Fəxrəddin Hacıbəyli. BƏDR SAVAŞI

 Bədr savaşı İslam tarixində çox önəmli yer tutur. İslam zəfərlərindən danışılırkən ilk öncə xatırlanan, demək olar ki, xırda detallarınadək təsvir edilən savaş Bədr savaşıdır. Təbii, savaşın müsəlmanların aşkar qələbəsiylə bitməsi onu önəmli edən əsas səbəblərdən biridir, amma yeganə səbəb bu deyil. Bədr savaşını müsəlman tarixçiləri üçün əsas diqqət mərkəzinə çəkən nədən («Çağırı» (The Message) filmində də bu savaşın baş vermə səbəblərinə diqqət yetirilərək onun gərçək yanları ört-basdır edilməyə çalışılıb) bu savaşın baş verməsinin obyektiv səbəblərinin islam tarixçilərinin iddia etdikləri kimi «özünü müdafiə» və «qarət olunan mallarını geri alma» cəhdi olmaması, əksinə ilk müsəlman yagmaçi hücumunun sonucu gerçəkləşməsi və həm döyüş ərəfəsi, həm də döyüşdən sonra islamın humanist və sülhpərvərlik iddiaları ilə ziddiyyət təşkil edən bir çox olayların baş verməsidir. Bu savaşa, onun baş vermə səbəblərinə, döyüşün gedişi ve sonuçlarına kifayət qədər İslami yandan yanaşılır, əsl səbəbləri ört-basdır edən nədənlər uydurulur, bununla da mümkün ittihamlar önlənilmiş olur. «Ən yaxşı müdafiə hücumdur» prinsipi ilə…

Bədr savaşi miladi tarixlə 624-cü il, martın 13-də, Məkkə və sonralar Mədinə adlandırılmış Yəsrib şəhərləri arasındakı karvan duşərgəsi sayılan Bədr quyuları adlanan yerdə Mədinəyə köç etmiş müsəlmanlarla məkkəlilər arasında baş verib. Döyüş müsəlmanların qələbəsiylə bitir, İslam və onun peyğəmbəri üçün əngəl olan bir neçə nüfuzlu məkkəli, o cümlədən İslamın qatı düşməni sayılan Əbu Cəhl öldürülür, müsəlmanlar xeyli qənimətə sahib olurlar. Ən əsası müsəlmanlar «əzilən», «təqib edilən», məğlubluq» kimi komplekslərdən çıxır, psixoloji üstünlük əldə edirlər.

Bu savaş Məhəmmədin həm də bir döyüş rəhbəri, sərkərdəlik qabiliyyətini nümayiş etdirir (313 nəfərlə 1000 nəfərlik döyüşçüyə qalib gəlmək), eləcə də ərəb adətlərinə o zamanadək görünməmiş döyüş taktikasi və «qələbəyə aparan bütün vasitə yolveriləndir» prinsipini ənənə olaraq əlavə edir.

Bu savaş, İslam tarixçilərinin də doğruluğunu və tarixi gərçəklərə uyğun olmasını təsdiq etdikləri «Cağırı» filmində də təsviri gərçəklikləri əks etdirmir və xeyli sayda yumşaq desək yozumlarla, İslamın «sülhsevərlik» imicinə uyğunlaşdırmalarla interpretasiya edilib.
İlk öncə ondan başlayaq ki, savaşın başlamasına səbəb olaraq göstərilən «məkkəlilərin buraxıb gəldikləri malların qarət edilib karvanla Suriyaya aparılması» faktı gərçəkliyi əks etdirmir, bu sadəcə Əbu Süfyanın karvanına hücuma haqq qazandırmaq üçün əsas götürülmüş bəraətdir. Təbii ki, tarixin sonrakı dönəmlərində. Zamanında bunun yağma məqsədiylə başladılmış bir savaş olduğu hər kəsə bəlli idi. Reallıq bunu tələb edirdi. Çünki cənnət nemətləri Məkkədən ev-eşiyini, güzaranını qoyub cıxmış mühacirləri daha ovundurmurdu, onlara itirdiklərinin müqabilində qənimət əldə etmək, qeyb etdiklərinin yerini doldurmaq lazim idi. Bu da təbii ki, döyüşmədən, vuruşmadan mümkün deyildi. Demək savaş qaçılmaz idi. Hücum etmirlərsə, döyüş ortamı yoxdursa bu imitasiya edilib, haradansa bir bəhanə tapilib süni şəkildə „hücum” görüntüsü yaradılmalıdır. Bu idi „Bədr” savaşını doğuran realliq.

İslam tarixçiləri göstərirlər ki, Mədinədə Məkkədən köç (hicrət) etmiş mühacirlərə (hicrət etmişlər) geridə buraxıb gəldikləri mallarının, daş-qaş və sairə əmlaklarının talan edilməsi xəbəri çatınca peygəmbərin əmisi Həmzə karvana hücum edib mallarını döyüşlə geri almağı təklif edir. Peygəmbər əvvəl buna razılıq vermir, ancaq muhacirlərin israrından sonra Allahdan ayə nazil olduğunu (?) bəyan edir; «vuruşun, sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun!» (Bəqərə surəsi, ayə 2).

Beləliklə, müsəlmanlar savaş üçün “ilahi” tapşırıq alırlar ki, bu «ilahi əmr» də karvana basqın üçün zəmin olur. Karvana hücum etmək, «talanan malları geriyə almaq» qət edilir.
Bəs əslində nə baş vermişdi. Bu göstərilən səbəblər reallığı əks etdirirmi?
Elə İslam tarixçilərinin özlərinin dili ilə faktlara müraciət edək.

 Qarət olunmuş malın xilası yoxsa qarətə bəraət?

 Əvvəla İslamın ilk çağları Məhəmmədin dinini qəbul edib ona qoşulanlar, bir tək Əbu Bəkr istisna olmaqla digərləri heç bir varidatı olmayan kasıblar, kölələr idilər. İçlərində mal-mülk sahibi olan yeganə şəxs Əbu Bəkr idi. Bu halda Məkkədən hicrət etmiş muhacirlərin arxalarında mal-mülk buraxmaları təbii ki, inandırıcı görsənmir. Əgər talanan mallar göstərildiyi kimi «daş-qaş», yəni qiymətdə ağır, çəkidə yüngül varidat idisə, belə inandırıcı deyil ki, hicrət edənlər daşınması mümkün olan bu şeylərini buraxıb Məkkəni tərk etsinlər. Nələri daşıya, apara bilərdilərsə, məntiqlə mühacirlər özləriylə götürməliydilər. Məlumdur ki, hicrət edənlər heç də tələm-tələsik deyil, arxayın, Məkkə əyanlarının bilgisi və razılığı olduğu halda şəhəri tərk ediblər. Demək «tələm-tələsiklik» söz konusu olmadığından şəhəri tərk edənlərin daşınması, götürülməsi mümkün olan əşyalarını tərk edib əliboş Yəsribə pənah aparması iddiası doğru deyil. Gedənlər götürə biləcəyi nə vardısa özləriylə götürə bilərdilər və götürmüşdülər də… Mühacirlərin geridə buraxa bildikləri yalnız bir şey ola bilərdi – daşınmaz əmlak; ev-eşik, həyət-baca, dükan və s. Ki, bunların da karvana yuklənib bazara çəkilməsi mümkünsüzdür. Hər halda Əbu Süfyan müsəlmanların evini dəvəyə yükləyib Suriyaya daşıması fikrinə düşməzdi və bu müsəlmanlara da yaxşı bəlli idi. O da bəlli idi ki, Əbu Süfyanın dəvələrinin belində hücumçulara məxsus olan şeylər yox idi. Digər tərəfdən də, əgər Məkkədə buraxılmış evlərin, dükanların satılması məsələsi var idisə, bunun üçün karvana deyil, evlərin satıldığı yerə, Məkkəyə hücum etmə, satışın qarşısını alıb, mülkünü geri qaytarmaq lazim idi. Demək məsələ talanan varidatı xilas etmək deyildi, məsələ tamam başqa səbəblərlə bağlı idi.

İkinci diqqət çəkməli nüans karvanın hərəkət istiqamətidir. Aydındır ki, Suriyadan («Şam karvanı») gəlib (!) Məkkəyə gedən (!) karvan Bədr quyularından keçməlidir. Buradan Məkkəyə bir günlük karvan yoludur, son duraqdır, növbəti mənzil isə Məkkənin özüdür. Bura dəvələrin, karvan əhlinin istirahət və su ehtiyatı götürmə məntəqəsidir. Bir halda ki, savaşa səbəb kimi talanan malları geriyə almaq göstərilirsə, o zaman məntiqlə müsəlmanların Məkkəyə GƏLƏN deyil, oradan GEDƏN karvana hücum etmələri məntiqli olmazdımı? Bir haldakı müsəlmanların malı talanıb və o Məkkədən kənara daşınırsa, o zaman varidatın Məkkəyə GƏLƏN deyil, Məkkədən GEDƏN karvanla daşınacaq olması ağılabatan idi. Görəsən müsəlmanlar və „Allahın peyğəmbəri“ bu aydın məntiqi nədən gözardı etmişdilər? Axı Əbu Süfyanın dəvə karvanları Suriyadan Məkkəyə qayıdırdı, Məkkədən çıxmırdı ki, onunla müsəlmanların qarət, talan edilmiş mal-mülklərinin, cəvahirat və daş-qaşlarının (lap hesab edək ki, bu var idi) aparılması güman edilsin. Demək karvana hücum etmək talanan malları geriyə qaytarmaq istəyi deyildi, bu bir bəhanə, Mədinəyə köç etmiş və daha cənnət vədlərinə ac qarınları doymayan ərəblərin qarət yoluyla varidat əldə etmələri üçün səbəb idi. Yəni mahiyyətin üzə çıxması, əsil niyyətin biruzə verilməsi…
Öncə aldanıb hicrət edənlər sonradan rahat həyatından, güzəranından olduqlarını anlayıb geriyə qayıtmaq istəmişdilər. Mühacirlərin içərisində Məkkəyə qayıtmaq, yenidən öncəki asudə yaşamına dönmək istəyində olanlar Məhəmmədin Allahını dərhal məsələyə reaksiya verib, ard-arda ayələr yollamağa, dönüş edənləri ağır ittihamlarla yarğılamağa vadar edir. «Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhimlidir. (Bəqərə surəsi, ayə 218). Bundan əlavə, geridə buraxılmış «körpüləri» birdəfəlik yandırıb, köç edənlərlə məkkəlilər arasında qan salmaqla hicrət etmişlərin geriyə yolunu birdəfəlik bağlamaq – nəzərdə tutulan məqsədlərdən biri də bu idi. Bir savaş ortaya qan salır, nifaq yaradır, tərəfləri barışmaz, qanlılıq həddinə çatdırır, hər hansı bağışlanmanı unudulması mümkünsüz amillərələ imkansız edir. Qan davası əski (elə indi də) ərəb adətlərində önəmli məsələ idi. Bunu Məhəmməd yaxşı bilirdi və buna görə də mütləq bir savaşa ehtiyac var idi. Üstəlik də əldə edilən qənimət məkkəlilərlə ticarət əlaqələrinin kəsilməsindən ziyan görmüş mədinəlilərin (ənsarları) və onların yardımları ümidinə yaşayan mühacirlərin narazılıqlarını qismən də olsa səngitmiş olurdu. Savaş qaçılmaz və zəruri idi. Belə bir savaş özlərinə arxayın, qalib gələcəklərinə əminlik içərisində olan məkkəlilərə də vacib idi. Suriya karvan yolu üzərində təhlükəyə çevrilmiş Məhəmməd və tərəfdarlarını zərərsizləşdirmək, mədinəliləri yenidən əski inanca qaytarmaq və «dönüklər»i cəzalandırmaq… Çünki, Bədr savaşınadək olan dövrdə müsəlmanlar «müşriklər»ə basqınlar etmiş, zərərçəkənlər Məhəmməd və Əbu Süfyan «qovğası»na qətiyyən aidiyyati olmayan günahsızlar olmuşdular.

 „Nahle olayı”

 Bədr savaşından bir il öncə Abdullah bin Cehşin rəhbərliyi ilə 8 nəfər müsəlmandan ibarət bir dəstə həccə gedən «müşrik»lərə basqın etmiş, bir nəfəri öldürmüş 2 nəfəri də əsir etmişdilər. Cehşin dəstəsində olanların adları İslam qaynaqlarında da keçir; Səid ibn əbu Vaqqas, Ukasə ibn Muhsin, Ukbə ibn Qazvan, Suheyl ibn Beyzə, Amr ibn Rebia, Vakd ibn Abdullah, Xalid ibn Bəkir, (Təbəri 1966, cild «H», səh. 244, İbn İshaq 1980, səh. 286). «Basmi Nahle» adı alan bu olay haram aylardan sayılan «Rəcəb» ayında Məkkə ilə Taif arasındakı Nahle adlı məntəqədə baş verir. Yalnız məkkəlilərdən seçilmiş (bunun səbəbi aşağıda izah ediləcək) 8 nəfərlik qrupa Məhəmməd saçlarını qırxdırmağı və sanki Umrə həccinə gedirmişlər kimi geyinmələrini, silahlarını gizlətmələrini tapşırır və həmən yola çıxmalarını əmr edir. Abdullaha gizlin verdiyi və yalnız iki gundən sonra açıb oxumasını tapşırdığı məktubda „Qureyş” karvanlarına rastlaşdıqlarında hücum etmək“ əmri vardı.

Nədən dəstəyə yalnız məkkəli musəlmanlar cəlb edilmişdi, dəstəyə mədinəli müsəlmanlardan qatılmamışdı? Hücum döyüşün yasaq edildiyi haram aylardan sayılan Rəcəb ayında baş verib. Rəcəb də daxil olmaqla 4 haram ayda («Rəcəb», «Məhərrəm», «Zulhiccə», Zulqədə«) savaş ərəb adətlərinə görə yasaq edilirdi. Bu adət ərəblərdə əskidən vardı ki, mənafeyinə uyğun olduqca bu ənənəyə Məhəmməd də əməl etmişdi. İslamda da həmin aylarda savaş etmək yasağı saxlanıb. Dəstəyə məkkəlilərin daxil edilməsi, hücumun arxasında Məhəmmədin dayandığı üzə çıxdığı zaman bunun yurdlarından qovulmuş insanların etməsi bəhanəsiylə üzrlü, başa düşülən kimi göstərmək məqsədi daşıyırdı. Eyni zamanda istər məkkəlilər, istərsə də mədinəlilərdən gələ biləcək təpkiləri önləmək, olay öncədən kompensasiya etmək üçün «Bəqərə surəsi»nin 217-ci ayəsi «nazil edildi»: Səndən haram aylarda vuruşmaq barəsində soruşurlar, de: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, (müsəlmanları) Məscidülharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. Ayədən də görsənir ki, qəsd öncədən hazırlanıb, ayədə isə o nəzərdə tutulur ki, haram aylarda savaşmaq günahdır, ancaq muşriklərin etdikləri qarşısında savaş daha az ölçülü günahdır və «yurdundan qovulma» faktı qarşısında buna haqq qazandırmaq olar. Dünyaya barış və əminamanlıq gətirdiyi iddia olunan peygəmbərdən «məkkəliləri evindən Əbu Sufyan, Əbu Cəhl qovmuşdusa ilahi ədalətə görə fəqət onların cəzalandırılması gərəkirdimi?» sorusu təbii ki, zamanında sorulmuşdu, ancaq bu tarixin 1400 il arxasında qalmış və unudulmuşdur. Tarix çox əyriliklərə ütü çəkib, düzən verib. Tarix baş vermişlərin deyil, yozulmuşların, yazılmışların məcmusudur. Nə baş verdiyi deyil, necə yozulduğu, salnamələrin sətirlərinə necə düzüldüyü önəmlidir.
Nahlə olayından dönən dəstəyə üzəvari töhmətlə «sizə bu ayda savaş haramdır demədimmi» iradı bildirən Məhəmməd hətta əldə edilmiş qənimətdən payına düşən hissədən də «imtina edir». Əslində Abdullah və yandaşlarına etdiyi irad onları cəzalandırmaq üçün deyil, onları suçlu duruma salmaqla özünü təmizə çıxarmaq məqsədi daşıyırdı. Ancaq Abdullah və yandaşlar «haram ayda qan töküb yağma etmək» yarğısından yaxa qurtarmaq üçün Allahdan bir vəhy gəlməyincə yerlərindən tərpənməyəcəklərini bildirir və törətdikləri əməli ilahi göstərişlə etdiklərinə dair bir dəlil tələb edirlər. Bunun uzərinə «Bəqərə» surəsinin növbəti 218-ci ayəsi «nazil olur»; «Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhimlidir. (Həmin ayənin nazil olma tarixinə nəzər salınıb, İslam tarixi ilə tutuşdurulduqda hər şey aydın olur – 623-cü ilin «Rəcəb» ayı, Bədr savaşından bir il öncə, Nahlə olayından qısa sürə sonra)
Savaşı fitilləyən belə bir xəbər Mədinəyə çatdırılır. Xəbəri alan müsəlmanlar karvana hücum üçün Məhəmmədə basqı edirlər.

Həmzə ticarət karvanına hücum təklifini peyğəmbərə çatdırır. Xeyli vaxtdır Yəsribə sığınmış «cənnətlə mujdələnmişlər»i cənnət vədləri təmin etmir, ağır guzərandan yaxa qurtarıb, azca da olsa həyatlarını düzəltmək üçün Əbu Sufyanin Suriyadan mal gətirən karvanı olduqca cəlbedicidir. Həmzənin və digər nüfuzlu mühacirlərin təkidindən sonra «savaşın, sizinlə savaşanlarla siz Allah yolunda savaşın» (Bəqərə, 2) əmri verilir. Təbii ki, Məhəmmədin dilindən, ancaq Allahın adıyla. Allahdan savaş əmri gəlir, amma bu arada savaş deyilən bir durum yoxdur, kimsə kimsəyə hücum etməyib, müşriklərin (məkkəlilər) müsəlmanlara qarşı başladıqları bir savaş, basqın təhlükəsi yoxdur. Yuxarıda göstərilən səbəblərdən də talan-qarət, mal-mülkün xilası məsələsi aktual deyil, çünki mühacirlər arxalarında buraxdıqları talanacaq və satılmaq üçün başqa yerə daşınacaq bir şey yoxdur. Amma savaş əmri var, «ya zəlzələdən, ya vəlvələdən», artıq savaşmaq, hərəkətə keçmək barədə «ilahi göstəriş» var.

 Müdafiə yoxsa yağma?

 Bu olay İslam klerikalistlərinin İslam tarixində Məhəmmədin rəhbərliyi ilə aparılmış müharibələrin hamısının müdafiə xarakterli olduğu iddialarına tutarlı cavabdır. Müdafiə xarakterli olduğu iddia edilən bu savaşların adlarına nəzər salsaq, onların heç birində müsəlmanların sığındıqları Yəsrib (sonradan Mədinə) adına rast gəlmərik. (Bədr, Xeybər və sair yer adları hamısı Mədinədən uzaq yaşayış yerləri və düşərgə adıdır: – 1. Bədir, 2. Uhud, 3. Müreysi, 4. Xendek, 5. Kurayza, 6. Xeybər, 7. Məkkənin fəthi, 8. Huneyn, 9. Taif qazalarında vuruşub).
Məkkədən Mədinəyə köç etdikdən sonrakı 13 illik vaxt ərzində Məhəmmədin apardığı 45 (47 olduğu da bildirilir) dəstə hücumları (sariyyələr), 29 irimiqyaslı savaşların (qaza) heç biri müdafiə xarakterli olmayıb, hamısı Mədinə dışında, ondan çox uzaqda aparılıb və demək olar ki, bir qayda olaraq yağma, qarət və mal-mülk əldə etmək məqsədiylə edilib. Sadəcə bir məsələyə diqqət yetirilməlidir, – Məhəmmədin apardığı savaşlar müdafiə xarakterli idisə nədən bu savaşlar «müdafiə olunanların» sığındıqları yerin deyil, ondan çox uzaq olan məntəqələrin adıyla çağrılır. Əgər söhbət müdafiədən gedirdisə «Mədinə savaşı», «Yəsrib savaşı» ifadələrinə nədən rast gəlmirik? Yoxsa müsəlmanlar özlərini başqa-başqa şəhərlərin qapıları önündə müdafiə edirdilər?
Savaş barədə «ilahi əmr» var, qalır bir ona əməl edilməsi. Savaş qərarı məkkəlilərin də qulağına çatır, amma onlar bundan nəinki pəjmürdə olurlar, əksinə şad olurlar. Dərhal hazırlıqlara başlanır. Təbii ki, hərbi cəhətdən deyil, zurna-qavallı, neyli-gerenayli, dəbdəbəli döyüş səfəri hazırlıqlarına. Döyüşə qeyri-hərbi hazırlıq… Qalib gələcəklərinə şəksiz ümidli məkkəlilər savaşa çal-çağırla, dəbdəbəli, kəcavəli-dəvəli əyləncələriylə yollanırlar. Məhəmmədin quvvəsini onəmsəməmədən, onun seçdiyi strategiyanın mahiyyətini və vəziyyətin ciddiliyini dərk etmədən, onun aşkar üstünlüyünü gözardı edərək.

 Ərəb adətlərində “ilahi” yenilik 

Məhəmməd Əbu-Süfyanın Suriyadan qayıdan (!) karvanının yolunu kəsmək üçün ara məntəqəsi olan Bədr quyularının uzərində möhkəmlənməyi əmr edir, ancaq birbaşa quyuların üzərində deyil, kənarda qərar tutur. Səhabələrdən birisi ondan nədən quyuların uzərinə deyil, kənara düşdüklərini, bunun Allah əmri ya peygəmbərin şəxsi qərarımı olduğunu soruşur. Səhabənin bu strateji iradı Məhəmmədin ağlına batır və o, quyuların üzərini tutmağı əmr edir. Ancaq İslam peygəmbərinin bundan sonrakı əmri xüsusilə diqqətəlayiqdir: kifayət qədər su ehtiyatı götürdükdən sonra su quyularını daşla doldurmalı! Ərəb adətlərində daha bir yenilik! Comərdliyin, mərdanəliyin «müqəddəs zəfər» naminə ilahi ləğvi. Qalibiyyət yolunda hər bir vasitəyə qazandırılan «müqəddəs bəraət», Allah adından hər cür qəddarlığa verilən xeyir-dua… Düşməni məhv etmək məqsədinə xidmət edən bütün vasitə yolveriləndir, yetər ki, bunu sənə «rəhimli və mərhəmətli» Allah emr etsin.

«İslam əxlaqı» deyilən absurd əslində oyunbazlıqdan başqa bir şey deyil. Məhəmməd «yuxarıdan aldığı»nı iddia etdiyi qətl fərmanlarıyla elə peyğəmbərliyinin ilk ilində, xüsusən də Mədinə dönəmində öz əzazil, qəddar portretini cizgiləndirmişdi. Geriyə dönmək istədikdə boyunlarına «münafiqlər» yarlığı asılan aldadılmışlar qurtuluş zənn etdikləri «nicat qapısı»nın arxasından başlayan sonu uçurumlu yolun cəsəd dolu tikanlıq olduğunu dərk etmələrinə çox az zaman tələb olunmuşdu. Ancaq artıq gec idi. Ərəbin tolerantlığı, fərqli inanca, fərqli düşuncəyə sayğılı yanaşa bilmə bacarığı tarixin 1400 il arxasında qalıb… Unutduqları, bütlərini sındırıb Kəbədən, eləcə də həyatlarından atdıqları Paqan inanclarıyla birlikdə…

Su həyatdır. Su nəinki tək qızmar günəşin yandırdığı sonsuz səhrada, hər yerdə həyatdır. Belə bir deyim var: susuz ancaq 3 gün həyatda qalmaq mümkündür. Su ilə mübarizə, suyunu kəsməklə düşmənini yenmək hətta qəddarlığıyla ad qazanmış sərkərdələrin, fatehlərin də ağlına gəlməyib. «İlan ilandır, su içəndə adamı vurmur» nə dərəcədə realdır buna varmayaq, hər halda el arasında belə bir deyim də mövcuddur. Bilmirəm, tarixdə insanın hansı qəddarlıqlara, öz cinsindən olanlara nə cür işgəncələri rəva bildiyini bilərəkdən gözardı etməkdirmi, ya zoofobiyadır nədir, nədənsə həmişə qəddarlığa, əzazilliyə örnək olaraq ilan göstərilir? Bəşər tarixinə nəzər salsaq ilanlara, əfilərə şükür etdirəcək yüzlərlə örnəklər var. El deyimləri, folklor kifayət qədər nümunələrlə doludur: su içən insana toxunmaq insafsızlığın, qəddarlığın ən son həddi kimi təsvir edilir. «National Geographig»in Afrika savannalarındakı vəhşi heyvanlardan çəkdiyi sənədli filmlərdə də vəhşi aslanlar quraqlıq dövrü suatda, su içməyə gələn ovuna toxunmur. Su həyatın mənbəyidir, susuzluq ən dəhşətli əzabdır – bunu yırtıcı, vəhşi aslan da instinktiv olaraq bilir və bu qeyri-şüuri qadağaya riayət edir. Yırtıcı olsa belə heyvani instinkti ilə heç olmasa su uzərində rəhmliliyi xislətindəki heyvani vəhşiliyinə üstün gəlir.

 Yəzidə oxunan lənətə daha kim “şərik” olmalıdır?

Klerikalistlər Müaviyənin oğlu Yezidi hakimiyyətini qorumaq üçün Əli ibn Əbutalibin oğlu, Məhəmmədin nəvəsi Hüseynlə Kərbəla çölündəki döyüş və Hüseynin qətl edilməsi səhnəsini kifayət qədər dramatik, ağrılı təqdim etmək üçün də bu susuzluq məsələsini önə çəkirlər. İslam tarixçiləri döyüşü sadəcə bir məsələni qabartmaqla təqdim etməyə üstünlük verirlər: Yezid Hüseyni və dəstəsini mühasirəyə alıb, Fərat çayına gedən yolunu kəsməklə onlara səhranın dəhşətli susuzluq əzabını yaşatdı, işgəncə verdi. Döyüş haqqında söhbət bununla başlanıb elə bununla da bitirilər – Yezid Hüseyni səhrada susuz qoydu, vəssalam! Döyüşün gedişi, onun hərbi-strateji tərəfləri, hansı mövqelər seçdikləri və sair barədə söhbət edilmir. Susuzluq və onun verdiyi işgəncə faktı önə çəkilir və bununla da Yezidin sadist, qəddar obrazını yaratmağa çalışırlar. Azərbaycan da daxil olmaqla, şiə kültür arenasına daxil olan bütün xalqlar susuzluğunu yatırarkən, susuzluqdan, su qıtlığından söhbət edərkən «lənət Yezidə» deməyi özlərinə müqəddəs borc bilirlər. Bununla da sanki Hüseynlə həmdərd, həmcəfa olduqlarını ifadə edir, həm də su ilə mübarizəni lənətləyir, hətta düşməni olsa belə suyunu kəsib, səhranın yandırıcı günəşi altında kimisə susuzluqla qarşı-qarşıya qoymanı qınayırlar. Təbii ki, lənətləmə, kinini nifrət doğuran tərzdə ifadə etmək dışında bu sayaq mübarizəni qınamaq təqdirə layiq haldır. Ancaq unudulmamalıdır ki, Yezidlə Hüseyn arasındakı bu «susuzluq» olayı ilk dəfə Kərbəla düzündə baş verməyib, əksinə, bu taktikanin döyüş üsulu, qalib gələ bilmə metodu olaraq istifadəsi daha öncəyə, Hüseynlə Yezidin babaları arasında baş vermiş Bədr savaşına gedib cıxır. Unudulur ki, düşməninin su yolunu kəsməklə susuzluq əzabına düçar etmək ənənəsi ilk olaraq Yezid deyil, Məhəmməd peyğəmbər tərəfindən qoyulub, Bədr quyuları uzərində. Yezid sadəcə həmin metodu təkrarladı. Yəni babalar arasındakı ədavəti nəvələr çürütməli, babanın etdiyinə nəvələr cavab verməli olmuşdu.

 Savaşda yaralı və əsirlərlə “rəsulu əkrəm”in davranışı

Savaş başlayır. Və müsəlmanların gücünü önəmsəmədən, ciddi hazırlaşmamış, üstəlik də Əbu Süfyanın Bədr quyularının Məhəmmədin əlinə keçirdiyi xəbərini alıb hərəkət səmtini dəyişməsi səbəbindən daha gücsüz duruma düşən məkkəlilər yenilirlər.
Xeyli sayda itki verərək və özləriylə gətirdiklərini savaş alanında qoyub geri çəkilirlər. Ən önəmlisi Məhəmmədin ən qatı düşməni olan Əbu Cəhl (əsl adı Amir bin Hisham. Əbu Hakem, İbn Hanzala adları ilə də tanınırdı) öldürülür.

Əbu Cəhlin öldürülməsi olayı da Bədr savaşının diqqətçəkən yanlarındandır. Məhəmməd savaşdan dərhal sonra «Əbu Cəhl nə etdi, bir arayın, tapın onu» deyib ölülər arasında onun tapılmasını əmr edir. Abdullah ibn Məsud cəsədlər arasında Əbu Cəhli yaralı olaraq tapır və ayağını yaralının boğazına basaraq saqqalından dartıb «sən Allahü Təalanın düşməni, nəhayət Allah səni həqir və rəzil etdimi?» deyir. Abdullah Ibn Məsudla yaralı Əbu Cəhl arasında olmuş dialoq belədir:

Əbu Cəhl:

– Nə deyə Allah məni həqir və rəzil edəcək? Ey qoyun çobanı, Allah səni həqir və rəzil etsin» (maraqlıdır, İslamdan öncə ərəblərdə «Allah»inancı olmadığı bildirilirdi. Bəs elə isə Əbu Cəhlin dilindən bu «Allah» kəlməsi deyiləni yalanlamırmı?).

Sən mənə qələbənin bu gün kimin tərəfində olduğunun xəbərini ver!

Abdullah:
– Zəfər Allah və rəsulunun tərəfindədir. Bundan sonra Abdullah Əbu Cəhlin dəbilqəsini başından çıxarıb «səni öldürəcəm» deyir.

Əbu Cəhl:

– Sən öz qövmünü, ulusunu öldürənlərin ilki deyilsən (Abdullah ibn Məsud Əbu Cəhlin mənsub olduğu «Mahzumoğulları» qəbiləsindən idi). Fəqət sənin məni öldürməyin mənə çox ağır gələcək. Heç olmasa başımı sinəmə yaxın yerdən kəs ki, başım heybətli görünsün.
Abdulla, Əbu Cəhlin başını onun öz qılıncıyla kəsib qanlı qılıncını, zirehini, dəbilqəsini gətirib Məhəmmədin ayaqları altına atır və «atam-anam sənə fəda olsun ya rəsulullah. Bu Allahın düşməni Əbu Cəhlin başıdır» deyir. Peyğəmbər, «o Allah ki, ondan başqa Allah yoxdur» əlavə edir. Sonra birlikdə Əbu Cəhlin cəsədi olan yerə gedirlər. Məhəmməd: «Allah-Təalaya həmd olsun ki, səni həqir və zəlil etdi. Ey Allahın düşməni, sən ümmətin fironu idin». Sonra da əlini göyə qaldırıb «ya rəbb, mənə olan vədini yerinə yetirdin» deyib şükr etdi.
Savaşdan sonra, əsir olaraq ələ keçən Übbə bin Əbu Muayf dərhal edam edilir. Bu İslam tarixi qaynaqlarında da bildirilir. Edamin səbəbi də Übbənin hələ Məkkədəykən Məhəmmədə sayğısızlıq etməsi, insanları onun uzərinə qaldırması göstərilir…

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv