Gürcüstanda hakimiyyət dəyişdi. Hər kəs bunu demokratiyanın yeni mərhələsi hesab edir. Bu, üzdə görünən, təlqin olunandır. Əslində isə balaca dövlətlərdəki dəyişiklik böyük güclərin maraqları həddində baş verir. Qərbin Orta Doğu əməliyyatları göründüyü kimi, ən çox Rusiya tərəfindən əngəllənir. Başqa sözlə, Rusiya bu əməliyyatların gerçəkləşməsində özünün çıxarlarını nəzərə aldırtdırır. Qərb Rusiyaya güzəştə getməyə məcburdur. Bunun da iki nədəni var. Birinci, zəngin neft xəzinələri hesabına iqtisadi cəhətdən bərkiyən ərəb dünyasını idarə olunan duruma gətirmək lazım idi. Ən çox Qərbi Avropa xalqlarından tərtib olunan Amerika Birləşmiş Ştatları bugünkü siyasi uğurlarına baxmayaraq enişə yuvarlana bilər. Milyardlarla dövlət borcu olan ABŞ Qərbi Avropa dövlətlərinin siyasi dəstəyi ilə ayaqda dura bilir. ABŞ dünya idarəçiliyinin mərkəzidir. Bu mərkəz ABŞ-ın dövlət halına gətirildiyi ilk gündən bu vaxta qədər Avropalıların əlindədir və Avropa Şərq dövlətlərinin mümkün basqılarından ABŞ vasitəsiylə qorunur. Əgər ABŞ-da idarəçilik ərəblərin, çinlilərin, türklərin, hindlilərin əlinə keçərsə, Avropanın hansı duruma düşəcəyini təsəvvür eləmək heç də çətin deyil. O ki qaldı Avropalıların ABŞ-la müəyyən iqtisadi rəqabət aparmalarına, habelə, “avro” pul vahidi işlətmələrinə, bu məsələlər dediklərimizin üstündən xətt çəkmir. Bu münasibət ABŞ-da artan yəhudi təsirlərini neytrallaşdırmaq məqsədi daşıyır.
Rusiyaya edilən güzəştin ikinci səbəbi əsasən türklərlə bağlıdır. İki qitənin mərkəzi zolağında səpələnmiş durumda yaşayan türklərin nə vaxtsa bir araya gəlməsi dünyanın siyasi mənzərəsini tamam dəyişə bilər. Yəni dünyanın siyasi idarəçiliyi bu “zolaq”da oluşar. Ona görə də türkün birlik halına gəlməsinin qarşısını hər vasitə ilə alırlar. Bu gün türk biliyini təkanlaşdıra biləcək gerçək siyasi güc Türkiyə olduğuna görə onu dövrəyə alıb parçalamağa çalışırlar. Bunun üçün Orta Asiya türklərini, Azərbaycan türklərini və Rusiyanın içinə alınan türkləri dağınıq durumda və nəzarətdə saxlamaq gərəkdir. Bu işi Rusiya həyata keçirir. Türklərə və ərəblərə qarşı Rusiyanın və Qərbin vahid mövqedən çıxış etmələri hər zaman göz qabağında olubdur. Bu ilişkilərlə bağlı yetərincə tarixi misallar göstərmək mümkündür. Deməli, dünyaya ağalıq eləmək uğrunda Qərblə Rusiyanın maraqları toqquşsa da, onların siyasi mövcudluğunu təhdid edən ortaq “düşmənlər”i var. Bunu nəzərə alırlar.
İndi qayıdaq Gürcüstanda görüntülənən demokratiya məsələsinə. Hər zaman vurğuladığımız kimi, böyük güclərin istəklərinə mane olan əsas bölgə faktı Azərbaycandır. Ona görə Türkiyənin arxasında Azərbaycanın güclənməsinin, bütövləşməsinin qarşısını hər vəchlə alırlar. On illərlə işləyən planlar dəyişməyib. Azərbaycanı parçalayan, xırdalayan dövlətlərin niyyətləri bu gün də öz qüvvəsini saxlayır. Bu qüvvələr Avropadır, Rusiyadır. Bugünkü həyatımızda fəlakətlərimizi yaradan, Qarabağ probleminin həllinin qarşısını kəsən Avropadır, Rusiyadır (ATƏT-in Minsk qrupu). Bütün bu oyunlar demokratiya pərdəsi altında həyata keçirilir. Ancaq bizim siyasilərimiz, yazarlarımız fəlakətlərimizin səbəblərini Avropaya zəif inteqrasiya eləməyimizdə axtarırlar. Təəssüf ki, ən çılpaq münasibətləri belə görmürlər, görmək istəmirlər. Təbiidir, Avropanın yönətim kuralları birinci növbədə insanlarımızın şüurunu zəbt eləyib. Bu səbəbdəndir ki, Gürcüstanda gedən siyasi dəyişikliyə umsunurlar. Halbuki Gürcüstanda baş verən hakimiyyət dəyişikliyi bəri başdan Azərbaycan üçün yeni “baş ağrıları” vəd eləyir. Artıq Moskva-Tiflis-İrəvan dəmir yolunun işə düşəcəyi haqqında fikirlər səsləndirilir. Deməli, Ermənistan iqtisadi blokadadan çıxarıla bilər. Bu isə Qarabağ probleminin həlli istəklərinə yeni bir zərbə deməkdir. Hələ bu bir yana, son vaxtlar Borçalıda, yeni fəlakətlərin əsası qoyulur. Daha doğrusu, müvəqqəti ara verən tendensiya yenidən gündəliyə gətirilir. Artıq evlərə silahlı basqınlar həyata keçirilir. Bu əməllər eyni vaxtda həm Başkeçiddə (Dmanisidə), həm Bolusda (Bolnisidə), həm də Borçalıda (Marneulidə) gerçəkləşir. Ona görə də bu hadisə təsadüfi xarakter daşıya bilməz. Deməli, Borçalıdan yeni köç dalğaları başlaya bilər. Qaçqın, köçkün diyarına çevrilən Bakı şəhəri yenidən sarsıdıla bilər. Bundan öncə də qaçqın, köçkün axınları əsasən Başkəndə – Bakıya yönəldilmişdi. Çünki Başkəndi çalxalamaqla bütün ölkənin başını qatıb sarsıtmaq mümkündür.
İllər öncə Borçalıda oxşar hadisələr baş verəndə bizimkilər yazırdılar ki, bu əməlləri həyata keçirən erməni qruplarıdır. Məqsədləri Azərbaycanla Gürcüstanın arasını vurmaqdır. Təəssüf ki, Gürcüstanın dövlət siyasətini və bunu dəstəkləyən xarici güclərin məqsədlərini doğru qiymətləndirmirlər. Məqsəd Borçalını tədricən türksüzləşdirməkdir. Necə olur ki, dövlət davamlı hərəkət edən silahlı qrupların öhdəsindən gələ bilmir (Davamlı ortada olan qrup bilinir)?! Və necə olur ki, bu silahlı qruplar məhz Azərbaycan türklərinə qarşı basqınlar həyata keçirirlər?! Yenə də orada yaşayan soydaşlarımızın gözünü qorxudub köçməyə məcbur edirlər. Zviyad Qamsaxurdiya şovinizmi aradan getməyib. O, gürcü məqsədini açıq həyata keçirirdi, ondan əvvəlkilər və sonrakılar isə qapalı şəkildə. Təəssüf ki, Azərbaycan iqtidarı da hər zaman taktiki gedişlər edir, bütün addımlarını beş-on ilə hesablayır. Heç bir qlobal problemlərimizlə bağlı dövlət strategiyamız görünmür. İqtidarımız Borçalı cəmiyyəti yaradıb Saakaşvilini təriflədir, Gürcüstan-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunu təbliğ etdirir. İldə bir dəfə göy yaylaqlara toplaşıb yeyib-içmək də yüksək münasibətin təzahürü kimi sunulur. Yenə də soydaşlarımıza yalançı ümidlər verilir. Halbuki Borçalıların siyasi təşkilatlanması və ən azı muxtariyyat əldə edib özünü qorumaq üçün mübarizə etməsi gərəkdir. Nə vaxta qədər aldanacağıq, aldadılacağıq?! Bilə-bilə aldanış daha böyük fəlakətlərə yol açır. Heç bir fəlakətlərimizdən dərs götürmürük.
Hər zaman vurğu elədiyimiz kimi, bu gün Azərbaycanda Uluyurd Hərəkatına böyük ehtiyac var. Gələcəyimizi təhlükəyə bağlayanlara dirəniş göstərmək üçün vahid Milli Mübarizə Hərəkatına – Uluyurd Hərəkatına toparlanmağımız gərəkdir!
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!
09 Yağış Ayı, 34-il. Atakənd.
(noyabr, 2012)