PƏRVİZ ELAY. Unudulmuş böyük kəşflər

Doğu Hunların metal pulları

1-ci məqalə

XX əsrin 90-cı illərində ümumtürk tarix elmində diqqətdən yayınmış bir elmi kəşf oldu. Tatar alimi, Qazan universitetinin professoru, tanınmış  türkoloq  A.Q. Muhamadiyevin “Turan yazısı” adlı məqaləsi  “Tatar xalqının linqoetnotarixi problemləri” dərgisində (Qazan, 1995, səh. 36-83, rusca) dərc edildi. Məqalənin toxunduğu mövzu dar sahəyə aid olsa da onun ümumtürk tarixi üçün əhəmiyyəti ölçülməzdir. Bəlkə də, tatar alimi öz kəşfinin türkoloji elm üçün əhəmiyyətini heç özü də tam görə bilməmişdir.

            Bu məqalədə tatar professoru Orta Asiya və Tatarstan ərazisindən tapılmış və e.ə. 2-ci əsrdən Göktürk xaqanlığınadək tarixi dövrlərə aid olan metal pullar üzərindəki yazıların əski türkcə olduğunu və bu pulların Şərqi Hun (Eftal-Arsaq) xaqanlığına mənsubluğunu isbat etmişdi. Məsələ ondadır ki, e.ə. 4 əsrdə Makedoniyalı İsgəndərin Hindistana qədər tutduğu Mərkəzi Asiya əraziləri yunan (ellin) mədəniyyəti çevrəsinə daxil olmuşdu. Həyatın bir çox sahələri kimi pul dövriyyəsində də yerli Asiya şəhər-dövlətləri qədim yunanların nailiyyətlərini qəbul etmişdilər. Farsköklü sayılan (bu məsələ indiyədək mübahisəlidir- P.E.) Baktriya, Səgdək şəhər sivilizasiyaları da yunanları təqlid edərək tetradraxma tipli metal pullar kəsməyə başlamış və bu pullar üzərində arami köklü səgdək əlifbası ilə yazılar vermişlər. Amma tarixdən bəllidir ki, e.ə. 2-ci əsrdən bu ərazilər Şərqi Hunların bir qolu olan Eftalların (Arsaqların) idarəsinə keçmişdir. Bu dövrdən etibarən yerli pullar üzərində yazılar səgdək əlifbasını xatırlatsa da, onları fars dillərində oxumaq mümkün deyildi. Bir çox anti-türk yönümlü alimlər bunu pul kəsənlərin öz işlərinə naşı yanaşması, pul kəsmək üçün qəliblərin kobudluğu ucbatından səgdək hərflərinin oxunmaz hala düşməsi ilə izah edirdilər. On ildən çox bir müddətdə bu tip pulları tədqiq etmiş professor A.Q. Muhamadiyev isə, anti-türk yönümlü alimlərin qəzəbinə səbəb olmuş sonucları əldə etdi.

Kəşfin birinci əhəmiyyəti ondadır ki, A.Q. Muhamadiyev “təhrif olunmuş” sayılan hərflərin əslində səgdək yox, məhz türk (“run”) əlifbasına aidiyyatını göstərdi. Bunu, onunla əsaslandırdı ki, “təhrif olunmuş” sayılan hərflər səgdək hərfləri kimi yumru şəkildə yox, məhz türk runlarına oxşar tökmə texnologiyalı möhür tipli hərflərlə eyniyyət təşkil edir. Tatar alimi ilk öncə Hunlardan sonrakı daha gec, Göktürk dövrünə aid pullar üzərindəki “təhrif olunmuş” sayılan yazıları oxudu. O, qeyd etdi ki, Bilgə-xaqan abidəsində adı çəkilən “Kəngü Tarban”şəxsiyyət adı bu pulların birində tam eyni yazılışdadır, bu pullar və Bilgə xaqan abidəsindəki tarixi şəxsiyyət eyni dövrə aiddir. Bunun isbatından sonra isə, artıq daha qədim dövrə aid və guya oxunulmayan Xorəzm, səgdək pullarının yazısını oxumaq asanlaşdı. Sübut olundu ki, e.ə. 2-ci əsrdən etibarən Səgdək ərazisində (indiki Orta Asiyanın bir hissəsini əhatə edən ərazi) fars-səgdək yazılı pullarla yanaşı, yeni hakimlərin – hunların (qədim türklərin) dilində və əlifbasında yazılmış pullar Göktürk dövrünədək uzun müddətə dövriyyəyə buraxılmışdı.

     Tədqiqatın ikinci ən böyük kəşfi bu oldu ki, qədim türk run yazısının mənşəyi barədə mövcud qərəzli konsepsiya laxladı. Belə ki, vaxtilə əski türk run əlifbasını oxumuş Tomsen də belə bir səhv qənaətdə idi ki, türk runikası farsköklü səgdək əlifbasından götürülmüşdü. Lakin Tomsen bunu ehtimal edirdisə, sovet və Qərbin anti-türk yönlü alimləri bu fikrin ehtimal yox, tarixi həqiqət olduğunu sübut etməyə cəhd edirdilər. Hətta, onlar israr edirdilər ki, “vəhşi köçərilər” olan türklər “mədəni” farsköklü səgdəklərdən əlifbanı hun dövründə yox, daha gec, Göktürk dövründə əxz etmişlər (Tolstov, Livşits). Məhz, A.Q. Muhamadiyevin tədqiqatları Altay Amonjolova və Kızlasova imkan verdi ki, yeni əsaslandırılmış konsepsiyanı ortaya qoysunlar.Bu alimlərə görə, səgdək əlifbası əski türk əlifbasına yalnız təsir edə bilərdi, əski türk əlifbsı isə, daha qədim olmuş (Kızlasova görə hətta dəmir dövründən önə gedib çıxırdı), əski türk damğaları və sami əlifba sistemi ilə birbaşa bağlı imiş. Yəni, türk runikası ən azı, arami əlifbasının təsiri altda, ən çoxu isə, tuncun sonu, dəmir dövrünün əvvəllərində arami əlifbası ilə eyniköklü olmuş şimal-şərqi sami yazılarının bir qolunun təqlidindən törənmişdir. Bu konsepsiya isə, ilkin türklüyün ən azı, Qərbi  Asiya (Ön Asiya) köklü olması fikrinə yeni bir dəlil demək idi. Qəribə deyil ki, çağdaş rus (məsələn, Klyaştornıy), erməni, tacik, Avropa anti-türk yönümlü türkoloqları A.Q. Muhamadiyevin, A. Amonjolovun, Kızlasovun üzərinə indiyədək hiddətlənirlər.

     A.Q. Muhamadiyevin üçüncü ən böyük kəşfi isə, bu hun pullarının üzərində, tarix elmində ilk dəfə hunların özlərini necə adlandırmasını kəşf etməsi idi. Məsələ ondadır ki, hunların tarixdə məlum bütün ad variantları (“hun”, “hunq-hu”, “hyun-nu”, “syun-nu”, “qunn” ) kənar millətlərin onlara verdikləri, təhrif edilmiş adlar idi. Xorəzm pulları üzərində oxuduğu yazılarda bu tatar alimi hunların özlərini “hunuk”, “xunuq”, “qunuk” kimi adlandırmasını göstərir. Əgər Muhamadiyev bir qədər bu məsələ üzərində diqqətini cəmləsə idi, birincisi o, bu pullarda yazıların məhz, türkcə olduğu barədə daha bir əsas əldə etdiyini anlayardı. İkincisi isə, onun bu kəşfi hələ 1924-cü ildə Sədri Məqsudi Arsal tərəfindən Hun, Göytürk imperiyalarının məhz “oğuz /oğur” tayfa birliklərindən yaranması barədə fikri ilə necə də səsləşdiyini kəşf etmiş olardı. Bu barədə isə, gələn məqaləmizdə.

 1) A.Q. Muhamadiyev tərəfdən oxunmuş üzərində “Turan yabqu” yazısı olan antik Xorəzm dəmir pulu

 2) Digər pul üzərində “şad hunuk turan” (Hun Turanının “Şadı”-şəhzadəsi) yazısı

sd hunuk trγn

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv