Öndəki məqalələrimizdə göstərdik ki, 1924-cü ildə bir-birindən xəbərsiz olaraq türkoloq-alimlər S.M. Arsal və V. Tomsen eyni qənaətə gəlib çıxmışdılar ki, “oğuz”(“oğur”) sözü əslində türk tarixində ayrıca bir etnosun adı olmayıb, bütün türk dünyasının ilk və ən geniş yayılmış adı olmuş və bu söz sadəcə olaraq ulu türk dilində hərfən “tayfalar” anlamını vermiş, geniş mənada isə “iri tayfa birlikləri”, “dövlət” anlayışını kəsb etmişdi. Etno-siyasi mənada “oğuz / oğur” adı ilə birləşmiş eynidilli (türk) tayfa dövlətləri nəhəng idilər. Məsələn, hələ Roma imperiyasından ayrılmamış Doğu Roma (gələcək Bizans) imperiyası “Kutur Oğur” adlı imperiya ilə uzun-uzadı müharibələr aparmağa məcbur idi. Daha sonra, Bizans imperiyası imperator Yustinian dövründə “Utur Oğur” (“otuz oğuz”) imperiyası ilə müharibədən çəkinib, ona illik ödənc verməyə məcbur idi. Beləliklə, “oğuz / oğur” termini ilk mənada sadəcə “tayfalar, tayfa birlikləri” mənasını daşıyırmış. Amma bu “oğuzların (oğurların)”, yəni “tayfaların, tayfa dövlətlərinin” birləşib yaratdığı daha iri konfederasiyalar, ya hər hansı əlamətlə (“sarıoğur”, “kutur/quduz – oğur/oğuz”), ya da sayla (“on-oğuz/oğur”, “beş-oğuz/oğur”) və s. ilə göstərilirdi. Lakin bu halda da “oğuz / oğur” termini itmirdi.
Bəs, necə oldu ki, “türk” sözü bu anlayışı əvəz etdi?
Bu suala cavab verməzdən öncə, “türk” sözünün elmdə yozumu probleminə toxunaq. Geniş şərh vermədən deyə bilərik ki, bir sıra alimlər bu söz barədə belə bir fikirlər işlətmişlər ki, “türk” sözü ulu türkcədə “insan” mənası, hansısa bir ulu əcdadın adı, hər hansı konkret tayfa adı ilə bağlı olmuşdu. Amma bu yozumların məntiqi özülü olduqca zəif olmuş, daha çox yozanların öz fantaziyaları ilə bağlanmışdı. İlk dəfə bu anlayışa sırf elmi məntiqlə yozumu, S.M. Arsalın qız övladı, etrüsk tarixi üzrə dəf edilməz fikirləri ortaya çıxarmış, tanınmış türk alimi və diplomatı Adile xanım Aydan verdi. A. Aydan göstərdi ki, “türk” sözünü “oğuz” (“oğur”) məvhumuna daxil çərçivələrdən kənarda axtarmaq yanlışlıqdır. Adile Aydana görə, hətta islam dövründə tari-xi türk cəmiyyətlərində “türk” sözü “köçəri” anlayışı ilə assosiasiya olunurdu. Digər tərəfdən, “türk” sözü türk dünyasında məhz bu formada 2-ci Türk xaqanlığı dövründə, yəni Göktürk dövründə işlənməyə başladı. “Türk” sözünün ən qədim variantı isə, “turuk” (“duruq”) şəklində olmuşdur. Rəşidəddinin və digər məlum və bilinməz yazarların “Oğuznamələrində” “turuk / duruq” termini “oğuz / oğur” tayfa birliklərinin köçəri hissəsini göstərirdi və oturaq (“yatuq”) hissəyə bir antonim (qarşılıq) kimi qoyulurdu. Xanım A. Aydan qeyd edirdi ki, “turuk / duruq” sözünün bütünlüklə “türk” formasına keçməsi məhz “Göktürk” adının ortaya çıxması ilə bağlıdır. Belə ki, bu xaqanlığı yaratmış boybirliyi özünü həm səmavi (“gök / göy”), həm də əsil, həqiqi (“kök”) köçəri doktrinasına dayaqlanırdı. “Səmavi və həqiqi köçəri” ifadəsi onların dilində “Gök-turuk” kimi səslənirdi. Amma zaman keçdikcə, türk dilinin ahəng qanunlarına tabe olaraq, öndə gələn sözdəki (“gök / kök”) “Ö” səsinin təsiri altında “turuk” sözündəki “U” səsi “Ü” səsi ilə əvəzlənərək “türük / türk” formasına keçmişdir. A. Aydana görə bu dövrə aid türkdilli və farsdilli mənbələrdə bu keçidin mərhələləri çox yaxşı izlənilir. Qeyd edək ki, Hun (Qunuq) imperiyasından sonra məhz Göktürk xaqanlığı ikinci dəfə Uzaq Şərqdən Aralıq dənizinədək yaşayan bütün oğuzları (yəni, eyni dilli və köklü tayfadövlətləri) böyük əksəriyyəti ilə öz hakimiyyəti altında birləşdirməyə nail olmuşdu. Bununla əlaqədar bu eyni dilli və köklü oğuzlar (tayfa-dövlətləri) real və nominal olaraq “Göktürk”, sonralar isə, sadəcə “Türk” adını daşımağa məcbur olmuşlar. Qısası, “köçəri” kimi ilk öncə məna kəsb edən, oğuzların sosial termini olan “turuk – türk” sözü, artıq etnik məna kəsb etməyə başlamışdır. Türkologiyada sosial terminin etnik terminə keçməsi geniş yayılmış hal idi. Məsələn, oğuzlarda sosial-siyasi termin olan “içoğuz”, sonralar “işquz” şəklində etnik məna kəsb etmişdi (“şkuz”, “iskuth”, “skif” və d. variantlarda). Ən sonuncu bu hal, “taxtacı” tayfası ilə bağlıdır ki, sadəcə peşəni bildirən termin (“taxtaçı”—xarrat, dülgər) etnik termin kimi işlənməkdədir.
Yeri gəlmişkən bir məsələyə də toxunaq. Bəzi tarixçilər fars dili mühitindən doğan “Turan” coğrafi terminini “türklərin arealı, məkanı” kimi izah edirlər və burada “türk / tur” sözünü sırf milli ad kimi qəbul edirlər. Baxmayaraq ki, “tur” və “turuk / türk” sözləri bir-birilə genetik əlaqədədir, amma məsələ ondadır ki, fars mühitində “Turan” anlamı hələ hunlardan öncə işlənmişdir; yəni Avropa tarix elmində Mərkəzi Asiyada skif / sak (“içoğuz” / “üçok”) dövrünün məhsuludur (Firdovsinin “Şahnaməsindəki” kimi). Tarixən “Turan” anlayışına Orta və Mərkəzi
Asiyanın mərkəzi və şimal hissəsi daxil idi. Bu ərazilər köçəri əkinçilik, hərbi atçılıq üçün yararlı bir “düzənlik okeanı” idi. Amma Azərbaycan, İran, Qafqaz, Ön Asiya, Krım, Orta və Mərkəzi Asiyanın cənubu və digər ulu türklüyün əzəli əraziləri “Turan” coğrafi məvhumuna daxil deyildi.
Bu dağlıq ərazilər köçəri əkinçilik və hərbi atçılıq üçün əlverişsizdir. Əksinə, Böyük Çöldən (“Turan”dan) fərqli bu ərazilər oturaq və şəhər-dövlət sivilizasiyası üçün münbit idi. Məsələnin məhz bu cür qoyuluşu anti-türk tarix məktəbinə sərf edir. Yəni, köçəriliyin beşiyi olan “Turan” yalnız türklərin Vətəni imiş, yəni türklər yalnız əzəldən köçəri olmuşlar. Amma dərin təhlilində və “turuk / türk” terminin köçəri oğuzlara aid edilməsi həqiqətindən irəli gələrək tam ayrı bir mənzərə ortaya çıxır. Belə ki, “Turan” anlayışı yalnız köçəri oğuzların (“turuk / türklərin”) arealı idi və oturaq oğuzların arealı isə yuxarıda göstərdiyimiz, şəhər-dövlət sivilizasiyası üçün yararlı ərazilərdə olmuşdur. Beləliklə, “Turan” yalnız köçəri oğuzların ərazisi olmuşdu. Oturaq oğuzlar isə, əzəldən Ön, Orta və Mərkəzi Asiyanın, Qafqazın, Krımın və digər dağlıq və dağətəyi ərazilərin sahibi olmuşlar.
E. ə. 2-ci minilliyin sonlarında fars tayfalarının gəlişinədək Xorəzmdə (oturaq şəhər-sivilizasiyası) türk çarlığının mövcudluğu barədə Biruninin qeydləri və mərhum Güney Azərbaycan tarixçisi Məhəmməd Zehtabinin də İranda farslara qədər əzəli və möhtəşəm türkköklü (oturaq oğuz ) sivilizasiyası barədə tədqiqatları bütün yuxarıdakı fikirləri təsdiqləyir.
Necə oldu ki, “türk” termini “oğuz” adını tarix səhnəsindən sıxışdırıb çıxardı? İndiyədək rus-sovet və eləcə də Avropa tarixində dinin tarixi proseslərdə təkanverici mənbələrdən biri olması faktoruna yetərincə qiymət verilməyib. Elə “türk” sözünün “oğuz” adını sıxışdırmasında əsas rolu islam dininin türk dünyasına hərəkəti ilə bağlı olmuşdu. Müsəlman ərəblər ilk çağda “oğuz”, yəni qədim türk dünyası ilə toqquşduqda, burada oğuzların (yəni eyniköklü tayfa dövlətlərin) böyük hissəsi “Göktürk” və ya daha geniş işlənən “Türk” xaqanlığının real və nominal hakimiyyəti altında idi və rəsmən “türk” adını daşıyırdı. Məsələn, Güney və Quzey Azərbaycanda ərəblərlə döyüşlərdə üzləşən, oturaq oğuzlar olan alpanları və azropatenalıları ərəblər “türklər” kimi qəbul edirdilər. Hətta, islamı qəbul edən oğuzları ərəblər “türk” adı ilə tanımağa başladılar.
Nəticədə, parodoksal bir durum yarandı. Köçəri (“turuk / duruq / türk”) olmayan oğuzlar da islamı qəbul etməklə, artıq özlərini “türk” adı ilə identifikasiya edirdilər. Əksinə, ümumtürklüyün ən geniş yayılmış qədim “oğuz” adı isə, “kafir, müsəlman olmayan türksoylu” mənasını kəsb etməyə başladı. Beləliklə, islam dini oğuz aləmində yayıldıqca “türk” adı bu irqin əzəli “oğuz” adını sıxışdırıb çıxarırdı. Bunu biz, Orta Asiya ərazisində “türklərlə” (müsəlman oğuzlarla) “oğuzlar”
(müsəlman olmayan oğuzlar) arasında döyüşləri təsvir edən mənbələrdə görə bilərik. Belə bir sonuc ortaya çıxara bilərik ki, oğuz dünyasında “türk” sözü ilk variantında (“turuk / duruq”) “köçəri oğuzlar” mənasını kəsb etmiş, Göktürk dövründə bu məna itərək, bu xaqanlığa rəsmi mənsubiyyət anlayışında işlənmiş, islam dövründən isə, konkret olaraq etnik-milli mənsubiyyət anlamına keçmişdir.
Bu yerdə, ərəb-islam aləmində “türk” termini ilə bir müddət yanaşı işlənmiş “türkmən” soyadı barədə bir neçə söz demək olar. Adətən, farsdilli mənbələrdə bu sözə “türkə oxşar”, “türk kimi” açımı verilir. Anti-türk tarix məktəbinin konsepsiyasında bu açım belə izah olunur ki, guya “oğuzlar” hunlar dövründə türk dilini qəbul etmiş farsköklü tayfalar idilər və buna görə özlərini “türk” kimi yox, türkləşmiş, türkə oxşar sayırdılar. Aydındır ki, özlüyündə bu fikir yalnız anormal təfəkkürün məhsulu ola bilər. Əvvəla, döyüşkən və köçəri bölümə malik bir soyu necə assimilyasiya etmək olar? Guya döyüşkən “farsdillilər” olan “oğuzlar” əgər türk dilinə belə asan keçmişlərsə, Mərkəzi Asiyadan Avropaya qədər yayılmış, döyüşkən olmamış hind-fars dilli qa-raçılar onda nə üçün türkdilli olmadılar? Ümumiyyətlə, köçərini necə assimilyasiya etmək olar?
Bu anormal, amma anti-türk məqsədli fikri irəli sürən alimlər, məsələn, Tolstov, Qumilyov və digərləri heç olmasa V. Tomsenin “oğuz / oğur” termini ilə bağlı elmi əsərini oxuyardılar ki, istər Hun, istər Xəzər, istər Göktürk imperiyalarını yaradan tayfa birlikləri “oğuz” adlanırdılar, bu söz isə, qədim türkcədə yalnız “tayfa birliyi, tayfalar” mənasında işlənirmiş. Digər tərəfdən, “türkmən” etnoniminə biz, hunlar dövründə yox, daha gec bir dövrdə, Göktürk xaqanlığı dövründə rast gəlirik. Göktürk və ya Türk xaqanlığının hakimiyyətini qəbul edən qohum dilli və köklü tayfalar, yəni “oğuzlar” bir təəbə, vassal, xaqanlığa mənsubiyyət bildirərək, özlərini “türkmən” kimi təqdim edirdilər. Digər tərəfdən “-mən” hissəciyinin fars mənşəli olması da sual altındadır.
Bu hissəcik türk dillərində (“azman”, “qaramanlı”, “ataman”, “qocaman” və d. sözlərdə) də, həmçinin, Altay dillərində də (monqol-mancur), tərkibində çoxlu türkizmlər olan, Altay dillərinə qohumluğu ehtimal edilən Quzey və Güney Amerika hindu dillərində də işlənir (oraya isə, qədim farsların gedib çıxmasını anti-türk tarixçilər də qəbul etmir).
Sözsüz ki, türk tarixi barədə maraqlanan adam üçün belə bir sual ortaya çıxa bilər ki, “oğuz” (“oğur”) və “türk” terminləri yalnız hunların tarix səhnəsində görünməsi ilə ortaya çıxıb, yoxsa bu terminlərin daha qədim işlənməsi qeydə alınıbmı? Nə üçün anti-türk tarix məktəbləri “oğuzları” türk dünyasında ayrıca bir boy kimi qəbul etməklə, onların guya fars mənşəli olması fikrini gözə soxmağa çalışır? Bu barədə digər yazıda…
PƏRVİZ ELAY. Adlanma: “Oğuzdan” “Türkə” doğru
Noyabr 13th, 2012 admin