Bəhmən Sultanlı. RESPUBLİKAMIZDA KÜRDLƏRİN ÜMUMİ SAYI 15-20 MİNDƏN ARTIQ DEYİL

Uzun müddətdir, müxalif dairələrdən olan bəzi “siyasətçilər”, müxalif mövqeli mətbuat orqanları ölkə başçısı Heydər Əliyevin kürd olduğunu, Milli Məclis üzvlərindən 90 nəfərin kürd mənşəliliyini, xaricdən olan “kürd axını”nı məskunlaşdırmaq üçün Gəncəbasarda, Abşeronda, Naxçıvanda, Şirvanda, Muğanda, Lənkəranda, Qubada… kəndlər, qəsəbələr salındığını, mövcud vəzifələrdə yalnız kürdlərin yerləşdirildiyini inadla sübutlamağa çalışırlar.
Ən dəhşətlisi “türk” sözünü deyənlərin “dilinin kökündən qoparıldığı” sovet diktaturası dönəmində türkçülüyün dayaqlarından, həm də türkçülük təbliğatının açıq, etibarlı mərkəzlərindən olmuş Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kürd axtarılmasıdır. Sovet dönəmində mərhum Əbülfəzl Hüseyni ilə, başqa vətənsevər dostlarımla dönə-dönə Naxçıvanın bölgələrində, o sıradan da Şərur bölgəsində türkçülük söhbətlərinin, türkçülük təbliğatlarının iştirakçılarından olmuşam.
Yuxarıda vurğulananlar ölkə başçısının “kürdlüyü”nü başlıca olaraq iki amillə əsaslandırmağa çalışırlar. Birinci amil onun qardaşı mərhum akademik Həsən Əliyev 30-cu illərdə dissertasiya müdafiə edərkən guya kiminsə onu «ilk kürd alimi» kimi təbrik etmişdir. İkinci amil isə, ölkə başçısının onun “kürdlüyü” barədə deyilənləri təkzib etməməsidir. Çox maraqlı, maraqlı olduğu qədər də məntiqsiz, gülünc iddialardır…
Bu amillərin yalnız anlam açıqlamasını verməyə çalışacağam.
“İlk kürd alimi” deyimindən göründüyü kimi, akademik Həsən Əliyev dissertasiya müdafiə elədiyi çağlar kürd mənşəlilər arasında elmi dərəcə alan olmamışdır. Ona görə də o dönəmdə alimlik dərəcəsi almış Həsən Əliyevə kimlərinsə “yiyə çıxması” təəccüb doğura bilməz. Millətlərin adlı-sanlı adamlara yiyə çıxması adi haldlr, həm də həmişə baş vermişdir. Akademik Həsən Əliyev 1972-ci ildə yuxarıda vurğulanan həmin fikirləri özünün təşkilatçısı olduğu, mənimsə, iştirakçısı olduğum bir görüşdə təkzib etmişdir. O, görüşün məzmununa, məqsədinə uyğun olaraq demişdi: “Bizim millət həmişə türk adlanıb. 30-cu illərdə siyasi məqsədlərə görə onun adını dəyişiblər. Cənubi Azərbaycanda (Azərbaycanın Cənubunda – B.S.) indinin özündə də Azərbaycan əhalisi türk adlanır. Düzdür (tədbirin iştirakçısı olan təbrizlilərə, ərdəbillilərə… üzünü tutub soruşdu – B.S.)? Sonra əlavə etdi: Biz də əslən Cənubi Azərbaycandanıq, Sarabdanıq. Sarabdan Əhərə, ordan Qaryaginə (indiki Füzuli), ordan da Comərdliyə köçmüşük”.
Sarab şəhəri Təbrizlə Ərdəbil arasında yerləşən qədim şəhərlərimizdən, elm, mədəniyyət mərkəzlərimizdəndir. Böyük aktyor Hüseyinqulu Sarabski, Yazıçı-akademik-Sosialist Əməyi Qəhrəmanı-ictimai xadim Mirzə İbrahimov, Xalq Artisti Rza Əfqanlı, Akademik-ictimai xadim-yazıçı Şəfaət Mehdiyev, yazıçı-professor Mir Cəlal, Akademik-Sosialist Əməyi Qəhrəmanı-ictimai xadim Murtuza Nağıyev, Akademik-ictimai xadim Azad Mirzəcanzadə… əslən Sarabdandır. Bunları da hansısa, düşünülməmiş iddialara söykənib başqalarına “bağışla”yaq?
Burada “Kürd” mövzulu ziyanlı təbliğatın əsassız olduğunu, məqsədi məkrdən, yalandan yoğrulduğunu anlatmağa çalışacağam.
İlk öncə ölkə başçısının “kürdlüyü” barədə. Onun özünə komanda yaratmaq səlahiyyitlərinə malik olduğunu bilməyən yoxdur. Öz səlahiyyətlərindən istifadə edərək vəzifələrə özünə münasib adamları yerləşdirməsi, Azərbaycan Respublikası Milli Məclisini beləcə formalaşdırması danılmazdır, bu məqsədlə regionçuluqdan, tayfa-klan faktorundan bəhrələnməsi gözgörətidir. Ölkə başçısının “kürd”lüyü sübutlanarsa, onda bu, həm dövlət vəzifələrinin, həm də MM-in “kürd”lərin sərəncamında olması qənaəti yaradır. Bu anlamsızdır.
Hamının bildiyi kimi, respublikamızda kürdlərin ümumi sayı 15-20 min nəfərdən (bunların da böyük bölümü qarışıq nigahdandır-B.S.) artıq deyil. Hər bir xalqı təmsil edən əhalinin 100 minindən təxminən 200-250 nəfəri ehtiyac duyulan təşkilatçılığa qabil olduğunu, Azərbaycanda isə, təxminən 18 min vəzifənin mövcudluğunu nəzərə alsaq, onda kürdlər respublika əhalisinin 70-80 faizini təşkil etmiş olar. Bu, tamamilə əsassız, yanlış, həqiqətdən çox uzaq, kürd separatçılarının, PKK terrorçularının dəyirmanına su tökən, gələcəyə hesablanmış çox ziyanlı, təhlükəli, düşmən hiyləsinin məhsulu olan bir iddiadır, uzaq məqsədli təhlükə qaynağıdır. Gələcəkdə yuxarıda adı çəkilən iddiaçıların mətbuatda getmiş mövqelərini oxuyanlar respublika əhalisinin milli tərkibi haqqında təhrif olunmuş həmin fikirlərdən hansı qənaətə gələ biləcəklər? Tarix üçün bu boyda bəla yaratmaq ehtiyacı hansı istəkdən irəli gəlib?
Bizdə heç zaman milli azlıq problemi olmayıb, yoxdur, olmayacaq da. Hələ 50-60-cı illərdə əslən Qubadlı, Kəlbəcər bölgələrindən olan tək-tük “kürdçü”lər ortaya atılmışdı. Özlərini “kürd qəhrəmanı”na çevirmək istəyən şəxslər sonradan öz səhvlərini anlamaqlarından idi, ya nədən idi, bir daha bu yolda görünmədilər. Qatı, “etibarlı kürdçü” sayılan Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şamil Əsgərov səhv etmirəmsə, 70-ci illərin sonları idi, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında vur-tut 5-6 min kürd əsilli insanın yaşadığını bildirirdi, bunların da sıranışını tərtib etmişdi. O, deyirdi: “bu rayonlarda kürd əhalinin mövcudluğunu nəzərdə tutub buraları kürd rayonları adlandırırlar. Bu, səhvdir, mənə saxta yolla artırılmış kürd sayı lazım deyil. Təmiz kürd əhalisinin sıranışını tərtib etmişəm. Orada kürdlərin sayı 5-6 mindən çox deyil”. Həmin sıranışı o çağlar özüm də görmüşdüm.
Mövcud gerçəkliyin diktəsinə görə, nə respublikamıza yan yerlərdən “kürd axını”, “kürd gəlişi” yoxdur, nə Gəncəbasarda, nə başqa bölgələrimizdə kəndlər, qəsəbələr salan, nə də o “xaricdən gəlmiş” kürdləri orada yerləşdirən bir kimsə yoxdur, olmayıb, ola bilməyəcək də. Axı, nə üçün həmin iddiaçılar respublikada özlərindən başqa insanların da yaşadığını, heç olmasa, bircə gerçək fakta şahidlik eləyənin isə, ortada olmadığını yadlarına salmırlar? Həmin iddiaçılar kürd separatçılarının, PKK terrorçularının əlinə hansı girəvəni verdiklərinin fərqindədirlərmi? Həmin separatçıların, PKK terrorçularının deyilənlərdən bəhrələnərək cürbəcür sərsəm iddialara düşəcəkləri heç də şübhə doğurmadığı göz önündədir.
“Kürd” problemini xarici qüvvələrin məqsədli şəkildə ölkəmizə sırıması heç kimə sirr deyil. Bunca ayıq olmalıyıq, yan-yörədə düşmənlərimizin olduğunu da heç zaman unutmamalıyıq.
Bir də, millətini, xalqını, Vətənini düşünən kəs heç zaman milli maraqları siyasi maraqlara, ya da hansısa, şəxsi maraqlara qurban verməz. Millətini sevən şəxs, əslində, hər şeyi, gərək olsa, öz canını belə, milli maraqlara, Vətənə qurban verməyə məhkumdur!..
Əslən türk olduğu şübhə doğurmayan ölkə başçısının “kürdlüyü”nü sübutlamağa çalışılırsa, bu yolla onun üçün kürdlərdən, eləcə də başqa etnik azlıqlardan ibarət sosial baza yaradılırsa, o, nə üçün rəqiblərinin yaratdığı bu bazadan imtina etməlidir, nəyə görə öz təkzibi ilə öz sosial bazasını zəiflətməlidir?..
Ölkə başçısı ata-babasının, özünün, uşaqlarının, eləcə də arvad tərəfinin türk olduğunu, bununla da fəxr etdiyini Türkiyə televiziyasına verdiyi saat yarımlıq müsahibəsində bildirib (buna tanınmış şairimiz, milli azadlıq hərəkatının aktivlərindən olan Abbas Abdulla şahidlik edir -B.S.), respublikadakı çalışmaları dönəmində bunu həmişə əməli yolla sübut edib. Onun 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi olduğu çağdan etibarən.
Bir də, yapma yolla özümüz üçün kürdlərdən ibarət düşmən yaratmağımızdan hansı xeyiri gözləyirik? Ölkəmizdəki 20 minlik kürd əhalisini PKK-ya sığındırmaqmı, onları separatçılığa təhrik etməkmi istəyirik?
Belə olduğundan, görəsən ölkə başçısını yapma yolla kürdləşdirmək xalqımız, Vətənimiz üçün bu qədər vacib, bu qədər tale yüklü məsələdir? Mən bilmirəm, qarşıda duran başlıca vəzifə dövlət başçısının “kürdlüyü”nü sübutlamaqdan ibarətdir, ya da haqq, ədalət, demokratik islahatlar tələbi? Tutalım, faktları təhrif etmək yoluyla bu, “sübutlandı”, ortaya çıxdı, bəli, H.Əliyev “kürddür?!”. Bu, qarşıya çıxan müşkülləri həll edəcəkmi? Adı çəkilən dairələrin H.Əliyevlə “mübarizəsi” məgər onun “kürdlüyü” ilə bağlıdır?
Əslində, onun “kürdlüyü”nü sübutlamağa edilən cəhdlərlə inzibati orqanlara kürd mənşəli cinayətçilərlə ehtiyatlı davranmaq xəbərdarlığı edilir, icra orqanlarına kürdləri vəzifələrdə yerləşdirmək göstərişi verilir…
Azərbaycanda “kürd” söhbətinin kənardan xüsusi məqsədlə ortaya atılmış olduğunu unutmaq olmaz. Müxalifətin adına yazılan bu yapma söhbət həm də müxalifəti beynəlxalq aləmdə milli ayrı-seçgilik meyilliyi kimi dəyərləndirməyə səbəb olar, o, belə “mübarizə” üsuluna görə respublikamızdakı azsaylı xalqlar arasında öz etibarını, öz dəstəyini itirər, bundan isə milli mənafelərimizə ciddi zərbə dəyər.
Belə olduqda, o fikri yayanların nə məqsəd güddükləri həm başa düşülən, həm də düşülməyəndir.
Adı çəkilən işlər varsa, deməli, onun təşkilatçısı da var. Onda həmin PKK-çıların və kürd separatçılarının o işlərin təşkilatçısını qəhrəmana çevirəcəkləri sözsüz, qaçılmaz olacaqdır. Bu, kimə gərəkdir? PKK-nın kimlərdən ibarət olduğu yaxşı-yaxşı araşdırılsa, onun içində kürd əsilli olmayanların heç də az olmadığı, əslində, PKK-nın kürdlərə deyil, başqalarının uzaqlara tuşlanmış siyasətinə xidmət etdiyi ortaya çıxar. Məncə həmin “kürd” söhbətini ortaya atanların buradakı məqsədləri, “gizli qalan” iddiaları da araşdırılsa, çox şeyə aydınlıq gətirilər. Bu araşdırmalar xalqımızın bugünü və gələcəyi üçün bunun kimi də, tariximiz üçün çox vacibdir.
Bir də, hakimiyyətdə bu mövzuya maraqlı kəslərin olduğunu, varlığını heç də unutmaq olmaz… Ölkəmizdə ehtiyac ucbatından, ya da başqa hansı səbəbdənsə PKK-nın toruna düşmüş, hazırda ona xidmət eləyən kürd əsillilərin olmasına şübhə ilə yanaşmaq da düzgün olmazdı. Bu baxımdan yanaşdıqda, burada PKK-ya maddi dəstək verən aldadılmış kürdlərin də mövcudluğu qaçılmazdır.
İnsanın təkzib olunan hər bir fikrinin onun sözünü kəsərdən, özünü hörmətdən, etibardan salan olduğunu diqqətə çatdırmağı özümə borc sayıram, dediklərimin məsuliyyətini anlayıram, burada özümü dediklərimdən doğan hər bir suala cavab verməyə hazır bilirəm.
Onu da əlavə edirəm: zamanında erməniləri də “DİV”ə çevirib özümüzə vahimə qaynağı yaratmışdıq. Ermənilərin “DİV” yox, böyük siyasətlərin “peşka”sı olduğu sonradan məlum oldu. İndi də kürd separatçılarını, PKK terrorçularını “DİV”ə çevirib özümüzü vahiməyə salırıq… Ancaq zaman gələcək, onların da böyük siyasətlərin bir ovuc “peşka”ları olduqlarının biz də şahidləri olacağıq…

12.12.2002

Sözardı. Yazıda bəhs etdiyim söhbətin miqyası məni bu məsələni araşdırmağa sövq etdi. Araşdırdım, söhbətin əsassız, həm də ziyangətirən olduğunu müəyyənləşdirdim, yazını yazmağa özümü mənəvi cəhətdən borclu saydım. Yazdım, yazdığımı “Yeni Müsavat”, “Azadlıq”, “Hürriyyət”, “Millət”… qəzetlərinin baş redaktorlarına; “Müsavat”, “Xalq Cəbhəsi”, “Demokrat”, “Milli İstiqlal”… partiyalarının rəhbərlərinə şəxsən çatdırdım…

Bəhmən SULTANLI

Turkel-aq.org-dan: Bəhmən Sultanlının göndərdiyi bu yazının maraq doğuracağını nəzərə alıb yayımlamağı məqsədəuyğun saydıq.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv