– Asif Ata, deyirlər ki, Yer üzərində suyun səviyyəsi artanda türk də qalxır, öz hakimiyyətini bərqərar edir. Bu asılılıq hardan gəlir və Asif Atanın «türklər xüsusi irqdir» kəlamına da aidiyyatı varmı?
Asif Ata: Bu məsələni mən belə başa düşürəm: insanla təbiətin bir-birinə qarışması, qovuşması var. Adətən, təbiətin insana təsirindən çox deyirlər. İkinci məsələ – insanın təbiətə ruhani təsirindən isə heç nə oxumamışam. Məsələnin belə qoyuluşu orijinallıq təki anlaşılmasın, çoxdan fikirləşirəm ki, insanla təbiətin qohumluğu daha üzvidir, bu birlik daha sıxdır. Bir sözlə, insan özü də təbiətə təsir edir. Deyirlər ki, Şərq ölkələrinin iqlimi insanlara təsir edir və insanların idrakında, mənəviyyatında çox böyük rol oynayır. Ancaq insanla təbiətin eyni zamanda yaranmasını unudurlar. Təsəvvür edirlər ki, əvvəl iqlim yaranır, onun əsasında da insan yaranır. Gözün bundan artığı görmək imkanı yoxdur. Ağıl bilir ki, insan təbiətlə eyni bir hadisənin, eyni mahiyyətin ifadəsi kimi paralel yaranıb. Evolyusiya fəlsəfəsi cəfəngdir. Şərq insanı Şərq təbiətinə uyğun qarşılıqlı təsir edir. Şərq təbiəti olmasaydı, Şərq insanı olmazdı. Burda mistika yoxdur, tam yetkin, ciddi fəlsəfi fikirdir. Bu, ümumi tərəfdir.
Demək olar ki, türk öz təbiətini də təbiətə calayıb. Sənin dediyin obrazı qəbul edib, lakin belə təfsir edirəm ki, türk təbiəti ilə türk xarakteri eyni şeydir. Və türk aləminin indiki axarlığı çox böyük məsələdir. Qısaca belə başa düşürəm. Türk Osmanlı imperiyası dövründə dünyaya Türk gücünün mənasını bildirdi. Onlardan əvvəl, hələ hunlar dövründə, Atilla dövründə türklər dünyaya öz mütəşəkkil birliyinin gücünü göstərmişdi. Hunları hun edən onların mütəşəkkilliyi idi. Atilla isə dahi təşkilatçı idi. Lap əvvəl türklər öz ruhani mahiyyətlərini Zərdüştdə göstərdilər. Zərdüştün işıq ideyası türk tanrıçılığına çox yaxındır. Türk allahı Göy tanrıdır. Göy işıq rəmzidir. Döyüş orda gedir. Həmin Göy işığı düşür mənəviyyata, insan bədəninə, əlinə, dodağa, halallığa və s. Hürmüzd Əhrimənlə döyüşür, Od ilahiləşir, təkcə istilik yox, işıq rəmzi olur. Göylə bağlı türk tanrıçılığından yaranıb Zərdüştçülük. Türkçülüyün ruhani böyüklüyü və sonradan sufilər, hürufilər Şərq cərəyanları – hamısının götürdükləri yol Zərdüştçülükdür. Mahiyyətcə. Sufilərdə türklər çox deyil, lakin ideya türk ideyasıdır, Tanrı, Göy ideyasıdır. İstədiyimizi yox, olanı deyirəm. Sonrakı türkçülük qılınc türkçülüyüdür. Teymurləngdir. Bunu türk faciəsinin ifadəsi hesab edirəm. Burda türk təsdiq olundu. Amma necə? Nə qaldı Teymurləngdən? Yerə-Göyə sığmadı türk. Dünyanı zəbt eləmək olmaz. Dünya insandan ibarətdir. İnsana sahib olmaq olmaz. Əslində Teymur heç nə qazanmadı mahiyyətcə. O duyğu, o düşüncə, o məğrurluq, o dahilik verilmişdi ona. Heç nə qalmadı onlardan. Yəni Teymurun hər döyüşü bir əsər idi, bitdi. Qəsbkar aqibəti budur. Tarixə düşmək asandır, onu yaratmaq çətin.
Sonra Osmanlı imperiyasının uğursuzluğu başladı; onun fəlakəti xəlifəti təqlidi oldu. Türk özü idi, qələbə var idi.
Xristianlar səlib döyüşünə gələndə səlib döyüşçülərini döyür¬dülər. Osmanlının ağlı çatdı ki, Bizansda quldarlığı ləğv etsin. Türk yeganə irqdir ki, onda quldarlıq olmayıb. Sonra Osmanlı türkləri zəiflədikcə başqa ölkələrdə qalan türklər özgələşdi. Oğuzla qıpçaq döyüşdü. Ayrı-ayrı ölkələrin himayəsinə keçdilər. Öz peyğəmbərini yaratmadı türk. Türk idi ərəb ordusunun gücü. O da Babəki qətl etdi. Bu, Azərbaycanın, Kişiliyimizin, yenilməzliyimizin qətli idi. Sonra Çaldıran. Türk türklə döyüşəndə məğlub olur. Sonra Türkmənçay. 1909-cu ildə Türkiyəni ölümə gətirən inqilab (Gənc Türklər İnqilabı nəzərdə tutulur). Milli dövlətimizin devrilişi, 20 Yanvar, Xocalı.
Türkün XX əsrdə ən böyük səhvi bayraqda oldu. Müsavat bayrağında bir tərəfdə türkçülük və onunla qoşa qərbçilik, islamçılıq – eklektika, süni birlik. Bu fəlakətdir. Bəlkə zəmanə əlacsızlığı, bəlkə idrak nöqsanı, bəlkə də hər ikisidir. Türkçülük – özümlük, qərbçilik – özgəlikdir, cazibədardır, onun siyasi doktrinaları var. Atatürk Türkiyəni Qərbin ağzından çıxardı, qərbləşdirdi. Üçüncü – islamlaşma. İslamçılıq Qərbin xeyrinədir, sosializmə alternativ kimi.
Türkün axması çətindir. Türkün axması Ocaqdadır. Mütləqə İnamdır. Bu, türk ruhundan doğan səmavilikdir. İndi türkün İnamı var. Ocaq İnamında hakimiyyət əvəzinə Atalıq, Xəlqi Birlik, imtiyazsızlıq – Türk Birliyinin doktrinasıdır. İnsanlaşma ayrı-ayrı adamların ayrılması deyil. Bütün xalq təzə Cəmiyyət, təzə İnam qurur. Türk Şərqin başçısı olmağa layiqdir. Niyə Zərdüştün, Babəkin xalqı olmasın Şərqin mərkəzi? Onun bu qədər ruhaniyyatı var. Hürufi insanilik məktəbi, Füzuli eşq peyğəmbəridir. Eşq ən əsas ruhani gücdür. Füzulini, Muğamı, Sazı verən türk öz qədrini bilmir. Ocaq var. Şərqin gələcəyi türkdür. Yol çətindir. Üzdəkilər sabaha getmir.
– Vahid Türk Dünyası yaratmağın yollarını hərə bir cür təsəvvür edir. Bəs Asif Atanın təsəvvüründə bu necədir?
Asif Ata: Vahid Türk Dünyasını siyasi birlik tək dərk etmək səhvdir. Siyasətin birinci, ruhaniyyatın ikinci olması ruhsuzluğun ifadəsidir. O filosoflarla razıyam ki, siyasəti əsasən ötəri, əxlaqa zidd hesab edirlər. Sokrat deyir: «Demon qulağıma pıçıldadı: olmaya-olmaya siyasətə gedəsən ha!» Əslində siyasət bəşəriyyətin zəifləməsinə dəlalət edən hadisədir. Bəşəriyyət güclü olsa, siyasətə ehtiyac olmazdı.
Siyasətə başqa yerdə özünü göstərə bilməyən, az talantlı adamlar gəlir. Əsil ziyalı öz ziyalılığını siyasətə dəyişməz.
Mən türk birliyinin üç cəhətini görürəm:
1. Türkün mənəvi-ruhani birliyi – əsası Ocaqçılıq. Yəni İnam əsasında birlik. Ədəbi, sənət, elmi, adət birliyi. Əsası budur: dillərin bir-birinə yaxınlaşması, mədəniyyət, ümumi türk mahiyyəti, musiqi, sənət – ümumi türkçülük: mənəvi-idraki ümumi türk təhsili. Türk bunu eləməlidir. Ümumi Füzuli, Nizami, Nəsimi Türkiyəsi. Burda pis şey yoxdur. 2. Hərbi ittifaq. Ayrı-ayrı müstəqil ölkələrin, xalqların hərbi birliyi. Çətin məqamda bir dövlət daxilində, içində birləşə bilmək. 3. Qərbçiliyə qarşı birgə döyüş, qərbçiliyin aradan qalxması. Bu, Türk Dünyası üçündür. Ayrı çeşidlər – bir boyunduruqdan başqasına keçməkdir. Türk xalqı bir şey, türk hakimiyyəti başqa şeydir. Türk dövləti doğma. Öz boyunduruğumuzdur, amma boyunduruqdur!
«Ruhaniyyat birinci, siyasət ikinci» prinsipindən doğru yol yoxdur.
– Türkün tarixən formalaşmış xarakteri ilə Türk Birliyi nə dərəcədə uyğun gəlir?
Asif Ata: Türk xarakterinin birinci xüsusiyyəti birsifətlilikdir. Qəti əminəm ki, türkdən Taleyran kimi diplomat çıxmaz. («Dil fikri gizləmək üçündür»). Ford çıxmaz. Mən xalq içindən çıxmışam, bildiklərim bunu mənə sübut edir. Dünyaya bu lazımdır. Dünyanı bu xilas edəcək. Diplomatiya yox. Bəşər heç vaxt belə yiyəsiz qalmayıb. Siyasətin axırı budur. İkinci, döyüşkən, vüqarlı. Döyüşdə çox ləyaqətlidir. Bunu məndən əvvəl Nehru da deyib. Türkdə kin yoxdur, öldürəndə ləzzət almır. Ölümə qarşı, ölümlə üzbəüz duran irqdir türk. Türkə bərabər deyil heç kəs. Üçüncü, inamçı. Anadangəlmə inam¬çıdırlar. Buna görə də Həmzələrə tuş olandırlar. Dördüncü, açılmamış zəka. Ayzek Əzimov bütün beyinləri tədqiq edib deyir ki, türk beynindən yoxdur. Nyutonumuz olardı – Teymurləngimiz olmasaydı. Elmdə edə biləcəyimizi meydanda etdik. Döyüş özü böyük işdir, yaradıcılıqdır, fəlakətli yaradıcılıq. Mənəm deməyən xalq yoxdur tarixdə. Məhəmməd beduinlərdən xalq yaratdı. Belə güc, qüdrət bizdə olmadı, birləşmədik.
Türkdə üç böyük hal və bir nöqsan görürəm. Sabah hamı gecə-gündüz öz imkanı, ruhu daxilində iş görsə, türk öz mahiyyətini açacaq. Onda siyasət doktrinası dilənməyəcək. Türk öz siyasi qurumunu da deyəcək. Türkün sabahına inanıram, çünki özümə inanıram.
– Asif Ata, kimdəsə oxumuşam, deyir qılıncı olmayan peyğəmbər qalib gəlmir.
Asif Ata: Demək istəyirəm ki, peyğəmbərlik oyun deyil, qılıncla olmaz. Peyğəmbərin əlifbası – hər şey sözdən yaranır. «Snaçalo bılo slovo» (“Öncə söz vardı” – “İncil”. Yəhyanın müjdəsi). Dünyanı söz idarə edir. Söz Allah tərəfindən peyğəmbərə verilir. Qılınca əl atan peyğəmbər peyğəmbər deyil. Onun nəyi peyğəmbər olur ki?! Onun qılıncı sözdür, ruhdur, ömrüdür. İsanın xoşbəxtliyi onda oldu ki, o öldü, yoxsa o da qılınca əl atardı. Onun peyğəmbərliyini dünya daha yüksək tutur.
– İnsanın içində qoşa yaranan və qoşa ölən mənəvi-ruhani bir ehtiyac olur. Bütün poeziya, fəlsəfə, dinlər bu ehtiyacın ödənişi kimi bu boşluğu doldurmaq üçün yaranır. Amma heç nə bu ehtiyacı tam dolğunluğu ilə ödəmir. Bəs Asif Atanın bəşərə təqdim etdiyi İnam necə, bu boşluğu doldurmağa qadirdirmi?
Asif Ata: Fəlsəfə tarixini vərəqlədim, antik dövrdən indiyə kimi. Çox təəssüflü bir hal yarandı. İndiyədək olan fəlsəfə bəşərə lazım deyil. Mənə çox pis təsir etdi. Belə fikir yarandı ki, tək fəlsəfə azmış. Nəsə ayrı bilik lazımdır. Sonra başladım ədəbiyyatı oxudum. Həmin vəziyyətə gəlib çıxdım. Ümumiyyətlə şeir kimə lazımdır? Kimin əlindən tutur şeir indi? Keçdim musiqiyə. Burada vəziyyət bir az başqa oldu. Yenə zəruriyyət görmədim. Elə şey yaratmaq lazımdır ki, fəlsəfə də olsun, musiqi də, şeir də. Gördüm sintez vaxtıdır. Fəlsəfi ədəbiyyat siyasi doktrina deyil, izharlardır, bu lazımmış. Elə bil ki, qərib xurafatçı səviyyəsində desəm, «qulağıma Demon pıçıldayıb». Düz iş gördüm. Demirəm, unutmayacaqlar, əksinə çıxmayacaqlar. Şübhəm yoxdur ki, olacaq. Ancaq bəşər Mütləqə İnam ideyasından artıq heç nə deyə bilməz.
– Asif Ata, hərdən söz düşəndə adamlar bir az mərhəmət, bir az canıyananlıqla «yazıq tək yaşayır» deyirlər. Tənhalıqda bir yazıqlıq varmı?
Asif Ata: Tənhalıq çətin işdir, əzabdır. Lakin çörəyi ver çörəkçiyə, birini də üstəlik. Tənhalıq olmasa, 15 kitabı 5 ildə yaza bilməzdim. Heç kəsə təlqin etmirəm. Bir nəfər belə yaşaya bilər. Əzabçılar da olmalıdır, kədərçilər də, təkcələr də. Fədakarlığı böyük hesab ediriksə, təklik fədakarlığın bir çeşididir. Bu bir. İkinci, elə ki, sən böyük bir aləmə düşdün, Ocaqmı deyim, ya nə?.. Bu gündən artıq olan Amal düşdü Atanın qismətinə; Amalmı deyim? Sən evdə oturursan. Dünya sənin evinə gəlir. Dünya haqqında da fikirləşəndə tək olmursan. Bu hamının işi deyil. Adam var beş dəqiqə tək qala bilmir. Təklikdə başqa cəmiyyətin olur, başqa ağlın, Göyün olur. Fikri, İnamı, Zərdüştü, Babəki görürsən. Yaz-yarat, gün keçir.
Üçüncü, intim tərəfi var. Gərək insan öz idealına xəyanət etməsin. Sənin ideal istədiyin bir şəxs olur, insan olur. Ömrü boyu onunla olmaq istəyirsən. Mənim istəyimcə, mənə cavab verə bilən yoxdur. Mən demirəm… Məndə də nöqsan var.
Çalışdım, yaxınlaşdım. Tələbimin cüzi hissəsinə də cavab verə bilmədilər. Əqidəmdən əl çəkməliydim. Ya heç nə, ya hər şey. Çətin yoldur, bir nəfər belə yaşaya bilər. Çörəyi ver çörəkçiyə.
Çətindir, həm Amal, Ocaq – təzə fəlsəfə, həm də… Elə vaxtdır ki, beyinsizlik adlı bir cəfəngiyyat yaradıblar. Fəlsəfə qurtarıb, təbliğatçılarıq, deyirlər. Ağıl, düşüncə nöqteyi-nəzərincə antifəlsəfədir bu. Belə ağır yükü götürmək, həm də xoşbəxt olmaq, hərtərəfli – mümkün deyil. Seçmək lazım idi. Birincini seçdim.
– Asif Ata, maraqlı söhbət üçün sizə təşəkkür edirəm.
Qələmə aldı:
Ayişə Məhəmmədqızı.