Türkel Araşdırma Qurumu təqdim edir
Yaşadığımız Bölgədə aktivləşən ictimai-siyasi proseslərə münasibət
I.Qərbin bu gün İrana bağlı tutduğu mövqe, İrana qonşu dövlətlərin qarşılıqlı münasibəti
Abil Ulusoy: Türkel Araşdırma Qurumunun bugün müzakirə edəcəyi mövzu həm indi, həm də yaxın illər üçün gündəm yaradacaq bir mövzudur. Ümumiyyətlə, bəşər mədəniyyətinin beşiyi olan Şərq yenə də bir çalxalanma dövrünü yaşamaqdadır. Xüsusən də Orta və Yaxın Şərq adlandırdığımız ərazi. Təbii ki, burda gedən prosesləri analiz eləmək, dəyərləndirmək həm bölgəmiz, həm də dövlətimiz üçün çox gərəklidir. Bölgə kifayət qədər qaynar bir həddə çatdırılıbdır. Burada marağı olan dövlətlər, onların bir-birinə qarşı münasibətləri prosesləri arzulamadığımız bir səmtə yönəldibdir. Ümumiyyətlə, bölgədə çox mürəkkəb ictimai-siyasi bir vəziyyət yaranıbdır. Burda hər bir dövlət həm öz çıxarını həll eləmək, həm güclənmək istəyir. Amerika və Qərbin bölgə üzərində nəzarəti və istəklərini həyata keçirmək iddiaları ortadadır. Qərbin bu bölgəylə bağlı planları bölgə dövlətləri üçün böyük bir faciəyə gətirib çıxara bilər. Əgər o planlar baş tutarsa, bölgə münaqişəyə cəlb olunarsa, söhbət təkcə İrandan getmir, ümumiyyətlə, bu alov bütün bölgəni əhatə eləyəcəkdir. Bu mürəkkəb vəziyyəti də yaradan Amerika-İsrail-İran münasibətləridir. Onların arasında həll olunmamış bir çox məsələlər qalıbdır. Bölgədə indi əsas hədəf İrandır. İrana həm Qərbin, həm bölgə dövlətlərinin münasibəti, eləcə də bölgə dövlətlərinin bir-birinə münasibətləri mürəkkəb inkişaf yoluna qədəm qoyub. İranın tarixi keçmişi və oturuşmuş bir dövlətçiliyi var. Son onillərdə hərbi-siyasi baxımdan güclənibdir. Bölgədə yeddi dövlətlə qonşuluğu var, – Azərbaycanla, Ermənistanla, Türkmənistanla, Türkiyəylə, Əfqanıstanla, İraqla və Pakistanla. Bu bölgədə olan dövlətlərin, Ermənistan istisna olmaqla, hər birinin İranla bağlı çözülməmiş problemləri var. Burada Türkmənistan da istisnadır. Münaqişə müharibə həddinə çatarsa, Türkmənistanın da bəzi iddiaları ortalığa çıxa bilər. İranın Türkmənistanla sərhəddində yığcam halda 3 mln-a yaxın türkmən yaşayır. İran-Azərbaycan münasibətlərində əsas ağırlıq mərkəzini Güney Azərbaycan məsələsi təşkil edir. İran daim Güney Azərbaycanı təhdid altında saxlamaq istəyir və Quzey Azərbaycanı bir dövlət kimi görmək istəmir. Bunu bu və ya digər şəkildə dilə gətirirlər. İran hakimiyyət dairələri ayrı-ayrı generalların və başqa dövlət məmurlarının diliylə Azərbaycana mesajlarını göndərir. Bəzən Quzey Azərbaycanı Batı dövləti adlandırırlar, onun daxili işlərinə müdaxilə eləməyə çalışırlar. Bütün bunların kökündə İranın Azərbaycanın Quzeyində yaranmış dövlətçiliyə qarşı qısqanclığı, həm də qorxusu dayanır. Onlar bilirlər ki, əvvəl-axır Güney Azərbaycan məsələsi masanın üzərinə qoyulacaqdır.
İran Ermənistanın dünya siyasi səhnəsindəki yerini kifayət qədər qiymətləndirib. O da Ermənistandan yararlanmaq istəyir. Bu ölkəyə Rusiya özünün for-postu kimi baxır. Bu gün artıq Qərb həmin o for-postu özününkü elan eləyib. Ermənilər yararlı alət olduqları üçün İran da Ermənistanla bütün istiqamətlərdə əlaqələr qurmağa çalışır.
İranın Türkiyəylə münasibətləri əslində Qərblə münasibətləridir. Bölgədə heç bir məsələ Türkiyənin iştirakı olmadan həll oluna bilməz. İran Türkiyə vasitəsiylə Qərbin hədəfinə çevrilir. İran ərazisini nəzarətə götürmək üçün Malatiyada qurğular qurulubdur. Bu təkcə İrana qarşı deyil, həm də ətraf bölgələrə qarşıdır. İran buna etirazını bildirmişdi. O, Türkiyəni hədəfə alacağı, vuracağı ilə hədələyir. Türkiyəni artıq bu oyunlara təhrik ediblər. Türkiyə hər baxımdan bölgə üçün fəal bir oyunçuya çevrlibdir.
İran-Əfqanıstan münasibətləri normaldır, inkişaf edir. İran-Əfqanıstan-Tacikistan farsdilli ölkələrin birliyini yaradıblar. İran Əfqanıstan vasitəsiylə özünün bəzi problemlərini çözməyə çalışır. İran-Pakistan münasibətlərində Bəlucustan məsələsi ortadadır. Bəlucların da İranda xeyli sayları var. Bunların da zaman-zaman istəkləri İrandan ayrılmaq olub.
Göründüyü kimi, İranın sərhəd qonşuları ilə münasibətləri gərginləşdirilmiş bir vəziyyətdədir. İran öz dövlətçiliyini qorumaq üçün təbii ki, birinci növbədə qonşuları ilə münasibətlərini qaydaya salmalıdır. Amma İran qonşuları ilə münasibətlərini bugünə qədər qaydaya sala bilməyib.
Avropa-İran münasibətlərinə gəlincə, Avropanın İrandan asılılığı var. O, özünün enerji təhlükəsizliyi məsələsində İrandan istifadə eləyir. İran-İraq münasibətləri də hamar deyil. Bildiyiniz kimi, İraq əhalisinin 15%-ə yaxını şiədir. Bu gün İraqa rəhbərlik eləyənlər də şiələrdir. İraq İranla münasibətlərində şiə-sünni məsələsini qabardaraq bəzi problemlərini həll eləmək istəyir. İraq əhalisinin 65%-i sünnüdür. Ancaq bölgədə İranın bir müttəfiqi də var. Bu Suriyadır. Əhalisinin sayı az olsa da. Hesab edirəm ki, dünyada İranın yeganə müttəfiqi Suriyadır. Digər tərəfdən Ərəbistan körfəzində, Kəngər (fars) körfəzində İranın adalarla bağlı ərəb dünyasıyla ciddi münaqişələri var, – Küveytdən başlamış Səudiyyə Ərəbistanına qədər. Oman, Bəhreyn, Qətər kimi körfəz dövlətlərinin İranla yumşaq münasibətləri yoxdur. İran özünə dost olmayan dövlətlərlə qonşudur. İran-Avropa münasibətlərinin də dayanıqlığına inanmıram. İngiltərə Amerikanın strateji müttəfiqidir. Həm də İngiltərə-İran münasibətləri diplomatik qalmaqalla müşayiət olunduğuna görə İran Avropada öz dayaqlarını itirməyə başlayıbdır. İran-İsrail münasibətləri göz qabağındadır. İran İsraili bir dövlət kimi məhv eləməyi qarşısına məqsəd qoyubdur. Bunu yüksək səviyyədə elan eləyibdir. Bəli, bölgə hədsiz dərəcədə mürəkkəb bir yola qədəm qoyubdur. Ayrı-ayrı tərəflər bir-birini mühribəylə hədələyirlər. Burda çox təəssüf ki, Quzey Azərbaycanın da adı çəkilir.
Proseslər bizim istədiyimiz istiqamətdə getməsə belə, o proseslərdə iştirak eləməyə məhkumuq. İran müharibəyə cəlb olunarsa Güney Azərbaycandan respublikamıza canlı insan axını başlaya bilər ki, bu da dövlətimizi iflic duruma salar…
II. Azərbaycan Respublikasının İrana yönəlik tutduğu mövqe
Vüqar Bəyturan: Mən çıxışımı Abil bəyin sonuncu cümləsindən başlamaq istəyirəm. O deyir ki, bölgədə müharibə baş verərsə, ölkəmizə axın olacaq. Bu axın dövlətimizin həm infrastrukturuna, həm iqtisadiyyatına, ümumiyyətlə, ölkədəki bütün proseslərə öz təsirini göstərəcək. Biz bunu təhlükəli təsir də adlandıra bilərik. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətini ən çox bu məsələlər narahat eləyir. Yəni indiki siyasi hakimiyyət burada hər hansı bir geopolitik situasiyanın dəyişilməsindən, Azərbaycanın milli maraqlarına toxuna biləcək ziyandan, Güney Azərbaycandakıların yaşayacağı problemlərdən narahat deyil.
Sovetlər Birliyi zamanında Quzey Azərbaycan bu birliyin tərkib hissəsi idi və İran-SSRİ münasibətlərində onun rolu o qədər də böyük deyildi. Amma buna baxmayaraq həmin münasibətlər Quzey Azərbaycana həm də təsir göstərirdi. Şah dövründə, 79-cu il İslam İnqilabına qədər İranda Qərbin ciddi təsiri mövcud idi. O zaman SSRİ ilə İran arasındakı münasibətlər arzu olunan səviyyədə deyildi. Amma İslam inqilabından sonra, baxmayaraq ki, İnqilabın rəhbəri Ayətullah Xomeyni SSRİ-ni kafir dövlət adlandırırdı, münasibətlər çox yaxşı idi. Bu da təbii ki, bölgədəki maraqlardan irəli gələn bir məsələ idi. Bəllidir ki, Azərbaycanın bölünməsində həm İranın, həm Rusiyanın böyük rolu olub. Burada mən Quzey Azərbaycanın həm Sovetlər Birliyində olanda İrana qarşı mövqeyini, eyni zamanda 90-cı illər hərəkatı dövrünü vurğulamaq istəyərdim. Quzey Azərbaycan həmin dövrdə ayrı-ayrı xarici qüvvələrin oyunlar qurduğu, mübarizə apardığı poliqon idi. Təbii ki, burada İran da müəyyən qüvvələr tərəfindən proseslərə təsir göstərmək istəyirdi. Həmin dövrdə hələ Azərbaycan ictimaiyyəti üçün İranın gerçək mahiyyəti üzə çıxmamışdı. Hələ İrana münasibət bəlli deyildi. Yəni uzun müddət qapalı bir mühitdə yaşadığımız üçün İran haqqında təsəvvür ictimai fikirdə yetərincə deyildi. Amma qısa müddət ərzində bu təsəvvür aydınlaşdı. Bununla da təsəvvürlərdə iz buraxan mənfi çalarlar Quzey Azərbaycanlılarla Güney Azərbaycanlılar arasındakı münasibətlərə də təsir göstərdi. Ə.Elçibəyin hakimiyyətdə olduğu 1992-93-cü illərdə Azərbaycan-İran münasibətləri kəskin şəkildə pisləşdi. Bu, həm İran tərəfdən Azərbaycana ərazi iddiaları ilə özünü göstərdi, eyni zamanda Quzey Azərbayacanın haqlı tələbləri meydana çıxdı ki, orda bizim 35 mln soydaşlarımız yaşayır, onların hüquqları qorunmalıdır. Təbii ki, bu haqlı tələblər fars-molla hakimiyyətinin ciddi narazılıqları ilə üzləşdi. Beləliklə, bölgədə İranla yenicə müstqəqilliyini əldə etmiş Quzey Azərbaycan arasında problemlər yaşanmağa başlandı. Ona görə də Rusiyanın və İranın birgə səyləri nəticəsində (93-cü ilin iyununda) Ə.Elçibəy hakimiyyəti devrildi. Heydər Əliyev iqtidara gələndən sonra İran Azərbayacnın dostu elan olundu. Həmin yanlış siyasət bu gün də davam etdirilməkdədir. Əslində Azərbaycan torpaqlarının hesabına dövlət qurmuş, sərhədlər formalaşdırmış bir dövlətin Quzey Azərbaycanla dost olması heç bir məntiqə sığmır. İran dövlətçiliyini qəbul etmək o deməkdir ki, Azərbaycan ərazilərinin böyük bir hissəsi İran tərəfindən işğal altında saxlanılacaq. Bu baxımdan bölgədə Azərbayacnın milli maraqları tələb edir ki, İran olmasın, eyni zamanda fars milli maraqları da tələb eləyir ki, Quzey Azərbaycan adlı dövlət olmasın ki, gələcəkdə İranın ərazi bütövlüyünü təhdid etməsin. Ona görə də bu iki dövlət arasında münasibətlərin gərgin olması tamamilə qanunauyğundur. Mən bir məsələni də burda qeyd etmək istəyərdim. Bildiyiniz kimi Qərb artıq “Ərəb Baharı” adı altında Şərqdə bir sıra hakimiyyət dəyişikliklərinə nail olub. Bir sıra ölkələrdə bu proses hal-hazırda gedir. Sırada İran da var. Nüvə silahı bəhanəsiylə İran dağıdılmalı, yaxud zəiflədilməlidir. Orda hakimiyyət dəyişikliyi baş verməlidir. Qərbin planlarna görə bu prosesin həyata keçirilməsində hansı metodlardan və üsullardan istifadə olunacağı ilə bağlı hələ ki dəqiq məlumat yoxdur. Düzdür, müharibə məsələsi gündəmdədir. İstisna deyil ki, Qərb hansı yolla olsa da, məqsədinə nail olmalıdır. Bizim üçün arzu olunan hal ondan ibarətdir ki, bu proseslər müharibə istiqamətində cərəyan eləməsin. Çünki müharibə olacaqsa bu bölgə faciəvi duruma düşəcək. Eyni zamanda insan qırğınına səbəb olacaq ki, burada da mütləq çoxluq Azərbaycan türklərinin payına düşür. Bu baxımdan hesab eləyirəm ki, proseslər milli azadlıq şüurunun yaranması, millətin özünüdərkinin formalaşması və Güney Azərbaycanın hüquqlarının müdafiəsi zəminində davam etsə idi, daha məqsədə uyğun olardı. Qərb, o cümlədən Amerika Birləşmiş Ştatları bu istiqamətdə prosesə imkan vermir. Qərb orda Azərbaycan türklərinin təqib olunmasına, təzyiqlərlə üzləşməsinə, eləcə də assimilyasiyaya uğramasına heç bir reaksiya vermir. Hətta belə deyək ki, biz nə qədər çalışsaq ki, Güney Azərbaycan amilini İranda mövcud problem kimi bütün dünyaya sübut eləyək, Qərb birmənalı şəkildə bunu qəbul etmək istəməyib. Bu onu göstərir ki, Qərb İranın parçalanmasını deyil, orda yalnız və yalnız rejimin dəyişilməsini qəsd edir. Təbii ki, bu da Azərbaycan türkləri olaraq bizim maraqlarımıza uyğun deyil.
Azərbaycan hakimiyyəti də İrana yönəlik siyasətini ancaq hakimiyyətin qorunması ətrafında aparır. Yəni nə vaxt ki, İran Kütləvi İnformasiya vasitələri ilə Azərbaycanın siyasi hakimiyyətini təhdid edir, Quzey Azərbaycan hakimiyyəti buna adekvat reaksiya verir, mövqe bildirir. Amma söhbət milli maraqlardan düşəndə Azərbaycan hakimiyyəti bu məsələyə ciddi yanaşmır, münasibət sərgiləmir. Yadınızdadırsa, İran təyyarələri Azərbaycan sərhəddini pozmuşdu, Azərbaycan hakimiyyəti dərinə getmədi. Düzdür, Türkiyə təyyarələri dəvət olundu, onlar uçuş tətbiq etdilər. Amma bu İrana yönəlik cavab deyildi. Üstüörtülü bir mesaj idi. Amma müstəqil və suveren dövlətin bu məsələdə mövqeyi daha sərt olmalı idi. Əksinə, bundan bir müddət sonra Azərbaycan hakimiyyəti yenə dostluq və qardaşlıq bəyanatları səsləndirdi. Bu da onu göstərdi ki, digər dövlətlərə yönəlik xarici siyasətdə olduğu kimi, İrana yönəlik xarici siysət də dişsiz, nəticəsiz, hesablanmamış və təsadüflərə əsaslanan bir siyasətdir. İran dövlətinin Azərbaycan dövlətinə düşmənçiliyini nəzərə almaq şərtilə, hakimiyyətimiz nəzərə almalıdır ki, 35 mln Azərbaycan türkü məhz o ərazidə yaşayır, yəni tarixi ərazilərimizdə. Ona görə də İrana münasibətdə biz Qərbin mövqeyindən çıxış eləyə bilmərik. Yəni İran Qərbin xeyrinə dağıdılmalıdır, vurulmalıdır kimi mövqelər bizim üçün keçərli deyil. Əgər hər hansı bir antiiran koalisiyası yaranarsa, Azərbaycan o koalisiyanın hərbi əməliyyatlarında iştirak etməməlidir. Yaxud bir şərtlə işrtirak edə bilər ki, öz məramını açıq şəkildə elan etsin və bildirsin ki, Güney Azərbaycanlılara, – öz millətinə sahib çıxmaq istəyindədir. Koalisiya buna təminat verməlidir. Məncə şərt aşağıdakı təkliflər şəklində bildirilməlidir:
1. Azərbaycan hakimiyyəti parçalanmış xalq statusu əldə eləmək üçün ardıcıl mübarizə aparmalıdır. Həm BMT çərçivəsində, həm digər beynəlxalq qurumlar çərçivəsində, eyni zamanda daxil olduğu strukturlar, beynəlxalq təşkilatlar vasitəsiylə bunu hər yerdə bəyan etməlidir. Güney Azərbaycanlıların da bu sahədə fəaliyyətinə dəstək verməlidir.
2. Güney Azərbaycana sahib çıxmaq. İnsan haqları və azadlıqlarının, hüquqlarının qorunması istiqamətində ardıcıl bəyanatlar verilməlidir. Azərbaycan hakimiyyəti heç nədən çəkinməməli və qorxmamalıdır. Çünki bütün dünyada insan haqları ilə bağlı bəyanatlar verilməsi tam normal haldır. Ordakı millət bizim soydaşlarımız olduğuna görə haqqımız ikiqat artır. Əgər biz hər hansı bir ölkədə insan haqlarının qorunması istiqamətində bəyanatlar veririksə, niyə öz soydaşlarımızın hüquqları ilə bağlı bu cür bəyanatlarla çıxış etməyək?!
3. Dini ekstremizmin qarşısını almaq. İrandan təhdidlərin ən böyük hissəsi məhz din xətti ilə ərazimizə ayaq açır. Məsələn, çadraya qoyulan yasaqların aradan qalxması, eyni zamanda məscidlərin fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, bəzi dini mövqelərə qarşı Azərbaycan hakimiyyətinin atdığı addımların pislənilməsi. Bunların hamısına adekvat cavablar verilməlidir və bildirilməlidir ki, Azərbaycan dövləti tam, sivil qaydada formalaşmış hüquqi dövlətdir, dini dövlət deyil. İndiyə qədər hakimiyyət heç vaxt bunu bəyan eləməyib. Sadəcə belə deyək ki, bu sahədə yalnız texniki addımlar atıb.
4. Güc balansı yaratmaq və gözlənilən təhlükənin zərərsizləşdirilməsi. Təbiidir ki, İrana qarşı mövqeyi olan və bizim mövqeyimizi qəbul edəm dövlətlər var. O dövlətlərə yaxınlaşmaq, habelə bölgədəki dövlətlərlə münasibətdə konkret xarici siyasətin strukturları müəyyənləşməlidir.
5. Güneylilərin maarifləndirilməsi. Bunu milli bir hadisə kimi Türkel Araşdırma Qurumu aparır. Amma bu yetərli deyil. Dövlət tərəfindən ayrı-ayrı strukturlar, institutlar formalaşdırılmalıdır, bu sahədə konkret işlər aparılmalıdır və əhalimiz, həm Güney Azərbaycan olaraq, həm Quzey Azərbaycan olaraq gələcək bütövlüyə hazırlanmalıdır. Həm psixoloji, həm ideoloji, həm mənəvi, həm siyasi baxımdan.
6. Güneydən gələn mühacirlərin hüquqi durumunun müəyyənləşdirilməsi. Bu şəxslərin başqa dövlətlərdən gələnlərlə eyniləşdirilməsinin qarşısının alınması. Yəni Koreyadan, Efiopiyadan, başqa dövlətlərdən gələnlərlə Güney Azərbaycandan gələnlər arasında bərabərlik qoymaq olmaz. Onlara hər hansı fərqli status verilməlidir. Onlara Azərbaycan dövləti şərait yaratmalıdır. Onların təhsil almasına, yaşamasına və işləməsinə burda şərait yaradılmalıdır.
7. Vahid mədəni-milli dəyərlərin qeydiyyatı. Bütövləşmənin bazasının təşkili. Həm ideoloji iş bura daxildir, həm siyasi iş, həm təhsil istiqamətində işlər.
8. İctimai fikirdə olan mənfi xüsusiyyətləri aradan qaldırmaq. Bayaq qeyd etdiyim kimi, sərhədlər açıldıqdan sonra Güney Azərbaycanla bağlı mənfi fikirlər fomalaşıb ictimai fikirdə. Düzdür, Güney Azərbaycan koduyla yox, iranlı koduyla. Artıq Azərbaycanda antiiranlı bir təəssürat mövcuddur. Həmin təəssüratı yavaş-yavaş aradan qaldırmalıyıq və bilinməlidir ki, həmin iranlı eyni zamanda Azərbaycan türküdür. Necə ki, Quzey Azərbaycanda Azərbaycan türklərinin yaxşısı da var, pisi də var, eyni zamanda Güneydə də millətimizin nümayəndələrinin içərisində yaxşısı da var, pisi də. Bu fərdi məsələdir, bütövlükdə millətə aid etmək düzgün deyil.
9. Diaspora strukturları vasitəsiylə xaricdə, başqa-başqa dövlətlərdə birləşməni təmin etmək. Diaspora strukturu, təəssüflər olsun ki, bu sahədə iş aparmır. Azərbaycanda diaspora komitəsi vasitəsiylə biz xaricdə olan həm Güney Azərbaycanlıları, həm Quzey Azərbaycanlıları birləşdirə bilərik. Onların fəaliyyətini birləşdirməklə ən azı həm Qarabağ problemi ilə bağlı, həm Güney Azərbayacanlıların hüquqlarının müdafiəsi ilə bağlı çox ciddi işlər ortaya qoya bilərik.
10. Türkiyəni və bölgə dövlətlərini bayaqdan sadaladığımız istiqamətdə xoşməramlı olmağa inandırmaq. Yəni bilirsiniz ki, bölgədə ciddi narazıçılıq var ki, gələcəkdə Bütöv Azərbaycan dövləti qurularsa, bu, güc balansının pozulmasına, yeni təhlükələrin meydana gəlməsinə səbəb ola bilər. Ayrı-ayrı dövlətlərə qarşı ərazi iddialarının meydana çıxması üçün bir stimul rolunu oynaya bilər. Bu baxımdan hesab eləyirəm ki, ciddi təhlil və araşdırma nəticəsində ortaya elə bir mövqe qoyulmalıdır ki, həmin dövlətlər sakitləşsin və bilsinər ki, bizim bütövləşməyimiz heç də başqa dövlətlərə və millətlərə problemlər yaratmaq üçün deyil. Sadəcə olaraq öz millətimizin problemlərini həll etmək üçündür. Və son olaraq onu bildirim ki, Quzey Azərbaycan dövlətinin, konkret siyasi hakimiyyətin bu sahədə siyasəti tamamilə yanlışdır, təsadüfi qərarlardan ibarətdir. Heç bir ideoloji və siyasi bazaya malik deyil. Eyni zamanda milli maraqların ifadəsinə hesablanmayıb. Dəyişiləmlidir. Düzdür mən bu hakimiyyətin dövründə buna inanmram, amma hər halda növbəti hakimiyyətlər üçün bu məsələ öz həllini tapmalıdır. Bu siyasət hakimiyyətlərin deyil, dövlətin siyasətinə çevrilməlidir.
III. İran böyük oyunların vasitəsidir
Asif Ozan: Mən qoyulan məsələyə fərqli bir aspektdən yanaşmaq istəyirəm. Yaxın Şərqdə hal-hazırda dünya güclərinin – Amerikanın, Avropa Birliyi dövlətlərinin, o cümlədən Rusiyanın (Rusiya əlbəttə ki, mükəmməl oyunçu deyil, amma təsir göstərəcək əli var) apardıqları bu oyunu mən də İran ətrafında qurulan bir şou kimi dəyərləndirirəm. Bu mənada məsələlərə daha çox tarixi aspektdən yanaşmaq istərdim. Ona görə ki, bu gün dünənin davamıdırsa, sabah da bu gündən başlayır və siyasət təsadüflər yox, məhz bu determinizm üzərində qurulur. Əgər biz Qərbin İrana yönəlik siyasətinə tarixi kontekstdən yanaşsaq, görərik ki, Qərb uzun əsrlər boyu İran hakimiyyətinin başında dayanan türk sülalələrini hakimiyyətdən qoparmaq və onu farsların əlinə keçirmək üçün özünün diplomatik, siyasi və hərbi gücünü ardıcıl olaraq sərf edib və etməkdədir. Mən əminəm ki, Qərbin İranla bağlı hər hansı bir senarisində onun unitar dövlət quruluşunu pozmaq, dağıtmaq planı ola bilməz. Əgər Qərbin İranın unitar dövlət quruluşunu dağıtmaq planı yoxdursa, deməli, biz ABŞ-İsrail hərbi müdaxiləsi olacağı halda belə Qərbə bel bağlayıb Güneydə yaşayan soydaşlarımızın hansısa bir mili dövlətindən, dövlət quruculuğundan danışa bilmərik. Bunun üçün ilk növbədə Güneydə yaşayan soydaşlarımızın özündə milli kimlik, milli özünüdərk şüurunun formalaşması və bu zəmində mübarizəyə hazır olmaları zəruri şərtdir. Digər tərəfdən İranın nüvə proqramı ətrafında Amerikanın və Avropa Birliyi dövlətlərinin oynadığı şou artıq bir neçə illərdir davam eləyir. Maraqlıdır ki, bu illər ərzində ortada “Ərəb Baharı” senarisi hələ mövcud deyildi, onun heç konturları da görünmürdü. Lakin qəfildən “Ərəb Baharı” senarisi ortaya çıxdı və Qərbin “demokrat” dostları avtoritar elan olundu. Bu praktika göstərir ki, İranı neçə illərdir Qərbin hədələməsinə baxmayaraq, “Ərəb baharı” fonunda bu şou hələ də davam edir. Bu bir daha onu göstərir ki, Qərb yenə də İran kartı ətrafında hansısa növbəti şou oynamaqla məşğuldur. Bu şounun kulisi arxasında Türkiyə dövlətçiliyi üçün təhlükələr də, zənnimcə, yox deyil. Son dövrlər İsrailin, Suriyanın Türkiyə ilə münasibətlərində, İranın son bəyanatlarında həmin siyasətin müəyyən konturlarını görmək mümkündür. Dünya güclərinin İranla bağlı maraqları da son dərəcə fərqlidir. Amerikanın Yaxın Şərqdə olan maraqları geosiyasi maraqlardan daha çox iqtisadi maraqlara söykənirsə, Avropanın bu regionda maraqlarına, əlbəttə, həm iqtisadi, həm də geosiyasi faktor daxildir. Rusiyaya gəlincə, o hal-hazırda İranla bağlı maraqlarına ikitərəfli yanaşır və onun İranla bağlı siyasəti bizim bir el məsəlini xatırladır: “dovşana qaç deyir, tazıya tut”. Yəni hər iki tərəfin rəğbətini qazanmaq üçün bu gün Rusiya həm İranla münasibətlərini sahmanlayır, İranı müdafiə mövqeyini sərgiləyir, həm də Qərb və Amerika üçün oynamaqda davam edir.
İran həm də Qərbin onun üçün müəyyən etdiyi oyun qaydalarını pozduğuna görə bu gün “hədə” obyektidir. Ancaq İran öz rolunu yenə də ustalıqla oynamaqdadır. İsrail-İran münasibətləri də bu oyunun tərkib hissəsidir. Çünki istər İsrail, istərsə də İran Qərbin ərköyün övladlarıdır. Amerika siyasətinin təməlində biz bilirik ki, sionist prinsipləri, Qərb siyasətinin təməlində Avropa mərkəzçiliyi prinsipləri, İranın siyasətinin təməlində isə antitürk prinsipləri dayanır. Bütün bu üç faktoru birləşdirəndə bəlli olur ki, əslində İsrail və İran Yaxın Şərqdə Amerikanın və Avropanın siyasətini balanslaşdırmaq üçün vasitələrdir. Bu gün İranın ətrafında qurulan şou, o mənada, İranı təhdid etmir. Sanki bu təhlükə yenə də, 20-ci əsrin başlanğıcında olduğu kimi, Türkiyənin ətrafında dövr edir.
Mənim təklifim bundan ibarətdir ki, Türkel Araşdırma Qurumu olaraq biz öz maarifçilik fəaliyyətimizdə Güney Azərbaycanlıların Milli özünüdərk şüurunun artırılması istiqamətində daha uğurlu layihələr, proyektlər üzərində işləyək, daha çox bu məqsədə nail olmağa çalışaq. Məsələyə bir də dövlət mənafeyi aspektindən yanaşmaq istərdim. Bu gün Azərbaycan Cənubi Qafqazda ərazisi işal olunmuş və hal-hazırda real müharibə şəraitində yaşayan bir dövlətdir. Hər an bu müharibənin alovlanma ehtimalları var. Nəzərə alsaq ki, Ermənistanın arxasında, həmçinin bu münaqişədə, dünya güclərindən biri olan Rusiya dayanır, deməli, Azərbaycanın hazırda müəyyən mənada ehtiyatlı davranışlarını başa düşmək olar. Ancaq bütün hallarda ehtiyatlı siyasət yürütmək də problemlərimizi həll eləmir.
IV. Demokratik inqilab proyektləri.
Güney Azərbaycanlıların mövqeyi necədir, necə olmalıdır
Soylu Atalı: Mənim üçün mövzunun əhəmiyyətli bir tərəfi var. O da ondan ibarətdir ki, bu gün baş verən hadisələr demək olar ki, yaşadığımız bölgəyə kifayət qədər yaxnlaşıbdır. Söz yox, məsələyə bizim münasibətimiz buna görə deyil. Bizim məsələyə münasibətimiz qlobal olaraq vəziyyəti təhlil eləməkdir və eyni zamanda situasiyanın dəyişməsindən asılı olmayaraq sabit mövqeyimizi ortaya qoymaqdır. Bizim işimiz budur.
Mən aydınlıq gətirmək üçün məsələni belə qoymaq istəyərdim: niyə Qərb demokratk inqilab proyektlərini ilk olaraq İrandan deyil, ərəblərdən başladı?! Mümkün idi, İrandan da başalaya bilərdi. Burada mühüm olan bir neçə faktoru diqqətinizə çatdırmaq istəyirəm. Bunlardan biri məncə odur ki, əvvəla İranda nüvə silahıyla bağlı atılan addımlar getdikcə həllinə doğru yeriyir. Mənə elə gəlir ki, Qərb düşünülmüş şəkildə İrana imkan verdi ki, ona müdaxilə üçün bir əsas yaransın. Məhz demokratik inqilabla deyil, başqa bir bəhanə ilə müdaxilə. Bu, əsas məsələdir. Çünki birbaşa İrana demokratik inqilab yolu ilə müdaxilə eləyərsə, Qərbin qarşısına fərqli situasiyalar çıxacaq. Ən əsası o çıxacaq ki, İranın içində demokratik inqilab Güney Azərbaycanı diqqətə gətirəcək, Güney Azərbaycanın istəklərini gündəmə gətirəcək. Çünki demokratik inqilabla İranı çökdürəcək əsas kütlə Azərbaycan türkləridir. Onların ayağa qaldırılmasıyla Güney Azərbaycanın azadlığı üçün ortaya böyük imkanlar çıxa bilər. Bunun olmaması üçün, mən qəti əmiəm ki, Qərb vəziyyəti bir az başlı-başına buraxmağı düşünüb. Qoy İranda kifayət qədər müdaxilə üçün şərait yetişsin. Ona nüvə silahı adıyla müdaxilə eləmək lazımdır ki, Güney Azərbaycan türklərinə deyə bilsin, – “indi ayrı məsələ həll olunur. Bu problemi bir yerdə əl-ələ verib həll eləyək, bu, bəşəriyyətin problemidir. Siz də bəşəriyyətin probleminə kölgə salmayın”. Bununla da Güney Azərbaycanın əlini, dilini bu mənada bağlayır. Bayaq vurğuladığım kimi, demokratik inqilablar əsasən həyata keçiriləcəyi bölgədə müxalif gücün aktivləşdirilməsi əsasında stimullaşdırılır. İranda müxalif gücün aktivləşdirilməsi ərəblərdəkindən çox-çox fərqlidir. Güney Azərbaycanlıların adını ona görə xüsusi vurğu elədim. Əgər ərəblərdə demokratik inqilabların hədəfləri birbaşa sosial güzəştlərin ortaya gətirilməsi ilə, hakimiyyət dəyişilməsi ilə bağlıdırsa, İranda müxalif gücün fəallaşdırılması, dediyim kimi, Güney Azərbaycanın haqqı və azadlığı məsələsini gündəliyə gətirir. Ona görə ərəblərdəki inqilabla İrandakı inqilab tamamilə fərqli bir şeydir. İranın tərkibində müxalif gücün, əsasən Güney Azərbaycan türklərinin fəallaşdırılması, onların ayağa durması nəticə etibarilə İranın parçalanması demək olur. Məsələn, ərəb dövlətlərində Ərəb inqilabları baş verir və Ərəb inqilablarının baş verməsi nəticəsində Ərəb dövləti parçalanmır. Dediyim kimi, onun içində rejim dəyişikliyi yaranır. İran isə parçalana bilər. İranın parçalanması məsələsi dünyanın, o cümlədən Qərbin xüsusi diqqətində dayanan bir məsələdir. Baxın, bu gün İranın parçalanması Qərb üçün SSRİ-nin parçalanmasından fərqli olaraq təhlükəlidir. SSRİ parçalandı, ondan qopan ayrı-ayrı dövlətlər, Ukraynanı istisna eləsək, yerdə qalanlar əsasən xırda dövlətlər idi. Region dövlətləri ilə, eləcə də Avropanın inkişaf etmiş dövlətləri ilə müqayisədə bu dövlətlər xırda dövlətlər idi. Ukrayna da etnik mənsubiyyətinə görə slavyan ailəsindən qırağa çıxmadı və çıxmayacaqdı da. Ona görə də, SSRİ-nin parçalanmasında Ukrayna faktoru elə bir təhlükə yaratmadı. Habelə, SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiya dövlətlərinin, xüsusilə türklərin bir araya gəlməsi, bir region gücü əmələ gətirməsi də mümkün deyildi. Ən azından SSRİ-nin vaxtilə apardığı siyasət burda özünü göstərirdi. İkinci bir fakt ondan ibarətdir ki, Mərkəzi Asiya türk dövlətlərinin istər daşıdıqları mədəniyyətlərdə, istərsə də danışdıqları dil çalarlarında fərqlər var, etnik adət-ənənə fərqləri mövcuddur. Ancaq İranın parçalanmasında Güney Azərbaycanın ondan ayrılması Azərbaycan üçün problem doğurmur. Çünki, Güney Azərbaycanla Quzey Azərbaycan hər hansı bir fərqə malik deyil, vahid bir xalqdır, vahid bir millətdir, vahid bir mədəniyyətdir, vahid bir adətdir və s. Son dövrlər, Azərbaycan parçalanandan sonra, İranın Güney Azərbaycana sırıdığı müəyyən gələnəklər, müəyyən adətlər fərqi olsa belə, bu, həlledici deyil. Ona görə də Mərkəzi Asiyada hərə öz fərdi sınırlarının içinə çəkildi. İran parçalanarsa Güney Azərbaycan öz fərdi sınırlarının içinə çəkilmir. Çünki Güney Azərbaycanın ayrıca fərdi sınırı yoxdur. Quzey Azərbaycanla birgə sınırı var, o mütləq bu böyük sınırın içinə çəkilməli olur. Bunu Qərb də hesablayıb. Nəticə etibarilə ərəblərlə İranın demokratik inqilab məsələsi belə bir fərqə dayanır.
İndi bir məsələni də vurğulayaq. Burada Türkiyənin mövqeyi Qərb üçün çox önəmlidir. Ona görə Türkiyənin mövqeyində dəyişikliklər yaranmalı idi. Türkiyəni müəyyən mənada məsələdən, vəziyyətdən təcrid eləmək lazım idi. Odur ki, Türkiyə iqtidarına İslamçı kəsimin gətirilməsi təsadüfi hadisə deyil. Bu məsələyə diqqət yetirmək lazımdır. SSRİ dağılandan sonra, bunu biz dönə-dönə vurğu eləmişik, təbii şəkildə türk dünyasının yaxınlaşması prosesi başladı. Türk birliyinin gözlənilən bir bağlantıya çevrilməsi prosesi başladı. Bunun üçün ilk növbədə bütün türklərin birliyinin əsas siyasi qarantı olan Türkiyədə türklüyə, türkçülüyə yönəlik gedişi əngəlləmək lazım idi. Türkçülüyə doğru gedişi əngəlləmək üçün Türkiyə iqtidarına İslamçı qüvvələr gətirildi. Türkiyədə İslamın fəallaşdırılması Qərb tərəfindən xüsusi hazırlandı ki, türklüyün fəallaşdırılması baş verməsin. Türkiyə iqtidarının “Fələstin sevgisi” də məhz yaranmaqda olan türk birliyinin parçalanmasına doğru atılmış bir addımdır. Deməli, türk birliyinin qurulması əslində Qərb üçün daha böyük təhlükədir, nəinki İslamın inkişafı. Türk birliyini nə ilə əngəlləmək olardı? – İslam amiliylə. Fikir verin, SSRİ-dən qopan türklər demokratiyaya çağırılır, ancaq demokratik sayılan, oturuşmuş Türkiyə dövləti İslama yönəldilir.
Eləcə də Türkiyə-İsrail münasibətlərinin pozuntuya uğradılması məqsədyönlü şəkildə düşünülmüş bir oyundur. Bu, həm İsrailin özünə lazımdır, həm də Qərbə lazımdır. İsrailə ona görə lazımdır ki, Türkiyənin İslamlaşması vasitəsiylə ərəb dövlətlərinin diqqətini Türkiyəyə yönəltmək baş verir. Burada Türkiyə toplumunu da aldatma jesti var. Guya Osmanlıya bənzər bir gəlişmə olacaq. Bu da içəriyə hesablanmış bir siyasətdir. Yəni türklük haqqında, türkçülük haqqında yeni düşüncələr ortaya gəlməsin. Daxildə düşünsünlər ki, eybi yoxdur, Türkiyə qüdrətlənəcək. Qərb türk birliyi yaranmasın deyə Türkiyənin diqqətini ərəblərə bağlayır. Guya müsəlmanların vəhdəti yaranır. Türkiyə də müsəlmanların aparıcı qüvvəsinə, onların liderinə çevrilir və s. Eyni zamanda ərəblərin başını qatmaq üçün demokratik inqilablar həyata keçirilir. Demokratik inqilablar nəticəsində ərəblərin başı öz içinə qarışır, – hakimiyyətdə olan və hakimiyyətdə olmayan iki kəsim bir-biriylə didişir. Beləliklə, ərəb dövlətlərinin də gücü azalır, dövlətçiliyi zəifləyir və s. və i.a. Diqqət Türkiyəyə bağlanır. O Türkiyə ki, Qərb tərəfindən idarə olunur. Deməli, ərəblərin ümidini Qərb tərəfindən idarə olunan Türkiyəyə bağlamaq lazımdır. Bax, oyunların əsasında bu durur.
Bəs İranın özündə Güney Azərbaycanın durumu nə vəd eləyir? Bu gün, bütün bu məsələlərdə Güney Azərbaycan türkləri xüsusilə İrana münasibətdə məncə həlledici mövqedə deyillər. Birinci, Güney Azərbaycanda milli şüurun inkişafı bütövlükdə Güney Azərbaycan türklərini əhatə eləmir. İkinci, orada olan Güney Azərbaycan türklərinin böyük bir kəsimi, toplumu yalnız sosial güzəştlər əldə eləmək haqqında düşünür. Yerdə qalan, üzdə olan aktiv kəsimi isə ayrı-ayrı təşkilatlarda, ayrı-ayrı partiyalarda qruplaşıblar. Bunun özünə İran şərait yaradır. Guya İranda vahid bir rejim var, vahid bir xətt var, vahid bir mövqe var. Halbuki, çoxpartiyalılıq, çoxtəşkilatlılıq, demokratiya, plüralizm İran qanunu vasitəsiylə təsdiq olunur. Deməli, İranın mövcud hakim rejimini qorumaq üçün vahid bir xətt var, İslam amili burda əsasdır. İslam onu qoruyur. Ancaq yerdəki qüvvələri parçalamaq, bölmək üçün Qərb demokratizmindən istifadə eləyirlər. Toplumun hakim rejimə qarşı etirazlarını tənzimləmək üçün demokratiya, plüralizm movcuddur. O plüralizm həmin qüvvələri parçalayır, ayrı-ayrı təşkilatlarda, ayrı-ayrı partiyalarda qruplara bölür. Bununla da bəlli olur ki, Güney Azərbaycan məsələsi güneylilərin özü tərəfindən heç də düzgün dərk olunmayan bir durumdadır. Onların bütövlükdə İran məsələsinə münasibətləri pərakəndədir. Asif Ata deyir ki, “İranın sabahında nə baş verirsə versin, mütləq Uluyurd Hərəkatı yaranmalıdır”. Bu Hərəkat Güney Azərbaycanı da, Quzeyi də əhatə etməlidir. Bu gün biz bu fikrin arxasında dayanırıq. Hesab eləyirik ki, Azərbaycan gücünü başqa siyasi qüvvələrin istəklərinə, siyasi uğurlarına, siyasi qazanclarına həsr eləməməlidir, qurban verməməlidir. Nə baş verirsə versin, Azərbaycan özünün azadlığı və bütövlüyü yönündə ciddi düşünməlidir. Bu yöndən Güney Azərbaycanın maarifçilik məsələsində qəti bir mövqe seçməliyik. Güney Azərbaycan bu gün fiziki imkanlarını səpələməməlidir, biryolluq ayağa durmaq üçün hazırlaşmalıdır. Şübhəsiz ki, Qərbin İrana yönəlik nəzərdə tutulan basqıları Güney Azərbaycanı oyunlara çəkəcək. Buna getməmək üçün ciddi təşkilatlanmaq lazımdır. Şəxsən Güney Azərbaycanla bağlı mənim nikbinliyim sabaha hesablanıb. Bugünlə bağlı nikbin danışa bilmirəm. Bizdən asılı olmayan məsələlər var. Bizdən asılı olmayan vəziyyət var. Bizdən asılı olmayan məsələlər baş verəcək. Ancaq biz öz işimizi görürük, öz sözümüzü axıra qədər deyirik, mövqeyimiz, fikrimiz dəyişmir. Mən öz sözümü, çıxışımı yenə Atanın adıyla bitirirəm:
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!