(Uca ziyalı M.Ə.Rəsulzadəyə açıq məktub)
Azərbaycan Türk Dünyasının potensial ruhani mərkəzidir. Arzumuz odur ki, Azərbaycan da özünün bu tarixi, ruhani məsuliyyətini dərk eləsin, Türk Dünyası da. Biz Azərbaycanımızı süni şəkildə Türk Dünyasına böyük elan eləmirik, həqiqəti bəyan edirik. Həqiqətdən kənarda isə türkün nə birliyi yaranar, nə də ucalığı təsdiq olunar. O da faktdır ki, türkə qarşı yürüş etmiş azğın dünyanın ən böyük zərbələri məhz Azərbaycana yönəldilir. Çünki Azərbaycanı məhv eləməklə Türk Dünyasını heçə çevirmək elə bir problem olmur. Ona görə bizim hər birimizin ciddi düşünmək vaxtımızdır.
Sizlərin elan elədiyiniz müstəqil Azərbaycan Respublikası özgələrdən büt yaradan və bu bütlər vasitəsilə başınızdan aşağı basan azərbaycanlıların əli ilə məhv edildi. Özgə dəyərlərini başımıza çıxarıb, öz dəyərlərimizi ayaqlar altına atanlarımız bu gün də fəaliyyət göstərirlər. Sənin sevinə-sevinə tapıntı hesab elədiyin əsrimizin Səyavuşunu tarixi Səyavuşun taleyinə çevirən də həmin özgə kultlara pərəstiş edən fəallarımızdır. Elə buna görə də bizə atılan daşların ünvanını müəyyən eləməkdə çətinlik çəkirik. Hədəfimiz isə ruhumuza qarşı terror edənlər yox, buna vasitəçilik edən özümüzünkülər olur. Bu gün də biz özümüz-özümüzlə cırmaqlaşırıq. Bunun bir səbəbi də odur ki, bəzən biz özümüz də hədəfi düz göstərə bilmirik.
Fürsətdən istifadə edib sənin Səyavuşunun da qaynağı olan ünlü fars şairi Firdovsinin «Şahnamə»sinə diqqət yetirək. Tarixdən məlumdur ki, bu əsər türk hökmdarlarından biri olan Mahmud Qəznəvinin tələbiylə yazılıb. O da bəllidir ki, M.Qəznəvi ondan türk hökmdarları haqqında yazmağı tələb etmişdi. Biz «Şahnamə»ni oxuduqca Firdovsinin böyüklüyünü görürük. Firdovsi bədii təxəyyülün, poeziyanın gücü ilə İranın hərb tarixini çox tutumlu əks etdirə bilib. Burada həm də poeziyanın necə geniş imkanlara malik olduğu sübut olunur. Firdovsinin şair qüdrətinə heyran qalırıq. Onun bu əsəri şahnamə sayılsa da, o, xalqın, Yurdun dayağı kimi şahları deyil, mərd, yenilməz qəhrəmanları, döyüşkən oğulları önə çəkir. Doğrudur, şair ölkənin idarə olunmasını tədbirli, bilikli, geniş ürəkli, geniş səbrli şahlara tapşırmağı düzgün sayır və Firdovsiyə görə, ən tədbirli şah odur ki, saf düşüncəli, mərd igidləri ətrafında saxlaya bilsin. Göründüyü kimi, şair öz xalqına sevgisini çox dərin, yaradıcı səviyyədə təqdim edir.
Kaş bizim ulu, qüdrətli, mütəfəkkir… Nizamimizin də Firdovsi qədər milli təəssübkeşliyi olaydı! Bizə görə gözəl bəşəri dəyər milli zənginlikdən və milləti bəşəri dəyərə çevirən oğulların, qızların hünərindən yaranır…
Firdovsidə tarix əsasən hərbdən ibarətdir. Bu baxımdan, «Şahnamə»ni «hərbnamə» də adlandırmaq olar. Buradan o məna da çıxarmaq mümkündür ki, şah varsa, hərb də var. Hərb isə antiinsani hadisədir.
Çeşid-çeşid hərb elmləri yaranıb, deməli, antiinsani elm yaranıb. Bu gün şahlıq zahirən yoxdur, amma hərb var, həm də çox amansız səviyyədə. Deməli, heç nə dəyişilməyib, sadəcə şah «prezident» adlanıb. Təəssüf ki, çox əsrlər öncəyə nəzər salanda bəşəriyyətin insani cəhətdən heç bir xüsusi inkişaf mərhələsi keçmədiyinin şahidi oluruq. Hətta əvvəllər hərbdə bir mərdlik də olub, indi isə haradan gəldi vurmaq var.
Firdovsidə başqa cəhətlər də var. Bu cəhətlər bizdən ciddi düşünmək və dəqiq nəticə çıxarmaq tələb edir. Ən əsası ona görə ki, Firdovsidə böyük şairlik bəşəri səviyyədə bərqərar olmur. Firdovsi fars igidlərini, qəhrəmanlarını sevə-sevə, öyə-öyə vəsf eləməklə türkləri vəhşi, qəddar, həris, özgə torpaqlarına göz dikən qələmə verir. Bizə görə, bu münasibət – milli təəssüb-keşliyin humanizm səviyyəsindən məhrum olmasıdır. Milli təəssübkeşlik qərəzlik yaratmamalıdır. «Şahnamə» milli dəyər olmaq baxımından nə qədər önəmli olsa da, həm də zərərlidir. Zərəri də odur ki, «Şahnamə» farslarla türklərin yaxınlaşmasına mane olur. Firdovsi Turan hökmdarlarını farsların tör-töküntüsü sayır. Guya Turan adlı türk yurdu-filan yoxdur. Turan elə İran deməkdir, fars deməkdir. Bu isə ədalətə, habelə tarixi gerçəkliyə ziddir. Təəssüf ki, bugünkü İran da bu tip yanlış qaynaqlara söykənərək mollaların vasitəsilə Azərbaycanda antitürk, antiazərbaycan təbliğatı qurur. Guya Azərbaycan İran deməkdir, fars deməkdir. Türk sözü ortaya atılmış uydurmadır və s.
Bu addımlar «Şahnamə»nin məntiqi davamıdır. Habelə İran imperiyasının Azərbaycana Təbrizi, Ərdəbili… unutdurmaq cəhdləridir. «Şahnamə»yə görə, Mahmud Qəznəvini bu gün də ittiham edirlər. Guya o, zalımlıq, ədalətsizlik edib, Firdovsiyə vəd verdiyi qızılın əvəzinə gümüş verib. Bəlkə bu söhbəti mövzuya çevirməmək də olar. Lakin ədalət üçün bir məqamı deməyi özümüzə borc bilirik. O da ondan ibarətdir ki, məntiqə görə M.Qəznəvi Firdovsinin boynunu vurdurmalıydı. Çünki hökmdar idi. Və hökmdar kimi onun tələbi nəinki yerinə yetirilməmişdi, əksinə, onun «Şahnamə»də görmək istədiyi qüdrətli türk hökmdarlarını Firdovsi bir heç eləmişdi. Lakin bunun əvəzində M.Qəznəvi Firdovsiyə o qədər gümüş verib – bax bu özü əsl humanizmdir. Peyğəmbərimiz Asif Ata yazır: – «deyirlər M.Qəznəvi Firdovsinin qızılını gümüşə çevirdi, demirlər İranın gümüşünü qızıla çevirdi»! Asif Ata onu nəzərdə tutur ki, İranı İran eləyən elə Türklər olub.
Sən də, əziz Məmmədəmin!
«Əsrimizin Səyavuşu»nda iki mədəniyyətin – xalqın arasında çaşıb qalan Səyavuş obrazınla Firdovsiyə bəraət vermi-sən. Görünür, bu da Sənin xislətindəki Türk saflığından və sadəlövhlüyündən doğub. Bəli, biz türklər sadəlövh oluruq və Firdovsinin Turanı Əhrimən, İranı Hürmüzd kimi qələmə verməsinin fərqinə varmırıq. Bizim xalqımıza qarşı tarixi tədqi-qat səviyyəsində, mədəni məsələlər səviyyəsində, sənət səviyyəsində, siyasət səviyyəsində ardıcıl qəsd hazırlayırlar, ruhumuza qarşı terror törədirlər. Bu məsələlərdə də özgələrdən kult düzəldən özümüzünkülər canfəşanlıq edirlər. Və özgə kultlarını Bayrağımızın yerinə taxırlar.
Bütün xalqlarda dühalar eyni ağrını yaşayıb – İnsanlığa dəyən zərbədən yaranan ağrını: – Nizami, Şekspir, Tolstoy, Höte və s. Çünki adamlıq hər yerdə eyni xislətlidir. Onlar milli fəlakətlərin yaratdığı bəşəri ağrıları yaşayıblar. Fəqət hər bir xalqın adamlığının yaratdığı ilə yanaşı, İnsani dəyərləri də olub və o dəyərlər adları çəkilənlər ilə ölçülüb. Xalqın böyüklüyü (hər cür adamlıqlara baxmayaraq) verdiyi böyük dəyərlərlə ölçülüb. Və bu dəyərlərə görə bizim millətimiz çox üstündür. Xalqlar bir-birinə İnsani dəyərlərinə görə münasibət bəslə¬məlidir. Siyasət xalqları bir-birinə qarşı vəhşilik axtarışına sövq edir. Siyasətdə hər bir xalq başqasının tarixdəki adamlığını təftiş eləməklə özünün üstünlüyünə çalışır. Bu isə eybəcərlikdir! Hamı bir-birinə, həmin tarixi naqislikləri əsas gətirib, düşmən gözüylə baxır. Bu isə siyasətə gərəkdir. Xalqlar siyasəti yenmək üçün bir-birinə sayğı ilə yanaşmalıdırlar. Habelə, ruhani xislətinə görə sevgi bəsləməlidirlər. Kimin də ruhani xisləti yoxdursa, onu yaratmalıdır, günahını yumalıdır.
Biz Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı olaraq, sevgi yolu tutmuşuq, siyasət yolu tutmamışıq. Siyasət yolu tutanda bəşəri sevgini yaşatmaq mümkün deyil. Sözlə ürək bir-birinə düşmən kəsilməməlidir. Sözdə humanizmi demək, ürəkdə siyasi məkri gəzdirmək İnsanlığa qarşı böyük zərbədir. Biz millətimizə qarşı olan məkrli əməllərlə döyüşəndə belə, bəşəri sevgini ləğv eləmirik. Millətimizə qarşı olan düşmənlik niyyət-lərinə olan nifrətimiz bəşəri sevgimizi şərtləndirir. Biz millə¬timizi başqa millətlərə qarşı qoymaq uğrunda döyüşmürük, millətimizin özünəməxsusluğu, azadlığı, səadəti uğrunda döyüşürük. Biz millət olaraq heç bir xalqa qarşı düşmənlik təbli¬ğatı aparmırıq. Bizə qarşı olan düşmənliklərlə döyüşümüz – öz dəyərlərimizə yiyə durmaq, onu insanlarımızın ruhuna çevirmək səviyyəsində baş verir. Çünki bizə qarşı ən böyük qərəz bizim dəyərlərimizi təhrif eləmək, ruhumuzu özgələşdirmək gedişləridir. Öncə ruhumuzu özgələşdirirlər, sonra tariximizi təhrif edirlər, sonra torpağımızı, nemətlərimizi əlimizdən alırlar.
Sənin – ey sevimli ziyalı, göz işığı qədər sevdiyin Azərbaycanın müstəqilliyi də bu cür fəlakətlərimizin altında qaldı. Sənin sevə-sevə, öyə-öyə bəslədiyin millətin bu gün də özgəçi bütçülərimizin yadlığı sayəsində özümləşə bilməmək fəlakəti ilə üz-üzə qalıb. Sən Müsavat adlı millətçi partiya yarat-mışdın. İndi sənin partiyanın adını daşıyanlar hamısı beynəlmiləlçiliklə məşğuldur. O vaxt millətçilik bolşeviklərin «vahid millət» cəfəngiyyatı ilə məhv edilirdi. İndi də «dünyəvi demokratiya» cəfəngiyyatı ilə gözdən və dəyərdən salınır. O vaxt kommunistləşdirmə rusçuluğu ilə xalqları açıq şəkildə zorlayır-dılar, indi də qloballaşdırma Qərbçiliyi ilə zorlayırlar. Və bu zorlamanın fəlakətlərinə də ən çox türk milləti uğrayır. Bütün bunları nəzərə alaraq, biz Qarabağı, Zəngəzuru, Göyçəni, Zəngibasarı, Qaraqoyunlunu ermənidən; Borçalını Gürcüdən; Təbrizi, Ərdəbili… İrandan; Dərbəndi Rusdan alıncaya qədər hərbi-siyasi səfərbərliyi qəbul edirik – çox böyük təəssüflə, çünki məsələnin bu cəhəti bizdən asılı deyil. Elə buradan da görünür ki, biz özümüzü təsdiq edincəyə qədər uzun yol keçməliyik. Fəqət bu yol milli özümlüyümüzə yüksəlməklə gedilə bilər. Özgə düşüncəylə, özgə təfəkkürlə, özgə psixologiya ilə özgələşmək olar. Özgəçilik tələbiylə özümüzə doğru yol gedə bilmərik. Milliliyi İnsanlaşma İnamı saflaşdıra bilər. Milliliyə hər şey qarışdırıblar. Bu qarışıq xəlitədə ən az çəkiyə malik olan millilikdir. Hər cür pozucu yeniliyə millilik adı verilir, hər cür milli xassələr gerilik, köhnəlik rəmzi kimi rədd edilir. Milli müəyyənlik itib. Millətin bugünkü həyatını bayağı adət və vərdişlər idarə edir. Bu idarənin arxasında zahirən bir-birinə zidd görünən İran dinçiliyi, Avropa qlobalçılığı, rus «xilaskarlığı» birləşir və yazılmamış bir konsepsiya kimi vahid ənənəyə çevrilir. Bu ənənənin vahidliyi isə ondadır ki, millətimiz bilmədən bu konsepsiyanı öz evini işıqlandıran çıraq sanır. Bizim millətimiz bu gün həqiqət güzgüsünü öz üzünə tutanda belə, səhvən və yaxud zorən başqalarını görür. Öz rəngini görmür, başqalarının rəngini öz rəngi bilir. Təəssüf ki, bu məsələnin həllində ədəbiyyatımız da, sənətimiz də, mətbuatımız da, televiziyamız da, öz gücsüzlükləri ucbatından, vəziyyətin daha da mürəkkəbləşməsinə xidmət edirlər.
