XALİQ BAHADIR. İLHAM ƏLİYEV – REPRESSİYA PREZİDENTİ!

Dostum Qurban Məmmədov tutuldu. Onu Azərbaycanı sonadək dağıtmaq planlarına baş vurmuş İlham Əliyev tutdurdu. Onun Azərbaycanı darmadağın siyasətinə qarşı çıxanların hamısı tutulmalıdır – gənclər də, yaşlılar da. Bu gün ölkədə bir tutqu-dustaq-türmə sindromu yaşanmaqdadır. İŞĞALÇI Əliyevlər rejiminin daha beş il ölkəni soyub-yağmalaması üçün bütün sosial-siyasi aktivlər tutulub türməyə göndərilməlidir. Əliyevlər ailəsinin ölkəni bütünlüklə sümürməsi üçün daha beş illik bir dönəmə yiyələnmək gərəkir. Korrupsioner klan rejiminin başlıca ideoloquna çevrilmiş Əli Həsənov hələ bir il qabaq demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”.
Bir sıra görsənişlərdən göründüyü kimi, bu yalnız Rusiya-heydərizm yetirməsi olan ideoloqun deyil, eləcə də bütün Əliyevlər ailəsinin düşüncəsidir. Elə olmasaydı, Xalqla bir belə kəskinliklə düşmənçiliyə gedilməzdi…

Qurban bəylə biz ikilikdə Qarabağı qarış-qarış gəzib döyüşçülərimizi erməni separatçı-terrorçuları ilə savaşa ruhlandıranda İlham Əliyev özünə sevgili Vətən saydığı Rusiyada kiçik biznesə uğraşmışdı. Qurban bəylə biz ikilikdə Azərbaycanı bölgə-bölgə gəzib bağımsızlıq-müstəqillik mitinqləri keçirəndə İlham Əliyev özünə sevgili Vətən saydığı Rusiyada “soyuz neruşimıx” kefi çəkirdi. Rusiyanın-Moskvanın-Kremlin, ayrıca olaraq KQB generalları Ruşaylonun, Lebedevin yardımı ilə Azərbaycanda hakimiyətə yiyələnmiş İ.Əliyev indi Azərbaycanın bağımsızlığı uğrunda, Topraq bütünlüyü uğrunda, Özgürlük, Demokratiya uğrunda çarpışma aparanları tutub dustaq eləyir! Əliyevçi korrupsiya-repressiya-işğal rejimi bugünlər bütün gücilə işləyir. Bir yandan ölkə dağıdılır, milyonlar, milyardlar mənimsənilir, o biri yandan korrupsiya-repressiya-işğal rejiminə qarşı çıxanlar izlənir, tutulur, bütün ölkə yağıcasına basqı altında əzilir.

Qurban bəy rejimə qarşı bir-birindən kəskin, açıq-aydın devrimçi xarakter daşıyan çıxışlarına görə tutuldu. Əliyevçi rejim beş il onu türmədə saxlamışdı. Qurban bəy türmədən sonra bir çoxları kimi qırağa çəkilib “az aşım, ağrımaz başım” deyənlərdən olmadı. O, getdikcə daha kəskin xarakter alan çıxışları ilə bütün ölkəni tərpətməkdə idi. Bugünlərdə biz bir qrup hüquqçu dostumuzla yığışıb ölkədəki sosial-siyasi durumla bağlı düşüncələrimizi bölüşür, bu durumdan çıxış yollarını arayırdıq. Qurban bəy xarakter görsənişlərinə uyğun olaraq orda da hamıdan aktiv idi. Qurban bəy o görüşdə bizim Qarabağ gəzimizlə bağlı bir epizodu yada saldı. Sonra üzünü mənə tutub ərklə: “Xaliq Bahadır, bunları niyə yazmırsan, – dedi, – axı, bunlar bu xalqın tarixidir”.

***

1992-ci ilin aprelində ermənilərlə döyüşlərin qızğın yerinə – Füzuliyə getmişdik. Getdiyimiz gün bizimkilər ermənilərin ələ keçirdiyi Ocaqlı dağını gərgin bir döyüşlə geri qaytarmışdılar. Döyüşçülərlə görüşlərdən sonra, qaranlıq düşəndə Füzuliyə qayıtdıq. Şəhərdə vur-tut bir ailə vardı – Natiq bəyin ailəsi. Onlar 6 aylıq uşaqlarını harasa göndərmiş, özləri şəhərdə qalmışdılar – doğma yurd-yuvanı atıb getmək istəməmişdilər. Biz istəməsək də, yemək-içməkdən nələri vardı, gətirib stolun üstünə düzdülər. “Sabaha sağ çıxıb-çıxmayacağımız bəlli deyil, sizdən artıq da qonağımız gəlməyəcək”, – deyirdilər. O qaranlıq “sabahı” gözümüzün altına alaraq birlikdə yaxşıca yeyib-içdik. Yatmağa gedəndə Natiq bəy bizə gərəkərsə gedəcəyimiz qurtuluş yolunu göstərdi: arxa pəncərədən tullanıb qarşıdakı hamam-sığınacağa qaçmaq.

Gecənin bir çağı erməni artilleriyası işə düşdü. Başımızın üstündə mərmilər uçuşur, haralarasa düşüb partlayırdı. Durub geyinməyə başladım. Pəncərə açıq idi, Qurban bəy özümlü cəldliyi ilə pəncərədən atılıb getmişdi. Otaqda bir mən idim, bir də Sabirabaddan olan tabor komandiri Mirələkbər. (1993 olaylarından sonra o, ailəsini dolandırmaq üçün Rusiyaya getdi). İkimiz də mərmi yağmuruna baxmadan geyinib hamam-sığınacağa yönəldik. Ev yiyələri ilə Qurban bəy orda idi. Qurban bəy çaşqınlıq içində məni ayaqdan başa süzüb özümlü gülüşü ilə dilləndi: “Sən geyinmisən… hələ qalstuk da taxmısan!” Sonra o, hamını bir-bir gözdən keçirib dedi: “Mən nəsə yaman üşüyürəm”. Evin gənc, savaş görsənişlərinə öyrəşmış xanımı gülümsünərək: “Qardaş, sən üşümürsən, üşüdürsən”, – dedi. Hamımız gülüşdük. Qurban bəy özü də bizə qoşulub gülürdü. Qurban bəyin ondakı durumuna gəlincə, mən onda qorxaqlıq görməmişdim. Bu bir psixoloji qanunauyğunluqdur: adam savaş görsənişlərinə yavaş-yavaş öyrəşir.

Çox keçmədi səhər açıldı, ermənilər mərmi yağışına son verdilər. Sığınacaqdan çıxdıq. Gözəl, günəşli aprel günüydü. Ancaq… gördüklərimiz nə idi? Mərmi yağışından çevrədəki bütün evlər darmadağın olmuş, bircə biz qalan ev toxunulmaz qalmışdı. Ola bilsin, ermənilər biz qalan evi vurmaq üçün boşuna bir elə mərmi işlətmişdilər. Bir daha vurğulamaq gərəkir: çevrədəki bütün evlər dağılmış, biz olan ev toxunulmaz qalmışdı. Bu bir Tanrı işiydi!

***

Qurban bəylə yoldaşlıqdan başqa bir epizod. Laçına döyüşçülərimizlə görüşə getmişdik. Gərəkən yerləri gəzdik, görüşdük, danışdıq. Laçından çıxıb Bakıya qayıdırdıq. Suarası deyilən yerdə ermənilərin çarpaz mərmi atəşi altına düşdük. Onlar elə bil bizi görmüşdülər. “Ermənistan”dan, Xankəndindən olduğumuz yeri mərmi yağışına tutmuşdular. Nə qabağa getmək olurdu, nə arxaya. Bir sığınacaq da yox idi. Eləcə yolun ortasında durub mərmi payımızı gözləyirdik. Birdən hardansa qorxu dolu zingiltiylə bir it çıxdı. İt arxa ayaqaları üstə qalxıb Qurban bəyə sarmaşdı. Ondan yardım görməyincə mənim üstümə cumdu. Eləcə qalxıb sevgili kimsə kimi mənə sarmaşdı. Sağdan-soldan qorxunc mərmi uçuşu altında üz-üzə, göz-gözə durub baxışdıq. İt məndən də bir haray görməyincə quyruğunu qısıb yolla üzüyuxarı Laçına doğru qaçmağa başladı. Qaçdı, qaçdı… şəhərə çataçatda yolun başında yerləşən mədəniyət evinə mərmi düşdü. Partlayış, gurultu… sonra da göyə böyük bir alov sütunu qalxdı. İt vəhşicəsinə bir qışqırıqla dönüb geriyə, bizə doğru qaçmağa başladı. Sonra da gəlib… bizə yoldaş oldu – bir daha səsini çıxarmadan yanımızda durdu. Deyəsən, itdə bizə, bizim çarpaz mərmi yağışı altında gərəksiz qaç-qovdan uzaq ağlımıza inam yaranmışdı.

Demək olar, ilk tanışlıqdan Qıpçaq adı verdiyim Qurban bəylə bizim çox yoldaşlığımız olub. Savaş bölgələrini gəzmişik, ölkəboyu mitinqlər keçirmişik. Yoldaşlığına söz ola bilməz (onunla türmədə də yoldaş olmağa dəyər). Ən başlıcası, Qurban bəydə adamları inandırmaq, inandırıb gərəkən yerə yönəltmək bacarığı var. Görünür, bu bacarığına görə onu çətin seçki öncəsi tutuqlamaq gərəyi yarandı…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv