Asif Ata. Tarixə çatmaq (IV.Xətailiyimiz)

QAN HAVASI

Qan çağırır Zəmanə, Qan Həvəsinə qoşulub. Qana qəltan olub, Qana sığınıb. Qana bürünüb; – Qana küsəniblər hökmdarlar; Qan bulaşıb Qohumluğa, Qardaşlığa; Qandan böyük məna görmürlər Qansızlar; Qanla doğulurlar, ölürlər, Qan Beşiyində yetişirlər; Qandan Taxt düzəldirlər, tac düzəldirlər; torpaqlar Qanla suvarılır, Fitnə, Məkr qanlaşır; Qan gətirib Qan aparırlar; Qan havasına oynayırlar, oynadırlar, Qanla yazılır ömürlər, Qan nehrəsində çalxalanır Dünya.
Dava söyləyir, Dava becərir Dövran, Dava süzülür Dünyaya Qan Rəngli.
«Kirs dağının üstünə toplaşan pərişan qara buludlar bir-biriylə vuruşan əjdahalara oxşayırdı.
Tökülən qanları özlərini və səmanı qan rənginə bulamışdı». (Sitatlar F.Kərimzadənin “Xudafərin körpüsü” romanındandır).
Döyüşürlər bir-biriylə qanları bir olanlar, qardaşlar, bacıoğlular, dayılar, atalar, oğullar; əcdadları bir olanlar; bağrı yarılır Yurdun; – paralanır, parçalanır Davalarda; Tanrılaşır, Hərisləşir, Harınlaşır Yağılıq, Qana pənah gətirirlər adamlar.
Qandan Şöhrət yağır, şəhvət yağır, nəşə törəyir, ismətlər qarət olunur, ləyaqətlər tapdanır, hərəmxanələr ucalır; daş-qaşlar, incilər parlayır; iradələr sarsılır, başlar əyilir, qan gülü bitirir Qatillik.
«Ağ libasının sinəsində kürəyinə sancılan oxun ucunda elə bil məxməri Təbriz gülü açmışdı».
Qanlı üzlər yaranır, kinli, həris; vəhşilik hakimləşir, pəncələşir əllər, gözlər qan çanağına dönür, Qanlı nailiyyətlər yaranır, – eybəcər, Qanlı Qürrə təsdiq olunur – Yırtıcı…
«Xacə, getmə, yaxına gəl və gör pələng öz ovunu necə parçalayır.
Ey bədbəxt, dayan, gör kişilik dünyada necə böyük nemətdir.
…Həmişə üzündə gülüş donub qalan xacə bu dəfə də eyni təbəssümlə baxdı və gördü ki, əlləri üstündə gətirdiyi bu gül kimi təravətli gözəlin başına nə oyun gəlir və o, necə solur – sifəti dəyişir».
Qanlı Erkəklik hökm sürür – Qeyrətli Kişilik əvəzinə; Qəddar Güc qamarlayır Zərifliyi.
Xurcunda insan başı daşınır, cəlladlıq tüğyan edir:
«Yıxıb yerə qoyun kimi qoca sərkərdənin başını kəsib, qanını itlərə yem eləmişdi».
«Oğul atanın, qardaş qardaşın gözlərinə odda qızardılmış mil çəkirdi».
Qan havasına oynayan zəmanədə müqəddəslik tapdanır, qan insanı kor eləyir, insan müqəddəsatı görmür.
«Atların ayaqları altına Təbrizin ən gözəl xalıları döşənmişdi».
Dünya Qanla yuyulanda Qana qəltan olur, Dünya yalnız Müqəddəslik Suyunda təmizlənə bilər; Müqəddəslik Qanı Yuyur; – Dünya qan rənginə boyananda – çirkaba qərq olur.
«Qırmızı rəngli Mərrix ulduzu bütün vəziyyətlərdən baş çıxarır, heç vaxt sönmür.
O, pislik, bədniyyət, müharibə, qan-qada gətirdiyi üçün ömrü belə uzundur».
Mərrix ulduzu sönməsə – Yer Göyləşməz.

XİLAS

Nurlu, Vahid Azərbaycan İdeyası – Əsillər, Xalislər, Təmizlər Diyarı, Təzədən doğulanlar, Təzə Ruhlular ölkəsi; Hikkədən, Həsəddən, Hərislikdən, naşılıqdan, vəhşilikdən, xəbislikdən, qan havasından, hakimlik ehtirasından xalilər Yurdu; – Nur Ocağı yaratmaq Şərq üçün, Dünya üçün, Daxildəki qaranlığı yarmaq, daxili nura qərq eləmək və dünyanı nurlandırmaq; Ruhu zindandan qurtarmaq; Mərifətləşmək – Həqiqətləşmək;
Əxlaq adlanan Tanrı yaratmaq və ona Tapınmaq, pillə-pillə Yüksəlmək, Mütləqə çatmaq, Mütləqləşmək; Bir Diyar İşıq Yaratmaq Dünyaya bərabər – İşıq Diyarı – Amal səviyyəsində.
«İnsan Nurdur. Dünya Nurdan yaranıb».
Ölkəni Nur əsasında birləşdirmək, Dərəbəylik qaranlığından xilas olmaq – «Xeyiri şərdən, işığı zülmətdən, yaxşını pisdən, acını şirindən ayırmaq», haqqı insanlara çatdırmaq, İnsandakı nahaqqı dəf etmək.
«O gözlər ki, görmək üçündür, onları döndəriblər mədəyə, o mədə isə həmişə acdır».
«O əllər ki, allah-təalanın hədiyyəsidir, onunla yer əkmək, ağac bitirmək, dünyanı cənnətə çevirmək üçün əta olunub, o, qılınc götürür, qanlar tökür».
«O əllər ki, həmişə Göydə olmalı, göylərdən xoşbəxtlik və kərəm diləməlidir, haram mala uzanır, oğurluq eləyir, özgəsinin malına və canına qəsd eləyir».
«O ürək ki, özgəsinin dərdini duymağa görə verilib, məzlumun göz yaşından, Yer üzünü tutan bədbəxtlikdən sıxılmır.
Kif bağlayıb o ürəklər».
İşıq gur olmalıdır – Bir olmalıdır; parçalanmamalı, paralanmamalıdır; Yurd bir olmalıdır, Yarılmamalıdır; Yurd Kitabı Bir xətlə yazılmalıdır; ölkə özünü Tapmalıdır, Tanımalıdır.
«Oğuz eli bölünüb.
Hərə bir dərədə bəydi».
«Qaradağlının qarabağlıdan, gəncəlinin şirvanlıdan, şama¬xılının təbrizlidən xoşu gəlmir.
Qardaşlar düşmən kəsilib».
Nurla birləşməliydi Diyar, Ürəklərdə yaranmalıydı Birlik, Ürəkdən Ürəyə keçməliydi;
Haqq İşığı duşməliydi Yurda – ölməz, itməz; pirləşən, əsrarlaşan…
«Alovla aşnalıq onun (Sufinin – A.A.) bətnində imiş».
«Biz hökmdarıq – öz batini fikirlərimizin hökmdarı».
«Bunlara elə ruh vermisən ki, ölənin nəslindən uçub getmir, bu dünyadakı övladların birinin bətninə qayıdır».
«Nəslinin qəlbində sirr olur, indiyə qədər bir adama açmayıblar».
«Tanrı bu nəslin tərəfindədir, onları qırıb qurtarmaq olmaz».
Mürşidlik, Müridlik yolu var – Şeyx Səfəvi türbəsindən keçən, Şeyxlik var – Şahlıqdan Üstün; Ruhaniyyat var – Maddiyyatdan Üstün; Kəlam var – Ordudan Üstün; Mənəviyyat var – Qılıncdan Üstün; Müqəddəs İdrak var – İdrakdan Üstün; Müqəddəs İradə var – İradədən Üstün; Dünyadan Üstün olmalıydı, Dünyanın Fövqündə durmalıydı İşıq ölkəsi.
Dünyadan artıq olmaq gərək idi – Nur ölkəsi yaratmaq üçün; Ruhdan saçılmalıydı ölkəyə İşıq – Qanı silən, Qılıncı salan!

SUFİ OLA BİLMƏYƏN

Sufi ola bilmədi Şah İsmayılımız, hökmdarlığı seçdi, hökmdarlıq yoluyla Nur Ocağı yaratmaq istədi; Qılıncla, Qanla, Davayla qoşalaşan hakimliyi seçdi; hakimliklə Sufiliyi birləşdirmək istədi; Sufi Şahı olmaq istədi; əslində isə Şahlıq – sufiliyə Yağılıqdır, Sufilikdən keçməkdir – Sufilikdən keçdi Şah İsmayıl – Şeyxliyindən keçdi; Şeyxliklə Şahlıq tutmur; Şahlıq Şeyxliyə qarşıdır; Müqəddəs Əməl üçün Müqəddəslikdən keçdi Şah İsmayıl; Müqəddəslikdən ayrıldı ki, Müqəddəsliyə çatsın; çatmadı. Çünki hökmdarlıq «bir-birini asan, ölkələrin yolunu kəsən, minlərlə adamın əllərinə silah verib bir-birinin üstünə salışdıran, insan qanını su kimi axıdan» – səlahiyyətdir.
Hökmdarlardan Fərqlənmək istədi Şah İsmayıl, ancaq Hökmdarlığın mahiyyəti birdir – Ruhaniyyatdan keçmək; – Ruhani Hökmdar olmur.
«Pirim, Mürşidim, Şahım!» ricasında yalan var – Şahdan Pir olmaz, Mürşid olmaz; Şah Pir olanda, Mürşid olanda Şah olmur, Mürşid, Pir – Şah olsa, Mürşidliyini, Pirliyini itirər.
Hiyləsiz, riyasız, qəbahətsiz, həqarətsiz hökmdarlıq olmur və riyalı, hiyləli, qəbahətli, həqarətli Pir olmur, Mürşid olmur: Pirlik, Mürşidlik hökmdarlığın İnkarıdır; taxt-tacın öz halı var – Ruhaniyyata zidd; Saflıq hökmranlığa maneədir, bu səbəbdən də hökmdarlığın hər məqamında Sufilik ölür, qılıncla müqəddəslik suvarılmaz, hökmdardan sufi olmaz.
«Belindəki qılıncını çəkib minbərin yanına gəldi…
İsmayıl artıq alınlarını yerə söykəmiş yumrulaşmış adamların kürəklərini görürdü.
– Sizi mən bu qılıncla düşdüyünüz müsibətlərdən qurtarmağa gəlmişəm».
Qılıncla mütilik yaranar, möminlik yaranmaz; Qorxu yetişər, Etiqad yetişməz, Daxili İşıq parlamaz – sönər; hökmdarlığın öz məntiqi var – onu seçən Zoru seçir, geriyə, sufiliyə, insani kamilliyə dönmür, baxmır; ikilik yaranır ömürdə, qoşalaşır təzadlar.
Bu səbəbdən də:

«Yer yox ikən, Göy yox ikən, ta əzəldən var idim;
Gövhərin yekdanəsindən irəli pərgar idim» –

etirafıyla «Allah-allah – deyin qazilər; qazilər, deyin şah mənəm» – etirafı biri digərini inkar eləyir.
Birinci etirafda Sufi, Hürufi Mahiyyəti, İnsanın Əzəli, Əbədi İlahi Mənası təsdiq olunur, ikincidə keçici, ötəri, süni hökmdarlıq aşkarlanır.
«On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm,
Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim» – izharıyla;
«Qarşu durun, səcdə qılın,
Qazilər, deyin şah mənəm» – izharı bir-birinə qarşıdır.
Birincidə Hürufi Qüdrəti, İnsanın Dünyanın cəmi olması İdeyası çağırılır, o birində Hökmranlığa – Hakimlik Səlahiyyətinə – Zoruna, Qılıncına Səcdə çağırışı səslənir.
İrsən, Bətnən Sufi olan İsmayıla ikilik əslində ağır başa gəlir; çiyninə götürdüyü hökmranlıq Yükü Onu Ağrıdır:
«İki əlim qızıl qanda,
Çox günahlar var məndə,
Ya illah, kərəm eylə,
Düşgün qula nəzər eylə».
Sufiliyi seçmədi Şah İsmayılımız – şiəliyi seçdi Məqsəd üçün, onu yararlı saydı və Ağ Yalana əl atmalı oldu, Göydən Yerə Ağ Atda düşdü, on ikinci İmamın Zühuru əfsanəsinə tapındı, Sahibi-Zaman biçimində avamlara görsəndi – avamlığa yaradı, xalqını aldatmalı oldu xalq işi üçün, Yalanla hakimləşdi, Yalan Şərinə küsəndi; Şər əliylə Xeyir tutmaq istədi; Sufilik Yolundan çəkildi, Hökmranlıq Yoluyla getdi; Rəmzi Qeyb əvəzinə Hərfi Qeybə; Rəmzi Göy əvəzinə Hərfi Göyə sığındı:
«Çadırların yanında yüyəni və yəhəri alışıb-yanan bir ağ at göründü.
Zamanın sahibini görən kimi sağ qolunu qatlayıb yerə endi, başını əyib qul kimi dayandı.
…Yer üzünə zamanın sahibi qayıdıb. Qeyb olub – təzədən peyda olub. – Əllərimizi ona toxundursaq, o yenə də qeybə çəkilər, bütün ümidlərimiz alt-üst olar».
«Ağ atın ətrafında o qədər adam vardı ki, nə ot, nə daş, nə də torpaq görünürdü».
«İndi hamı sevindiyindən ağlayırdı, sevincdən başını yarır, sevincindən saçlarını yolur, yanaqlarını cırır, paltarlarını cırırdılar».
«Atı göydən göndəriblər».
Şiəliyə söykənmək hökmdarlıq əməli idi, Sufilik əməli deyildi; Sufilərin Allahı Məhəmmədin və Əlinin Allahı deyildi; Kamillik Rəmzi olan Qüdrət idi – Ürəklərdə bitən; Şiəliyin qəbulu siyasi xətt idi, Sahibi-Zamanın hökmranlıq Xəttiydi.
«Bütün ölkənin əhalisi şiəliyi qəbul etməsə, birlik olmayacaq». Sufilikdən keçməli olurdu Şah İsmayıl; siyasət xatirinə «Sufi şahı» olurdu – sufiliyə yad; Şah İsmayılla Şeyx İsmayıl arasında Birlik yaranmırdı – Şah İsmayıl Şeyx İsmayıldan aralanırdı – İşıq Diyarı İdealının ziddinə.

FƏLAKƏT

Türkün Fəlakəti onda yarandı ki, Türk öz Peyğəmbərini yaratmadı – bu səbəbdən də özgə Peyğəmbərinə yaradı; Türk Qan havasına çox oynadı. Dünyaya sahib olmağa can atdı, özünə Sahib olmadı; bir-birini sevmədi – Vahid Türk Dünyası yaranmadı, Türk Türkdə Yad gördü, Yağı gördü, Türk Türklə Döyüşdü və məğlub oldu.
Türk Yönsüzləşdi – Uzun Həsən Osmanlı Türkü Fəttah Məhəmmədə qarşı Bizans imperatoruyla birləşdi, Teymurləng Bəyazidi məhv elədi, Şah İsmayıl Səlimlə vuruşdu.
Doğmalıq yaranmadı – Yadlıq, Yağılıq yarandı türklər arasında və bu Yadlıq, Yağılıq alışdırıldı, qızışdırıldı Avropasentrik siyasətçilər tərəfindən; Şah İsmayılın ən böyük Fəlakəti bunda oldu – hökmdarlığının ilk məqamlarında o, özünü Osmanlı Türkiyəsinə qarşı qoydu; Osmanlı türklərini xalqına yad saydı, bu yadlığı daim xalqa bildirdi, çatdırdı; xalqı bu yadlıq əsasında tərbiyələndirdi; yetirdi; Osmanlı türkləri ilə Azərbaycanlı türkləri arasında Sədd yaratdı: «faciəvi Osmanlı» qoltuğundan danışdı, «Ögey ata» danlağından danışdı, «Bəyazid bizi öz içərisində əridər» – dedi, Anadolu şiələrini Səlimə qarşı qaldırdı.
F.Kərimzadənin «Xudafərin körpüsü» romanında antiosmanlı təmayülü çox güclüdür.
Osmanlı hökmdarı Səlim romanda əyyaşlığın, riyakarlığın, vəhşiliyin timsalı kimi təsvir edilir, Bizans – göyləşir; Bizans qızı Dəspinə xanım – İşıq saçır, Səlcuq bəyim zülmət izhar eləyir; Şah İsmayılın «Bizanslığı» qabardılır, Bizans İşığı Rəmzi təsdiqlənir, «Türk vəhşiliyi» ideyası təzələnir, Yalan poetikləşir, Şah İsmayılın Osmanlı Türküylə savaşı bəraətləşir, Bizanslıq romantikləşir.
«Bir dünyada bir mavi dəniz vardı, o dəniz üfüqdə mavi göylə qaynayıb-qarışırdı.
Həmin dənizin sahilindəki qara qayalar başında diş-diş qala hasarları olan bir şəhər o maviliyə qarışmışdı. Hər səhər bu şəhəri qızıl qübbəli məbədlərdə çalınan zəng səsləri oyadırdı.
O mavi dünyanı Aləmşahbəyim körpə vaxtı görmüşdü, yadında da o uzaq, sanki bu dünyadan keçmiş, yox olmuş şəhər mavi və qızılı rənglər şəklində qalmışdı, özünün saçları və gözləri kimi».
«Bizans imperiyasının son qəlpəsi, ana yurdu Trabzon».
«Bir də o şəhərdə mavi və qızılı bir saray vardı.
Deyirlər ki, həmin sarayda Zülqərneynin ruhu yaşayır».
«Qızıl, ağ, mavi» Bizans imperiyasının «vəhşi Türklər» tərəfindən zəbt edilməsi, dağıdılması haqqında avropasentrik lənətlərin həddi yoxdur; Ruhani İşığın söndürülməsi haqqında süni ağlaşmaların harayı kəsilmir, ancaq onlar Siyasi Lənət və Siyasi göz yaşlarıdır – yəni Yalandır.
Bizans imperiyası Türk hücumundan çox əvvəl – mahiyyətcə, mənaca ölmüşdü, əxlaqsızlaşıb, mənəviyyatsızlaşmış, daxilən sarsılmışdı, türklər Konstantinopolu məhv etmədilər – xilas etdilər, onu Bizans Müflisliyindən qorudular.
İşığı çoxdan keçmişdi Bizansın, türk İstanbulu İşıqlandırdı.
Bizans – Türk Təzadında Zülmətli Avropasentrik niyyət var: Şərq Günəşini danmaq, Qərbi Şərqin günəşi saymaq və bunu Şərqə təlqin etmək – Şərqi Günəşsiz qoymaq.
Həmin Təzad romanda təkrarlanır: Bizans İşığı İsgəndər Ruhu – Şah İsmayıl irsiyyətinin mühüm cəhəti sayılır; Şah İsmayılda Bizanslıq araşdırılır; Bizanslıq, Avropalılıq Məziyyəti axtarılır, Bizansdan gələn keyfiyyət gəzdirir guya İsmayıl Fəaliyyətində – Türk Mahiyyətindən, Ruhundan Fərqli.
Əslində isə Türk avropalaşan kimi özünü itirdi; özünə qarşı çevrildi; Avropalaşma Türkün belini qırdı.
Şah İsmayılın Səlimlə döyüşü Türkün özünəyağılığı idi; Çaldıran Fəlakəti Türkün ən böyük Xətası idi.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv