Aradan 19 il keçib. 19 il. 4 iyunla bağlı elə hey yazılar yazılır, çıxışlar edilir. Ancaq yazılanlar, deyilənlər hamısı DİVARIN bu üzündə olanlar, baş verənlərdir. Bu baxımdan 4 iyunla bağlı yazılanlar, deyilənlər hələlik bütün gerçəklər deyil, yarımçıq gerçəklərdir. Kimlərsə bilərəkdən (özləri işin içində olduqlarına görə!), kimlərsə 4 iyunu doğuran, 4 iyuna aparan gerçəkləri bilmədiklərindən 19 il sonra belə, ortaya yarımçıq gerçəklər çıxır, DİVARIN o üzündə baş verənlər – 4 iyuna gətirən görsənişlər eləcə üstüörtülü, gizli qalır.
AXC hakimiyyətinin başında duranlardan biri, Pənah Hüseynov indiyədək o çağkı yoldaşlarının hamısından çox danışıb. Bugünlərdə də o, hamıdan çox danışdı. O da daha çox Divarın bu üzündə baş verənlərdən danışır. Daha çox, ancaq onun ayrı-ayrı çıxışlarında DİVARIN o üzünə addama faktları da var. O faktlardan biri DİVARIN o biri üzündə baş verənləri bilmək baxımından olduqca önəmlidir. Keçmiş dövlət katibi, keçmiş baş nazir P. Hüseynov bir neçə il qabaq özünün sevimli “Yeni Müsavat” qəzetində demişdi: “AXC hakimiyyəti olaraq biz kadrları Heydər Əliyevin məsləhəti ilə seçib yerləşdirirdik”. Naxçıvanda oturub Azərbaycana düşmən güclərlə ard-arda separat sövdələşmələrdə bulunan, ermənilərlə atəşkəs yaradaraq erməni ordusunun Qarabağdakı uğurlarını stimullaşdıran KQB generalı, 1969-cu ildən Azərbaycan xalqına açıq divan dutmuş bir adam Azərbaycan Xalq Cəbhəsinin kadr siyasıtinə yön verirmiş!
Bu yerdə mən istər-istəməz Hüseynbala Səlimovun 4 iyunla bağlı son iki yazısına toxunmaq istəyirəm (Azadlıq, 6, 8 iyun 2012). Açıq deyirəm, bunlar mənim üstün analitik yazıları ilə seçilən dostumuzdan gözləmədiyim yazılardır. H.Səlimov: “… bir illik hakimiyyət faktiki olaraq o günlərdə özü-özünü müdafiə etmədi”, – deməklə, sözsüz, gerçəyi deyir, ancaq bu, hamının bildiyi gerçəkdir. Analitikin borcu hansısa hamıya bəlli gerçəyi yenidən tirajlamaq deyil, o gerçəyin arxasında dayanan nədənləri ortaya çıxarmaqdır. O çoxsaylı nədənlərdən birini mən göstərdim: AXC-nin kadr siyasəti H.Əliyevin – KQB generalının əlində imiş! Belə olandan, strateji postlara H.Əliyevə bağlı adamlar yerləşdiriləndən sonra o “bir illik hakimiyyət özü-özünü müdafiə” etməli idimi, edə bilərdimi?!
H.Səlimovun anlaşılmaz yanlışı: “H.Əliyevin hakimiyyətə gəlməsində Rusiyanın heç bir rolu olmamışdı və ruslar onun hakimiyyətə gəlməsini istəmirdi”. Bütünlüklə yanlışdır. H.Əliyev hakimiyyətə gəlmək üçün Azərbaycana düşmən güclərin hamısı ilə işləyir, hamısından yararlanmağa çalışırdı. Bu sırada erməni prezidenti Ter-Petrosyan da var, İran islam prezidenti H.Rəfsəncani də var, S.Dəmirəl də var, İngiltərə də var, Rusiyada var. Rusiyanın Qarabağ üzrə yetkilisi Vladimir Kazimirovun Əliyevlə görüşləri, Rusiya KQB-nin adamı olaraq tanınan Natiq Əliyevin Moskvadakı çalışmaları. Bütün bunlardan başqa, İngiltərənin keçmiş baş baxanı M. Tetçerin yazdıqları: “Rusiya Azərbaycandan neft eksportunun qarşısını aldı, Ermənistanın əlilə (eləcə də H.Əliyevin əlilə. – X.B.) Qarabağ yörəsində gərginliyi artırdı. Bunlar gərəkən sonuca gətirməyəndə çevriliş yoluyla Elçibəy devrildi, onun yerini keçmiş politburo üyəsi Heydər Əliyev tutdu” (M.Tэtчer. Искусство управления государством. Москва, 2007, с.125). M.Tetçer öz ölkəsinin (BP-i kompaniyası) çevrilişdəki roluna toxunmur. O toxunmasa da, indi ortada İngiltərənin çevrilişdəki rolu ilə bağlı çoxlu material var.
H.Səlimov ölkəmizin son 19 ildəki saysız itkilərindən sonra belə, H.Əliyevin hakimiyyətə gətirilməyini o çağın ən “ziyansız” ssenarilərindən sayır. Bu, istər o çağın, istərsə də indinin faktları ilə uyuşmayan yanlış yanaşmadır. H.Səlimov “daha ziyansız” deyir, beləsi o çağlar Moskvanın daha bir variantı – Ayaz Mütəllibov ssenarisi idi. Di gəl, H.Əliyev kimlərəsə Ayaz Mütəllibovdan qat-qat ZİYANSİZ göründü. Ziyansız Ayaz Mütəllibovdan!
P.S. Bir çox yazılarım kimi “Azadlıq”da bu yazımın da çapına qadağa qoyuldu (ÇQQ). Görünür, kimlərəsə yarımçıq gerçəklər – Pənah Hüseynov gerçəkləri daha yararlıdır. Bizəsə, milli maraqlar baxımından, bütöv gerçəklər gərəkdir. Ən azı uğurlu gələcəyimizin qarantiyası üçün!
Heydər Əliyevin hakimiyyətə qayıdışını stimullaşdıran çoxsaylı ilginc görsənişlərin – faktların üstündən keçməklə P.Hüseynov bir yandan özünün başlıca antiqiyam fiquru olduğunu gözə soxmağa, o biri yandan qiyama qarşısıalınmaz bir görsəniş xarakteri verməyə çalışır. P.Hüseynov kimiləri bilərəkdən, bir çoxları bilmədiklərindən 4 iyun qiyamını – H.Əliyevin qayıdışını stimullaşdıran çoxsaylı faktların üstündən səssizcə keçirlər. O faktların bütünlüklə ortaya qoyulması üçün böyük bir yazıya gərək var. Bu bir köşə yazısıdır, ona görə mən bir neçə ilginc fakt gətirməklə yazını bitirirəm.
Birinci, bugünlər Gəncə qiyamı ilə bağlı yayılan bir çox yazılarda, demək olar, hamının vurğuladığı İNCƏ bir tel var: Gəncədəki proseslərlə bağlı Bakıda çıxarılan bütün GİZLİ qərarlar əlüstü Surət Hüseynova çatdırılırmış. Görəsən, P.Hüseynov indiyədək bunun niyəsini düşünübmü? Düşünməyibsə, bildiririk: kadrları KQB generalı H.Əliyevin “məsləhəti” ilə “seçib yerləşdirmə” siyasəti yalnız belə sonuclana bilərdi!
İkinci, antiqiyam işlərinə komandanlığı öz üzərinə götürən P.Hüseynovun bir çox hakimiyyət yetkilisini Gəncədə Surət Hüseynov başıpozuqlarının girovuna çevirib, prezident Qvardiyasını qırdıraraq hakimiyyəti atıb qaçması, “gəlin qaçaq!” qorxusu yaratması nə demək idi? Bütün bunlardan sonra P.Hüseynovun belə deməsi nə deməkdir: “Mən indi də deyirəm ki, H.Əliyevin Bakıya dəvət olunmasının tərəfdarı və təşəbbüskarı olmuşam. Bunu heç vaxt gizlətməmişəm, indi də gizlətmirəm. Amma bu qərar dövlətin o vaxtkı rəhbərliyi tərəfindən kollektiv qəbul olunub”.
Yeri gəlmişkən, 2005-ci ilin parlament seçkisində P.Hüseynov Azadlıq blokunun qərərgah rəisliyini ələ keçirmiş, hamıdan çox, az qala hər gün televiziyalara çıxaraq “davamız mandat davası deyil, millət davasıdır” haray-həşiri qoparmışdı. Sonda o, millətin, Azadlıq blokunun üstündən keçməklə mandat yiyəsi oldu. Elə Azadlıq blokunu dağıdan da P.Hüseynovun bəlli DƏSTƏSİ oldu. Lalə Şövkətin götürmədiyi mandatı götürənlər Lalə Şövkətə “agent” damğası vurdular. Buna deyərlər: adımı sənə qoyaram…
Bir illik hakimiyyət boyunca KQB arxivlərinin açılmasına yol verməyənlər (eləcə də KQB-kommunist parlamentini qoruyub saxlayanlar) bütün ölkədə özünün agentura setini yaratmış, strateji postlara “AXC hakimiyyəti” adı altında agentlərini yerləşdirmiş (məsləhət” yolu ilə) KQB generalına üstün gələcək, ölkəiçi, ölkədışı antisistem olaraq işə salınmış, start verilmiş çevriliş mexanizminin qarşısını alacaqmışlar! Absurd!!!