Soylu Atalı. XALQ RUHUNUN İNCİLƏRİNDƏN

Dədə Qorqudlu dünyamızı xatirata çevirdik. Tarixləşdi müdrikliyimiz. İndi Yalıncıqlar dünyasıdır. Hər yerdə satqınlıq, hər yerdə xəyanət. Milli dəyərlərimiz satılır, xalq ruhuna xəyanət olunur. Mədəniyyət, ailə, qeyrət, ədalət, vicdan pulçuluğun, zorun tabeliyindədir. Gözünü açıb həyata baxanda hər şey qara rəngdə görünür. Ümid sarsılır sanki. Başını qaldırıb göylərə baxanda allahsızlıq şığıyır adamın baxışlarına. Adam könlünü köksünə sıxıb uzaqlara getmək istəyir. Ancaq hardadır o uzaqlıq? Axı adamı ümid harda gözləyir?! Hardadır haqq üzü, Tanrı sözü?!
Biz Ocağıq – öz dünyamız var. Daim öz dünyamıza dönürük, öz dünyamızı yaşadırıq. Ancaq dərviş deyilik. Gerçəklikdən qaçmırıq. Gerçək həyat var, xalq var, dünya var. Gerçəkliyi qaranlığın ixtiyarınamı buraxmaq?! Yox! Gerçəklikdə ümid işığı yandırmaq! Harda da arı, duru nə varsa tapmaq, tanımaq, təqdim eləmək.
Budur, Eloğlum Həmid Ormanlının bir məktubunu oxuyuram: “Qardaş, sənə bir aşıq disqi göndərirəm, xahiş edirəm, vaxt tapıb onu mütləq dinlə!” Dinlədim. İncə Dərəsindən Nazim Əsədoğlu adlı aşıq. Doğrusu birinci dəfədir belə bir aşıq dinləyirəm. Amma səs məni xalq ruhuna çağırdı. Səsdəki kövrək lirika poeziya çələngi hörürdü sanki ruhuma. Ötən ay İncə Dərəsində keçirilmiş saz- söz məclisindən çəkilmiş fotolar səsin ahəngi ilə gözlərimin önündən ötüb keçirdi. “Dədə”sizləşən dünyamızda ozan- saz ruhu yaşayır, yaşadılırdı. Qədim Oğuz Yurdu İncə Dərəsinin təbiət lövhələrini izlədikcə Tanrının səsini dinləyirdim. Aşıq Nazim Əsədoğlunun sinəsinə sıxdığı sazın müqəddəs harayları ürəyimə Tanrı səsi kimi çatırdı. Bu yanda da fotoların dalğa-dalğa təzələnməsində Təbiət qonaqlarının Akif Səmədin məzarı başında toparlanması. Sonevlikdə (məzarlıqda) Akif bəyin Büstünə baxa-baxa qeybdən Onun şeir dolu səsini dinləyirdim…
Akif bəyi sağlığında bircə dəfə görmüşdüm. Səsi də kədər idi, üzü də, baxışı da. Bu kədər ona sanbal verirdi. Sayğı bəsləyirdim ona, sözün doğru anlamında ziyalı idi. Türkün Tanrı deyən oğullarından biri idi Akif Səməd. İndi onu dinlədikcə Tanrının doğmasını xatırlayırdım.
Dünyanın min bir oyunlarından bir gün də olsa təcrid olub dağlara dost olmaq, Tanrı səsi olan sazı dinləmək xalq ruhuna qovuşmaqdır. Gedişata təslim olmamaq üçün Təbiətin saflığına üz tutmaq və xalq ruhu ilə sevinmək nə qədər önəmlidir…
Akif Səmədin şeirləri də Dübeytiyə çevrilmişdi – Nazim Əsədoğlunun sinəsində çağlayan sazın harayına qarışmışdı. “Tanrı Türkün Babasıdır” deyir Asif Ata. “Baba”sını çağırırdı şeiriyyət və saz diliylə – Akif Səməd və Nazim Əsədoğlu…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

11 Şölə Ayı, 35-il.
(iyun, 2013).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv