Hürufilik – Azərbaycanın Ruhani mahiyyətidir

Fəlakətlərimizdən dərs götürək!

 Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…

Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər.

 HÜRUFİLİK –
AZƏRBAYCANIN RUHANİ MAHİYYƏTİDİR

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli soydaşlarımız!
Bu gün biz Azərbaycanımızın Ruhani Mahiyyətini ifadə eləyən Hürufilik mövzusu ilə görüşünüzə gəlirik. Hürufilik – Azərbaycanın sifətini dünyada bəlli eləyən böyük hadisələrimizdən biridir. Ona görə də biz Hürufilik məsələsini mövzuya gətirdik. Bu gün Azərbaycanda dini düşüncəli insanlar var ki, onlar Hürufiliyin böyüklərini – Nəimini, Nəsimini məqsədyönlü şəkildə məhdudlaşdırmağa, aşağılamağa meyl edirlər. Onları müsəlman elan eləməklə cəmiyyətdə bir çaşqınlıq yaradırlar, həm də Hürufiliyin mahiyyətini təhrif edirlər. Bu vaxta qədər Hürufiliklə bağlı müəyyən elmi araşdırmalar olub. Bu da ən çox adın üzərində vurğulanıb. Əslində bu böyüklükdə hadisə icma səviyyəsində bilinib, toplum tərəfindən ciddi tanınmayıb, dərk olunmayıb. Bir tərəfdən Azərbaycanın fəxri olan, başucalığı olan Hürufilikdən yurdumuzda ciddi ədəbiyyatlar yoxdur, başqa bir tərəfdən, olanlar da düzgün araşdırılıb təqdim olunmur. Hürufiliyin milli-bəşəri dəyəri əsasən Nəsiminin şeirlərində ifadə olunub. Onu da, dediyimiz kimi, yad baxışların təsiri altında çəkinib dilə gətirmirlər, yaxud təhrif eləməyə çalışırlar. Bu cəhətdən Hürufilər bizim fəlakətli fəxrimizdir – Onların edamı faciəmizdir, çünki onların özləri ilə birgə düşüncə sistemləri də “edam olundu”. Nəiminin düşüncəsini özündə daşıyan “Cavidannamə” Azərbaycanda yoxdu. Onun orijinalı başqa ölkələrdə saxlanılır. Ümumiyyətlə, bizim böyük dəyərlərimizin əsilləri öz əlimizdə deyil. Biz nəyisə istəyəndə ya vermirlər, ya da təhrif olunmuş nüsxələr verirlər. Çox qəribədir, yazılı abidələrimiz, dəyərlərimiz sanki hamıya gərəkdir, Azərbaycanın özünə gərək deyil. Başqalarına da ən çox gizləmək üçün gərək olur. Bizə isə yalnız ad qalır. Adı biz sevirik, ancaq adla var ola bilmirik, çünki addan daha dərində düşüncə, baxış var ki, onunla biz millət ola bilərik, simamızı qoruya bilərik.
Burada biz Hürufilik məsələsinə yalnız öz milli açımımızdan, öz ölçümüzdən yanaşırıq. Konkret olaraq, Asif Atanın yaratdığı Dünyabaxışın meyarı ilə məsələyə yanaşırıq, onun ortaya qoyduğu dəyərləri təqdim eləməyə çalışırıq. Bu bir məktəbdir. Biz bu Məktəbin həm öyrənciləriyik, həm də öyrətmənləriyik. Öyrəndiklərimizi öyrətmək istəyirik. Biz istəyirik ki, düşüncə sistemi yalnız məktəb səviyyəsində qalmasın, böyük bir Hərəkata çevrilsin. Hərəkata çevriləndə xalq yaranır, Azadlıq yaranır. Məktəb səviyyəsində onun içində ayrı-ayrı şəxsiyyətlər yaranır. Söz yox ki, bu şəxsiyyətlər də Hərəkata stimul verir, yönəldir. Ancaq o şərtlə ki, dediyimiz kimi, böyük işlər məktəblə məhdudlaş-mamalıdır, daim genişlənməli, inkişaf etməlidir. Xalqın yaranması – Tarixi şəxsiyyətlər verməkdən daha dərin məsələdir.
İndi Hürufiliklə bağlı müəyyən faktları təqdim eləyək – bütövlük və ardıcıllıq üçün.

Abil Ulusoy: İstənilən təlimin, baxışın yarandığı məkan çox önəmli faktdır. Azərbaycan Hürufiliyin vətənidir. Hürufilik – yarandığı dövrə qədər insana verilmiş ən ali qiymət idi, bəşəriyyətə gərək olan bir dəyər idi. Bizim üçün sevindirici haldır ki, bu təlim məhz Azərbaycanda yaranmışdır. Hürufiliyin yaradıcısı (banisi) Fəzlullah Nəimi (Əl-Hürufi çağrılırdı, bildirildiyinə görə əsl adı Əbdürrəhman imiş. Onun adlarından biri də Sail olub). Azərbaycanın Güneyində 1340-cı ildə doğulub. 1386-cı ildə öz təlimini Təbrizdə elan edib. Nəimi bu təlimin yaradıcısı kimi “Cavidannamə”dən (təlimin baş kitabı) başqa beş kitabın da müəllifi idi. Mənbələr göstərir ki, Nəiminin bunlardan başqa bir əsəri də olubdur. Bu fikir tam təsdiqini tapmayıb. Ancaq belə güman olunur ki, həmin kitab olub, bildirildiyinə görə o, Sarayevada saxlanılır.
Deyildiyi kimi, təlimin əsas kitabı “Cavidannamə”dir. O da iki hissədən ibarətdir: “Böyük Cavidannamə” və “Kiçik Cavidannamə”. Soylu bəy qeyd elədi, təəssüf ki, “Cavidannamə” Azərbaycanda yoxdur. “Böyük Cavidannamə” Misirdə saxlanılır, 853 səhifədən ibarətdir – lüğətli izahı ilə bir yerdə. Misirin ən böyük kitabxana¬sındadır. Biz öz tərəfimizdən xeyli səylər göstərdik ki, həmin kitab Azərbaycana gətirilsin. Onun burada tərcüməsinə və çapına nail olaq. Çox təəssüf ki, bu səylər hələlik heç bir nəticə verməyib. Misirin Azərbaycandakı səfirliyinə müraciət olundu, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasına – onun Şərq kitabxanasına. Müxtəlif şəkildə imtinalar var. Baxmayaraq ki, Azərbaycan dövləti ilə Misir dövləti arasında mədəni sərvətlərin mübadiləsi ilə bağlı razılaşmalar var, belə deyək ki, natura halında dəyişdirilməsiylə yox, sadəcə olaraq, onların üzünü köçürüb dəyişdirmək olardı. Ancaq nədənsə bizə mənsub olan az əhəmiyyətli mədəni sərvətlərimizi bizə verirlər, “Cavidannamə”ni isə verməkdən birmənalı şəkildə imtina edirlər. Yəqin bu, nə vaxtsa baş tutacaqdır. Artıq “Cavidannamə”nin müəyyən hissələri ilə əlaqədar Elmlər Akademiyasının müəyyən institutlarında söhbətlər gedir, ancaq bu, “Cavidannamə”nin özü deyil.
Müəyyən bilgilərə görə “Kiçik Cavidannamə” isə Tehran Universitetinin kitabxanasında var – 216 səhifədir, deyəsən. Əbdülhəmid adlı bir nəfərin şəxsi kitabxanasında imiş, sonradan oraya təhvil verib.
Məşğul olmaq istəyənlər üçün Nəiminin başqa əsərlərinin də adlarını bildirmək istəyirəm: Böyük, əbədi mənası verən “Kəbireyi Cavidannamə” və “Cavidanisaqir” deyilən “Kiçik Cavidannamə”; “Ərsnamə” – taxt-tac haqqında kitabdır; Məhəbbətnamədir, – dördüncü kitab; “Naumnamə” (Yuxugörmə haqqında kitab – bu kitab “Allah işığı axtaranlar üçün idi) beşinci kitabıdır və altıncı kitabı “Vəsiyyətnamə”dir. Hələ tam dəqiqləşməyən yeddinci kitabın adı bizə məlum deyil. Bilgi var ki, Nəimi “Cavidannamə” kitabını Bakıda yazıbdır.
Hürufilərin yetişdiyi dövr həm də bir fatehlik dövrü idi. Bilirsiniz ki, dünyanı fəth eləmək iddiasında olan Əmir Teymur var idi. Bu da türk idi. Ancaq dünyanı o şəkildə fəth eləmək antiinsani bir gediş idi, ancaq bu tərəfdə insana ən yüksək qiymət verilirdi. Bu qiymət Nəimi təliminin ən güclü aparıcısı olan Nəsiminin diliylə belə ifadə olunurdu:

Hər kimsə etmirsə insana səcdə,
Ol məndə şeytan gedər, şeytan gələr…

İnsana səcdəyə çağırış idi. Bəşər tarixində hürufilərə qədər İnsana səcdəyə çağırış olmamışdı. İnsandakı Allahı görürdülər Hürufilər. O dövr üçün bu münasibət fövqəladə bir hadisə idi.
Nəimi təlimi Azərbaycanda məhdudlaşmırdı, Türkiyəyə, Şərq ölkələrinə yayılmağa başlamışdı. Türkiyədə bu təlimi yayan Nəiminin yaxın silahdaşlarından biri olan Əliullah idi. Nəsimi yaradıcılığının da burada çox böyük rolu var idi. Türkiyədə (yəni Osmanlıda) hakim olan I Sultan Muradın və Muradxan Qazinin zamanında Hürufilik geniş yayılmağa başlamışdı. Nəiminin ən yaxın tələbələrindən biri – Mahmud Qəznəvi Nöqtəvizm təliminin yaradıcısı olub. Bu təlimə görə nöqtə ilahi idi (rəqəmlər yox). Nöqtələr Allahın mahiyyətini özündə birləşdirir.

Ağşın Ağkəmərli: Siz söhbətimizin əsas mahiyyətinə toxundunuz. Bəzi məqamları vurğulamaqla söhbətə qatılmaq istəyirəm. Həqiqətən Hürufilik sadəcə tarixi bir hadisə deyil. Onun mahiyyətində başqa şeylər var. Azərbaycan yadelli işğalçıların amansız təsirlərinə məruz qaldığından ciddi narahatlıqlar ortaya çıxırdı. Fəzlullah Nəimi torpağın xilas olmasını deyil, millətin xilas olmasını əsas götürürdü. Millətə sahib çıxmaq gərək idi. Bunun üçün hansısa bir amac olmalı idi. Bu amac hərflərdən ibarət olan düşüncə idi. Ancaq bu amac təkcə hərflər məsələsi ilə məhdudlaşmırdı. Onun başqa mahiyyəti vardı. Hürufiliyin içində bizim kimliyimiz vardı, türkçülüyümüz vardı, adət-ənənələrimiz vardı. Bizim varlığımız vardı. O varlıq ki, ərəb qəsbkarları tərəfindən tapdalanmışdı. O varlıq ki, məhv olmaqda idi. Özünəqayıdış üçün, özünü tanımaq üçün maariflənmək, savadlanmaq lazım idi. Nəimi İnsanın böyüklüyünü Hürufilikdə görürdü.
Hər bir şeyin bir görünməyən tərəfi var. O görünməyən tərəf insanın özüdür. İnsan o dövrdə görünməmiş dərəcədə aşağılanmışdı. Köləlikdən, əsarətdən qurtarmaq üçün insana dəyər vermək lazım idi. Hürufilik bu dəyəri yaratdı – insanı Allahlıq zirvəsinə çatdırdı. İnsanın əsas mahiyyəti yaradı¬cılıq-dır. Hürufilik o yaradıcılığı insana qaytardı. Təriqətlə elə bir bağlılığı olmasa da, mən təbiətin özündən bir misal demək istəyirəm. Barama adi bir sürüngən həşaratdır. Ancaq o öz içinə qapıldığı üçün bir mühit yaradır. Öz içində yaradır. Bu mühit onun öz içinə bağlıdır, –mahiyyətindən irəli gəlir. Yaranışın tələbi ilə baş verir. Ağıllı insan üçün təbiətin bu halı da bir məktəbdir.
Hürufilik təbiəti ötən insani bir məktəb idi. İnsana özünün (İnsanın) ilahi keyfiyyətlərini öyrədirdi. Nəsimi bu məktəbin dərin izharçısı idi. Onun çağırışlarında, şeirlərində biz Hürufiliyin məzmununu aydın şəkildə görürük:

Ey özündən bixəbər qafil, oyan,
Haqqa gəl ki, haqq deyil batil, oyan,
Olma fani aləmə mail, oyan,
Mərifətdən nəsnə qıl hasil, oyan.

Ümumiyyətlə, Hürufiliyə bir çox yöndən yanaşmaq və öyrənmək mümkündür. Əslində Nəsiminin öz həyatı, öz yaradıcılığı məncə bir təriqətdir. İnsanların qəlbini qılıncla, ordu ilə fəth eləyə bilməyən azmanların qarşısında Nəsimi ortaya çıxırdı və öz şeirləri ilə insanların qəlbini fəth edirdi. Bu gün biz də tarixi məsələlərlə üz-üzə dayanmırıq, qaçırıq. N.Hikmətin belə bir sözü var. Deyir “dovşan qorxduğuna görə qaçmır, qaçdığına görə qorxur”. Biz də tarixi həqiqətlərimizi dilə gətirməkdən qaçdığımıza görə qorxuruq. Biz tarixi həqiqətlərlə üz-üzə dayana bilsək, onda bizim kimliyimiz üzə çıxacaq. Onda bizim kimliyimiz bilinəcək.

Soylu Atalı: Azərbaycanda Hürufiliklə ciddi məşğul olmurlar. Niyə olmurlar?! Məlumdur ki, İslam dininin oturuşduğu və hökmünün böyük genişliyə malik olduğu bir dövrdə Hürufilik baş qaldırdı. Və Hürufilik mahiyyətcə dinə qarşı idi. Bu gün də Azərbaycanda din öz kütləviləşdirmə psixologiyasıyla yenidən qayıdıb və avamlığın üzərində bərqərar olub. Bu gün hər hansı bir Azərbaycansevər Hürufilik məsələsinin tədqiqi ilə məşğul olmaq istəmir. İstəmirsə, mən onun Azərbaycansevərliyinə bir o qədər inanmıram da. Bayaq Ağşın bəy dedi ki, biz qaçırıq və qorxuruq. Bəli, biz gələnin qabağından qaçırıq, dirəniş göstərmirik. Hürufiliklə ona görə məşğul olmurlar. Asif Ata deyirdi ki, “təkcə Nəimi bəsdir ki, Azərbaycana səcdə qılasan”. Niyə bunu deyirdi? Çünki insan yalnız Azərbay¬canda azadlığa çağırılmırdı, yalnız burdakı insana həqq deyilmirdi, bütövlükdə bəşər övladına deyilirdi. Bütövlükdə bəşər övladı o haqqa, mənəvi azadlığa çağırılırdı. Bu çağırışın qarşısında hər şey doğrudan da adi görünürdü, aciz görünürdü. Bu halı Nəimi yaratmışdı.

arxivdən

(ardı var)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv