Soylu Atalı. Güney Azərbaycanın taleyi sınaq mərhələsində

 

Qərbin dünyaya ağalıq eləmək meyli bu gün qarşısıalınmaz həddə çatıb. Orta Doğuya doğru geniş vüsət alan yerişinə “poetik” ad da qoyub – “Ərəb baharı”. Əslində ərəblərdə bundan öncəki idarəetmələr də Qərbin təsiri ilə formalaşmışdı. İndi o, bir vaxtlar yaratdığı siyasi gedişata zimistan adı qoyub “bahar”ın gəlişini təşkil edir. Şübhəsiz ki, bu gün yaratdığına da nə vaxtsa zimistan adı verəcək. Bu, ağalığın siyasi əyləncə üsuludur. Ağa öz rəiyyətindən daim onun havasına oynamaq tələb edir. “Ərəb baharı” Qərb üçün siyasi qladiator meydanıdır. Bu gün ərəb dövlərləri öz toplumları üçün süngüləşmək cəbhəsinə çevrilib. Öz içində bir-birinə yağı kəsilərək “azadlığa” doğru can atırlar. Bu “azadlıq” milli varolmanı deyil, Qərbin bölgədəki varlığını oluşdurur. Demokratiya, insan haqları kapitalist rəhbərlərin hipnoz qaydasıdır. Dünyanı bu qayda ilə yaşamağa alışdırırlar. Artıq başqa Şərq dövlətləri oturub öz növbəsini gözləyir. ABŞ elan edir ki, indi növbə İrana çatıb. Dünyanın da diqqəti yönəlir İrana. Bizim də diqqətimiz İrana bağlanır. Dünyadan fərqli olaraq İran bizim üçün daha həssas bir bölgədir. Bu da təbiidir, çünki milyonlarla Güneyli soydaşlarımızın taleyinə biganə qalmaq mümkün deyil. Təəssüf ki, bu proseslərə Güney Azərbaycan hazırlıqsız yaxalanır. Biz də belə qlobal qayğılarımızı təhlil edib nəzəri nəticə çıxarmaqdan uzağa gedə bilmirik. Ümumiyyətlə, İranın durumu, idarəetmə sistemi və başqa maraqlara təsiri təkcə Güney Azərbaycanla deyil, Quzey Azərbaycanla, yəni dövlətimizlə də bağlı narahatlıqlar doğurur.

  Niyə Qərb demokratik inqilab proyektini İrandan deyil, ərəblərdən başladı? Çoxları elə hesab edir ki, İran dövləti ərəb dövlətlərindən güclüdür. Bu gücü sındırmaq üçün əvvəl onu əhatə eləyən zəif dövlətlərdə oturuşmaq lazım idi. Ancaq biz bunu əsas səbəb saymırıq. Bəllidir ki, müharibədən fərqli olaraq inqilab daxili qüvvələrin əli ilə həyata keçirilir. İnqilab üçün aktivləşdirilən müxalif gücün hədəfi, məqsədi Qərb üçün xüsusi önəm daşıyır. Ərəblərdə müxalif kəsim sosial dəyişikliklər istəyir. Hakimiyyətin əvəzlənməsini, yenilənməsini istəyir. Yəni proses ərəbin içində gedir. İranda isə müxalif kimi aktivləşən güc əsasən Azərbaycan türkləridir. Onların istəkləri İranın daxilində qalmır, qırağa çıxır. Yəni bu topluma sosial dəyişikliklər deyil, azadlıq gərəkdir. Azadlığa gərək olan atributlar o qədər əhatəlidir ki, bu atributların təmin olunması üçün İrandakı inqilabi proses rejim dəyişikliyi ilə məhdudlaşa bilməz. Burada İranın parçalanması məsələsi gündəliyə gəlir. Bu gün Qərb üçün İranın parçalanması SSRİ-nin parçalanmasından fərqli olaraq təhlükəli görünür. Çünki SSRİ-nin parçalanması nəticəsində əmələ gələn ayrı-ayrı xırda dövlətlərin Qərb tərəfindən idarə olunması mümkün idi. İranın parçalanması ilə yarana biləcək Böyük Azərbaycan isə idarə olunmayan güc mərkəzinə çevrilə bilər. Bu məsələdə Azərbaycanı hətta Ukrayna ilə müqayisə eləmək olmaz. Ukrayna böyük dövlət olsa da, onun etnik və geosiyasi cəhətdən bağlana biləcəyi başqa bir fərdi dövlət yoxdur. Elə əvvəlki tək slavyan ailəsinin içində qaldı. Mərkəzi Asiya türk dövlətlərinin də bir dövlət içrə qurulmaları asan bir şey deyildi. Çünki fərqli mədəniyyətləri, fərqli etnik adətləri var. Dillərində də fərqli, özəl çalarlar var. Ona görə onlar özlərinin fərdi sınırlarının içinə çəkildilər. Ancaq dediyimiz kimi, İranın parçalanması nəticəsində Güney Azərbaycanın Quzey Azərbaycanla birləşmə ehtimalı çox yüksəkdir. Burada dil, mədəniyyət, tarixi aqibət, adət-ənənə fərqi yoxdur. Yaxud illərin ayrılığı ilə yaradılan fərqlər çox zahiridir, sünidir. Etnik mədəniyyətə dəxli yoxdur. Onların ayrı-ayrılıqda fərdi sınırları da yoxdur, vahid milli sınırları var. Bu səbəbdən də İranda inqilabi proyektin həyata keçirilməsi ərəblərdəkindən çox fərqlidir. Burada elə ehtiyatlı davranırlar ki, yenilənən bütöv, güclü bir Azərbaycan qurulmasın. Qurularsa, Orta Doğu layihəsinin əsas hədəfləri ləğv olunar. Ona görə də Qərb İrana demokartik inqilabla deyil, nüvə bəhanəsiylə girmək istəyir. Bu vaxta qədər gecikməsinin bir səbəbi də budur. Yəni İran müəyyən həddə qədər uranı zənginləşdirsin və onu vurmaq bəhanəsi dərinləşsin. Özünü humanist göstərmək üçün iqtisadi və siyasi sanksiyalarla dünyanı psixoloji hazırlayır Qərb. “Yəni biz sivil yollarla əlimizdən gələni elədik. İran anlamadı. Bəşəriyyət üçün təhlükəli mərhələyə qədəm qoydu” görüntüsü hazırlandı. Həm də İranı nüvə bəhanəsiylə vuranda Güney Azərbaycanın azadlığa dartınmasının da qabağını alacaq ki, “biz nə hayda, siz nə hayda.  Biz bu gün bütövlükdə bəşəriyyətin azadlığını təmin edirik”. Məsələyə bu kontekstdən yanaşanda Türkiyənin rəhbərliyinə İslamçı qüvvələrin gətirilməsi də təsadüfi deyildi. Bunlar bir-birinə bağlı məsələlərdir. Hədəfə addım-addım yaxınıaşmaq üçündür. Türklərin bir araya gəlməsinin və güclənməsinin qarşısını almaq, yönünü dəyişmək gərək idi. SSRİ dağılandan sonra türklərin yaxınlaşması zərurətə çevrilib. Ona görə də türk dövlətləri içərisində bir araya gəlməyin daha güclü siyasi qarantı olan Türkiyədə islamçılıq aktivləşdirilməliydi ki, türkçülük, türk düyasının yaxınlaşması aktivləşməsin. Türkiyə iqtidarının elan olunan “Fələstin sevgisi”nin əsasında da bu dayanır. Türkiyə-İsrail münasibətlərinin pozulması da Türkiyədə islamçılığın qabardılması və bununla da türklüyə doğru inkişafın qabağının alınması üçün idi. Ərəblərdə həyata keçirilən demokratik inqilablar da türk birliyinin gözlənilən inkişafının qarşısını almaqda rol oynayır. Belə ki, islamlaşmaqda aktivləşən Türkiyənin müsəlman ərəblərin içində nüfuzunun quraşdırılması türk dünyasından uzaqlaşmasını şərtləndirir. Türkiyə islamlaşdırılır, SSRİ-dən qopan türk dövlətləri isə “demokratikləşdirilir”. Habelə Türkiyədə guya Osmanlıya bənzər bir gücün formalaşması görüntüsü yaradılır ki, bu da öz içində türklüyü aldatmaq oyunudur. İsrailin Mərmərədə Türkiyə gəmisini ələ keçirməsi və bununla da münasibətlərin daha da korlanması düşünülmüş planın tərkib hissəsi idi. Türkiyə Fələstinə yardım edir, İsrail də ona buynuz çıxardır. Bununla da Türkiyə iqtidarı ərəblərin rəğbətini qazanır. Münasibətlərin bu həddə çatması ilk növbədə İsrailə lazım idi. Çünki ərəblərin ümidini Qərb tərəfindən idarə olunan Türkiyəyə bağlamaqla həm vətəndaş qarşıdurması həddinə gətirilən ərəblər arxayınlaşdırılır və öz içlərində birlik bağları qırılır, həm də gələcəkdə Qərb üçün təhlükəyə çevrilən türk Birliyi baş tutmur, yaxud yalançı bir biçim alır. Güney Azərbaycanın azadlığına dəstək verə biləcək güc sarsıdılır.

   Ərəblərin öz içinə başını qatmaq, gücünü qırmaq, dövlətçiliyini zəiflətmək və diqqətlərini Türkiyəyə bağlamaq üçün həm də demokratik inqilablar həyata keçirilməliydi. Baxmayaraq ki, ərəb diktatorları Qərbin öz nümayəndələridir… Beləliklə, İranda hazırlanan dəyişiklik planı ilə Azərbaycanın mümkün birləşmə ehtimalına dəstək ola biləcək Türk Birliyi tormozlanmış olur və müsəlman Güney Azərbaycan türkləri İranlı müsəlman “qardaşları” ilə birlikdə yeni rejimə, yeni idarəetməyə tabe olurlar.

  Bütün bu məsələlərlə bağlı bu gün Güney Azərbaycan türkləri təəssüf ki, İrana münasibətdə həlledici mövqedə deyillər. Birincisi, milli şüurun inkişafı bütövlükdə Güney Azərbaycan türklərini əhatə eləməyib. Toplumun daha böyük kəsimi İran tərkibində sosial güzəştlər umur. Toplumun üzdə olan aktiv hissəsi isə çoxsaylı təşkilatlarda fəaliyyət göstərirlər. Vahid güc yoxdur. Bu gücü parçalayan amillər (özəllikcə çoxrəylilik) Qərbdən gəlsə də, İran üçün məqbuldur. Üzdən baxanda guya İranda İslam idarəetmsindən başqası yoxdur. Ancaq necə olur ki, Qərbdən gələn çoxpartiyalılıq, çoxrəylilik İranda qanuni yolla mövcuddur?! Deməli, hakim rejimin qorunmasını İslam vasitəsiylə həyata keçirirlər, tolumun gücünün parçalanmasını isə Qərb demokratizmi, plüralizmi ilə. Deməli, toplumun öz içində plüralizm ola bilər, hakim rejimə qarşı isə vahid tabeçilik mövqeyi olmalıdır, – İslam hegemonluğu.

   Bütün bu oyunların fonunda Güney Azərbaycan türkləri hansı mövqedə durmalıdır?! – Asif Ata deyir “İranın sabahında nə baş verir-versin, Azərbaycanda Uluyurd Hərəkatı yaranmalıdır”. Bu gün biz bu fikrin arxasında dayanırıq. Hesab edirik ki, Güney Azərbaycan gücünü başqalarının siyasi qazanclarına qurban verməməlidir. Qlobal oyunların içinə girmədən azadlığı və bütövlüyü istiqamətində maariflənməlidir. İdeoloji, fiziki gücünü qorumalıdır, tam yetirməlidir və birdəfəlik ayağa durmalıdır!

 

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız var olsun!

 

20 Sərt Ay, 33- il.

(dekabr, 2011)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv