XALİQ BAHADIR. Saleh Bəy

“Azadlıq” Xaqani – 33-də olan çağlar idi. Vəkil Aslan İsmayılov zəng vurub məni çox dəyərli bir insanla tanış etmək istədiyini bildirdi. “Azadlıq” redaksiyası ilə “Viza” hüquq firmasının arası elə də çox deyildi. Getdim. Uzun, arıq bir kişi kresloda oturmuşdu. Mən onda nəsə bir soyuqluq, yadlıq, əlini dünyadan üzmüşlük gördüm. Bizim adamlara da çox oxşamırdı; elə bil haralardansa çox-çox uzaqlardan gəlmişdi. Bəlkə də, yanılıram: onun mənə baxışlarında da nəsə bir soyuqluq sezdim.

Tanış olduq: Saleh Bəy. Bu ad mənə nəsə demirdi. Məndən ötrü o, Azərbaycanın minlərlə, milyonlarla qocalarından biri idi… Aslan bəyin onunla bağlı tanışlıq çıxışı da hələ mənim üçün eləcə tanışlıq informasiyası idi. Çoxsaylı bəlli yazılarıma, orijinallığı ilə seçilən çıxışlarıma görə illərlə mənimlə tanış olmaq istəyən çox olub, o çoxların çoxu da bir az tanışlıqdan sonra bir çox baxımlardan məndə yalnız yadlıq duyğuları yarada bilib. Qısaca desək, ideya-siyasi, mənəvi-psixoloji boşluqlar üzündən. İlk tanışlıqdan ortada bir soyuqluq görünsə də, Saleh Bəyin dərin baxışları başqa bir adam olduğunu göstərirdi.

Bir az danışandan sonra o mənə 1994-cü ildə “Elm” nəşriyatında çıxmış (rus dilində) kitabını verdi. Oradaca yazdığı aftoqrafla. “Hörmətli Xaliq bəyə. Azərbaycanlıya, vətənpərvərə. Səmimi yadigar. 24.07.97.” kitabın adını oxudum: “Armyanstvo”. Tezcə adı ürəyimdə bizim dilə çevirdim: “Ermənilik”. Sonra onun üzünə baxdım. Dərin baxışlarıyla mənə baxırdı. Ona baxa-baxa: “Armyanstvo – Ermənilik: gözəl tapıntıdır”, – dedim. Bir az qonuşandan sonra ayrıldıq. Bir il sonra Aslan bəy mənə onun “Dünyanın taleyi” (Bakı – Elm – 1998) adlı yeni kitabını verdi. Bu da erməniliklə bağlı kitab idi.

Aradan illər keçdi, bir çox nədənlər üzündən Saleh Bəylə görüşə bilmədik. Bu ilin başlanğıcında – “Daş yuxular” olayından sonra onunla görüşüb böyük bir yazı yazmaq istədim. Alınmadı. Daha doğrusu, ondan soraq tuta bilmədim. Yaxınlarda Aslan bəyin onunla bağlı yaxşı bir yazısını oxudum – bu dünyadan köçüb getmiş Saleh bəylə bağlı yazdığı yazını. (iyunun 7-də Saleh Bəyin 40-dır).

Doğrudanmı bizim yaşımız illərlə ölçülür, daha doğrusu, illərlə ölçülməlidir? Məncə, yox. Saleh Bəy yüzə yaxın yaş yaşadı. Ancaq bu ondan ötrü az idi, olduqca az. O gərək çox, lap çox yaşayaydı. Birinci, qocalıq bilməyən duyğularına, düşüncələrinə görə; ikinci, Sevgili Azərbaycanla bağlı gerçəkləşməyən istəklərinə-ideallarına görə! Ondan, o yaşca qoca, könülcə gənc Saleh Bəydən ürəyimcə yazı yazası olsam, gərək, ən azı, bir neçə gün klaviaturadan ayrılmayım. Onun bircə kitabı buna bəsdir, onda qalmış bütün yazdıqları, bütün yaradıcılığı ola.

Saleh Bəy gözəl Qarabağda doğulub. Ancaq… demək olar, yaşı boyunca bu gözəllik ona yad olub. Belə də yox: yaşı boyunca Qarabağ adlı gözəllik ona göz dağı olub! Atası bəy olduğundan 1926-cı ildə ölkədən gedəsi olub, bununla da 10 yaşlı Saleh evin başlıca “kişisinə” – çörəkqazananına çevrilib. Orta oxulda, universitetdə yüksək göstəricilərlə oxuyub: sıxıntılar, üzüntülər içində. Azərbaycanda, Bakıda üzləşdiyi çoxsaylı sorunlar üzündən Moskvaya üz tutmalı olub. Moskva universitetində Bakıdan gizli olaraq namizədlik, doktorluq dissertasiyaları savunub. Sonra ortaya çıxan bir çox başqa əngəllər 53 yaşlı Saleh Bəyi Sibirə aparıb çıxarıb. O, 18 il Sibirdə yaşayıb.

Doğma Şuşanın, Azərbaycanın erməni saldırılarına uğraması Saleh Bəyin olan-qalan dincliyini də əlindən alıb. Saleh Bəy o çağdan gələcək kitabları üçün materiallar toplamağa başlayıb. 1994-cü ildə bu yöndə ilk kitabı – “Armyanstvo” çapdan çıxıb. Kitabın redaktoru, akademik Mahmud İsmayılın “Redaktordan” sözündə deyilir: “Belə kitabı yüksək kvalifikasiyalı tarixçi uzmanlar, psixoloqlar, politoloqlar yaza bilərdi. Ancaq onu bir adam yazıb. Mənim düşüncəmə görə, o bunu erudisiyasının gücünə, çox böyük, çətin əmək bahasına edə bilib. Onu buna insanlıq qarşısındakı sorunluluq çəkib, bütün insanlıq qarşısında duyduğu sorunluluq üzündən o, yaşlı çağlarında belə çətin, üzücü işin öhdəsindən gələ bilib”. Bütünlüklə doğru-düzgün dəyərləndirmədir. Fiziki kimya üzrə bilimlər doktoru, professor olan Saleh Bəy burada adı çəkilən-çəkilməyən kitabları ilə bütöv bir akademiyanın işini görüb!

Ancaq… siz onu tanıyırsınızmı? Yox. Tanımağınız çətindir. İndiki ANTİMİLLİ rejim üçün Saleh Bəy düşmən gözündə görünən kimsələrdən idi. Yox, o, sizin bildiyiniz, düşündüyünüz anlamda müxalifətçi deyildi. Saleh Bəy sözün geniş, daha sanballı anlamında müxalifətçi idi. Bu baxımdan rejim onu sonadək gərəyincə dəyərləndirdi: Xalqın onu tanımasına yol verilmədi. Onu Xalqa daha çox televiziyalar tanıda bilərdi. Ancaq… hansı televiziyalar? Bu ölkədə Azərbaycan xalqının bircə qırıq (dənə demirəm!) televiziyası varmı? Türkiyədən yayımlanan bir saatlıq “Azərbaycan saatı”nı susdurmaq üçün bu rejim Xalqın milyonlarını oğurlayıb Kosmosa dırmaşırsa, bu ölkədə hansı Xalq televiziyasından, Xalq işinə bağlı hansı televiziyadan danışmaq olar?!

Ermənilik! Bir daha deyirəm: bu, Saleh Bəyin tapıntısıdır. Saleh Bəy kitablarında yüzlərlə, bəlkə də, minlərlə faktlar gətirməklə dünyada ermənilik adlı bir öldürücü xəstəliyin yayıldığını, bu xəstəliyin “dünyanın taleyi” üçün atom bombası kimi böyük qorxu yaratdığını göstərir. Yalnız Türk-Müsəlman xalqlarını deyil, bütün insanlığı bu qorxudan qurtarmağa, qorumağa çağırır. Saleh Bəy kitablarında çoxlu sayda materialdan yararlanıb. O sıradan, erməni materiallarından, Zori Balayanın kitablarından. Oxucuların bildiyi kimi, bir çox erməni yazarları, başlıcası da Z.Balayan kitablarında Türkləri yalan, qaralama axarında ən pis sözlərlə təhqir edir, aşağılayırlar. Saleh Bəyin kitablarında ermənilərlə bağlı bir dənə də aşağılayıcı söz yoxdur, yalınız ermənilərin, ERMƏNİLİYİN xarakterindən doğan GERÇƏKLƏR var. Bu isə Türklük xarakterinə bağlı ucalıq, doğru-düzgünlük göstəricisidir.Yeri gəlmişkən, ermənilərlə bağlı yazdığım çoxsaylı yazılarımda mən də “ermənilik” anlayışını çox işlətmişəm. Bir daha deyirəm: bu, Saleh Bəyin tapıntısıdr. Ermənilik – bu eləcə söz-anlayış deyil, xarakter-anlayışdır: bunu bilmək gərək.

Saleh bəy “Dünyanın taleyi” kitabını belə bitirir: “Ağır güzəranı zəif bədənlə dövranın burulğanından keçirərək mən əks qüvvələrlə üz-üzə gəldim, əsrin ən məkrli şərini tanıdım. Həyatımın sonunda sanki mənə əlavə vaxt və qüvvə verildi və mən bu kitabı yazıb sizə, dünyanın xeyirxah insanlarına çatdıra bildim. Bəşərin müdafiəsində onu qalxan kimi işlədəcəyiniz barədəki arzum da sizinlə qalır”. Bütün insanlığı düşünən böyük humanizm görsənişi!- bu özü də Türk xarakterinə bağlı bir gözəllikdir!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv