Bu günlərdə Türkel Araşdırma Qurumunun növbəti toplantısı keçirildi. Toplantıya teatrşünas Sevda xanım, Qərb Universitetinin öyrənciləri Nicat bəy və Məsud bəy, İnamlı və Ulusəs Atalılar da qatılmışdılar. Mövzu Türk Dünyasının böyük xadimi Atatürkə həsr olunmuşdu. Son dövrlər Türkiyə Cümhuriyyətində dini təsirlərin artmasını və Atatürkə qarşı başladılan kompaniyanı ciddi bir xəbərdarlıq saymaq gərəkdir. İndiki hakimiyyət tərəfindən Türkiyə Anayasasına kobud müdaxilələr antitürk qüvvələrin dəyirmanına su tökməkdir. Atatürkün yürütdüyü siyasəti təftiş eləmək başqa qüvvələrin Türkiyəyə sərbəst müdaxilə eləməsinə imkan yaradır. Bu imkanları genişləndirmək məqsədilə Atatürkü toplumun gözündən salmağa cəhdlər edilir. Bu prosesə təkcə Türkiyədə deyil, Azərbaycanda da təkan verilib. Sovetlər dönəmində Atatürkün Azərbaycana yönəlik siyasətinə antiAzərbaycan şərhlər gətirməklə təkcə Atatürkü gözdən salmırlar, Azərbaycan dövləti və toplumu ilə Türkiyə dövləti və toplumu arasında ixtilafların yaranmasına və dərinləşməsinə stimul verirlər. Bu isə kövrək addımlarını atan Türk Birliyinə bəri başdan zərbə vurmaqdır.
Bu və bunun kimi süni yaradılan problemlərə aydınlıq gətirmək və dirəniş yaratmaq gərəkdir. Davamlı söhbətlər təşkil olunmalı, müzakirələr aparılmalıdır. Atatürkün prinsiplərinin, baxışlarının önəmini ictimai çevrələrdə doğru çatdırmaqla maarifçilik işləri həyata keçirilməlidir.
Türkel Araşdırma Qurumu