ASİF ATA. HƏQİQƏTLƏR (III YAN BİTİQ) davamı

HƏQİQƏT
İnam – Mütləq İdrak.
Elm – Nisbi İdrak.

22 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Dünya Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib.
Həyat Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib.
Insan Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib.

HƏQİQƏT
Dünya – Mahiyyətlə Gerçəkliyin Birliyidir – yəni Mənayla Mənasızlığın Birliyidir; –
Mənayla Mənasızlığın Birliyi – Formal Birlikdir.

HƏQİQƏT
İnsan Mahiyyətin – Mütləqin Bəndəsi deyil, İfadəsidir.

HƏQİQƏT
Mahiyyət – İnsanda cəmləşən Dünyadan artıq Məna.

MƏNALAR
İnamın Mənası – Mütləq.
İdrakın Mənası – Həqiqət.
Mənəviyyatın Mənası – Vicdan.
İradənin Mənası – Kamillik.

HƏQİQƏT
Ölüm – Gerçəklik Yoxluğu.

HƏQİQƏT
Şər – Xeyir nisbiliyindən yaranıb – Özündən yaranmayıb –
Şərin Mənası yoxdur.
Xeyir Özündən yaranıb – Mənadan yaranıb.

HƏQİQƏT
Dünya Özündən – öz Mənasından – yaranıb.
Həyat Özündən – öz Mənasından – yaranıb.
İnsan Özündən – öz Mənasından – yaranıb.

HƏQİQƏT
Allaha inanmaq əvəzinə Özünə inan –
Onda Mütləqə İnanacaqsan.
Allahı tanımaq əvəzinə Özünü tanı –
Onda Mütləqi tanıyacaqsan.
Allahdan qorxmaq əvəzinə Özündən qorx –
Onda Mütləqdən qorxacaqsan.
Özün – yəni Əzəliliyin, Əbədiliyin, Sonsuzluğun, Kamilliyin, Ruhluğun.

23 Dözüm günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT

Torpaq, Hava, Su, Od – Torpağın, Havanın, Suyun, Odun – Əzəlilik, Əbədilik, Sonsuzluq, Kamillik adlı Mənasından yaranmışlar.

HƏQİQƏT
İnsan olmasaydı – Dünyanın Mənası itərdi.
Insan Dünyanın cüzi hissəsidir, ancaq Dünyanın Mənası onda cəmlənib.

HƏQİQƏT
Dahilik, Qəhrəmanlıq, Müqəddəslik, Aşiqlik –
Gerçəklikdə Gerçəklikdən artıq olan Mahiyyət.

24 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Ölümü yaşadan –Nisbilikdir.
Mütləq – Ölümsüzdür.

25 Qismət günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Gerçəklikdə Mütləq Yoxdur – əslində Mütləq Var.
Gerçəklikdə Nisbi Var – əslində Nisbi Yoxdur.

28 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Hegel Mütləqi Gerçəkliklə barışdırır: bu, Mütləqi nisbiləşdirməkdir – yəni Yox eləməkdir əslində.

HƏQİQƏT
Hegeldə gerçək olan – Mənalıdır;
bu, əslində Mənanı Mənasızlaşdırmaq deməkdir.
Nisbi Xeyiri – Xeyir saymaq – Xeyiri Mənasızlaşdırmaqdır.
Nisbi Vicdanı – Vicdan saymaq – Vicdanı Mənasızlaşdırmaqdır.
Nisbi Ədaləti – Ədalət saymaq – Ədaləti Mənasızlaşdırmaqdır.
Nisbi Həqiqəti – Həqiqət saymaq – Həqiqəti Mənasızlaşdırmaqdır.
Gerçəkliyi Mənaya bərabər saymaq – Mənanı Mənasızlığa bərabər saymaqdır əslində.

HƏQİQƏT
Mühit Dairəsində Müstəqillik – Mühitdən çıxmaq.
Şərait Dairəsində Müstəqillik – Şəraitdən çıxmaq.
Zaman Dairəsində Müstəqilik – Zamandan çıxmaq.

30 Dözüm günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Əsarətin öz Varlığı yoxdur – Əsarət Azadlığın Yoxluğudur.
Zülmün öz Varlığı yoxdur – Zülm Ədalətin Yoxluğudur.
Yalanın öz Varlığı yoxdur – Yalan Həqiqətin Yoxluğudur.

HƏQİQƏT
Hadisə Mahiyyətdən yaranır, ancaq Mahiyyət Hadisədən yaranan görünür.
Təzahür Mənadan yaranır, ancaq Məna Təzahürdən yaranan görünür…

31 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Tarixilik – Qədimliyin Təzahürü.
Qədimlik – Tarixiliyin Mənası.

HƏQİQƏT
Ziddiyyətləri yaradan Gerçəklikdir, aradan qaldıran – Mahiyyət.

HƏQİQƏT
İnsanla Adamın Fərqi – Mənayla Təzahürün Fərqinə bərabərdir.

3 İnam günü, Yağış Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Səbəb – Məna, Nəticə – Təzahür.
Səbəb – Mütləq, Nəticə – Nisbi.
Səbəb – Əbədi, Nəticə – Keçici.
Səbəb – Sonsuz, Nəticə – Sonlu.
Səbəb – Kamil, Nəticə – Qeyri-kamil.

Nisbi Səbəb yoxdur, Mütləq Təzahür yoxdur; bu səbəbdən də Mütləq Labüdlük – Qismətçilik Yalanıdır…

HƏQİQƏT
Cəmiyyət əslində Var olmur, çünki o, Yox ola bilərdi; Adam İnsanlaşsaydı – cəmiyyət Var olmazdı.

Maddiyyatçılıq əslində Var olmur, çünki o, Yox ola bilərdi; Adam İnsanlaşsaydı – maddiyyatçılıq Var olmazdı.

Tarixi Gedişat əslində Var olmur, çünki o, Yox ola bilərdi; Adam İnsanlaşsaydı – Tarixi Gedişat Var olmazdı.

DİALEKTİK YALANLAR
Əksliklərin Vəhdəti Qanunu: –
Xeyirin Şərləşməsi, Şərin Xeyirləşməsi Yalanı.

Kəmiyyətin Keyfiyyətə Keçməsi Qanunu: –
Kəmiyyətin Keyfiyyətləşməsi,
Keyfiyyətin Kəmiyyətləşməsi Yalanı.

İnkarı İnkar Qanunu: –
İnkarın Təsdiqləşməsi, Təsdiqin İnkarlaşması Yalanı.

HƏQİQƏT
Gerçəklikdə olmayan Mütləq Xeyir – İnsanın daxilindədir: İnamında, İdrakında, Mənəviyyatında, İradəsində…

Gerçəklikdə olmayan Mütləq Həqiqət – İnsanın daxilindədir: İnamında, İdrakında, Mənəviyyatında, İradəsində…

Gerçəklikdə olmayan Mütləq Ədalət – İnsanın daxilindədir: İnamında, İdrakında, Mənəviyyatında, İradəsində…

Əzəli, Əbədi, Sonsuz, Kamil Məna – Mütləq – İnsanın daxilindədir…

HƏQİQƏT
Dəyişilən nə varsa – Yaradılıb.
Dəyişməz nə varsa – Yaranıb.

HƏQİQƏT
Təcrübəni Həqiqətin Meyarı saymaq – Nisbini Mütləqin Meyarı saymaqdır.

5 Ümid günü, Yağış Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT

Cəmiyyət İnsan həyatını mexanikləşdirir, cansızlaşdırır, əslində İnsan cəmiyyətdə ölümlə üzləşir və instinktiv surətdə özünü cəmiyyətdən qorumağa can atır.
Cəmiyyət insanları daşa, ağaca döndərən, tilsimə salan Divə oxşayır – nağıllar əslində cəmiyyəti ifadə eləyirlər.

HƏQİQƏT
Tarixi Zəruriyyət – Qismətçiliyin elmi adı.

HƏQİQƏT
İmkan – Gerçəkliyi ötmək.
İmkansızlıq – Gerçəkliyə uyğunlaşmaq.

6 Dözüm günü, Yağış Ayı, 13-cü il. Bakı.

DİALEKTİKAYA QARŞI
Xeyir Şərə keçirsə, o, Xeyir deyil – Şərdir.
Şər Xeyirə keçə bilməz, çünki o, Xeyirin Yoxluğudur.

HƏQİQƏT
Təzahürün Varlığı – Mahiyyətdədir,
Mahiyyətin Varlığı – Özündə.

HƏQİQƏT
Varlıq – Yoxluğa çevrilə bilməz,
Var olan – Yox olmaz.

HƏQİQƏT
Təzahür – Var olsaydı – ölməzdi.
Mahiyyət – Yox olsaydı – ölərdi.

FƏRQ
Təzahür – Ölümlü Mövcudluq;
Mahiyyət – Ölümsüz Varlıq.

HƏQİQƏT
Yoxluq – Nisbidən Yaranıb;
Mütləq – Yoxluq tanımır.

AZADLIQLAR
İnam Azadlığı – Mütləqilik.
İdrak Azadlığı – Həqiqət.
Mənəviyyat Azadlığı – Kamillikə
İradə Azadlığı – Gerçəkliyi ötmək.

8 Qismət günü, Yağış Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
İnsanilik – əməkdən artıqdır –
Əmək İnsanı yarada bilməzdi.
İnsanilik – Cəmiyyətdən artıqdır –
Cəmiyyət İnsanı yarada bilməzdi.
İnsanilik – Dövrandan artıqdır –
Dövran İnsanı yarada bilməzdi.
İnsanilik – Şəraitdən artıqdır –
Şərait İnsanı yarada bilməzdi.
İnsanilik – Mütləqilikdir; İnsan Mütləqilikdən yaranıb.

HƏQİQƏT
İnsan – ictimai münasibətləri yaradır, – ictimai münasibətlər insana yaramır.

HƏQİQƏT
İnsan Əməyi yaratdı; – Əmək Insanı yaşatdı.

14 Murad günü, Yağış Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Cansız Təbiət əslində Canlıdır – çünki Ruhludur.
Canlı Təbiət (Heyvanat Aləmi) əslində Cansızdır – çünki Ruhsuzdur.
İnsan Öküzdən çox, Ulduza bənzəyir.

FƏRQ
İnsan üzərində Məna Ağalığı olmur – Allah Ağalığı olur.

HƏQİQƏT
Mədəniyyət İnsanı Ucaldır, Din İnsanı Alçaldır.
Bu səbəbdən də “Dini mədəniyyyət” anlayışı cəfəngiyyatdır.
“İslam mədəniyyəti” anlayışı cəfəngiyyatdır.
“Xristian mədəniyyəti” anlayışı cəfəngiyyatdır.

12 Mərhəm günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Dünya dəyişir, Məna dəyişmir, bu səbəbdən də Dünya ölmür.

13 Qismət günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Qılıncla Ruhani İntibah yaranmaz.
Qılıncla Ruhani İntibah dağılar, yaxud qorunar.

HƏQİQƏT
Dinə qarşı – İnam.
Ateizmə qarşı – İnam.

15 İnam günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Allah – Mənayla qırılan Tilsim.

HƏQİQƏT
Cənnət – əslində Cəhənnəm Əzabı.

16 Arzu günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Məna – Dünyadaşıyan
İnsan – Mənadaşıyan.

DİN XOFU
Allahdan Qorx – Pislik eləmə.
Qorxu – özü elə Pislikdir.
Allahdan Qorx – Şər eləmə.
Qorxu – özü elə Şərdir.

HƏQİQƏT
Dinin Göyü – Yerdir əslində.
Din Göysüzdür.

HƏQİQƏT
Cəza – Mükafatın Davamı.
Mükafat – Cəzanın Davamı.

HƏQİQƏT
Cəza – Cinayətdən Törəyən.
Cinayət – Cəzanı Törədən.
Cəza – Cinayəti öldürmür.
Cinayət ölməsə – Cəza ölməz.

HƏQİQƏT
Adamlar həqiqətdən xilas olamq üçün Yalana qaçdılar; unutdular ki, həqiqətdən başqa xilas yoxdur.

HƏQİQƏT
Xalq – Camaatın Mahiyyəti.
Camaat – Xalqın Təzahürü.
Mahiyyət – Təzahürdən artıqdır, böyükdür, yüksəkdir.
Xalq – Camaatdan artıqdır, böyükdür, yüksəkdir.

HƏQİQƏT
Zorakılıq – Əxlaqsızlıqdır.
Zorakı Əxlaq – Əxlaqsızlıqdır.

HƏQİQƏT
İslam – Şərabı günah sayır.
İslam özü elə Şərabdır.
Marksizm – Dini Tiryək sayır.
Marksizm – özü elə Tiryəkdir.

HƏQİQƏT
İnsana Münasibət – Mənaya Münasibətdir.
İnsanı Alçaltmaq – Dünyanı Mənasızlaşdırmaqdır.

17 Ümid günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Din – Ruhani Hakimlik.
İnam – Ruhani Kamillik.

HƏQİQƏT

Allah əslində Gördüyümüzdür: Quldardır, Ağadır, Mülkiyyətçidir, İnzibatçıdır; Hökmdardır, Nəzarətçidir, Cəzaçıdır, İnşaatçıdır…

HƏQİQƏT
İnsana İnanmayan – Kafirdir.
Dinlərin Heç biri İnsana İnanmır.
Dinlərin Hamısı Kafirdir.

HƏQİQƏT
Ateisti Allahsız saymaq Günahdır.
Ateistin Allahı – maddiyyatdır.

18 Dözüm günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Quran – əslində Qorxu – namədir.

19 Mərhəm günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Amansız Həqiqət olmur.
Amansız Yalan olur.

20 Qismət günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Din İnsandan qorxur, bu səbəbdən də onu Allahla qorxudur.

23 Arzu günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Boşluq – Mənasızdır.
Dünya Boşluq tanımır.
Bu səbəbdən də Dünya – Mənalıdır.

26 Mərhəm günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Vaqif Saray şairidir; Saray Əxlaqının – Əxlaqsızlığının tərənnümçüsüdür.

27 Qismət günü, Günəş Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Zor – Heyvanın Gücüdür; Adamın – Gücsülüyü.

4 Murad günü, Çiçək Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Təhlükədən qaçmasan – Təhlükə səndən qaçar.

11 Murad günü, Çiçək Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Fərəhli Zaman olmur – Fərəhli İnsan olur.
Fərəhli Şərait olmur – Fərəhli İnsan olur.
Fərəhli Mühit olmur – Fərəhli İnsan olur.
Fərəhli Cəmiyyət olmur – Fərəhli İnsan olur.
İnsanlıq – Fərəhdir.

12 İnam günü, Çiçək Ayı, 14-cü il. Bakı.

FƏRQ
Müsəlmanlar – İtaətçidirlər.
İtaətdə Eşq yoxdur.
Sufilər – Aşiqdirlər, bu səbəbdən də Müsəlman deyillər.

18 Murad günü, Çiçək Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Dünya nədən yaranıb?
Dünya Dünyalıqdan yaranıb.
Dünyalıq nədən yaranıb?
Dünyalıq Özündən Yaranıb!

Həyat nədən yaranıb?
Həyat Həyatlıqdan yaranıb.
Həyatlıq nədən yaranıb?
Həyatlıq Özündən yaranıb!

İnsan nədən yaranıb?
İnsan İnsanlıqdan yaranıb.
İnsanlıq nədən yaranıb?
İnsanlıq Özündən yaranıb!

HƏQİQƏT
Mənliyin Mənəmlikdən böyük Düşməni yoxdur.

24 Qismət günü, Çiçək Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Cismani Mənadan yaranıb, bu səbəbdən də Mənasız sayılır.

HƏQİQƏT
Dünyanın yaşı var, Dünyalığın yaşı yoxdur.

HƏQİQƏT
Mahiyyət – Gerçəkliyin daxilində –
Gerçəklikdən Artıq, Böyük, Yüksək.
Dünyalıq – Dünyanın daxilində –
Dünyadan Artıq, Böyük, Yüksək.
Həyatlıq – Həyatın daxilində –
Həyatdan Artıq, Böyük, Yüksək.
İnsanlıq – İnsanın daxilində –
İnsandan Artıq, Böyük, Yüksək.

HƏQİQƏT
“İnsanı Allah yaradıb!” demək – Allahı günahkar saymaqdır – İnsanın Günahını Allahın üstünə yıxmaqdır.

HƏQİQƏT
Yalan – Gerçəkliyə yaxındır.
Həqiqət – Gerçəklikdən uzaqdır.

25 Murad günü, Çiçək Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Təzahür Mahiyyətdən yaranıb.
Cismani Ruhanidən yaranıb.
Dünyalıq – Səbəb, Dünya – Nəticə.
Həyatlıq – Səbəb, Həyat – Nəticə.
İnsanlıq – Səbəb, İnsan – Nəticə.

26 İnam günü, Çiçək Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Mahiyyət – Məna deməkdir.
Maddi Məna olmur.
Bu səbəbdən də Maddiyyatı Dünyanın Əsası saymaq – Dünyanı Mahiyyətsizləşdirməkdir.

FƏRQ
Kainat Cismaniyə sığır.
İnsan Cismaniyə sığmır.
İnam cismaniyə sığmır.
İdrak cismaniyə sığmır.
Mənəviyyat cismaniyə sığmır.
İradə cismaniyə sığmır.

HƏQİQƏT
Biçim – Mahiyyətin Təzahürü.
Mahiyyət – Biçimin Mənası.

27 Arzu günü, Çiçək Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
Dünya Böyükdür – ancaq Mənadan kiçikdir –
Yəni İnamdan kiçikdir, İdrakdan kiçikdir, Mənəviyyatdan kiçikdir, İradədən kiçikdir.

28 Ümid günü, Çiçək Ayı, 14-cü il. Bakı.

HƏQİQƏT
İnam – Mütləqilik Halıdır,
Həm də Mütləqiliyin İzharıdır.
İdrak – Mütləqilik Halıdır,
Həm də Mütləqiliyin Dərkidir.
Mənəviyyat – Mütləqilik Halıdır,
Həm də Mütləqiliyə çatmaqdır.
İradə – Mütləqilik Halıdır,
Həm də Mütləqiliyin təsdiqidir.

HƏQİQƏT
Dünya dəyişilir – təzələnmir.

HƏQİQƏT
Xudbinlik – Özgələşmədir.

HƏQİQƏT
Musiqidə Qulaq Ruhu eşidir.
Şeirdə Göz Ruhu oxuyur.
Rəssamlıqda Göz Ruhu görür.
Məhəbbətdə Ürək Ruha qovuşur.

HƏQİQƏT
Dil – Təfəkkürün Təzahürü.
Təfəkkür – Dilin Mahiyyəti.

1 Qismət günü, İşıq Ayı, 14-cü il. Bakı.

BİRLİK
“Mənlər” deyilmir, “Biz” deyilir – çünki “Mən” Birdir.
“Sənlər” deyilmir, “siz” deyilir – çünki “Sən” Birdir.

HƏQİQƏT
Şər Xeyirdən törəmir – Şərdən törəyir.
Ölüm Həyatdan törəmir – Ölümdən törəyir.
Xeyirlə Şər arasında Birlik yoxdur – İkilik var – Mahiyyətə zidd.
Ölümlə Həyat arasında Birlik yoxdur – İkilik var – Mahiyyətə zidd.

Mahiyyət – Vahiddir; Gerçəklik – İkili; bu səbəbdən də Ger­çək­lik Mahiyyətə ziddir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv