirançılıq mövqeyindən çıxış edən, İran xalqlarına azadlıq adı altında mübarizəyə başlayan Səttarxan hərəkatı qalib gəlsəydi, nə olardı? Güney Azərbaycan müstəqilmi olacaqdı, yoxsa İran bir dövlət kimi içərisində islahatlara gedəcəkdimi?

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız.
Azərbaycanın aqibətində bizə bəlli olan bir sıra məsələlər var ki, onu hara çəkirik çəkək, gəlib bir nöqtəyə dayanırıq. Bu da Azərbaycanın Azadlıq məsələsidir. 20-ci yüzildə Azərbaycan o taylı, bu taylı olaraq bir neçə dəfə Hərəkatlar həyata keçirib. Məsələn, biz Güney Azərbaycanda üç dəfə inqilab eləmişik və o cümlədən Quzey Azərbaycanda iki dəfə müstəqillik adı altında ayağa durmuşuq. Ancaq böyük mənada istəyimizə nail olmamışıq. Əgər məsələlərə prinsipial yanaşsaq, məğlubiyyətlərin köklü səbəbləri bizə bəlli olar. Güney Azərbaycanda gedən proseslər nəyə dayanırdı? İnqilab baş verdi, azadlıq isə olmadı. Axı inqilab hələ Milli Azadlıq Hərəkatı demək deyil. Bir var Milli Azadlıq Hərəkatı, bir var inqilab. İnqilab adətən sosial quruluşa qarşı yönəlir, hakimiyyətin oturuşdurduğu ictimai problemlərə qarşı yönəlir. Doğrudur, biz Güney Azərbaycanda baş verən hərəkatları milli azadlıq hərəkatları kimi dəyərləndiririk. Dəyərləndirirlər. Bir var dəyərləndirəsən, bir də var o inqilablar doğrudan da məzmunca Milli Azadlıq Hərəkatı olsun. Bax, məsələ burasındadır ki, Milli Azadlıq Hərəkatı baş tutmadığına görə də inqilablar bir-birinin dalınca baş verdi və məğlubiyyətlə sonuclandı. Milli Azadlıq Hərəkatı millətin nə istədiyini müəyyənləşdirməlidir əvvəlcədən. Bütövlükdə Hərəkat həmin istəklərə dayanmalıdır, ona söykənməlidir. Biz hesab eləyirik ki, Milli Azadlıq Hərəkatı birinci növbədə xalqın ciddi maarifləndirilməsindən başlayır. Xalq nə istədiyini bilməlidir. Nə deməkdir Azadlıq?! Biz nədən azad olmaq istəyirik?! Azadlıq sözünü hər kəsin ağzına saqqız kimi atırlar, çeynəyir. Sonra da məlum olur ki, özündən azad olursan. Ola bilər ki, bizim Güney Azərbaycan olaraq, ya Quzey Azərbaycan olaraq mübarizəmiz bundan sonra fərqli biçim alsın, ya da əvvəlkiləri təkrar eləsin. Əgər əvvəlkiləri təkrar eləyəcəksə, milli azadlıqdan danışmağa dəyməz. Əgər yeni biçim alacaqsa, burada bizim rolumuz nədən ibarət olmalıdır, gərək bu da müəyyənliyini tapsın. Yəni maarifçilik istəyində olan insanlar üçün deyirəm.
İnqilab kütləni ayağa qaldırır, haylayır. Hamı o çağırışlara görə ayağa durur. Sonra iş elə gətirir ki, xalqın qabağına düşən insanlar xalqa güvənmir. Yenə deyirəm, xalq kəsdirə bilmir məsələ nə yerdədir, söhbət nədən gedir. Xalqı çaşdırmaq mümkün olur. Özəllikcə bəlli bir ideoloji olmayanda Hərəkatın aparıcıları məcbur olub başqa qüvvələrlə anlaşır. İşin ziyanına müdaxilə eləyən qüvvələrlə hesablaşanda isə məğlubiyyət yaranır. Böyük məqsəd qalır bir yanda, alış-veriş başlayır. Bununla da hərəkatın yönü dəyişir və başqa bir şey ortaya çıxır. Bu mənada Səttarxan hərəkatı da bu aqibəti yaşadı, Xiyabani də, Pişəvəri də. Səttarxan hərəkatında Məşrutəçilik ideyası ortaya gəldi. Gözləyə bilməzdin ki, bu məşrutəçilik ideyasından milli azadlıq öz təsdiqini tapsın. İkinci, Xiyabani hərəkatında ümumiran mübarizəsi gündəliyə gəldi. Ağıllara, şüurlara elə də yeridildi, – Ümumiran hərəkatı. Nəhayət Pişəvəridə də azadlıq adına başlayan bir hərəkat sonucda kommunizm ideyasına dayandı. Elə ki, milli istəkləri gündəliyə gətirmək istədi, Pişəvərini aradan götürdülər. Bu labüd idi. Bu mənada qəti əminəm ki, inqilablarla biz heç yana gedə bilməyəcəyik. İnqilabın məzmunu xəlqilikdən kənarda müəyyən olunur. Bu gün də demokratiya adı altında inqilablar həyata keçirirlər. Yenə də bu inqilablar kütlənin hay-həşirinə dayanır. Xalqın daxili istəklərinə dayanmır. Ona görə hesab eləyirik ki, Güney Azərbaycanın işi inqilab deyil, Milli Azadlıq Hərəkatıdır. Milli Azadlıq Hərəkatı isə Azərbaycanın Bütövlüyünü yetirməlidir.
İndi bir neçə kəlmə Quzeylə bağlı demək istəyirəm. Məmməd Əmin Rəsulzadənin başçılığı altında müstəqillik üçün ayağa durduq. Bu fəalların özləri qısa müddətdə üç qrup kimi göründü. Qruplardan biri ittihadçılar idi, İslamçılar. O biri Qərbçilər idi, bir başqası millətçilər. Burada ideoloji fərqlər olduğu üçün güzəşt aqibəti yaşadılar. Bunun nəticəsində istər-istəməz üç ideoloji baxış fəaliyyətin təməl prinsipinə çevrildi. Bəlli idi ki, bunların hərəsi bir yana dartacaqdı. Bunların aqibəti bolşeviklərin əlində həll olunacaqdı. Yəni üç qrupa bölündüklərinə görə bolşeviklər bundan istifadə eləyib onları məhv eləyə bildi. Nəhayət 90-cı illərdə bizim müstəqillik adına ayağa durmağımız. Bu da Milli Azadlıq Hərəkatı deyildi. Nə 20-ci yüzilin əvvəllərində Məmməd Əmin Rəsulzadənin başçılığı altında ayağa duranda milli azadlıq hərəkatı deyildi, nə də 90-cı ildə başlayan proses azadlıq mübarizəsi deyildi. Müstəqillik üçün ayağa duruldu. Azadlıq adına heç bir proses getmədi. Azadlıq daxili haldır. İnsanın, bütövlükdə xalqın milli-mənəvi varlığına dayanan haldır Azadlıq. Milli-mənəvi qatda heç bir proses getmədiyi halda, Milli Azadlıq Hərəkatına başlamışam demək özünü doğrultmazdı. Dönə-dönə vurğulamışam, “Topxana”dan başlayan bir proses Azadlığa stimul verə bilməzdi. Bunu sovetlərin dağılmasını istəyən qüvvələr elədilər, bunu biz deməliyik. Heç kimin əməyini azaltmaq istəmirəm. Amma biz həqiqəti deməliyik. Həqiqət üstündə oyun oynaya bilmərik. “Yox ey, filankəslərin xətrinə dəyər”. Belə şeyləri qırağa qoymaq lazımdır. Sənin əməyin papağı günə yandırmaq kimi bir şeydir. Boşuna gedib sənin əməyin. Bax, bu məsələlərin mahiyyətini düzgün təhlil eləsək, mənə elə gəlir ki, dərs götürmək mümkündür. Yəni Güney Azərbaycanda da, Quzey Azərbaycanda da bunlardan dərs götürmək mümkündür. Amma biz tamamilə başqa bir adla, başqa bir məzmunla təqdim eləyirik bu proseslərin hamısını. Uydurmaq gərək deyil, Milli Azadlıq Hərəkatı baş verdi, insanlar Milli Azadlıq Hərəkatının uğrunda şəhid oldu, filan oldu. Deyirik, deyirik, istər bu tayda, istər o tayda insanların ağlında bu oturur ki, elə Milli Azadlıq Hərəkatı bu deməkdir. Heç bir nəticə çıxarmadan, heç bir ölçü götürmədən, dərs götürmədən ayağa dururuq. Əgər Güney Azərbaycanda bu ağılla, bu düşüncəylə, bu gedişlə ayağa durulsa, biz yenə məğlub olacağıq. Çox narahatam ki, bizi məğlubiyyətə hazırlayırlar. Amma biz öz sözümüzü deməkdən, öz addımımızı atmaqdan daşınmamalıyıq, çəkinməməliyik. Yəni bu xalqın sonu deyil, dünyanın da sonu deyil. Neyləyək axı, bu gün bütövlükdə bizi hamı eşitmir deyək ki, bu addımı atmaq olmaz. Gəlin filan addımı ataq. Onsuz da eşitmirlər, hələ eşitməyəcəklər. Onları bu dalğa götürüb aparır. Bu dalğanı dayandırmaq da böyük bir tarixi proses tələb eləyir. Ona görə düşünürəm ki, nə Səttarxanda olduğu kimi, nə Xiyabanidə olduğu kimi, nə Pişəvəridə olduğu kimi, nə Məmmədəmin Rəsulzadədə olduğu kimi, nə 90-cı ildə olduğu kimi biz özgələrin buyuruğu ilə, özgələrin yönəltməsiylə, özgələrin planıyla, özgələrin ideolojisiylə ayağa durmalı deyilik. Biz əsaslı olaraq Milli Azadlıq Hərəkatına hazırlaşmalıyıq, başlamlıyıq. Xalq Milli Azadlıq Hərəkatına hazırlaşmalıdır. Hazırlıq prosesi getməlidir.

Abil Ulusoy: Ağıllarda belə bir sual yarana bilər ki, İran adlı coğrafiyada türk dövlətləri var idi, bir-birini əvəz edirdi. Səvəfilər getdi, Avşarlar gəldi, İranı qurdular, parçaladılar, bütövləşdirdilər, qorudular. Sonda isə Azərbaycanın bugünkü halı. Azərbaycanı ikiyə bölünməkdən xilas edə bilməyən Qacarların hakimiyyəti var idi. Bəlkə elə bunun özü mənfi anlamda bir rol oynadı ki, burdakı istəklərimiz dövlət istəyi olmadı. Axı hesab eləyirdik ki, Güney Azərbaycanda bizim dövlətimiz var. Qacarlar fars dövləti deyildi, türk dövləti idi. Bəlkə də bu imkan vermirdi ki, biz məsələni düzgün qoya bilək. Bayaq Soylu bəy qeyd elədi ki, azadlıq… nədən azad olmaq? Mənə elə gəlir ki, Səttarxanın başçılıq elədiyi inqilabda insanlar doğrudan azad olmaq istəyirdilər. Amma başqa bir tərəfdən baxanda nədən?! Azadlıq baxımından nə əldə eləmək?! Azadlıq həm də əldə eləmək istəyidir. Bax, məsələnin ikinci tərəfi qoyulmurdu. Nə əldə eləmək istəyi məsələsi.
Mən bir məsəsləyə də qayıtmaq istəyirəm. İran coğrafiyasından kənara çıxaraq bilmək istərdim ki, bu hərəkatlara, inqilablara beynəlxalq aləmin münasibəti necə idi? Bildiyiniz kimi, ümumdünya bəyannaməsi qəbul olunandan cəmi bir neçə gün sonra dünya tarixində kütləvi şəkildə ən çox insan hüquqları Güney Azərbaycanda pozulmuşdu. Dünya diplomatiyasında “soyuq müharibə” termini də Güney Azərbaycandan başladı. Bir çoxları, elə bu günün özündə də İran adlanan coğrafiyada baş verənləri İranın daxili işi hesab edirlər və ən yaxşı halda məsələyə belə müdaxilə eləyirlər ki, İranda insan hüquqları yaxşı vəziyyətdə deyil. Məncə ən böyük əksiklik elə bundan ibarətdir ki, ayrı-ayrı insanların haqlarının, hüquqlarının pozulmasından söhbət gedir, orda yaşayan 35 milyonluq bir millətin haqqının, hüququnun pozulmasından söhbət getmir. Baxmayaraq ki, biz bəzi məsələlərdə, dünyada qəbul olunan beynəlxalq sənədlərə də istinad eləyirik. Amma Güney Azərbaycanın beynəlxalq aləmdə təqdimatı İranın daxili işi kimi davam eləyir. Güney Azərbaycan adının hallanması üçün görünür, bayaq Soylu bəyin qeyd elədiyi kimi, artıq inqilablardan yox, milli azadlıq hərəkatından söhbət eləməliyik ki, dünyada bizə olan münasibət dəyişsin.

Ağşın Ağkəmərli: Biz hadisələri, olayları və başımızdan keçənləri kifayət qədər bilirik. Amma məsələnin mahiyyətinə girmək üçün gərək proseslərə həm də tarixi müstəvidə yanaşaq. Vüqar bəy Yaşıl Hərəkatın adını çəkdi. Bilirsiniz, bizi bizdən yaxşı öyrənənlər var. Bizim gələcəkdəki məqsədimizə son qoymaq üçün xarici ölkələrin belə önəmli təhlilləri var. Biz bu gün İranda hətta metropol ölkələrin arxa bağçasına çevrilmişik. Kimin hardasa dava-şavası varsa, onu bizim başımızda həll etməyə çalışır. Ona görə də davamlı olaraq biz millətləşmə yolunu əsas götürməliyik. Millətləşməyincə dövlətləşmə məsələsini ortaya qoya bilməyəcəyik. Xalqın o təlabatına uyğun hərəkatımızı ortaya gətirməliyik. Tarixi uğursuzluğumuz bundan irəli gəlir. Yeganə bir məqsəd onun bütün dərdlərinə çarə ola bilər. Bütün problemlərinə son qoya bilər – Azadlıq. O yoxdur deyə hələ də içəridən və çöldən parçalanırıq. Hələ də biz Güneydə 20-ci əsrin əvvəllərində olan ab-havanı yaşayırıq. Hələ də biz İranı düşünürük. Orda xarici dövlətlərin, dünyada gedən proseslərin maraqları və təhlilləri ortaya gəlir. Bu gün biz içəridən özümüzü təhlil eləmirik. Durumumuzu doğru təhlil eləməyincə, gələcəyimizə aydın bir məqsəd qoya bilməyəcəyik. Hərənin ağzından bir avaz gəlir, bizim çatışmayan cəhətimiz bundadır. Siz bayaq vurğuladınız, Soylu bəy, biz qabaqca maariflənmədən başlamalıyıq. Maariflənməyimizin də mahiyyətində öncə varlığımızı, kimliyimizi bilməyimiz dayanır. Tələblərimizi öz kimliyimizin üstündə ortaya qoymalıyıq. Hər nəsildə bir inqilab – bu, böyük bir faciədir. Bu mənim üçün fəxredici bir məsələ deyil. Yüz ildə üç inqilab. Necə olur ki, baban elədiyi səhvi atan da eləyib. Atan elədiyi səhvi sən də eləyirsən. Belə iş olmaz. Biz beləliklə hara gedirik?! Bir yan-yörəmizə baxaq. Avropa bizdən nə qədər geridə idi, bu gün hardadır?! Bu gün İran adlanan ərazidə ermənilərin vəziyyəti bizdən qat-qat üstündür. Bu gün ərəblərin orda istədikləri müstəqillik bizdən irəlidədir. Milli şüurun faciəsinə bax ki, mən Güneyli soydaşlarımızla, yurddaşlarımızla söhbət eləyəndə, təkid eləyirlər ki, sən bu Azərbaycan sözünü vurğulama, İran sözünü işlət. Deyirəm bu sözün arxasında qorxulu bir mənamı var?! Bu gün özgələrin məqsədləri, özgələrin istəkləri bizim hərəkətlərimizin təməlində durur. Biz bunların hamısından yaxa qurtarmaq üçün dinin bizə verilən zəhərlənmiş şüurundan xilas olmalıyıq. Həmin şüur bizə İran adlanan o ərazini qoru deyir. İstər Fars, ya Kəngər körfəzində olsun, istər Əfqanıstan sınırlarında, biz orda canımızı, qanımızı, malımızı səfərbər eləmişik ki, İranı qoruyaq. Bəs İranı qorumağın mənim üçün xeyri nə olubdur? Yaxşı, əgər xeyri olmayıbsa, mən niyə təzədən onu təcrübə eləyim? Ayılmağımız üçün daha nə lazımdır?!

Asif Ozan: İstər Azərbaycan türkünün, istərsə bütövlükdə türk etnosunun xislətində bir passionarlıq, yəni etnoenerji var. Sadəcə olaraq bu etnoenerjini çox dürüst bilən, Avropa və Amerikanın strateji mərkəzləri zaman-zaman bu etnoenerjimizi öz zərərimizə yönəltməyə çalışıbdır. Milli kimliyin qorunmasının bir tarixi nümunəsini demək istərdim. Yəhudilər iudaizm dininə ibadət eləyirlər. Əslində bu təkcə dini dünyagörüş deyil, həm də yəhudilərin milli ideologiyasıdır. Bu ideologiya tarixin keşməkeşlərindən Yəhudilərin xilas olma yolunu uğurla tapdı və zənnimcə digər millətlər üçün də örnək ola biləcək modeldir. Yəhudi qövmünə xitab olunur ki, siz Allahın seçilmiş qövmüsünüz. Allah-taala sizi yer üzünə göndərdi ki, insanlığı xilas edəsiniz. Bu, yəhudi düşüncəsində başqa xalqlar üzərində milli üstünlük kompleksi doğurur. Bizə isə kənardan milli natamamlıq kompleksi yeridildi və bu, indi də davam edir. Bu gün də Cənubda gedən proseslərdə, eləcə də Şimalda gedən proseslərin çoxunun senarisi maraqlı qüvvələr tərəfindən xaricdən ötürülür. Biz milli şüuru bu riskdən qorumağın mexanizmini aramalıyıq. Bu gün Güneydə, çox təəssüf ki, hələlik düşünər qüvvənin birliyi formalaşa bilməyib, daha çox kütlə mövcuddur. Kütlə psixologiyasını idarə eləmək maraqlı qüvvələr üçün çox rahatdır. Milli Birliyin düşüncəsinə girmək isə çətindir. Milli Birlik – vahid milli ruha, milli düşüncəyə söykənən, vahid metodologiya əsasında hazırlanmış vahd konsepsiyanı mənimsəmiş, bu konsepsiyanın arxasınca gedən insanlardan ibarət olur. Bunlar hamısı maariflənmiş insanlardır. Bu gün Türkel Araşdırma Qurumunun da istəyi həmin kütlənin içərisində Milli Birliyin yaranmasına xidmət etməkdir. Güneyin hamısı bütövlükdə fəal qüvvə halına gələ bilməz. Hətta bu gün Amerikada aktiv qüvvə də var, kütlə də. Təəssüf ki, Quzey Azərbyacanda da onu hər hansı fəlakətlərdən qurtara biləcək mükəmməl qüvvə görmürəm. Biz Qüvvənin formalaşmasına nail olmalıyıq.

Vüqar Bəyturan: Biz bundan əvvəlki hərəkatlarda baş vermiş məğlubiyyətlərin səbəblərini araşdırdıq. Əgər söhbət Bütöv Azərbaycanın qurulmasından gedirsə, bölgədə doğrudan da yeni bir siyasi gücün meydana çıxması diqqətə gəlir. Maraqlı güclər bunu çox böyük müqavimətlə qarşılayacaqlar. Ona görə də mübarizə yolunda fars-molla rejiminin bizə göstərdiyi müqavimət, eləcə də Güneydə milli azadlıq prosesinin formalaşmasında qarşımıza çıxa biləcək başqa maneələr təbiidir. Bəs biz bu əngəlləri necə aşmalıyıq? Necə etməliyik ki, növbəti dəfə məğlubiyyətə düçar olmayaq? Necə etməliyik ki, növbəti dəfə milli enerjimizin ortaya qoyduğu situasiya öz əleyhimizə işləməsin? Dünyanın siyasi güc mərkəzləri ayrı-ayrı millətlərin enerjilərini boşuna sərf etməsi ilə bağlı proyektlər hazırlayıblar. Ərəb baharı deyilən proyektlər də həmin sistemin tərkib hissəsidir. Görünəndə ki, millət öz gücünü diktator rejimindən sonra ortaya qoya bilər, milli dövlət qura bilərlər, o zaman onlara bir İslami model ötürülür. Həmin enerji ərəb dövlətlərinə ötürülən İslami modellərin qurulmasına səbəb olur. Beş ildən, on ildən sonra fərqli olmayan modellər yaranacaq. Təbii ki, bu orda yaşayan xalqların inkişafı üçün çox ciddi maneədir. Çünki Qərb elm-texnikanı inkişaf elətdirdiyi, irəliyə doğru addım atdığı bir vaxtda Şərqə bu cür tale hazırlayır. Nəticədə demokratiya gətirirəm deyə-deyə istibdadı, irticanı həmin ərazilərdə bərpa edir. Güney Azərbaycan da həmin tale ilə rastlaşa bilər. Ona görə kənar təsirlərə bu proseslərin aparılmasında şərait yaradılmamalıdır. Bu gün biz deyə bilmərik ki, bütün variantlarda kənar təsirləri sıradan çıxaracağıq. Bu mümkün deyil. Çünki dünyada Qloballaşma prosesi gedir. Bir millətin daxilində baş vermiş proseslər hökmən başqa bir millətə sirayət etmiş olur. Bunun qarşısının alınması çox çətin prosesdir. Amma yenə də, biz o qədər təkmil və təşkilatlanmış şəkildə yol getməliyik ki, qarşımıza çıxan maneələri aşaraq kənar təsirləri zərərsizləşdirə bilək. Mən hesab edirəm ki, bunun üçün ilk növbədə İrançılıq şüurunun əleyhinə getməliyik. Bu gün yanlış mövqedə olan kəslərə də başa salınmalıdır ki, ilk növbədə proseslərin İran çərçivəsində aparılmasının sıradan çıxarılmasına nail olmaq lazımdır. Yəni İranın taleyi türkün üzərinə yıxılmamalıdır. Necə ki, bu gün AKP və Ərdoğan hakimiyyəti İslamın taleyini türk millətinin üzərinə qoymaq istəyir, eyni zamanda İranda da həmin proses gedir ki, İran dövlətçiliyinin taleyini türk millətinin üzərində həll etsinlər. O baxımdan Güney Azərbaycan türkləri İrançılıqdan imtina etməlidir. Güney Azərbaycandan söhbət gedəndə çox zaman Bütövlük məsələsini arxa plana keçirirlər. Bəzi dövlətlərin də burda rolu olmamış deyil. Bu məsələyə həssas və ehtiyatla yanaşmaq lazımdır və çalışmaq lazımdır ki, bütün mübarizə aspektlərində bütövlük məsələsi özünü doğrultsun. Yəni Quzey də, Güney də düşünsün ki, onun apardığı mübarzənin nəticəsi Bütöv Azərbaycan dövlətinin gerçəkləşməsi ilə nəticələnəcək. Son olaraq vurğulayıram, proseslər Milli Hədəf, Milli İnam, Milli Əqidə ətrafında aparılmalıdır. Yəni şaxsey-vaxsey deməklə Bütöv Azərbaycan qurmaq olmaz. Baş yarmaqla türk olmaq olmaz. Başqa millətlərin puç əqidəsinə tapınmaqla dövlətçilik şüurunu formalaşdırmaq olmaz. Əgər elə edəcəyiksə, o zaman biz İrançı olacağıq, biz Rusiyaçı olacağıq, biz ərəbçi olacağıq və s. və i.a. Türk öz sözünü dünyaya deməlidir ki, mən öz İnamıma, Düşüncəmə dayanıqlı bir cəmiyyət qurmaq istəyirəm. Millət öz dövlətini yaratmaq istəyir. Dövlətin sınırlarının xaricində yaşayan millətlərə barış mesajı vermək və inkişaf istəyir.
Güneydə azadlıq uğrunda mübarizə aparanların fars-molla rejiminin kəşfiyyat qurumlarının vasitəsiylə müxtəlif cərəyanlara bölünməsinin qarşısı alınmalıdır. Məqsəd Azərbaycan türklərinin öz bütövlüyünü qurmaqdır. Bu hədəfdən yayınıb müxtəlif cərəyanlara bölünməməliyik. Ən azı “Quzey”in acı təcrübəsi ortadadır. Quzeydə Azərbaycan dövləti tam qurulmamış biz millətçiyə, liberala, İslamçıya, sosial-demokrata bölündük. Bu gün İran adlanan coğrafiyada yaşayan soydaşlarımızın içərisində bir hissə özünü muxtariyyatçı adlandırır, o biri hissə istiqlalçı adlandırır, başqa bir hissə şah rejiminin bərpa olunmasını istəyir. Digər bir hissə deyir ki, islami qaydalar qalsın. Hərəsinin də öz təşkilatları var. Bu, olduqca zərərli bir tendensiyadır, ən azı ona görə ki, bu gün onlar bəlkə də bir-biriləri ilə birləşməkdən daha çox fars rejimi ilə ittifaqa girməyə hazırdılar. Çünki daxildə bir-birinə qarşı pis əhvallar yaradılıb. Söhbətimizin əvvəlində Ağşın bəy qeyd elədi ki, ərazilərimizin ancaq 20%-də biz dövlət qurmuşuq, 80%-i işğal altındadır. Mən belə hesab eləyirəm ki, biz yüzdə yüz işğal altındayıq. Söhbət təkcə cismani sərhəd işğalından getmir. Söhbət ruhani işğaldan gedir. Söhbət insanların beyinlərinin və şüurlarının işğalından gedir. Biz, Türkel Araşdırma Qurumu olaraq ilk növbədə bu işğalı aradan qaldırmalıyıq. Çünki bu işğal aradan qalxmasa bizim siyasi məqsədlərimiz, bizim dövlət qurmaq, bizim millət olmaq çabalarımız heç bir nəticə ilə sonuclanmayacaq.

Soylu Atalı: Söhbətimin bu hissəsinə Vüqar bəyin son cümləsinə vurğu ilə başlamaq istəyirəm. “Biz, Türkel Araşdırma Qurumu filan-filan məsələləri həll etməliyik”. Bu, yaxşı təşəbbüsdür. Biz məsələlərin həll olunması üçün çalışırıq. İndi ola bilər, biz onu həll eləyə bilmirik. Çünki biz siyasi təşkilat deyilik, biz dövlət deyilik, biz hakimiyyət deyilik və s. Bu mənada biz o məsələləri yetərincə həll eləməkdə gerçək olaraq güclü deyilik. Amma bunların həll olunması istiqmətində düşüncələr formalaşdırırıq. Maarifçilik işinin yönünü də bu məsələlərdən başlayırıq və s. Bir var arzular, bir də var ideyaçılıq və prinsipiallıq. İnsanın üzərinə hansısa basqılar gəlirsə, müəyyən çətinliklərlə üz-üzə qalırsa, o çətinliklərin dəf olunması, sərbəst, azad yaşamaq istəyi, insanda istər-istəməz arzular şəklində formalaşır. Sonra bu arzuların inkişaf mərhələsi var. İstəklərin gerçəkləşməsi üçün ideya ortaya gəlməli və əsaslı şəkildə işə keçməlidir. İdeyanın işə keçməsi isə artıq prinsipiallıqdır. Gərək həm də ideya dərk olunsun. Əslində bu proses ilk olaraq xalqın maariflənməsi üçün çaba göstərən adamların içində getməlidir. Əks təqdirdə arzuların hədəfini nəinki başqalarına ötürmək mümkündür, tamamilə təhrif olunmuş şəkildə gündəliyə gətirmək olar. Ona görə ilk növbədə işin içinə girən, işin həllinə çalışan adamların, dəxli yoxdur, burdakıların, ya qeyrilərinin, ağlında, düşüncəsində məsələ həllini tapmalıdır. Sən prinsipial məsələləri səsləndirən kimi ətraf təpki göstərir, – “siz nə danışırsınız? Bu mümkün deyil. Amerika ilə qaçdı-tutdu oynamaq olar? İslamın əleyhinə getmək olar?” Əgər bu müqavimətin təməli mənim ağlımda, içimdə varsa, çox asanlıqla məni sıradan çıxaracaq. Yox, əgər mənim içimdə onun təməli yoxdursa, kənardakı müqaviməti mərhələ-mərhələ aşacam. Bu mənada, ilk növbədə milli azadlıq ideyası, milli azadlıq prinsipləri onu dilə gətirən insanların öz ağlında konseptual olaraq həllini tapmalıdır. Onda qarşımıza çıxan taktiki məsələlər bizi böyük düşüncələrdən yayındırmayacaq, daşındırmayacaq. Bu gün dünyada nə baş verirsə versin, İranda nə baş verirsə versin, Quzey Azərbaycanda nə baş verirsə versin, qonum-qonşuda nə baş verirsə versin, bu prinsipiallıqdan dönmək olmaz! Axıra qədər bu prinsipiallıqla sözü demək. Dünyada elə hadisələr baş verə bilər ki, adam qorxar, gəlin bunu nəzərə alaq, gəlin onu nəzərə alaq. Nəzərə aldıq, qurtardı hər şey. Qorxmaq üçün nəzərə almaq olmaz. Çünki bu gün düşüncə formalaşdırırıq. Təbii ki, bu gün hərəkat formalaşdırıb, işə salmaq istəyirsənsə, kənar qüvvələr bu hərəkatı sıradan çıxarmaq üçün işə keçəcək, gerçək olaraq. Amma kənar qüvvələr mənim şüurumda işə keçə bilməyəcək, düşüncəmdə işə keçə bilməyəcək. Ora girə bilməyəcək. Yerişimin qabağını kəsə bilər, amma düşüncəmin qabağına keçə bilməz. Ona görə düşüncə formalaşandan sonra yerişin qabağına da keçə bilməyəcək. Gərək düşüncə formalaşsın, oturuşsun.
Bizim Güney Azərbaycandakı soydaşlarımıza deyəcəyimiz sözün ideya səviyyəsində əsasları müəyyən olmalıdır. Biz Güney Azərbaycanlılara Milli Azadlıqdan söz açırıq. Sabah maraqlı qüvvələr də Güney Azərbaycanlılara azadlıqdan bəhs edəcəklər. Onlara azadlıq şüarları ünvanlayacaqlar. Nəticə etibarilə, güclü olduqlarına görə, aktiv üstünlüyə malik olduqlarına görə, meydanda olduqlarına görə toplum söz yox ki, o qüvvələrin yalançı azadlıq çağırışına meyil eləyəcək. Sonra məlum olacaq ki, azadlıq çağırışına gedib, məhvə düçar olub. Yəni belə şeylər tamamilə labüddür, bu gün qaçılmazdır. Belə şeylər həmişə olub tarix boyu, bundan sonra dərs götürməsək, yenə olacaq. Azadlıq çağırışı altında Güney Azərbaycanlıları aldadacaqlar. Deyəcəklər “azadlığı dərk eləmək üçün məktəbiniz olmalıdır. Öz dilinizdə oxuyarsınızsa, düşünərsinizsə, azadlığı dərk edəcəksiniz. O məktəbi sizə veririk…” Lakin biz məktəb əldə etməklə, hansısa sosial problemin həllinə çatmaqla yaxamızı ələ verməli deyilik. İşin aparıcılarını nəzərdə tuturam. Toplum aldanacaq. Toplumun havasına oynamaq olmaz. Axıra qədər böyük məqsədi ortaya qoymaq lazımdır. Axıra qədər düşüncə formalaşmalıdır. Məktəb məsələsini başqa cür də həll etmək olar. Sənin məktəbin əgər milli şüurunu formalaşdırırsa, milli kimliyinin dərk olunmasında başlıca rol oynayırsa, bunu gərək ümumi Azadlıq Hərəkatının içinə qatasan. O məsələni ayrıca götürməyəsən. Yəni bəndlər şəklində azadlıq istəklərini heçə çevirmək mümkündür demək istəyirəm. Ona görə də dünyada nə baş verirsə-versin, sabah Amerika İranda ərəblərdə elədiyi kimi inqilab eləyəcəksə, biz ona münasib sözümüzü, düşüncəmizi dəyişməli deyilik. Biz mövqeyimizdən geri durmalı deyilik. Biz ideya veririk, düşüncə veririk.
O ki qaldı, Güney Azərbaycanlılara təlqin olunan İrançılıq məsələsi. İrançılıqdan imtina. Milli şüurumuzun formalaşmasında başlıca zərbəni vuran İslamdan imtina. Üçüncü, Beynəlxalq təşkilatların işimizə, içimizə müdaxiləsindən imtina. Əgər bu üç imtinanı yetirə bilsək, onda həmin güclər, kənar güclər bizimlə hesablaşacaqlar. Hesablaşdırmadan onlarla alış-verişə getsək, uduzacağıq. Onları bizimlə hesablaşmaq zorunda buraxmaq lazımdır. Nə vaxt hesablaşacaqlar? İçəridə vahid ideya, vahid ideoloji formalaşarsa, vahid qüvvə yaranarsa. Onda vəhdətimizin içinə ayrı əllər uzana bilməyəcək. Mən anlayıram, çox çətindir. Güney Azərbaycana da bu gün bunu demək çətindir. Ancaq biz bunu beş günə hesablamırıq. Biz bunu əbədi azadlığa hesablayırıq. Əgər sən İslamdan imtina eləmirsənsə, onda Güney Azərbaycan toplumu deyəcək ki, Allah özü bilən rəvadır. Taleyi ilə barışacaq. Sabah səni göstərəcək ki, bu təhlükədir, biz din qardaşlarımızla döyüşə bilmərik. Azadlıq məsələsinə sabah deyəcək bu mənlik deyil. İslam ona dedizdirəcək. Bax, bu məsələ də Güney Azərbaycan toplumunun şüuruna, ağlına, düşüncəsinə yeridilməlidir. Qoy bizim üzümüzə qayıtsınlar, qoy bizi tənqid eləsinlər, qoy bizi istəməsinlər. Amma israr eləmək lazımdır, çəkinmədən. Sənə qarşı çevrilən fikirlər, atılan addımlar, böhtanlar, sıradan çıxarmalar səni susdurmamalıdır. Dirəniş yaratmaq üçün Güney Azərbaycanda bu məsələlərlə paralel olaraq eyni zamanda nəyə sarılmaq, nə ilə silahlanmaq, hansı düşüncəyə sahib olmaq, – bunu yetirib verməliyik. Bununla bağlı bizim konsepsiyamız var… Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız var olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv