Son dövrlər Yadplanetlilər mövzusu nədənsə aktuallaşdırılır. Görəsən bunun arxasında nələr dayanır?! Nəzərə alsaq ki, dünyanın nizamı ancaq siyasətdən ibarətdir, onda əllaməçiliklərdən baş çıxarmaq doğrudan da çətinləşir. Siyasət bəşəriyyətə oyundan başqa heç nə təqdim eləmir. Oyuna düşüb dünya. Mətbuatın da qulağı səsdədir, oyunlar gözləyir ki, hallandırıb oxucunun diqqətini cəlb eləsin.
Mənə elə gəlir ki, “uçan boşqab”, “yadplanetlilər” mövzuları da “böyük dəlilərin” quyuya atdığı bir daşdır. Ən azı bu mövzularla bağlı mühakimələr yürüdüləndə qarşıya çoxsaylı cavabsız suallar çıxır. Bəllidir ki, Günəş sisteminə daxil olan planetlərdə uzun illərdir elmi müşahidələr, tədqiqatlar aparılır. Ancaq heç birində həyat üçün gərək olan mühit aşkar edilməyibdir. İnkar eləmirik, kainatın hansısa bir Qalaktika sistemində həyat əlaməti ola bilər. Bizim planetimizə bənzər bir planetin, ulduzun olması mümkündür. İntəhası, o planetlə bizim planetimiz arasındakı məsafə yəqin ki, neçə min işıq ilinə bərabərdir. Təbii ki, yaxın məsafələrdə olsaydı, bunu alimlər çoxdan ayırd eləmişdilər. Elmin indiki imkanları da bu məsələ üçün yetərlidir.
Deməli, əgər bizim planetimizdə yadplanetlilər müşahidə edilirsə, yəqin ki, onlar neçə min işıq ilinə bərabər yol qət ediblər. Əcəba, onlar hansı sürətlə hərəkət edirlər ki, fantastik rəqəmlərlə ifadə olunan məsafəni uça bilirlər?! Elmə bəlli olan ən böyük sürət işıq sürətidir – saniyədə 300 min km. Bu sürətlə isə cismin hərəkəti mümkün deyil. Hətta mümkün olsa belə, həmin yadplanetlilər bizim planetimizə qonmaq üçün min illər yol keçməlidirlər. Onlar neçə min il yaşayırlar ki?! Bir sözlə, ən adi elmi məntiqin üstündən adlayıb yadplanetlilərin bizim planetimizə sərbəst şəkildə qonmasından danışmaq ağılsızlıqdır. Başqa bir tərəfdən, “dovşanı araba ilə tutan” supergüclərin hərbi kəşfiyyatları bu qədərmi acizdir ki, bu obyektləri müəyyən edib aşkara çıxara bilmirlər? Necə olur ki, başqa planetlərə nüfuz edirlər, elmi tədqiqat sistemi qururlar, ancaq qulaqlarının dibinə qədər gələn obyektlərdən bilgisizdirlər. Hələ üstəlik ingilis alimləri insanlar üçün yadplanetlilərlə bağlı tövsiyə paketi hazırlayıblar. Özü də bu tövsiyələrdə maraqlı xarakterik çalarlar var. Diqqət yetirin, bildirilir ki, yadplanetlilərlə qarşılaşanda aşağıdakı 10-a yaxın qaydaya əməl edin: 1) “Dəyərli əşyalarınızı gizlətməyin… Nəzərə alın ki, onlar bizdən daha inkişaf etmiş texnologiyanı çoxdan kəşf ediblər… milyonlarca işıq ili sürətindən gəlməyi bacaran yadplanetlilərin sizin metal, yerlə sürünən maşınınıza əsla ehtiyacları yoxdur…”
Elə buradaca bir məsələyə diqqət yetirək. Cənab alimlər yadplanetlilərin milyonlarca işıq ili sürətinə malik olduqlarını vurğulayırlar. Yuxarıda vurğuladığımız kimi, axı cismin işıq sürəti ilə uçması necə mümkün ola bilər? Fizika sübut edir ki, cismə işıq sürəti versən, o maddi olaraq qala bilməz, onun molekulyar strukturu dağılıb məhv olar. Tutalım ki, onların gəldiyi planetdə fiziki qanunlar bizim planetimizdəkindən fərqlidir. Axı ən azı bura gələndə planetimizdə fiziki qanunlarımızın təsirinə məruz qalacaqlar. Yoxsa onların planetində bioloji qanunlardamı fərqlidir?! İşıq sürəti ilə uçan adam hansı fərqli keyfiyyətlərə malikdir ki, o məhv olmaqdan qoruna bilir?!
2) “Hədə-qorxu gəlməyin”; 3) “Onların diqqətini cəlb etməyə çalışın”; 4) “Adət-ənənələrimizi unudun”; 5) “Riyazi dilinizi danışdırın”; 6) “Astronomiya bilgilərinizi göstərin”; 7) “Təvazökar olun”; 8) “Diplomatik olun”; 9) “Sübutlar tapın” (“Yeni Müsavat” qəzeti, 30 aprel, 2012).
Buradan belə çıxır ki, bu tövsiyəni verənlər yadplanetliləri psixoloji və xarakterik olaraq tanıyırlar (hətta tövsiyələr təxmini fərziyələr kimi nəzərdə tutulsa belə). Sonuncu bəndə diqqət yetirsəniz, görərsiniz ki, doğrudan da əllaməçilik edilir. Baxın, tövsiyədə nə deyilir?! “Yadplanetlilər tərəfindən qaçırılmısınızsa, geri qayıdanda çoxlu faktınız olmasına çalışın. Yəni ancaq hekayələr danışsanız, sizə inanan az olacaq. Maddi sübutlar isə hekayənizin daha inandırıcı olmasını təmin edəcək”. (Həmin qəzetdən).
Bizim planetimizdə dövlətlər kosmosa gəmi uçurdurlar. Onun da ən böyük sürəti – 3-cü kosmik sürətdir (səhv etmirəmsə, 18-19 km/san-dir). Uçuşdan öncə kosmonavtı yerdə yüksək sürətlə fırlayıb ürəyini yoxlayırlar, dözüb-dözmədiyini müəyyən edirlər. Bəs necə olur ki, sıradan bir vətəndaşı işıq sürəti ilə uçan yadplanetlilər oğurlayır və o bu sürətə dözür, ölmür? Hələ üstəlik faktlar da toplayır, İşıq sürəti ilə hərəkət edəndə onun gözləri nələriysə sərbəst şəkildə görə bilir. Yoxsa yadplanetlilər oğurladıqlarına dərman verib özlərinə bənzədirlər?! Əcayibdir deyilmi?! Hər şeyi asan danışmaq açığı bizdə ikrah doğurur. Danışan az da olsa özündə məsuliyyət hiss eləsə daha yaxşı olar.
Adam alimlərin (özü də məhz dünyaya ağalıq edən ingilislərin alimlərinin) bu məsələni qabartmalarından açığı şübhəyə düşür. Görəsən, bunun da arxasında böyük güclərin projelərimi dayanır?! Bəşəriyyəti görəsən nəyə hazırlayırlar?!
Niyə yüksək texnologiyaya çoxdan sahib olan yadplanetlilər yüz, iki yüz il bundan öncə planetimizə qonmayıblar, məhz Yer’də elm inkişaf edəndən, yüksək texnologiyalar əldə ediləndən sonra qonmağa başlayıblar?!
Yağış kimi yağan suallara damcı-damcı cavablar tapmağımız gərəkdir…
8 İşıq Ayı, 34-il.
(may, 2012)