Millətin özünəməxsusluğunu təsdiq eləmək üçün bütün sahələri milliləşdirmək gərəkdir. «Çağdaş Azərbaycan Tarixi» əsərində yazırsan ki (mən ona görə «sən» deyə müraciət edirəm ki, böyüklər, təkcələr «siz» deyil, «sən»dir), «Çar Rusiyası azərbaycanlıları əsgəri xidmətə cəlb eləmirdi, amma ermənini, gürcünü cəlb edirdi». Bəli, əziz Məmməd Əmin! Bu münasibət Azərbaycanın müsəlman olmasına görə yox, türk olmasına görə idi. I Pyotrun İstanbula bayraq taxmaq arzusuna xidmət edirdi. Çünki Azərbaycan İstanbula gedən yolda ən böyük maneə idi. Bu münasibətin tələbi idi ki, azğın ermənilər və ruslar Bakıda genosid törətdilər. Öz əsgərlərimiz olmadığı üçün bizi onların əlindən Türkiyə ordusu aldı. Bundan sonra Bakını yalançı səadətə qovuşduran bolşevik Rusiyası oda qaladı. 1990-cı il 20 Yanvarda bunların davamı və s. Hələ biz 37-ci il canavarlığını demirik. Bunlar hamısı bir əl ilə, bir xətlə həyata keçirilir. Heç bir günahkar da cəzalandırılmayıb. Bolşeviklərin proletar kultu Azərbaycanın boyunduruqlu taleyinə ona görə möhür vura bildi ki, ona qarşı millətin öz sözü, öz ideyası qoyulmadı.
Bizə görə ərəb və islam, rus və kommunizm, Qərb və demokratiya bir şeydir. Bu cür yad, şirnikdirici, aldadıcı ideyalar¬dan xilas ummamaq üçün əsl, həqiqi xilaskarlıq ideyamızı bayrağımıza çevirmək gərəkdir.
Sənin çox böyük ləyaqətlə, hissə qapılmadan bolşevizmi söyməklə təsəlli tapmadan, təhqirlərə yol vermədən onun ya-ratdığı fəlakətləri həyəcanla izah etməyin təəssüf ki, hakimiyyət hərislərinə, yalmançılara dərs olmadı. Çünki Yurdumuzdakı özgəçilik – ruhumuzdakı yolsuzluqdan törəyib. Millətimiz öz dəyərlərindən özünə yol sala bilməyib. Böyük dəyərlərimizi birləşdirib qoruya bilməyib. Hətta sən də, sevimli millət fədaisi, – Babək kimi uca bir dəyəri – Azərbaycanın Azadlıq Rəmzini Dağıstanlı Şamildən və Gəncəli Cavad xandan aşağı tutursan. Babəkin ideallaşdırılmasından həyəcanla danışırsan. Guya rus imperiyası Babəkdən millətimizə qarşı istifadə edir. Babəkin islam üçün təhlükəli olmasından narahat olursan. Axı Babək nə vaxt ideallaşdırılıb?! Babək ideallaşdırılsaydı, Azərbaycan bu günə düşərdimi?! Yox, düşməzdi, əksinə, Azərbaycan uca Azərbaycan olardı. Babək – kimin ondan hansı niyyətlə istifadə eləmək cəhdlərindən asılı olmayaraq – Azərbaycanın Azadlıq rəmzidir. Biz isə ona qarşı çıxdığımız üçün, bir millət kimi, məğlub olmuşuq. Digər tərəfdən, axı niyə biz öz Babəkimizə yiyəlik eləmirik ki, başqaları da ondan başqa məqsəd üçün istifadə eləməyə çalışır?! Öz dəyərlərimizi unudub, özgə ətəyindən sallaşmaq bu gün də davam edir və məğlubiyyətdən başqa da heç bir nəticə vermir. İndikilər Azərbaycanın nefti ilə öyünür. Biz isə – Mütləqə İnam Tərbiyəsi almışlar – Azər-baycanın Babəki ilə, Dədə Qorqudu ilə, Nəimisi ilə öyünürük. İndikilərin öyündüyü faydalı Azərbaycan azğın hərislərin, qəsbkarların qidasına çevrilir. Bizim ruhani Azərbaycanımız isə bəşərin Dəyər ölçüsünə çevrilməkdədir.
Ey gözəl ziyalı! Axı rus bolşevizmi Azərbaycan üçün nədirsə, İslam hümmətizmi də odur. Axı nə vaxt islam qarşısına məqsəd qoydu ki, Azərbaycanı böyük eləyəcək?! Axı İslam Azərbaycanı kiçiltməkdən başqa burada heç bir iş görməyib. Təəssüf ki, ən gözəl millətsevərlərimiz belə, Azərbaycanı islam üçün yaratmağa çalışıblar. Bir qisim özümüzünkülər isə Azər-baycanı bolşevik imperiyası üçün yaradırlar. Azərbaycanı Azər-baycan üçün, türk üçün yaratmadıqlarına görə Azərbaycan ayaq üstə deyil. Azərbaycanı Azərbaycan üçün yaratmaq istəyənləri isə böhtanlayıb, ləkələyiblər, o cümlədən Babəkimizi… o cümlədən… Səni!..
Azərbaycanı islam üçün yaradanları bolşeviklər, bolşevik üçün yaradanları islamçılar təqib ediblər. Bunun da Azərbaycana yalnız zərərli aidiyyatı olub. Biz, Mütləqə İnam Ocağı isə Azərbaycanı yaradırıq. Sənin bağışladığın Bayrağın İslamçılıq və Çağdaşlıq rənglərini isə Azərbaycan – Türk ruhuna uyğun saymırıq, hətta zərərli hesab edirik. Bu həm də bizim tərəfimizdən sənin millətsevərlik şərəfini qorumaqdır. Qəti əminik ki, bizim inadımız səni əzmir. Kim də burada sənin təsdiqini deyil, inkarını axtarırsa, hesab edirik ki, o, Azərbaycanı dərk eləmir, yaxud dərk eləmək istəmir.
Azərbaycanla bağlı heç bir siyasi humanizmə əsaslanmaq gərək deyil. Millətə aid olan nə varsa, ona ortaq qoşmaq olmaz. Bu millətin Dövlət Bayrağında yalnız bu millətin öz dəyəri əks olunmalıdır. Belə olmadığı üçün Bayrağımızda ucaltdığımız İslamçılıq və Avropaçılıq evimizin içində, ailəmizin hüzurunda bizə barmaq silkələyir. Türkçülüyə heç nəyi ortaq qoşmaq olmaz. Olarsa, qazanan qoşulan olacaq, Türkçülük yox. Hər hansı bir xalqın bəşəri dəyəri varsa, o yalnız qarşılıqlı mədəni əlaqələr səviyyəsində qəbul edilə bilər – mənim Bayrağımın, evimin, ailəmin yiyəsi kimi yox!
Biz istəyirik ki, İnsançılıq və millətçilik məsələsində güzəşt olmasın. İstənilən halda güzəşt təsdiqi əvəz edir. Qur¬banlar isə İnsançılıq və Millətçilik üçün olmalıdır, İnsançılıqdan və Millətçilikdən olmamalıdır. Biz ünlü türkçülərimizi sevə-sevə, öyə-öyə qüsurlardan qorumaq istəyirik. Biz qaralama və inkar yolu tutmamışıq. Ağartma və təsdiq yolunu tutmuşuq. Təsdiqin isə arxasında hər hansı siyasət və din yox, böyük İnam və onun Peyğəmbəri Asif Ata durur.
Sizləri – ünlü türkçüləri, ziyalıları hərə öz balaca məqsədinə xərcləməyə çalışır. Çünki sizə yiyə duran yoxdur. Biz Mütləqə İnam Ocağı olaraq sizlərə qahmar çıxmaq deyil, yiyə olmaq qətiyyətindəyik. Fəqət sizləri tarixi qüsurlardan azad etməklə və böyük dəyərlərin mayasına qatmaqla!
Sevgi və sayğılarla!
Atamız Var Olsun!
15 Yağış Ayı, 24-il. Atakənd.