Yasin Türksoy – Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

 (Cizgilərin diliylə)

Qayalar insanlar kimi yalan söyləməz. Ən əhəmiyyətsiz görsənən daş parçasının özündə daşıdığı tarixi əhəmiyyətli sirr ona ehtiyac artdıqca bir o qədər mənalanır. Cansız təbiət sayılan bitkilərin – otların, ağacların da axtarışlara bələdçilik imkanı var.

Dünyada ən acı həsrətlərdən biri də qəribsəməkdir. Soyuq qayalar, daş parçaları sirrini vermək üçün sanki insan axtarır. Onları duymaq üçün yetər ki, könüldən istəyin, ünsiyyət doğmalığın olsun. Yanından saymazyana, laqeyd keçdiyimizdə daş parçası özündə əsrlərin sirrini gizlədə bilir.

Öz arealında, öz aləmində əsrlərin hikmətini daşıyan, mənadan gələn daxili halın cizgilərdə izharı Azərbaycanımızın tarixi keçmişi olan Qobustan qayaüstü oymaları, naxışları əvəzsiz xəzinədir. Etinasızlıqdan XX əsrin əvvəllərindən araşdırılmağa başlanılmışdır.

Şumer dili ilə türcələr (ağızlar – ləhcələr, dialektlər) arasında eynilik olduğu, ilk yazılı ədəbi nümunə olan “Bilqamıs” dastanı ilə Azərbaycan folklorunun, şifahi xalq yaradıcılığının, nağıl-dastanlarının kök-boy yaxınlığı, tibbi fikirlər, məlumatlar, inanc, mifoloji-astronomik dünyabaxışlarının səsləşməsi, oxşarlığı, doğmalığı danılmazdır. Bunun kimi də Türk ölkələrindəki, əsarətdə olan tarixi türk torpaqlarındakı qayaüstü və daş abidələr-kitabələr, yazılar arasında işarə eynilikləri, sistem, süjet və kompozisiya quruluşunun vahidliyi əcdadlarımızın ortaq türk düşüncəsindən, ortaq türk ruhundan irəli gəlir. Sibir çöllüklərindəki tapıntılar, işarələr ilə Azərbaycan qaya təsvirləri arasında ilgi, üst-üstə düşən oxşarlıq, bənzərlik bir-birlərini tamamlayacaq qədər ruh doğmalığı yaradır.

QuzHun (Xəzər) dənizi ilə bağlı qayalarda qayıq, balıq cizgiləri yerli aborigenlərə dominantlıq mövqeyini bildirən cəhətdir. Qavaldaşının sirli-soraqlı səs ahəngində icmanın daxildən gələn hiss və həyəcanı duyulur. Onların yallı bilgəliyini (müdrikliyini) düşündükcə, Naxçıvanın Gəmiqaya abidələrindəki ibrətamiz “Maral hekayəsi”ni (Əjdər Fərzəlinin ifadəsi) xatırladıqca etnik gendən gələn Ruhani yetkinliyimiz təsdiqlənir. Maral balasını öldürən ovçunun kəsilib çiyninə qoyulmuş ayağı – bu mənzərəni seyr etmək heyrətdir. O dövrün toplumundan heyrət doğuran insanlıq dərsi. İnsanın idrak saflığından, ürək düzlüyündən fərəhi yerə-göyə sığmır. Bax budur, Azərbaycanımızın insani mahiyyətinin ifadəsi – bütövlük, böyüklük, ağsaqqallıq!

Dillənən qayalar

Qobustandan söz düşərkən Tur Heyerdalın “Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, doğru tarixi indiyə qədər öyrənilməyən mədəniyyət incisidir” fikri yada düşür. Qobustan, Naxçıvan, Kəlbəcər, Göyçə-Zəngəzur zonası və adları ermənicəyə dəyişdirilmiş İrəvan ərazilərindəki qayalara həkk olunmuş təsvirlərin kompozisiyaları bir-biri ilə tam uyğunluq yaradır. Bu isə yurda sahib olan əcdadlarımızın düşüncə və ruh doğmalığının vahidliyini sübut edir. İrəvan, Naxçıvan, Qarabağ, Borçalı, Güney Azərbaycan ərazilərindəki daş qoç abidələri də eyni düşüncə axarının davamıdır. Güney Azərbaycan ərazilərindəki oyma və cizgilərin anatomiyasını incələdikdə də Azərbaycanın bütöv türk varlığı aydınlaşır. Tarixi Bütöv Azərbaycan ərazisindən tapılan eksponatlar, aksesuarlar, bəzək və məişət əşyaları, sümük nümunələri birmənalı olaraq türk irqinə aiddir. Ermənilərin uydurma “yunan-erməni mifologiyasının yaxınlığı” qayaüstü təsvirlərə sahib çıxmaqla tarixi saxtakarlıq etməsi işğalçılıq meylindən irəli gəlir. Qobustan-Gəmiqaya oymalarını əvəzsiz edən bu təsvirlərdə əlifbanın olmasıdır. Qobustan-Gəmiqaya əlifbası Orhun-Göytürk (Yenisey) damğaları ilə səsləşir və Rusiya, Monqolustan, Çin əsarəti altında olan Türk torpaqlarındakı, Avropadakı türk yazı və abidələri Azərbaycandakı yazı işarələri ilə eyniköklü sistemə aiddir. Çox güman, Kirill qardaşları slavyan əlifbasını əsasən türk hərfləri əsasında hazırlamış, ciddi bəhrələnmişdir. Əlifbanın sxematik quruluşuna baxmaq bəs edir.

Azərbaycan qayaüstü təsvirlərinin Hindistanın Madhya Pradeş ştatındakı Bhimbetka qayaüstü təsvirlər ilə oxşarlığı var. Çəkilmə texnologiyası fərqli olsa da, təsvir detalları – ox-kaman, ov silahları, dəyənək, ov təsvirləri, əhliləşdirilmiş heyvan təsvirləri, hamilə qadın, yallı səhnəsi, piyada və at belində əllərində dəyənəklə ov üstünə şığıma və s. səhnələr isə oxşardır. Bu isə ümumşərq mahiyyətindəki doğmalıqdan irəli gəlir. Hindistan təsvirlərinin çox hissəsində fərqli cəhət insan təsvirlərində əzələliyi və əzəmətliliyi bildirmək üçün döş qəfəsi yuxarıdan aşağı üçbucaq formasında təsvir edilib. Azərbaycan təsvirlərində isə gövdə uzunsov və oval, təbii formaya uyğun təsvir edilib.

© Fotolar müəllifindir.

15 İşıq ayı, 34-il.

(15 may, 2012)

y.turksoy@mail.ru

www.turkel-aq.org

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv