ZAUR QƏRİBOĞLU. MƏN ZAMANI SEVMİRƏM

(Cizgilər…)

Mən zamanı sevmirəm!
Insanla oynayır
Onu sevəndə.
Gəncliyə yol olur-
Uçurum yolu,
əvvəl qovuşdurur
iki ürəyi,
Sevdirir oğlana
Həm qızı, həm də
Oğlanın qəlbini
Tapşırır qıza.
Aldadır,
Gah iki taleni
Bağlayır üzdə,
Gah zamana inanan
həssas ürəklər
qovrulur zamanın qayım
əlində…
Unutdura bilir sevgi
Sözünü
Heç nə olmamış tək.
Yaman dəyişkən olur,
Mən zamanı sevmirəm!
xxx
Bəşərdə millət görür,
Sonra düşmənləşdirir,
Dava salır araya,
Qan-qada sellər kimi
Niyyətlərə yeriyir,
Məqsədlərə hökm edir.
Birinin torpağını
Parçalayır, paylayır,
məhv eləyir aləmi-
birini məğlub kimi,
birini qalib kimi.
Zəifdə milliliyi
Güclüdə də vicdanı
Öldürür naib kimi.
birini manqurt kimi
aldadıb
tarix yazır!
Millətləri amansız
BMT-lərə tapşırır,
ATƏT-lərə haqq verir
Ağa kimi davransın, ədaləti
Unutsun,
Həqiqəti qəhr etsin…
Mən zamanı sevmirəm!
Doğur,
Yaşadır,
Öldürür,
Atanı,
Ananı,
Ən sevdiyin insanı
Unutdurur!
Qəbirstanlığa gedirəm,
Neçə-neçə əsrlərin,
Ölüləri torpağa qarışıb,
Sinə daşları ayaq altında tapdanır.
Bəlkə də ayağımın altında tapdanan
Torpaq altda ulu babam,
Ulu kimsəm uyuyur,
Nəvəsinə babasının torpağını tapdadan
Zaman,
Mən səni sevmirəm!
eh
Qəriboğlu,
Pisləri deyəndə,
Ümid də göstər.
Hər şeyin sonu deyil!
Axı əbədiyyət də var,
De!
Mən Onu sevirəm,
əsl olmaq istəyəni yaşadır,
Mən Onu sevirəm!
Nizamini,
Füzulini,
Nəsimini,
Sabiri,
Mirzə Cəlili
Yaşadır…
Zaman ədalətsizlik etsə də,
Əbədiliyə ziyan verə bilmir.
Zamanı çatanda,
Alçağı rədd edir
Ucanı ucaldır.
Mən Onu görəcəmmi?!
Bilmirəm!
Amma Onu sevirəm!..

17 noyabr 2012,
Bakı.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv