(Türkel AQ üçün)
Keçən il bu ideyanı 17 ağac adlandırmışdım. Sifətkitabı torunda ortaya tulladım ilkin tezisləri, fəqət “dahi” dostlardan heç biri zərrəcə reaksiya vermədi. Bir daha özümə borc bildim ki, nəzərləri cəlb edə bilməyə cəhd etmək şərəfinə nail olum.
Mahiyyət nədir?! Atəşkəsdən 18 il ötür. Ötən illərdən hər birində bir kənd, bir yüksəklik, bir ev, heç olmasa bir ağac geri qaytara bilsəydik, indi bizim 18 ağacımız olardı. Keçən il bu ağaclar 17 idi. İstərdim ki, gələn il 19 olmasın. Nə bilim, bəlkə də 180, 1800 olacaq, amma biz bunu bilməyəcəyik.
Bu ötən dövrdə itki ağrısı mənəviyyatımızı cılızlaşdırır, vətənpərvərliyimizi yarımçıqlaşdırır, döyüşkən türk ruhumuzu söndürür. Dayanacaqda avtobus gözləyə bilməmək hövsələsizliyimizi belə biz on minlərlə kvadrat kilometr torpağın qaytarılması səbri ilə tarazlayırıq. Avtomobildə kəmər taxmaq kimi adi qaydanı total olaraq pozmağımıza rəğmən atəşkəs kimi əcnəbilərin qoyduğu axmaq qayda-tələni heç zaman pozmuruq. Erməni əsgəri alt tuman köynəkdə əlində içki şüşəsi bizim torpağımızdakı mövqeyində gəzişərkən bizim əsgərimiz dəbilqəli başını səngərdən qaldıra bilmir.
Biz kimə hesabat veririk? ATƏT-ə, ATATA-İTƏ. Bəs 100 il sonrakı şagird, hansısa Ayxan balamız tarix kitabını oxuyanda söyməzmi əcdadlarının qeyrətinə? Əsl hesabat elə ona və onun çağdaşlarına verilməlidir. Bəs onun zamanında Azərbaycanın ərazisinin neçə faizi kimdə olacaq görəsən.
Bu mövzuda bir əsas cəhət daha çox marağımı çəkir. Niyə biz ancaq böyük miqyaslı müharibədən danışırıq? Niyə sadəcə, mütəmadi olaraq lokal diversiyalarla düşmənlərin və onların havadarlarının əsəbləri ilə oynamayaq?
Hansısa yaponun totamiyə vurulmuş kürəyindən sonra qaldırılan bayraqdan həzz almağa alışmışııq artıq. Biz tutaq ki, Aldıbasdı kəndinin partladılmış natamam orta məktəbinin üstündə dalğalanacaq üçrəngli ay-ulduzu görməyi arzulayırıq.
Son həftələr Daşaltı uğursuğluğu yenidən qaşınarkən təəccübə layiq detalları kəşf etdim. Bir kənd nədi ki, ondan ötrü günlərlə kəşfiyyat aparılır, rekoqnosirovka düzəldilir, bələdçilər cəlb olunur, mürəkkəb plan qurulur. Olmazdı ki, elə “ura”yla gözlənilməz zərbə endirilsin ki, qurulmuş tələlərdən yan keçmə ehtimalı da çox olsun?!
Ədəbiyyat və publisistikanın bir hissəsi bu yöndə mızıldayır, digəri “lazım olarsa”nın zühuruyla məddahlanır, üçüncüsü birinci savaş haqqında (ikinci olacaqmı?) roman, dördüncüsü postmodernist əxlaqsız əsər yazır. Şərq yaltaqlıği ilə Qərb tərbiyəsizliyinin günah yükünün eyni olduğu qənaətində olaraq fitrətən bizə verilən abrımızla qazandığımız intellekti heç kimə və heç nəyə qurban vermək olmaz. Mən, bir türk millətçiliyi ideyası ilə silahlanan, qeyri-ənənəvi müxalifətçi, heç bir kənar dairənin nüfuzunda olmayaraq bütün ağıllı adamlardan sadəcə bir xahiş edəcəm. Onsuz da bu ölkədə iqtidar uğrunda istənilən yolla aparılan mübarizənin heç bir mənası yoxdur. Biz yalnız qapalı dairə üzrə fırlanırıq. Sonda ancaq özümüzü görəndə getdiyimiz yoldan yox, elə özümüzdən usanırıq. Bir təkcə bu il 18-ci ağacınızi tələb edin. O ağacın kölgəsində bəlkə də nəvələriniz görüşə bilər, bəlkə bir səyyah gövdəyə söykənib heybəsindən kotlet-çörək götürüb, yeyib, mineral su içər. Bu gün o ağacı istəməsəniz, sabah çox gec olacaq.