Ocaq İlsırası ilə Qürub Ayının 4-də (avqust, 2012) Mütləqə İnam Ocağının İnam Evində Azərbaycanın dəyərlərindən biri olan Nəsimiliyə həsr olunmuş “Fikir Evi” keçirildi. “Fikir Evi”ni Yeni Yazarlar Ədəbi-kulturoloji kursunun baş əlaqələndiricisi Zaur Qəriboğlu təşkil etmişdi. Elə tədbiri də giriş sözü ilə özü açdı və davam etmək üçün YYSQ sədri, kursun ümumi rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilə müraciət etdi. Aydın Xan mövqeyini bildirəndən sonra Günev Atalı münasibət bildirdi.
Bundan sonra söz Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalıya verildi və “Fikir Evi”ni axıradək o apardı. Öncə Azərbaycanın ruhani mahiyyətini ifadə edən qədimliyimizi, daha doğrusu qədim dəyələrimizi təqdim elədi. O, burada yanaşmanın tam olaraq Asif Ata meyarına əsaslandığını vurğuladı: “Biz dəyərlərimizə Asif Atanın ölçüsü ilə yanaşmalıyıq, onda tamamilə yeni bir hal yaranacaq. Nəsimilik təsadüfi hadisə deyildi. Azərbaycanın mahiyyətində olan böyüklük tələbindən ortaya çıxmışdı. Nəsimidən əvvəl peyğəmbərlik, ağsaqqallıq ənənəmiz olub, Xürrəmidinliyimiz olub. Nəsimidə susdurulmuş ruhani ənənəmiz bərpa olunmuşdu. İnsani-bəşəri həqiqətimiz danışırdı. İnsanı Allah saymaq – bəşəri axtarışların zirvəsini fəth etmək idi. Nəsimilikdə Allaha aid olan bütün xassələr, atributlar insan sifətində təcəlla tapır. Bəşər tarixində belə baxış olmayıb.”
Soylu Atalı iştirakçıların da suallarıı cavablandırdı. Oda çox böyük olmasa da tədbirə 50-dən çox yazar, ziyalı qatılmışdı. Onların arasında fərqli mövqenin insanları var idi, – dini baxışa söykənənlər, ateizmə əsaslananlar, təriqət adamları və s. Zaur Qəriboğlu da belə bir tədbiri ona görə arzulayırdı ki, soydaşlarımız arasında mövqelər aydınlaşsın, dəyərlərimizə münasibət müəyyənliyini tapsın. Biz də öz tərəfimizdən bu cür axtarışları təqdir edirik. Doğrudan da bu gün Azərbaycanın ictimai, ədəbi, siyasi mühiti o qədər qarışıb ki, heç nə öz adıyla çağırılmır. Nəsimiyə münasibət də beləcə, bir qrup onu ateist sayır, başqa bir qrup dindar hesab edir və s. Soylu Atalı iştirakçıların bu yöndən suallarını da cavablandırdı: “Mən üç məsələyə aydınlıq gətirmək istəyirəm. Burada fikir səsləndirildi ki, Nəsimini bütləşdirmək olmaz, şəxsiyyətə pərəstiş yaxşı deyil. Sonra, Nəsimini ateist adlandıranlar var. Habelə, deyildi ki, hərənin öz həqiqəti var. Birinci, bütləşdirmək, şəxsiyyətə pərəstiş məsələsindən başlayaq.
Biz dedik ki, Nəsimi insanın daxili böyüklüyünün hüdudsuzluğunu açıb göstərir. Özü daxili kamillik mərtəbəsinə yüksəlib. Ona görə də o, səcdəyə layiqdir. Bizim üçün örnəkdir, içimizdə böyüklük imkanları açır. Bu səbəbdən də Nəsimiyə münasibət Stalin şəxsiyyətinə pərəstişin eyni deyil. Stalində pərəstiş obyektivdir, yəni özü hər şey olur, pərəstiş eləyən heç şey. Mən Asif Ataya səcdə qılıram. Bununla mən kiçilmirəm. Ondakı insani böyüklük mənim ömrümə axıb dolur və içəridən böyüdür, heç eləmir. Bu pərəstiş, özü hər şey olub, pərəstişkarı heçə çevirmir. Bu, xüsusi bir məsələdir. Din deyir hamı bəndədir, kölədir. Ancaq bunlar deyir İnsan daxilində Allahlıq məzmunu daşıyır. Əgər biz böyüklüyü tanımasaq, qəbul eləməsək, sabaha yol gedə bilmərik. Bir var daşdan, kəsəkdən bir məbud düzəldəsən və onun qarşısında əyiləsən, bir də var içəridən səni göylərə qaldıran şəxsiyyətə tapınasan, – çox fərqlidir.
İkinci, məsələ ateizm məsələsidir. Ateizm təkcə beşhərfli Allah sözünü inkar eləmir, əzəli, əbədi olan Mütləqi, ümumən insan müqəddəsliyini, aliliyini, ilahiliyini inkar edir. Nəsimi bu deyildi axı. Nəsiminin inancı vardı, Nəimini peyğəmbəri sayırdı. İnsanın ruhani gözəlliyini ali nemət bilirdi. Ona görə o, ateist ola bilməzdi.
Üçüncü, həqiqətin çoxluğu məsələsi. Hər kəsin fərdi estetikası var. Bu olmalıdır da. Ancaq milli məsələlərə münasibətdə, eləcə də Allahlıq məzmununa münasibətdə hər kəsin bir həqiqəti ola bilməz. Olarsa, onda “balıq, ördək, xərçəng” nağılı olar. Heç bir ictimai-insani tərəqqi baş tutmaz. Ali həqiqət birdir, ona yanaşma fərqlidir…”
Bundan sonra başqa suallara da cavab verildi və iştirakçılardan öz mövqeyini bildirənlər də oldu. Tədbirdə mətbuatın və kanal13 televiziyasının əməkdaşları da iştirak edirdilər. Onlar Soylu Atalıdan mövzu ilə bağlı müsahibə də götürdülər.
İki saata qədər davam edən toplantı uğurlu bir sonluqla başa çatdı.