Millətimiz qəribə tale yaradıb özünə. Bu qəribəlik millətə münasibətimizi də qəribələşdirir. Faciəmizi sükutla ötürəndə də qınayırıq milləti, təntənəli xatırlatmalar eləyəndə də. Bu günlərdə belə faciələrimizdən birinə – Xocalı soyqırımına anım günü keçirdik. Çox təntənəli gün oldu. Bu günü qeyd etmək üçün dövlət səviyyəsində hazırlıq gedib. Bunun da iki səbəbi var – həm faciədən 20 il ötüb ( 20 yuvarlaq bir rəqəmdir), həm də Fransanın Türkiyəyə qarşı bəslədiyi düşmən münasibət Xocalı faciəmizə təntənəli anım günü keçirməyi aktuallaşdırır. Açığı desək, adam dərindən düşünəndə hər iki halda təhqir faktı ortaya çıxır. Əslində faciəmizə qarşılıq olaraq Qarabağ problemi çoxdan həllini tapmalı idi. Problemi özümüzlə sürüyüb sabaha daşıyırıq, sonra da faciələrimizə təntənəli şəkildə anım günü keçiririk. İkinci məsələyə gəlincə, xalqın faciəsi siyasi münasibət obyekti ola bilməz. Fransanın, Rusiyanın, qeyrilərinin siyasi münasibətlərinin gah bu, gah başqa yöndə dəyişilməsindən asılı olmayaraq erməni ermənidir, o, türkün həm taleyi ilə oynayır, həm də ləyaqətiylə. Yaxud oynamağa təhrik edilir. İstənilən halda erməninin buynuzu sındırılmalıdır. Siyasi dünya heç vaxt türkə qarşı planlaşdırdığı sarsıdıcı gedişlərdən əl çəkməyəcək. Erməni də “erməniliyindən” əl çəkməyəcək.
Təəssüf ki, siyasi idarəçilik məsələsində türk ermənidən əsaslı şəkildə fərqlənmir. Hər ikisində üsul-idarə təxminən eynidir. Bu üsul-idarənin sahibləri ermənini idarə elədikləri kimi, bu və ya başqa şəkildə türkü də idarə edirlər. Siyasi idarəçiliyinin ideoloji prinsipləri tam olaraq özünə bağlı olmayan türkün öz faciələrinə münasibəti də kənardan asılı olaraq qalxıb-enir. Bir az sərt səslənsə də, deməliyik ki, hətta idarə olunur.
Fransanın erməni soyqırımı oyunlarından sonra Azərbaycanda məsələlərə dövlət səviyyəsində münasibət bildirmək təklifləri ortaya çıxdı. Hətta Fransanı ATƏT-in “Minsk Qrupu”ndan uzaqlaşdırmaq təklifi də səsləndirildi. Nə dəyişiləcək ki?! Bizə problemlərimizi həll eləmək gərəkdir, Fransanın adını dəftərdən silməklə “cəzalandırmaq” yox. Problemi həll eləmək isə Fransanı “Minsk Qrupu”ndan uzaqlaşdırmaqda deyil, “Minsk Qrupu”ndan imtina etməkdədir. Biz, Ocaq olaraq bu fikri illərdir yazırıq, deyirik. “Minsk Qrupu” problemin həllinin qarşısını kəsmək üçün yaradılıb. Qrupu təmsil edən dövlətlərin nümayəndələri deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında kompromis variant düşünməli, sülh yolu ilə məsələnin həllinə nail olmalıdırlar. Ancaq deyən yoxdur ki, işğal eləyənlə işğal olunan arasında kompromis variant nə ola bilər?! Əlifba səviyyəsində bəlli olan bir məsələnin üzərində on illərdir guya baş sındırırlar. Azərbaycan müharibə ilə işğal olunub, müharibə ilə də işğaldan çıxa bilər. Rusiya isə açıq şəkildə Azərbaycanı hədələyir ki, müharibə eləsən qarşında məni görəcəksən. Yəni torpaqlarından yenə erməniyə pay verməlisən, haqqından keçməlisən.
Əgər Qərbin yaratdığı beynəlxalq təşkilatlar olmasa bir çox milli problemlər həllini tapar, o cümlədən Türkiyənin bölgədə siyasi nüfuzu yeni bir mərhələyə qədəm qoya bilər. Bunun qarşısını almaq üçün hər cür hoqqadan çıxırlar. Erməni soyqırımı oyunu da həmin hoqqanın bəndlərindən biridir. Fransa öz eybəcərliyinin təsiri ilə basılmaqda və sarsılmaqda olan ermənilərə hər zaman ən son məqamlarda nəfəs verib və yeni eybəcərliyə təhrik eləyib.
Türkiyənin siyasi təsirlərində istər Osmanlı işartıları duyan, istər Turan-Türküstan ideyasının səslənməsindən Avropa təşvişə düşür. Ona görə də erməni soyqırımı oyunu ilə Türkiyənin gücünü sındırmağa çalışırlar. Həm də erməni soyqırımı oyunu Türkiyə torpaqlarını parçalamaq məqsədi daşıyır. Düşünürlər ki, soyqırım cəfəngiyyatı qəbul edildiyi təqdirdə nəzərdə tutulan təzminatı Türkiyənin ödəyə biləcəyi sadə bir məsələ deyil. Onsuz da ermənilər Türkiyəyə qarşı torpaq iddiasındadırlar. Avropanın hesablamalarına görə Türkiyəyə qəbul etdirilən təzminatı yalnız pul şəklində deyil, torpaq biçimində də ödətdirmək olar. Bu halda isə Avropanın Türkiyəyə təsiri yeni mərhələyə qalxar və əbədiləşər. Əslində həm erməninin iddiası ilə, həm də “Kürdüstan dövləti” ideyasıyla Türkiyədən balaca bir idarə olunan dövlət qurmaq məqsədi güdülür.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, Türkiyənin və Azərbaycanın vahid siyasi mövqedən çıxış eləməsi qarşısıalınmaz bir zərurətə çevrilibdir. Konyuktur siyasətdən imtina etmək zamanıdır.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!
26 Köçəri Ayı, 33-il.
(fevral, 2012)