V. CƏHALƏT və YADLIQ
«Köhnə cəhaləti» görürlər yazıçılar, «Təzə Yadlığı» görmürlər: mədrəsə, molla, moizə, məscid səfalətini görürlər; – «uşqola» özgəliyini görmürlər; kütləvi naşılığı görürlər – kütləvi yadlaşmanı görmürlər; İslamçılıq Xurafatını görürlər – Qərbçilik Xurafatını görmürlər; Allahçılıq fəlakətini görürlər – çarçılıq fəlakətini görmürlər; «Vəhşi zalımlığı» görürlər – «mədəni zalımlığı» görmürlər»; «Şərq məzlumluğunu» görürlər – Qərb Fitnəsini görmürlər; Qəflət Hiyləsini görürlər – Siyasət Hiyləsini görmürlər; İdraki Maarifçiliyi görürlər – özülsüzlüyü görmürlər – Əslində isə Cəhalətlə Yadlıq – mahiyyətcə Birdirlər;
Yadlıq – Cəhalətdən xilas yolu deyil, Cəhalətin bəhrəsidir: Cəhalət – korluq, Yadlıq – Ruhsuzluqdur.
Yadlıqda cəhalət inkar olunmur – təzələnir; Yadlıqla barışmaq – mənəvi iflasdır – cəhalətə bərabər; özündən ayrılma – ruhani məğlubiyyətdir – cəhalətə bərabər; «köhnə cəhalətdən» «təzə cəhalətə» keçid olur yadlaşma.
Bu səbəbdən də «ölü duası, fatihə surəsi, namaz qaydaları, oruc, xüms, zəkat»la (Bax: Əzizə Cəfərzadə. “Şirvan trilogiyası – A.A) – «İmperator I Nikolayın şəxsən Qafqaz canişini general-qubernator Voronsovla Bakıxanova hədiyyə göndərdiyi brilyant üzüyün şərəfinə Abasqulu ağanın Bayramı» (Bax: Əlisa Nicat. “Mirzə Şəfi” – A.A) mənaca bir bəladır – birincidə Göz tutulur, ikincidə milli ləyaqət tapdanır; mahiyyətcə ikinci birinci qədər dəhşətli cəhalətdir; – ancaq o, cəhalət sayılmır – mədəniyyət sayılır, onu bilmək, görmək üçün dövrandan üstün olmalısan;
İntibah görürdülər Avropalaşmada, pənah gətirirdilər özgələşməyə dövrün qabaqcılları, mahiyyətcə Yönsüzləşirdilər, Yolsuzlaşırdılar.
«Məğribdə var maarif, məşriqdə var cəhalət,
Məğribdə hürrdür xalq, Məşriqdə var əsarət.
Şərq əhli çox donuqdur, Məğribdə var hərarət,
Məğrib – işıqlı yerdir, Məşriq zəmini-zillət» –
yazırdı Hadimiz – təzadlaşdırırdı, qarşılaşdırırdı Şərqlə Qərbi Qərbin Xeyrinə: Qərbdən İşıq Gözləyirdilər – maarifçilər Şərqdə zülmətdən başqa heç nə görmürdülər; Təqlidçilik Uçurumundan xəbərsiz idilər – çünki zamanlarından üstün deyildilər, Şərqin Daxili Mahiyyətindən uzaqlaşmışdılar, özündənayrılmada qabaqcıl idilər, Məşriqdən üz çevirmişdilər – üzlərini Məğribə tutmuşdular.
Avropa Şərqin təzə Məkkəsi olmuşdu.
«Avropa anlamışdır əlbət rəhi-nicatı,
Var çünki əhli-Qərbin yol göstərən dühatı» (Hadi).
Təqlidçilikdən böyük bəla yoxdur – bunu bilmədilər, özlərinin Xəlqi, Şərqi mahiyyətlərinə söykənmədilər, İfrata qurşandılar və nəticədə süni, quraşdırılmış Həyat yarandı – Hadilərin, Sabirlərin əvvəldən görə bilmədikləri…
Özündən kənara sıçramaqda qabaqcıl olduq…
Dəhşətli, heybətli Güc yaşayır Cəhalətdə:
«Qorxunc, gün tutulmasında çıxarılan mis səsləri kimi dəhşətli gurultu qopdu, hamamın günbəzinə, divarlarına düşüb əks-səda verirdi:
– Mütrüf köpək qızı!
Birinci arvad satılını ikincisinə, o üçüncüsünə və beləliklə də Güllübəyimə çatanacan bir-birinə vurmağa, ona çatanda zərbələri gücləndirməyə başladılar.
Turnalar ilan kimi onun bədəninə sarılır, zol-zol izlər qoyurdu; o, elə bir yanıqlı fəryad qoparıb səndələdi ki, sıx duran arvadların üstünə yıxılmasaydı, yerə dəyib daş döşəmədə başını yaracaq idi» (Bax: Əzizə Cəfərzadə. “Şirvan trilogiyası” – A.A).
Müsibət, bəla gətirir Xurafat adamların başına; ancaq Yadlaşmanın gətirdiyi bəla daha həqarətlidir: «Vəhşi xalqa» sədəqə kimi verilirdi maarif «möhtəşəm Qüdrət» tərəfindən, Siyasətə – Ağalığa xidmət eləyirdi; Xalqın itməsi, yox olması Təhlükəsi yaşayırdı Rəsmi Mərhəmətdə; – siyasi xətt idi «Mənəvi İntibah» – ardıcıl, qəddar.
«Mədrəsələşmə»ylə «Uşkollaşma» bir nöqtədə birləşirdi. Hər ikisi xalqı özündən ayırırdı; birincidə xalq – müsəlmanlaşırdı; ikincidə Avropalaşırdı, hər ikisində İtirdi, İtirilirdi.
Birinci Fəlakət göz qabağındaydı, onu hamı görürdü, ikinci Fəlakəti görmək üçün zəmanə həşirinə uymamalıydın, Zamandan yüksəkdə dayanmalıydın; özgələşmədə İşıqlı Sabah görməməliydin.
«Əlahəzrət imperatorun himayəsi altında kiçik xalqlar da inamla mədəni xalqlar sırasına tərəf addımlayır» (Bax: Əlisa Nicat. “Mirzə Şəfi” – A.A) – deməyəydin.
Özgələşmə Yadlığa xidmət eləyən, Yadlıqla qürrələnən Ziyalı İrsi yaratdı: Paqonlaşan, vəsiqələşən, vəzifələşən, rütbələşən; Yadlaşma – adətləşdi.
Cəhalət dəhşətli İnsansızlıq, İnsafsızlıq, Mütilik, Ölülük yaradır:
«Əyinlərinə diri ikən ağ kəfən geyinmiş, ayaqlarını qızmar qumlar, başlarını od yağdıran günəş yandıra-yandıra, ciyərlərini «əff» ümidi parçalaya-parçalaya ləhləyən, ibadət edən müsəlmanlar» (Bax: Ə.Cəfərzadə. “Şirvan trilogiyası” – A.A).
Ancaq Yadlaşma daha müdhiş ölüm yaradır: Ruhaniyyat ölümü, Ənənə ölümü, Tarixdən təcrid olunmaq ölümü, Doğmalıq ölümü, Özül ölümü.
Cəhalətdə Mənlik boğulur, Zor həddini aşır, həqarət adamlara meydan oxuyur:
«Başsız kütlə onu sıx-sıx dəmir məngənə içərisində imiş kimi sıxıb, dar qapıdan başmaq çıxarılan dəhlizə saldı. Canavar nəfəsi qulağının dibində, dodaqlarının ucunda xırıltı ilə səslənir, Seyid Əzimin nəfəsi kəsilirdi».
Ancaq Yadlaşma daha dəhşətli Bəla – Xalqsızlaşma, Ruhani Yetimləşmə Təhlükəsi yaradır: Yadlaşma bahasına maariflənmək – fəlakətdir; Cəhalətdə xalq maarifdən ayrılır, yadlaşmada özündən.
Cəhalətdə İdrak sönür, şiddətli idraksızlığa sürükləyir adamları Xurafat:
«Onlar narın süpürgə kimi topa bağlanmış zəncir dəstəsinin metal dəstəyindən yapışıb mərsiyənin ahənginə uyğun halda zənciri kürəklərinə çırpırdılar» (Bax: Ə.Cəfərzadə. “Şirvan trilogiyası” – A.A).
Ancaq Yadlaşmada, Təqlidçilikdə – Təbiilik, özünəməxsusluq məhv olur – Ruhsuzluq törəyir məşəqqətli.
«Cəhalət və səfalət» Boyunduruğu Təqlidçiliklə qırılmır – təzə boyunduruq yaradır daha Fəlakətli; Özgələşmək boyunduruğu – təzə Cəhalət və Səfalət yaradır – Daha Zülmətli Cəhalət, Fəryadlı təklik yaradır, Şəxsiyyətlə Mühit arasında Uçurum törəyir, Cəhalət sədd çəkir ləyaqətə:
«Canlı ölülərin nəhəng qəbiristanlığı».
«Yalançı müqəddəslik paltarına bürünənlər, əli quranlı, qılınclı quldurlar, lotular, şarlatanlar, fırıldaqçılar».
«Bilirəm ki, burda məni heç bir ocaq, heç bir süfrə gözləmir» (Ə.Nicat. “Mirzə Şəfi” – A.A).
Ancaq Yadlaşmada, Özgələşmədə Xalq tək qalır, təklənir; özgə İşığıyla İşıqlanan öz İşığını itirir; Kiməsə qoşulanda – həmişə itirmişik – elə şey yaradaq ki, bizə qoşulsunlar.
İslam Şərqin belini əydi, Avropalaşma belini qırdı: Cəhalətdən Yadlıq törəyir, Yadlıqdan Cəhalət – bu həqiqəti biz Taleyimizdə, Tariximizdə bildik – hərtərəfli, qəti.
VI. SƏTTARXANLIĞIMIZ
Məşrutəni Böyüdən və Məşrutə tərəfindən öldürülən, İranı Yüksəldən və İran tərəfindən Aldadılan; Cənubi Azərbaycan milli hərəkatına başçılıq eləyən və İrana yarayan, Qəhrəmanlığında Bənzərsiz olan və Üsyançı adlandırılan; Siyasətbazlarla qarşılaşan, Yükü Şöhrətindən artıq olan; Xarici təsirdən yox, daxili, tarixi Tələbatdan yaranan, Azərbaycan xalq Oyanışına rəhbərlik eləyən və İranı xilas edən, köhnə üsul-idarəni devirən və Yağıların hakimlik elədiyi yeni üsul-idarəni təsdiq edən, Ehkama sığmayan; Azərbaycan Rəmzi – özgəyə xidmət etməli olan, özgəni qüvvətləndirən; Təbrizə xidmət eləyən və Tehranı Qüvvətləndirən; Milli Azərbaycan Azadlığına xidmət eləyən və Ümumi İran Hərəkatını yetirən – onun ən böyük siması olan.
Ümumi İran hərəkatından Azərbaycan Azadlığı doğmadı, təzə əsarət doğdu; İran Səttarxandan bolluca bəhrələndi, sonra rəzilcəsinə Qəhrəmana qıydı: İran Yarası sağaldı, Azərbaycan Yarası sağalmadı.
Faciəvi tariximiz – özgələrə Yaramağımız, Yaraq olmağımız və özgələr tərəfindən öldürülməyimiz – bir daha təsdiqləndi.
Türklər özgələrə çox yarayıblar.
İranın ən böyük hökmdarları – ölkəni ən çətin məqamlarda xilas eləyən hakimlər – türklər olublar – Mahmud Qəznəvidən başlamış Nadir şaha qədər; İranın ən dahi Şahı – Şah Abbasdır – Səfəvi nəslindən; XX əsr İranın ən böyük Qəhrəmanı Səttarxandır və Türkü xalq saymayan da İrandır, Cənubi Azərbaycan yarasını yaradan da İrandır; İran Qüvvətləndikcə – Yara Şiddətlənir – Türk Qəhrəmanı İranı Qüvvətləndirir – Özünün Ziyanına.
İran Qüvvətləndikcə Cənubi Azərbaycan Fəlakəti artır və Azərbaycan Qəhrəmanı bu fəlakəti qüvvətləndirir – istəmədən.
Tarixi Fəlakətimiz təkrar olunur: özümüzə özgə böyüdürük, özgəyə gərək oluruq, özgəni öz Üzərimizdə Böyüdürük, öz Fəlakətimizə Böyüdürük – Fəlakətimizi Böyüdürük.
Zəncir Böyüdürük, Zindan Böyüdürük, Zillət Böyüdürük, Əzab Böyüdürük, Əsarət Böyüdürük.
Qüdrətimiz Özgəyə gərək olur – Özümüzə gərək olmur.
«Ölkəyə məşrutə verilməsi, parlament yaradılması, siyasi məhbusların azad edilməsi, ingilislərin dövlət işindən uzaqlaşdırılması» (Sitatlar Makulunun “Səttarxan” romanındandır – A.A) əməlinə qoşuldu Səttarxan və ölkədə məşrutə bərqərar oldu, parlament yaradıldı və bunlar Azərbaycanı azad eləmədi; Azərbaycan əsarətinə son qoyulmadı, Ümum İranlıq – Azərbaycana xeyir vermədi, Müstəqil Azərbaycan ideyasına xidmət eləmədi, Azərbaycan birləşib Vahid Dövlət olmadı, İran təzələndi, ancaq Azərbaycanın köhnə dərdi sağalmadı.
«Milli məsələni düzgün və ədalətli həll eləyən bir hökuməti qurmaq istəyirdi Səttarxan, ancaq Məşrutə üçün Azərbaycan dərdi yox idi əslində; Məşrutə üçün İran dərdi var idi və bu dərdin dərmanı Azərbaycanın Azadlığı deyildi;
Azərbaycanın Əbədi İranlaşmasına Zidd deyildi Məşrutə Başçıları, Cənubi Azərbaycanın müstəqilliyi – İran Möhtəşəmliyinə zərbə idi; Təbrizsiz Tehran əzəmətini itirərdi; bu səbəbdən də İran məşrutəsi milli məsələni ədalətcəsinə həll edə bilməzdi.
Azərbaycan Azadlığını İngilis də, Fransız da, Rus çarı da istəmirdi.
Onlara Vahid İran gərək idi: – Vahid İran İqtisadiyyatı, Siyasəti.
İran uğrunda döyüş gedirdi əcnəbilər arasında; İran payı qarmalayırdılar soyğunçular; Azərbaycan bu payın ən dəyərli hissəsiydi, ondan keçə bilməzdilər, Azərbaycanın əbədi İranlaşması üçün səylərini əsirgəmirdilər.
Müstəqil Azərbaycan ideyasının müttəfiqi yox idi əslində.
Sosial-demokratların məqsədi – Vahid Azərbaycan, Müstəqil Cənubi Azərbaycan deyildi; proletar İnqilabıydı; Səttarxan dövründə o aramsız d ünyəvi hərəkat kimi təsəvvür edilirdi; bütün dünyada, o cümlədən İranda, İranın tərkib hissəsi olan Cənubi Azərbaycanda dünyəvi proletar inqilabı hazırlamaq, dünyada olan bütün hərəkatları ona yönəltmək, bəşər tarixində yeni era yaratmaq və son nəticədə millətlərin bir-birinə qovuşması vasitəsiylə Millətsiz Vahid Bəşərə çatmaq istəyinə çalışırdılar sosial-demokratlar və öz ideyalarını İranda, Cənubi Azərbaycanda yayırdılar.
İslamçılar təbii şəkildə Müstəqil Azərbaycan ideyasının əleyhinə idilər; müsəlman birliyi milli səlahiyyətə uyğun deyildi; islamçı üçün xüsusi Cənubi Azərbaycan problemi ola bilməzdi; Dünyəvi İslamçılıq nəzərində Cənubi Azərbaycan problemi ola bilməzdi; Dünyəvi İslamçılıq nəzərində xüsusi Cənubi Azərbaycan, onun taleyi görünmürdü.
Dövran Azərbaycan çağırmırdı, dövran İran çağırırdı, Azərbaycan hədsiz dərəcədə təklənmişdi.
Səttar «İran Məşrutəsinin banisiydi, azadlıq hərəkatının rəhbəriydi», ancaq İran Məşrutəsi Azərbaycan Azadlığının əleyhdarıydı və Səttarxanlıq hadisəsinin faciəvi mənası elə bundaydı.
Səttarxan azadlığı tək parlamentarizm kimi anlamırdı, o onu həm də Cənubi Azərbaycan milli istiqlaliyyəti kimi təsəvvür edirdi;
Məşrutə – Səttarxan üçün Cənubi Azərbaycanı xilas eləmək vasitəsiydi, ancaq Məşrutə mahiyyətcə Cənubi Azərbaycan istiqlaliyyətinə yaraya bilməzdi; o, Azərbaycana azadlıq vermək üçün yaranmamışdı; İranı demokratikləşdirmək üçün yaranmışdı; Səttar Qəhrəmanlığı məşrutəyə gərək idi, ancaq Səttar Azərbaycansevərliyi məşrutəyə gərək deyildi; Azərbaycan milli hərəkatının başçısı Səttar – məşrutə üçün təhlükəli idi: o, məhv olmalıydı və məhv edildi.
Səttar Azadlıq bayrağına çevrildi, ancaq xalqını azad eləyə bilmədi; Böyütdüyü, yetirdiyi, canını, qanını verdiyi Məşrutə onu öldürdü.
«Yaralı aslana oxşayan Sərdarı böyük bir taxta qapının üstünə uzadaraq başlarının üstünə qaldırmışdılar: «Məhv olsun Zülm!»
Səttarxanlıq – bizim Faciəvi, Fəlakətli Özümlüyümüzdür, özgələrə həsr olunan, özgəlikdə öldürülən.
«Özümüzə gərək olduğumuz dərəcədə Dünyaya gərəyik!» – bunu öyrənməliyik Səttarxanlığımızdan – əzəli Qəhrəmanlığımızdan.
VII. AĞLIĞIMIZ
Ağıq Şumer Ağlığıyla, Zərdüşt Ağlığıyla, Babək Ağlığıyla, Qorqud Ağlığıyla, Nəsimi Ağlığıyla, Füzuli Ağlığıyla, Muğam Ağlığıyla, Saz Ağlığıyla.
Ağ İşıq gəzdiriblər İnamlarında, İdraklarında, Mənəviyyatlarında, İradələrində Ulularımız, İşıq olmağa çağırmışlar Dünyanı; İşıqdan yoğrulubmuşlar; «İşıq Səltənəti» yaratmaq istəyiylə yaşayırmışlar, Həqiqət İşığına bürünürmüşlər, «Ağ üz», «Ağ əl» olurmuşlar, pillə-pillə Ağlığa, Saflığa qovuşurmuşlar» (Sitatlar İsa Hüseynovun “İdeal” romanındandır – A.A).
«Hər yerdə inanırmışlar ki, İnsan ərəndən – işıqdan yaranıb; kim safdısa, öləndən sonra Ucaya, Ruha çevrilib, müqəddəs məkanda məskən salır».
Əminmişlər ki, «Bəşəriyyət Ağ işığın qüdrətini biləndən sonra kamilliyə çatacaq».
Oddaşlaşırmışlar, odmənləşirmişlər, oddinləşirmişlər.
Ər – İşıq demək imiş Dillərində, Müqəddəs Məna ağacı yetirirmişlər; – əsas olmuşuq, özül olmuşuq, mahiyyət olmuşuq Bəşərə; Bağban olub – İşıq Bağı becərmişik, Zülmət Qovan olmuşuq, Qapı açmışıq Aləmə.
Bilmişik ki, «Əhli-bəşərin bətninə zülmət çökəndə çərxi-fələk tərsinə fırlanır, həqiqət ərşi-əlaya çəkilir, yalan hakim olur Yer üzündə».
Şumer Ağlığıyla Ağıq – ilk Mədəniyyət, Ruhaniyyat, Bədiiyyat Ağıyla, Zərdüşt Ağıyla Ağıq – Əhrimənə qalib gəlmək İnamıyla, Söz Ağlığı, Fikir Ağlığı, Mənəviyyat Ağlığı, Əməl Ağlığıyla.
Babək Ağlığıyla Ağıq – Yenilməzlik Ağlığıyla.
Qorqud Ağlığıyla Ağıq – Ağsaqqallıq Ağlığıyla.
Nəsimi Ağlığıyla Ağıq – İnsani İlahilik Ağlığıyla.
Füzuli Ağlığıyla Ağıq – İlahi Eşq Ağlığıyla.
Muğam Ağlığıyla Ağıq – Mütləqə Qovuşma Ağlığıyla.
Saz Ağlığıyla Ağıq – İgidliklə Zərifliyin vəhdəti Ağlığıyla.
Bir Dünya Ağlığımız var – Əzəli, Əbədi.
VIII. MƏQSƏD
Tarix bizdən irəlidir; ona çatmaq gərək.