Vaxtilə başqa millətlərin nümayəndələri ilə söhbətdə bizim köklü xalq olmadığımızı, əlifbanı, soyad sonluqlarını ruslarlardan götürdüyümüzü, mədəniyyətin bizə ruslardan gəldiyini iddia edənlər az olmurdu. Belə halla imperiya dönəmində daha çox rastlaşmalı olurduq, bu söhbətlər genişlənib diskussiyaya çevrilirdi, mübahisələr doğururdu…
Moskvada, Leninqradda (indiki Sankt-Peterburqda), Rusiyanın başqa şəhərlərində Fataxov, Sulimov, Soltonov, Xusaynov, Aqeyev, Qassanov, Kasamov… kimi soyadlarla az rastlaşmırıq. Belə soyadları eşidən kimsəyə onların Fəttah, Səlim, Sultan, Hüseyin, Həsən, Qasım … adlarından yarandığını anlatmaq heç də asan olmur.
Görkəmli alimlər Gennadi Aşuroviç Fataxovla, Vyaçeslav Şabanoviç Sulimovla uzun müddət yaxın münasibətdə olmuşuq. Buna baxmayaraq onların milliyyətlərini anlamağa nə atalarının adına qoşulmuş “-oviç”, nə də soyadlarındakı “-ov” sonluğu imkan vermirdi, buna görə, əslən azərbaycanlı türk olduqlarını çox gec, təsadüf sonucunda öyrənə bilmişdim. Soyadları yad səslənən yüzlərlə belə elm və mədəniyyət xadimlərimiz, sənət adamlarımız getdikcə yadlaşıb millətimizdən, milli təəssübçülüyümüzdən uzaq düşürlər. Onların yad millətlərə qaynaqlanma prosesi isə sürətlə davam etməkdədir. Bunun ən başlıca səbəblərindən biri, deyərdim, soyad sonluqlarının dilimizin qanunlarına cavab verməməyi, başqa sözlə, milli soyad sonluqlarımızdan istifadə olunmamasıdır. Milliyyətin kimliyi haqqında ilk təəssüratı yaradan amil soyaddakı sonluq olur. Başqa millətlərin soyad sonluqları həmin millətlərin dillərinin qrammatik qanunlarına uyğun gələn şəkilçilərdən yaranır, millətin dilində müəyyən məna ifadə edir. Ona görə də soyadı eşidən kimi milliyyəti təyin etmək mümkün olur. Məsələn, Vaynşteyndə “-şteyn”, Eypelbaumda “-baum” sonluğu həmin soyadlı şəxslərin yəhudi, İvanovda “-ov”, Alekseyevdə “-yev” şəxslərin rus, Çavçavadzedə “-dze”, Tsitişvilidə ”-şvili” onların gürcü, Talıbzadədə “-zadə” şəxsin tacik-fars mənşəli olduğunu nəzərə çarpdırır. Ancaq soyadlarımıza “lehimlənmiş” “-ov”, “-yev”, “-ski”, “-zadə” sonluqları milli soyad sonluğu olmadıqları, dilimizin quruluşuna, qrammatik xüsusiyyətlərinə zidd olduğu, nəzərdə tutduğumuz anlamı vermədiyi üçün başqa bir mənzərə alınır. Yuxarıda göstərdiyimiz Fataxovda bir “t” hərfinin düşməsi, Sulimovda “ə” hərfinin ”u” ilə əvəzlənməsi şəxsin milliyyətini görün necə də anlaşılmaz hala salıb! Əslində isə, soyadlar “-lı”, “-li” “-lu”, “-lü“, “-oğlu” sonluqları ilə düzəlsəydi, yəni Fəttahlı (Fəttahoğlu), Səlimli (Səlimoğlu), Sultanlı (Sultanoğlu), Həsənli (Həsənoğlu), Qasımlı (Qasımoğlu), Hüseyinli (Hüseyinoğlu)… kimi yazılsaydı, hətta adlardakı səslərin bir neçəsinin dəyişməsi belə, milli mənsubluqda anlaşılmazlıq törədə bilməzdi. Belə anlaşılmazlıq olsun deyə, vaxtı ilə milli soyad sonluqlarımız öz razılığımız olmadan dəyişdirilib. Sonucda özünüdərkimizə ciddi əngəl törədilib, milli mənsubluğumuz anlaşılmaz hala salınıb. Elə şərait yaranıb, klassik sənətçilərimiz, Musa Kalankatlı (VII yüzil), Şeyx İzzəddin Həsənoğlu XII), Əbdülqadir Marağalı (XVI), Məhəmməd xan Zülqədər oğlu (XVI), İsmayıl Mirzə (XVI), Şahverdi Soltan Ziyadoğlu (XVI), Musa Soltan Mosullu ((XVI), Hüseyin xan Təkəli (XVI), Div Sultan Rumlu (XVI), Əmir Hüseyin xan Şamlı (XVI), Aşıq Abbas Tufarqanlı XVII), İsmayıl bəy Qutqaşınlı (XIX), Firudin bəy Köçərli (XIX), Məmməd Kazım Ələkbərli (XIX), Asəf Zeynallı (XIX), Mikayıl Rəfili (XIX), Seyid Hüseyin (XIX), Böyükağa Talıblı (XIX), Vəli Xuluflu (XIX), Hənəfi Zeynallı (XIX), Ceyhun bəy Hacıbəyli (XIX), Üzeyir bəy Hacıbəyli (XIX), Nəsib bəy Yusifbəyli (XIX), Əhməd bəy Ağaoğlu (XIX), Musaxanlı (XX), Mirzə Abbaslı (XX), Həmid Araslı (XX), Əli Sultanlı (XX) və başqalarının sənətçi törəmələri imperiya dönəmində Şahverdiyev, Həsənzadə, İsmayılov, Ələkbərzadə, Rəfiyev, Talıbzadə, Zeynalov, Abbaszadə, Əliyev, Sultanov, Ağazadə, Hacızadə, Musaxanov … kimi tanınıblar.
Düşmənlərimiz millətimizin əlifbasını, onun türk adını, “-lı”, “-li”, “-lu”, “-lü”, “-oğlu” sonluqlu soyadlarını 20 – 30-cu illərdə, hətta ondan da xeyli öncə dəyişdirəndə qarşılarına heç də milli varlığımızı saxlamaq məqsədi qoymamış, bir qədər də uzağa gedərək bu oyunu imperiya məkanındakı başqa türk xalqlarının da başına gətirmişlər.
Yuxarıda deyilənlər “-ov”, “-yev”, “-ski”, “-zadə” vasitəsilə düzəldilmiş soyadlarımızın xalqımıza vurduğu ziyanı açıq ifadə edir. Yüzlərlə alimimiz, rəssamımız, memarımız, yazıçımız, şairimiz, bəstəkarımız, mühəndisimiz, müğənnimiz, idmançımız… həmin sonluqlardan düzəldilmiş soyadlarla yad ölkələrdə yad millətlərə aid edilirlər, öz xalqımızı tanıtmaq yerinə başqa xalqın tanınmasına xidmət edirlər, xalqımızın tanınması yolunda xidmət göstərmirlər. Bu, reallıqdır – qaçılmaz, danılmaz reallıq…
Azərbaycan Respublikasının dövlət dili Anayasamıza görə Azərbaycan dilidir. Ona dörə də soyadlarımız da dövlət dilimizə uyğunlaşdırılmalıdır. Ancaq dövlət səviyyəsində buna məhəl qoyulmur. Dövlət idarələrində işləyənlər arasında bir nəfər də olsa milli soyad sonluğu işlədən şəxs yoxdur.
Hələ 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in dövlət idarələrində yalnız Azərbaycan dilinin işlədilməsi haqda qərar çıxartmışdı. Ali Sovet Rəyasət Heyətinin sədri işləyən böyük yazıçımız, alimimiz, ictimai xadimimiz Mirzə ibrahimov Kommunist qəzetində “Azərbaycan dili dövlət idarələrində” adlı yazı ilə çıxış etmişdi. Bu, imperiya dönəmində böyük olay idi. İndi özgürlük dönəmimizdə dilimiz dövlət idarələrində nəzərdə tutulan kimi işlədilmir. Belə olması onların dilimizə münasibətlərinin göstəricisi deyilmi?
Qadınlarımız üçün peşə ilə bağlı qadın cinsi yaradılması, “-ova”, “-yeva”, “-skaya” sonluqlu soyadlar da dilimizin quruluşuna, onun qrammatik qanunlarına başdan-başa ziddir. Dilimizdə “qadın cinsi”, “kişi cinsi” olmadığı halda qadın müəllimə “müəllimə”, qadın şairə “şairə”, qadın katibə “katibə”… deyilirsə, onda qadın yazıçıya, qadın bəstəkara, qadın mühəndisə, qadın həkimə… nə deyilməlidir? Qadın və kişi cinsi yaradılmasına nə ehtiyac? Bu cür yapma “yaradıcılıq” da dilin qrammatik qanunlarına uyğun gəlmir, dildə müəyyənsizlik doğurur, dolaşıqlıq yaradır. Qadın soyadı düzəldilməsi də bunun kimi. Məsələn, Məmmədov soyadı ismin adlıq halında “kim?” sualına cavab verirsə, Məmmədova ismin yönlük halını bildirir, “kimə?” sualına cavab verir: kim? – Məmmədov, kimə? – Məmmədova. Ya da Azərbaycanın xüsusilə, cənubunda soyad sonluğu qismində “-i” işlədilməsi də münasib sayıla bilməz. Çünki, “Məhəmmədi”, “Hüseyini”, “Cəlili”… soyadlarında “kimi?” sualı doğur, ismin təsirlik halına cavab verir: kimi? Cavab: Məhəmmədi, Hüseyini, Cəlili… Belə olduqda həmin deyimi soyad sanmaq olarmı? Bununla, Azərbaycan dilinin tədrisi işində qondarma çətinliklər ortaya çıxır, üstəlik suallar doğur. Buna hansısa bir ehtiyac varmı? Asanlaşdırmaq əvəzinə, çətinləşdirmək, dilimizin qanunlarını pozan cəhəti qəbul etmək düzgündürmü? Dilin qrammatik qanunlarına tabe olmayan müəyyənsizlik yaratmaq onun inkişafına xidmət etməz. Ona görə də soyadlarımız milli mənafelərimiz nəzərə alınaraq dilimizin qanunlarına uyğunlaşdırılmalıdır. Burada yol verilən səhvlərin ciddi şəkildə düzəldilməsi günün tələbləri sırasındadır. Müəllifin “Aydınlıq” qəzetinin 02.11.89 sayında dərc olunmuş yazısında da ilk dəfə bu məsələyə toxunmuşdur. Hazırda soyadlarımızı dilimizin qrammatik qanunlarına uyğunlaşdırmaq istəyənlərin sayı yüz minlərlədir. Ancaq imperiya dönəmində yol verilmiş səhvlərin aradan qaldırılmasında yaradılmış ciddi əngəllər, anlaşılmaz çətinliklər indinin özündə də qalmaqdadır. Birinci çətinlik Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbələrində tələb olunan sənədlərlə, onların sayı ilə bağlıdır. Soyadda “-ov”, “-yev”, “-ski”, “-zadə” soyad sonluqları “-lı”, “-li”, “-lu”, “-lü”, “-oğlu” ilə əvəzlənsə, tələb olunan çoxsaylı sənədə ehtiyac qalmaz (əslində şəxsiyyəti təsdiqləyən sənədlər və ərizə yetər). Açığını desək, tələb olunan bu cür sənəd çoxluğundan VVAQ şöbəsi əməkdaşlarının özləri də təngə gəliblər.
Bəzi VVAQ işçilərinə görə isə, soyadların yazılışı mərhum dövlət başçısı Heydər Əliyevin soyadının yazılışından fərqləndirilməməlidir. Bu, törədilən ən başlıca əngəllərdəndir. H.Əliyevin soyadının o cür yazılması hamıya aid edilə biləcək qanun sayıla bilməz. İşin gedişindəki işçi çatışmazlığı ilə bağlı çətinlikləri aradan qaldırmaq üçün yığılan rüsumların müəyyən hissəsini əmək haqqına ayırmaqla VVAQ şöbələrinə əlavə işçilər qəbul etmək, az sənəd tələb etmək yoluyla bürokratik əngəlləri aradan götürmək, işi sürətləndirmək mümkündür. Maraq üçün yuxarıda adı çəkilən diskussiya materialı “Azərbaycan” qəzetində dərc olunandan az sonra (06.11.89) SSRİ Nazirlər Soveti ad, ata adı, soyad dəyişdirilməsi rüsumunun 15 rubldan 50 rubla qaldırılması barədə qərar qəbul etdiyini də vurğulamaq yerinə düşər. Sözsüz, bu qərar vaxtilə Sovet imperiyası məkanına daxil olan türk xalqları soyadlarının yadlaşdırılması siyasətinin davamı idi. Bizcə, müstəqil Respublikamızda əlaqəli təşkilatlar bu məsələyə biganə qalmayacaq, çoxluğun istəyini nəzərə alaraq yaxın vaxtlarda milli soyadlarımızın bərpası işindəki əngəlləri aradan qaldırmaq üçün ciddi tədbirlər görəcəkdir.
Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrindən verilən məlumatlara görə həmin yazıdan sonra soyadda “-lı”, “-li”, “-lu”, “-lü”, “-oğlu” sonluqları vasitəsilə düzəliş edərək milli soyada keçmək istəyənlərin sayı sürətlə artdı. Bunu o çağlar mətbuatda işlədilən imzalardan da görmək olardı. Ancaq “-oğlu” sonluğuyla düzələn soyadlar çox da kütləviləşmədi. Bu, ilk öncə soyad, ad, ata adı birgə işlədildikdə “oğlu” sözünün təkrarlanması ilə bağlı ola bilərdi. Ancaq diqqət yetirilsə, belə təkrarlanmanın zahiri səciyyə daşıdığı, daha doğrusu, təkrarlanan “oğlu” sözünün yerinə görə öz anlamının olduğu aydın olar. “Oğlu” sözü bitişik yazılanda şəxsin hansı soydan, hansı kökdən olduğunu, kökün kimliyini heç bir dilə xas olmayan incə səciyyə daşıyan çalarlarla bildirir. Xüsusilə “-oğlu” sonluğu istənilən ada qoşulanda soyadın deyilişində səslənmədə münasiblik itmir. “Oğlu” sonluğu istənilən ada uğurla qoşulur, həm də qoşulduğu adı təravətləndirir, şöhrətə mindirir. Bu anlamda “-oğlu” sonluğunun soyaddüzəltmə imkanları daha genişdir. Ancaq bəziləri bunları qarışıq salır, “oğlu” sözünü ancaq ataya oğulluq mənsubluğu ilə bağlayır. “-lı”, “-li” sonluğu ilə münasib səslənməyən soyadlara “xan”, “bəy” sözlərini qoşmaqla da uğurlu soyad düzəltmək olar. Məsələn, Əlixanlı (Əlibəyli), Tağıxanlı (Tağıbəyli), Həsənxanlı (Həsənbəyli), Xəlilxanlı (Xəlilbəyli), Abdullaxanlı (Abdullabəyli)… Belə halda “xan”, “bəy” sonluqları nəcabət göstəricisi kimi başa düşülməməlidir. Ancaq “xan”, “bəy” nəcabət göstəricisi kimi qəbul edildikdə, ayrı yazılmalıdır: Əli xanlı (-bəyli), Tağı xanlı (-bəyli), Həsən xanlı (-bəyli), Abdulla xanlı (-bəyli)…
“Oğlu” sözündən qadın soyadının düzəldilməsində də uğurla istifadə etmək olar. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım Ağaoğlu soyadını daşıyır: Sürəyya Ağaoğlu Əhməd qızı. Son zamanlar qadınlarımızın “-oğlu” sonluğundan istifadə etməsi diqqətçəkən haldır. Dilara Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri sayğılı Novella xanım bu yolda ilk addım atan xanımlarımızdandır. O, hazırda şərəflə Cəfəroğlu soyadını daşıyır: Novella Cəfəroğlu. Novella xanımın bu addımı onun həmin məsələlərə şüurlu yanaşmasını, şüurlu münasibətinin olduğunu təsdiqlədi. Görünür, qadınlarımız da “-oğlu” sonluğundan istifadə etməyin imperiyanın yaratdığı təsəvvürlərdən tamam fərqli mahiyyət daşıdığını nəzərə almaqla “-oğlu” soyad sonluğundan geniş istifadə etməkdə iradə nümayiş etdirəcəklər. Yuxarıda vurğulanan kimi, “oğlu” sözü ada bitişik yazılanda şəxsin qadın və kişi olmasından asılı olmayaraq onun soyadını, ayrı yazılanda isə şəxsin kişi cinsinə mənsubluğunu, kimin oğlu olduğunu bildirir. Soyad “-oğlu” sonluğundan düzələndə həm də vüqarla səslənir, köklə, soyla fəxretmə anlamı qazanır: Sürəyya Ağaoğlu, Novella Cəfəroğlu, Tural Aydınoğlu, Tolqun Aqşınoğlu. Şəxsdən soruşanda sən kimsən – deyir: Tural Aydınoğluyam…
Ad, soyad və ata adının birgə işlənməsində də anlaşılmazlıq yaranır. İnsanlar bir çox hallarda adı və soyadı ilə tanınır, öncə ad gəlir, sonra soyad. Misal üçün: Məmməd Hüseynli, Həsən Əlili, Tural Kərimoğlu… Ancaq bu hal rəsmi sənədlərdə çox vaxt nəzərə alınmır, öncə soyadı, sonra adı yazırlar. Misal üçün: Hüseynli Məmməd, Əlili Həsən… Ata adı da işlədiləndə məsələ bir az da qəlizləşir. Ona görə, bu halda yazılışın bu cür aparılıması münasibdir: Məmməd Hüseynli Toğrul oğlu, Həsən Əlili Turqut oğlu, Tural Kərimoğlu Aydın oğlu. Burada şəxsin kimliyi ictimaiyyət arasında tanındığı şəkildə dərhal bəlli olur. Belə olduqda şəxsin kimliyini müəyyənləşdirmək üçün adı önə çıxarmağa ehtiyac yaranır. Televiziyada, radioda siyahı oxunarkən bunu yerinə yetirmək vaxt baxımından mümkün olmur.
Bu mövzuya aid olmasa da, dilimizin hazırkı durumuna aid bəzi fikirlərimi də diqqətə çatdırmaq istəyirəm. Biz bir çox hallarda dilimizin lazımi fikri az sözlə ifadə etmək imkanlarından istifadə edilmir, lüzumsuz sözlərin istifadəsindən yayınmağa önəm verilmir. Belə sözlərdən üçü üzərində dayanmaq istəyirəm. Rus dili vasitəsilə dilimizdə özünə yer alan “və” bağlayıcısı, “ki” bağlayıcısı, “əgər” şərt əvəzliyi çox vaxt yerində işlədilmir (əslində, bunların işlədilməsinə heç ehtiyac da yoxdur). Elə olur, bir cümlədə bir neçə dəfə “və” bağlayıcısı, ya da ”ki” bağlayıcısı özünə yer tutur. Belə hal fikrin anlaşılmasında çətinlik yaradır, həm də sözlərin anlam tutumunu zəiflədir, diqqəti fikirdən qaçırdır, yayındırır. Bunlara aid misallar mətbuatda istənilən qədərdir. Dilimizin qramatikasına görə, bir çox başqa dillərdən seçimli olaraq bizim dilimizdə xəbər cümlənin sonunda gəlir. Ancaq, “ki” bağlayıcısı dilimizin bu qanununu pozmağa xidmət edərək xəbəri cümlənin önünə çıxardır: “görünür ki, Həsən yaşca Hüseyindən böyükdür”…
Fikrin qavranılmasını asanlaşdırmaq, cümlədə fikri durultmaq, cümlənin anlam yükünü mümkün həddə qədər artırmaq üçün lüzumsuz sözlərdən, bağlayıcılardan qaçmaq gərəkdir. Təcrübə “əgər” şərt əvəzliyinin dilimizdə artıq lüzumsuz olduğunu əyaniliklə təsdiqləyir. “Əgər insan çox mütaliə etsə, çox bilik qazanar” cümləsi “əgər” sözü işlənmədən “insan çox mütaliə etsə, çox bilik qazanar” biçimində daha anlaşıqlı səslənir. Buna aid çoxsaylı misallar gətirmək olar. Bu hal BDU rektoru A.Məhərrəmovun danışmaq üçün münasib bilinməyən səsi ilə elədiyi nitqində daha aydın nəzərə çarpır. O, nitq mədəniyyətində örnək göstərməli olan bir çox başqaları kimi öz çıxışının hər cümləsində “və”, “ki”, “əgər” əlavələrini işlətməklə dilimizin imkanlarını məhdudlaşdırır, səslənmə incəliklərində erməni dilinə xas olan müəyyənsizlik, anlaşılmazlıq yaradır, dolaşıq çalarlar büruzə verir.
Zaman keçdikcə dil inkişaf edir, təkmilləşir. Bu inkişafı, təkmilləşməni təmin etmək üçün vaxtaşırı elmə söykənən, elmin tələblərinə cavab verən dil islahatları aparılmalıdır. Belə olmayan halda dilin inkişafında yaranan əngəllər üst-üstə qalanar, inkişafda süstlük yaranar, inkişaf ləngiyər, sonucda dil yad dillərin təsirindən qurtula bilməz.
Bəhmən SULTANLI
(arxivdən)