Türkel Araşdırma Qurumu toplantı keçirdi

TÜRKEL ARAŞDIRMA QURUMU
Toplantı keçirdi

18 dekabr 2011-ci il tarixdə “Türkel Araşdırma Qurumu” növbəti toplantısını keçirdi. Toplantıda qurumun təsisçilərindən Soylu Atalı, Asif Ozan, Vüqar Bəyturan və dəvətlilər iştirak etdilər. Qurumun digər nümayəndələri üzrlü səbəbdən qatıla bilmədilər. Toplantı son bir həftə ərzində ölkəmizin də daxil olduğu Yaxın Şərq regionunda baş verən olayları təhlil eləməklə başladı. Eləcə də bu olaylar fonunda milli dövlətçiliyimizin, həmçinin Güneyli soydaşlarımızın taleyi mövzusu ilə davam elədi. Toplantını açan V. Bəyturan bildirdi ki, regionda yaranan hər cür gərginliyin başlıca səbəbi İranın bölgədə ardıcıl olaraq yeritdiyi dağıdıcı və bölücü siyasətdir. Habelə İranın qonşu dövlətlərə və dünyaya qarşı hegemonluq iddiasının və bu iddiada qeyri-peşəkarcasına israr etməyinin məntiqi nəticəsi gərginlikləri daha da artırır. O bildirdi ki, yaxın və uzaq qonşularına haqq və ədalət dərsi keçmək istəyən Tehran rejimi ibrət üçün öz vətəndaşları olmasına baxmayaraq ən sərt diskriminasiyaya məruz qoyduğu, hər cür milli azadlıq haqlarını əllərindən aldığı otuz beş milyon Azərbacan türklərinə baxsın.
S.Atalı mövzunu davam etdirərək Yaxın Şərqdə Qərbin senarisi üzrə baş verən proseslərin milli dövlətçiliyimizin, habelə Güney Azərbaycanın və oradakı soydaşlarımızın taleyi üçün fəlakətli bir durum vəd etdiyini dedi. Bu oyunlar yenə Qərbin maraqlarına uyğun siyasi nizam yaradacaq. Ona görə də Qərbin vəd etdiyi kiçik sədəqəyə aldanıb ali məqsədlərdən yayınmaq olmaz. Biz sonacan Azərbaycanın bütövlüyü məsələsini israr etməliyik deyə əlavə etdi.
A.Ozan region üçün çağdaş, həssas və sorumlu dönəmdə milli ideologiya kontekstində maarifçilik fəaliyyətinin xüsusi önəmindən, habelə milli şüurun Qərbdən idxal olunan yabançı və İran emissarlarının ölkəmizə daşıdığı ifrat xurafatçılıqdan qorunmasının zəruriliyindən bəhs etdi. Dəvətlilərin sorğularına cavab olaraq bildirdi ki, “Türkel” AQ-nun maarifçilik fəaliyyətini siyasətlə qarışdırmaq doğru deyil. Axı siyasətə sövq edən motiv iddiadırsa, maarifçiliyə stimul verən vətən və xalq qarşısında dərk olunmuş borc hissidir: iddialı alır, borclu isə verir. Siyasət məqsədə çatmaq üçün daha çox Zora güvənirsə, maarifçilik məqsədə çatmaq üçün ürəklərdə quracağı İnama güvənir: Zor etiraz doğurub parçaladığı halda, İnam rəğbət doğurub birləşdirir. Beləliklə, maarifçiliklə siyasətin istər məqsədləri, istərsə bu məqsədə aparan vasitələri tamamilə fərqlidir.
Sonda Qurumun yaxın və uzaq iş planı bir daha müzakirə edilib dəqiqləşdirildi.

“Türkel” AQ-nun mətbuat xidməti

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv