Hürufilik – Azərbaycanın Ruhani Mahiyyətidir

Fəlakətlərimizdən dərs götürək!

Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər (III – son hissə).
                                              Hürufilik – Azərbaycanın Ruhani Mahiyyətidir
                                                                           (davamı)

Soylu Atalı: Bəzi məsələlərə aydınlıq üçün bir əlavə eləmək istəyərdim. Məsələn, Abil bəyin narahatlıqla vurğula-dığı ki, Azərbaycan dövləti bir dərs götürsün – öz içində yaranan dəyərə önəm verə bilsin, heç olmasa onun yayılma-sına imkan yaratsın. Təəssüf ki, Azərbaycan dövləti ayrı bir faktdır, hadisədir, Azərbaycan dövlətinin idarəçiliyi tamam ayrı bir şeydir. Hürufilərin dövründə də Azərbaycan hakimiyyəti Şirvanşahdan ibarət idi. O da Teymur kimi bir nəhəngin qarşısında müvazinətini saxlaya bilmirdi. Cılız bir gücə malik idi. Doğrudur, şahda Hürufilərə qarşı müəyyən dərəcədə rəğbət vardı, ancaq heç nə eləyə bilmirdi. Niyə eləyə bilmirdi?! – Dediyimiz kimi, Azərbaycan insanlarının qəlbində bir ruhani köləlik buxovu vardı. Ona görə Azərbaycan insanları Hürufilərdən tuta bilmirdilər, onların arxasınca gedə bilmirdilər. Onların üstünə qorxu gəlirdi, qılınc gəlirdi. Ona görə də Nəimini, Nəsimini Azərbaycan hakimiyyəti həmin qorxunun qarşısında asanlıqla təslim eləyə bildi, onlardan imtina eləyə bildi. Ümumiyyətlə, dövlətlə xalq arasında münasibət çox mühüm əhəmiyyət daşıyır. Xalqın ruhunun yetkinliyi, bütövlüyü, xalqın vahidliyi, birliyi, Azadlığı əslində dövlətin yiyəsidir. Ayrı cür dövlətin yiyəsi yoxdur. Ona görə də xalqın ruhani azadlığı gərəkdir ki, öz dövlətinə sahib çıxmaqla yanaşı, dövlətin başında duranı öz mənəvi-ruhani dəyərlərinin xidmətinə yönəldə bilsin. Gəlin bir az müqayisəli şəkildə baxaq o dövrə də, bu dövrə də. Teymurun ruhu türk ruhu deyildi, ərəb ruhu idi. Teymurun içində ərəb ruhunun təsiri oturmuşdu. “Lailahailləllah” Teymura lazım idi. Çünki xilafətçilik ənənəsi vardı. Osmanlı imperiyasında da o vardı. Teymurda da o vardı. Şirnikirdilər, uymuşdular xilafətçiliyə, uymuşdular hökmdarlıq səltənətinə. Və onlara o lazım idi. Hökmdar səltənət yaradır. Hökmdarlıq səltənəti böyüklüyə qarşı idi. Hökmdar xalq olmaq istəmir, Nəimi xalq olmaq istəyirdi. Ona görə də o, insanın ruhunu dirildirdi. Fərq çox böyükdür. Ona görə də Teymurun nəyinə lazım idi ki, uzun müddət insanların ağlına və qəlbinə hakim kəsilmiş qaranlıq bir dünyabaxışa qarşı – İslam dininə qarşı dursun, Hürufiliyi ona qarşı çıxartsın. Hansı ki, Hürufilik heç düz əməlli yayılıb qəbul olunmamışdı da. Teymurun ordusu da itaətkar, müti bir qüvvə idi, onun üstünə yeridiyi xalq da. Hər kəs hər yer həmin qaranlıq dünyabaxışın təsirində idi. Ona görə də Teymura lazım deyildi ki, yeni bir dünyabaxışla meydana çıxsın və ordusunu da həmin dünyabaxışa – Hürufiliyə yönəltsin. Onda o, heç hökmdar olmayacaqdı. Çünki “İnsan Allahdır” ideyasıyla yaşayan insan gedib Allaha qılınc çəkməyəcəkdi axı, onu doğramayacaqdı axı. Ona görə deyirəm ki, Teymurun ruhu ərəb ruhu idi, türk ruhu deyildi. Türk ruhunu Asif Ata çox yüksək dəyərləndirir. Deyir, türk ruhunda insana ali münasibət var, insana səcdə var, insanı göylərdə görmək var. Türk mərddir, birsifətlidir, azğın deyil, qəsdçi deyil. Ancaq insanı diri-diri divara hörməkdə, əlbəttə, sağlam keyfiyyətlər axtarmaq mümkün deyil. Babəkin adını çəkdiniz. Babəki ərəb ruhu və ərəb qolu edam elədi. Nəimini, Nəsimini ərəb ruhu və türk qolu məhv elədi. Türk qolu ərəb ruhuna tabe idi. Türk qolu əslində başı ilə bir yerdə ərəb ruhu qarşısında mütiləşmişdi. Ona görə o qol türk yenilməzlərinin başını kəsə bildi. Ruhsuzlaşmış türk qolu türk varlığına faciə gətirdi.
Möhtəşəm bir hökmdar yenilmişdi ərəb ruhuna, daha doğrusu, ruhsuzluğuna. Yenilmiş öz qarşısında yenilməzlər görmək istəmirdi, yenilməzləri yenmək istəyirdi. Ona görə də onlara təbiidir ki, qılınc çəkməliydi. Gəlin indiki dövrümüzə baxaq. Axı hökmdarların gerçək idarəçiliklərində dəyişiklik var, mahiyyətlərində dəyişiklik yoxdur. Yenə də indiki hakimiyyətdə olanlar türk ruhu ilə yaşamırlar. Yenə də yad ruhun təsiri var, yenə də xalqın özümlüyünə qarşı yadlığın qorunması var. Başqa bir tərəfdən, xalqı soyub talayanlar necə türk ruhu ilə yaşaya bilərlər?! Xalqın başında duranlar onun ruhunu təmsil eləmirlər. Belə olan halda xalqın qayğısını çəkmək onların ağlına belə gəlməz. Yəni başda duran baş olsun, doğrudan da, ayaq olmasın gərək. Başda duran ayaq olanda xalqın ruhunu ayaqlayır, onu məhv eləyir…

Ağşın Ağkəmərli: Bəli, siz düz deyirsiniz. Elə ona görə də iqtidarda qalmaq üçün başqa bir ideologiya daşımaq lazımdır. Hətta o dövrdən bu dövrə qədər o ənənə davam eləyir ki, xalqın dilində danışmamaq lazımdır, xalqdan fərqli görünmək lazımdır. Siz çox gözəl bir məqama toxundunuz. Əgər Teymur dünyanın yarısını fəth etmişdisə, özü birbaşa ərəb köləsi idi. Özü başqa bir ideoloji ilə fəth olunmuş şəxs idi. Ona görədir ki, belə şəxslər əbədi qalmır, ona görədir ki, biz Teymuru türkün qaranlıq səhifəsi kimi yad edirik.

Abil Ulusoy: Soylu bəy çox doğru deyir ki, Teymurun harayı “Lailəhailləllah” idi, qibləsi türk yurdunda deyildi. Ancaq Hürufiliyi şeir ruhu ilə yaşadan Nəsimi deyirdi ki, “Fəzlullahdır lailəhailləllahımız”.
Fatehliyə yarayırdı dinin çağırdığı “Lailəhailləllah”, insanlığa yaramırdı.
Hürufizmin Azərbaycandakı əsas ideoloqlarından biri Əliullah idi. Əbülhəsən Əliullah 12 yaşında İsfahanda Fəzllə tanış olur və sonralar Hürufiliyi Yaxın Şərqdə yaymağa başlayır. Türkiyəyə Hürufiliyi o gətirir. Əliullahın aşağıdakı kitabları var:
1. Kürsünamə (Taxt-tac haqqında kitab).
2. Tovhidnamə (Birlik haqqında kitab).
3. Bəşarətnamə.
Əliullah 1427-ci ildə işgəncələrlə öldürülüb.
Hürufiliyin yayıcılarından biri də Nəiminin böyük oğlu Nurullah olub.
Hürufiliyin Türkiyədəki banisi Seyid İsxak: “Şəhadət verirəm Fəzldən başqa Allah yoxdur” deyirdi.
Ağşın Ağkəmərli: Tarixi fəlakətlərimizin, faciələrimizin aradan qaldırılması üçün bir neçə dəfə cəhdlər olubdur. Bu cəhdlərin çoxu alınmayıb. Çünki bu cəhdlərin mahiyyətində özgələrin əli var. Misal üçün bir İsmayili təriqəti vardı, eləcə də Sufilik təriqəti vardı. Ancaq bunların hər birində Azərbaycan türklüyünün ruhu müəyyən qədər ifadə olunurdu, tam ifadə olunmurdu. Ona görə bu baxışlar bizim işimizə yaramayıb. Faciələrimizin aradan qaldırılmasında bunlar rol oynaya bilməyibdir. Doğrudur, Sufiliyə bağlı olan Şah İsmayılda müəyyən mənada Azərbaycan ruhu görmək olur, ancaq onun da xəmiri yad suyu ilə həll edilmiş, yad əllərlə yoğrulmuşdur.
Bəli, ancaq Mütləqə İnam Ocağında məsələ çox fərqlidir. Bu gün cəsarətlə deyə bilərəm ki, tariximizdəkilərdən fərqli olaraq, bu Ocaqda kimliyimiz, Azərbaycan ruhu yüzdə yüz öz əksini tapıbdır.

Abil Ulusoy: Hürufiliyin yayılmasının qarşısını hərtərəfli şəkildə türk özü kəsibdir. Şah İsmayıl Xətainin adını çəkdiniz. Təəssüf ki, o cür qüdrətli bir fatehimiz Hürufiliyə yiyə durmadı. Əksinə onun davamçılarını – konkret Sirurini, Tüfeylini sarayına gətirdi və onları saray mühitində əzdi. Sonradan onlarda Hürufilikdən əsər-əlamət qalmadı. Türk özü istəsəydi, Hürufilik dünya səviyyəsində yayılardı.

Ağşın Ağkəmərli: Ona görə Atalar deyib ki, “keçmişinə xor baxan, gələcəyinə kor baxar”. Şah İsmayılımız da tariximizdən dərs götürmədi. Yad ruhu yaşatdı, yad ruha xidmət elədi. Təəssüf ki, biz hələ də bu psixologiyanı daşıyırıq. Ona görə həmişə sıfırdan başlamışıq və hardasa qırılmışıq.

Abil Ulusoy: Yenə mən qayıdıram məsələnin o cəhətinə ki, biz yurdumuzda yaranan dəyərlərin öyrənilməsini istəyirik. Bu gün Hürufilik mövzusuna müraciət eləməyimizin də əsasında bu durur. Ağşın bəyin dediyi kimi, Ocaqda tariximizdə yaranan dəyərlər ən ali keyfiyyətləri ilə öz əksini tapıb. Asif Ata böyük bir dəyər sistemi yaradıb və onun fəlsəfəsini ortaya qoyub. İndi xalqımızda yiyəlik duyğusu yaranmalıdır.
…Ona görə də bugünün özündə Mütləqə İnam Ocağı Azərbaycanda ciddi oturuşarsa, mən inanıram ki, tarixdən üstün bir inkişaf mərhələmiz başlayacaq.

Ağşın Ağkəmərli: Biz faciələrimizi yalnız tarixdən oxumalı deyilik. Hər bir böyük şəxsiyyətlərimizin faciəsini təkcə o şəxslərin özünə bağlamamalıyıq, millətimizin faciəsi kimi qəbul etməliyik və dərk eləməliyik.

Abil Ulusoy: Boşluqları düzgün qiymətləndirməliyik, çatışmayanları düzgün təyin eləməliyik. Əslində Azərbay-canın faciələri ümumtürk faciələridir. Bizim adını çəkdiyimiz dəyərlər təkcə Azərbaycana deyil, bütün Türk Dünyasına lazımdır – Türkiyəyə lazımdır, Orta Asiyaya lazımdır.
Deyirik, Türkiyədə Ərdoğanın yolu yoxdur. Bəs o birilərin yolu nədir?! Yolsuzluq fəlakətindən çıxmaq istəyiriksə, Asif Atanın yaratdığı Mütləqə İnam Təlimi çıx¬ma-lı¬dır Azərbaycandan qırağa. Türk Dünyasında bilinməli və öyrənilməlidir.

Soylu Atalı: Çox gözəl. Biz artıq sayğılı dinləyicilərimizlə, oxucularımızla bu söhbətimizin müəyyən bir yekun mərhələsinə gəlib çıxdıq. Söz yox ki, istər Hürufiliyi, istərsə adını çəkdiyimiz o biri hadisələri elmi cəhətdən bizdən yaxşı bilənlər var. Ancaq biz hesab edirik ki, məsələləri elmi cəhətdən bizdən güclü bilmək önəmli deyil. O məsələləri həqiqət səviyyəsində ortaya qoymaq və xalqa çatdırmaq önəmlidir. Və nəinki xalqa çatdırılmalıdır, dərin dəyərlərimiz xalq ruhunun özülü kimi yaşadılmalıdır. Təəssüf ki, dərin məsələlərimizə birtərəfli yanaşma və onları yad qaynaqlara bağlama ənənəsi var. O ki qaldı Sufilik məsələsi haqda deyilənlər – sufilərdə fərd məsələsi əsas idi, millət məsə¬ləsi yox idi. Fərd kamilləşir – tərkidünyalıq səviyyə¬sin¬də. Yəni dünyanın həşirindən, naz-nemətindən uzaqlaşmaq, özünə çəkilmək, öz içində yaşamaq. Hürufilərdə bunlardan fərqli cəhətlər vardı. Özəllikcə, Hürufilər hər yerə gedirdilər, işlərini qururdular. Ancaq bununla belə, bunlarda da milli məsələlər qoyulmurdu. Milli məsələlərdən yan keçməklə isə bəşəri mərhələyə keçmək mümkün deyil. Mütləqə İnam Dünyabaxışına gəlincə isə məsələ bir neçə cəhətdən fərqlidir. Məsələn, Mütləqə İnam təriqət deyil, müstəqil dünyabaxışdır və bu baxışın heç bir qaynaqla ortaqlığı yoxdur. Təriqət əsasən hansısa bir dünyabaxışın içindən çıxır – nəyəsə etiraz edir, nəyisə təsdiq edir. Dünyabaxış isə dediyim kimi, öz içindən təməl tapır. İkinci bir məsələ, Ocaqda qoyulan ideyalar heç bir dünyabaxışda bu səviyyədə qoyulub həllini tapmayıb. Məsələn, əslində heç bir dünyabaxışda “Xəlqi Birlik” və “Müstəqil Vətən” ideyaları qoyulmayıb. Bu, çox prinsipial məsələdir. Bununla belə, nə millət məsələsinin qoyuluşu, nə də vətən məsələsinin qoyuluşu heç bir xalqa və onun yurduna qarşı özündə balaca bir element belə daşımır. Mütləqə İnam, Kamil İnsan, Özümlü Şərq, Ləyaqətli Bəşər, Xəlqi Birlik, Müstəqil Vətən – bu ideyaların hər biri bəşəri səviyyədə qoyulur.
Ola bilər ki, müasir dünya üçün bizim qoyduğumuz bu məsələlər heç də aktual deyil. Müasir dünya demokratiya havası çalır. Demokratiyada insan əyləncə hadisəsidir. Demokratiyaya şəxsiyyət gərək deyil. Halbuki xalqın yaranması şəxsiyyətin yaranması ilə başlayır. Ona görə bizim toxunduğumuz məsələlər bizim xalqımız üçün olduqca aktualdır. Habelə dünya qəbul elədi, ya eləmədi, bəşəriyyət üçün də belə məsələlərin aktual olduğunu düşünürük. Dünyada insana qiymət verilmədiyi bir vaxtda, insanın az qala əşya, heyvan səviyyəsində tutulduğu bir vaxtda bu məsələlərin böyük əhəmiyyəti var. Biz həm də üzümüzü dünyaya tutub bildiririk ki, Azərbaycan, eləcə də bütövlükdə türk milləti belə ali dəyərlərin yaradıcısıdır. Bəşəriyyətin böyük fəlakətlərlə üzləşməsi belə ali dəyərlərdən imtina hesabına əmələ gəlir.

Ağşın Ağkəmərli: Biz Ocaq prinsipləri ilə təkcə millətimizdə deyil, dünyada bir dönüş mərhələsinin başladığını deyirik.

Abil Ulusoy: Bizim bugünkü söhbətimiz tarixi çözmək mənası daşımır, bugünə və gələcəyə ünvanlanmış bir insan harayıdır.

Soylu Atalı: İstəkli soydaşlarımız, istədik ki, sizlərə təqdim elədiyimiz bu cür məsələlərimizə bir qəzet materialı, yaxud kitab materialı kimi baxmayasınız, bizimlə birgə düşünəsiniz. İstəyirik ki, yurdumuzda özümlüyümüzə doğru maarifçilik əməli genişlənsin.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız Var Olsun!

Günəş Ayı, 32-ci il.
(mart, 2010).

(arvivdən)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv