Tarixən Türkiyə ilə Azərbaycan arasında münasibətlər bu gün göründüyü qədər sadə olmayıb. Müstəqillik qazanandan sonra bizim suverenliyimizi ilk tanıyan dövlət kimi ölkəmizin ictimai şüurunda müsbət yer tutan, milli, dini, tarixi yaxınlığımızın digər xalqlara nisbətən daha çox olduğu Türkiyə türklərini millətimiz qardaş kimi qəbul edib, dövlətimizsə yaxın qonşumuzu strateji müttəfiq kimi görüb. Ayaz Mütəllibovun hakimiyyəti dövründə başlanan ehtiyyatlı münasibətlər Əbülfəz Elçibəy zamanında yüksək sürətlə inkişaf etməyə qədəm qoydu. AXC hakimiyyəti dövründə iş o yerə çatmışdı ki, istənilən türk maşın sürücüsü böyük təmtəraqla qəbul edilir, Türkiyə vətəndaşları Azərbaycanda özünü imtiyazlı təbəqə kimi aparırdı. Təbii ki, qarşılıqlı olsa idi, bu münasibətləri qardaşlıqdan doğan isti və ərkyana münasibət kimi xarakterizə etmək olardı. Amma belə deyildi. Türkiyə ictimaiyyətinin bir hissəsi bizlərə Turqut Özal prizmasından yanaşaraq, sünnü-şiə fərqini qabardır, digər hissəsi isə bizi kiçik qardaş gözündə görməklə və böyüyün kiçiyə bəslədiyi rəğbət səviyyəsində münasibətlə kifayətlənirdilər. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hər şey dəyişdi. Türkiyə rəsmiləri başa düşdü ki, Azərbaycanla əvvəlki tək davranmaq olmaz. Onun sükanı arxasında hər şeyi qardaşlıq hisslərinə qurban verməyə hazır olan hakimiyyət deyil. Elə bu dövrdən başlayaraq ölkəmiz Qərblə münasibətlərini vasitəçisiz həyata keçirməyə üstünlük verdi. Türkiyə gerçəkləşən projelərdə əsas söz sahibi kimi deyil, iştirakçı tərəflərdən biri kimi rol aldı. Bununla razılaşmayan Türkiyə rəsmi dairələrinin bəzi nümayəndələri bir neçə dəfə Azərbaycanda hakimiyyətin dəyişməsinə cəhd edənlərə dolayısı ilə dəstək verənlər sırasında göründü. Amma hər dəfə məğlubiyyətə düçar olan cəhdlərdən sonra münasibətlər gərginləşsə də, bu, çox qısa bir müddəti əhatə edirdi. Hər iki tərəfdə sadə xalqın bir-birinə olan sevgisi, hər iki dövlətin geostrateji yerləri və maraqları hakimiyyətləri münasibətlərdə olan sərinliyi aradan qaldırmağa məcbur edirdi. Ortaq problemlərin mövcudluğu da əlaqələrin gücləndirilməsinə zəruri təkan verirdi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Türkiyəyə qarşı ermənilərin ərazi iddiaları, türk diplomatlarına edilən sui-qəsdlər, bir sözlə, erməni qəsbkarlığı və terrorizmi də iki qardaş xalqı birgə mübarizə üçün səfərbər olmağa məhkum etmişdi. Bu müttəfiqlik o zaman aradan qalxa bilərdi ki, tərəflərdən biri ümumi düşmənlə separat danışıqlara gedə, həm ümumi maraqlardan, həm də öz milli mənafelərindən imtina etmiş olardı. Bu hal yaşadığımız günlərə qədər ağlasığan deyildi. Ən azından ona görə ki, Türkiyə və Azərbaycan ictimaiyyətləri öz hakimiyyətlərinin istənilən iqtisadi və siyasi güzəştini qəbul edə bilsə də, milli maraqların tapdanmasını, milli şərəf və ləyaqətin ayaqlar altına atılmasını həzm edə bilməz.
Uzun müddətlik hazırlıqdan sonra beynəlxalq güclərin planları işə düşməyə başladı və proses əsasən Türkiyənin üzərində aparıldı. Düzdür, Azərbaycanda da müəyyən addımlar atıldı. Məsələn, bəzi kütləvi informasiya və elektron KİV-lərdə antitürkiyə təbliğatının aparılması, televiziyalarda türk dilinə yasağın qoyulması və b.k. Hakimiyyət nümayəndələri sırasından da etirazla qarşılanan bu addımlar ictimai fikrə ciddi təsir göstərmək imkanında olmadı. Türkiyədə təşkil olunan və provakasiya xarakteri daşıyan ermənilərdən üzristəmə kampaniyası da gözlənilən effekti vermədi. Azərbaycan ictimaiyyətinə məlum oldu ki, bu kampaniyanın təşəbbüskarlarının türk millətinə heç bir aidiyyatı yoxdur. Planın müəllifləri iki ölkədən birində hakimiyyətə öz əlaltılarını gətirməli idilər ki, bir müddət sonra hər iki xalqı şoka sala biləcək addımlar atılsın. Azərbaycanda 1993-cü ildən etibarən idarə olunan rejim olduğuna görə, ölkəmizdə hakimiyyət dəyişikliyi edərək erməni tərəfinə ciddi güzəştlərə gedəcək birisini iqtidara gətirmək o qədər də asan deyildi. Digər tərəfdən, xalqımız son 20 ildə otuz mindən çox şəhid verib və hələ yaramızın üstünün qaysaq bağlamadığı bir zamanda ermənipərəst bir iqtidarın hakimiyyətdə duruş gətirə biləcəyi mümkün görünmürdü. Bizdən fərqli olaraq Türkiyədə hakimiyyətə maddi imkanlar hesabına istənilən antimilli qrupu iqtidar etmənin demokratik seçkilər vasitəsilə mümkünlüyü plan sahiblərinin həlqənin zəif yerinə müraciət etmələrinə səbəb oldu. Atatürkçü düşüncənin müəyyən yasaqlar qoyduğu dini qüvvələr aktivləşməyə başladı və Qərblə Şərqi sintez edən bir siyasi qüvvə cildinə girərək məlum dairələrin maliyyə dəstəyi ilə Türkiyə iqtidarını ələ keçirdi. Vaxtilə Xomeynini iqtidar edən müəyyən dairələr indi də Türkiyədə Atatürkçü zehniyyəti devirərək qalstuklu mollaların hakimiyyət başına keçməsinə yardımçı oldu.
Türkiyə demokratları ilk dövrlərdə elə hesab edirdilər ki, keçici bir məğlubiyyətlə üzləşiblər və növbəti seçkilərdə mütləq hakimiyyətlərini geri ala biləcəklər. Amma Ədalət və İnkişaf Partiyasının qarşısına qoyduğu antimilli proqramın icrasına start verilmişdi və tələb olunan proyektlər həyata keçməyənə qədər mollakratların kreslolarını təhvil vermək fikirləri yox idi. Planın ilk bölümü Türkiyənin iqtisadiyyatını ələ keçirmək, ikincisi, siyasi hakimiyyəti bütün səviyyələrdə – parlament, prezident, məhkəmə, polis, təhlükəsizlik (istiqbarat-müəllif) orqanlarını mənimsəmək. Üçüncüsü, parlamentdə konstitusiyanı dəyişmək üçün mütləq çoxluğa nail olmaq, dördüncüsü, azad medianı boğmaq, elektron KİV-i ələ almaq, beşincisi, ordunu şantajlarla oyundankənar duruma salmaq, altıncısı, türk ictimai fikrini təslimçi ruh üzərində kökləmək üçün ilkin hazırlıqları həyata keçirmək idi. Son bölüm sərhəd və demokratik açılım kampaniyalarından ibarət olmalı idi ki, bu addımlar da türk milli ruhunun tamamilə öldürülməsi, Türkiyə dövlətçiliyinin çökdürülməsi və AKP hakimiyyətinin türk milləti üzərində qəti qələbəsinin təmin olunmasına hesablanmışdı. Türkiyədə oturuşmuş hakimiyyətə nail olmuş Ərdoğan komandasında proyektin son bölümünün əvvəlkilər kimi uğurla həyata keçirə biləcəklərinə ciddi inam var idi. Uğurdan sonra Nobel sülh mükafatını xəyal edən Ərdoğan Osmanlıda olduğu kimi milli rəngarənglik simvoluna çevirmək istədiyi Atatürk Türkiyəsini demokratik açılımla etnik qrupların təşkil etdiyi federasiyaya transfer etmək istəyində idi. Bu istək indi də qüvvəsində qalır, xalqın ciddi etirazları ilə qarşılaşmasına baxmayaraq.
İctimai fikirdə belə bir qənaət var ki, Ermənistanla sərhədlərin açılması və PKK-çı kürdlərin dağlardan enməsi planları Türkiyə hakimiyyətinə son dövrlər edilən siyasi təzyiqlərin nəticəsində meydana gəlib. Amma həqiqət tamamilə başqa şeyləri deyir. Əslində AKP hakimiyyətə gəlməmişdən öncə götürdüyü öhdəliklər sırasında sözügedən antimilli addımlar yer almışdı. Təsadüfi deyil ki, açılımların memarı kimi təqdim edilən Əhməd Davudoğlu uzun müddət Ərdoğan komandasının xarici siyasət üzrə məsləhətçisi və AKP-nin fikir babalarındandır. Onun bu günki projelərinin tezisləri AKP hakimiyyətə gələndə qardaş ölkənin siyasətlə məşğul olan kəsiminə məlum idi. Burada maraqlı bir nüans da qeyd olunmaya bilməz. Davudoğlu Türkiyənin o bölgəsindəndir ki, orada milli münaqişə mövcuddur və AKP yetkilisi milliyyətcə açılımların birbaşa təsir edəcəyi etnik qrupun nümayəndəsidir. Etnik mənsubiyyət təkcə Davudoğluna fəaliyyətləri üçün stimul vermir, Ərdoğan komandasında tam şəkildə türk olanları barmaqla saymaq olar. Atatürkçülüyə nifrət, İslamdan beş əlli yapışma və milliyyətçiliyə düşmən kəsilmənin səbəbləri, indi düşünmək olar ki, həm də açılımlar barədə ideyaların meydana gəlməsinə zərurət yaradan əsas amillərdən biri də qeyd olunan siyasi komandanın milli mənsubiyyət problemindən doğur. Türkiyənin 80 il ərzində qazandığı uğurların, əldə etdiyi dəyərlərin üstündən xətt çəkmək istəyinin də kökündə yuxarıda vurğulanan problemin şüuraltı təsiri şübhəsizdir.
Bu gün Azərbaycan və Türkiyə ictimaiyyətlərinin yatırılması prosesi aparılır. Ərdoğanın təbirincə desək, qəbul edilməz şeylər kiçik porsiyalarla və üsulluca xalqlara təqdim olunur ki, ictimai fikir mərhələlərlə antimilli projelərə alışsın. Təbii ki, bu üsulun xeyri böyükdür, dünən Ermənistanla sərhədlərin açılmasını heç cür qəbul etməyənlərin bir qismi ermənilərin soyqırım iddialarından əl çəkməsi və işğal etdiyi torpaqların bir hissəsindən çıxması şərti ilə buna razı olduğunu deyirlər. Türkiyə rəsmilərinin açıqlamalarının dinamikasını izləsək, görərik ki, mövqelər getdikcə Azərbaycanı faktla üz-üzə qoyma, Ermənistanın isə tələblərinə uyma istiqamətdə dəyişikliklərlə müşaiyyət olunur. Açıq proqnoz vermək olar ki, Ərdoğan hakimiyyəti bütün variantlarda sərhədləri açacaq və bunu etmək üçün kiçik bir bəhanə axtarır. Əgər Ermənistan bir Azərbaycan kəndini azad etsə və ya bu sahədə xoşməramlı bəyanat versə, AKP o saat sərhədlərin açılmasına verdiyi qərarı rəsmiləşdirəcək.
Fikrimizcə, özünü çox ağıllı sayan bəzi müxalifət siyasətçilərindən fərqli olaraq Türkiyə iqtidarının antitürk addım atmayacağına əmin olub, arxayınlaşmaq olmaz. Azərbaycan iqtidarı və ictimaiyyəti “sürpriz”lərə hazır olmalıdır. Biz, milli qüvvələr də hazır olmalıyıq ki, AKP-nin anti-Azərbaycan addımlarını türk millətinə qarşı nifrətə çevirmək istəyən bəzi dairələrin məkrli planlarının gerçəkləşməsinə imkan verməyək. Azərbaycanda hamı bilməlidir ki, AKP-nin Türkiyəyə və türk millətinə heç bir aidiyyatı yoxdur.