Abil Ulusoy: Günaydın istəkli yurddaşlarımız! Türkel Araşdırma Qurumu ölkəmizdəki narahatlıqlarla bağlı vaxtaşırı münasibət bildirir. Bu gün də müəyyən məsələlərlə bağlı fikirlərimizi bölüşəcəyik. Son vaxtlar Azərbaycanın Güneyində, Türkiyədə gedən proseslər ciddi narahatlıqlar doğurur. Azərbaycanla İranın münasibətlərində gərginliklər davam edir. İran rəsmiyyəti özünün şimalında Azərbaycan dövlətini görmək istəmir. Azərbaycan inkişaf etdikcə İran Güney Azərbaycanı itirməklə parçalanmaqdan qorxu hissi keçirir. Ona görə hər vasitə ilə Azərbaycanın Quzeyini özününküləşdirmək, nəzarət altında saxlamaq istəyir. İran güc nümayiş etdirməyə çalışır. Ancaq həm İranın özündə gedən proseslər, həm Azərbaycanla bağlı qonşu dövlətlərin münasibəti İranı çıxılmaz vəziyyətə salıb. Sonra, Türkiyədə baş verənlər əslində gözlənilən hadisələr idi. İqtidarda olan AK partiyasına qarşı etirazlar, onları bu duruma gətirib çıxardı. Türkiyədə baş verənlər sadəcə “Gəzi parkı” hadisəsi deyil, bu, artıq insanların ayılması, təpkisi, müqaviməti idi Ərdoğan hakimiyyətinə qarşı. Türkiyə xalqı onların atdığı addımların türklüyün prinsiplərinə zidd olduğunu görürlər. Orduya olan münasibət, Atatürkə qarşı münasibət, Türkiyədə dini qapalılığı inkişaf etdirmək üçün atılan radikal addımlar, Suriyaya olan münasibətlər Ərdoğan iqtidarına qarşı əks münasibətlər formalaşdırdı.
Eləcə də Azərbaycan – Gürcüstan münasibətləri, orada hakimiyyət dəyişikliyindən sonra hadisələr Azərbaycanda rəsmi dairələrin gözləmədiyi istiqamətdə inkişaf elədi. Yeni hakimiyyətin gəlişi Azərbaycanı fakt qarşısında qoydu. Azərbaycandan umacaqları özünün həllini tapmadı. Artıq Rusiya yönümlü münasibətlər yarandı və Rusiya – Azərbaycan münasibətlərində bir soyuqluq başladı. Bu da əsas verir düşünülsün ki, Azərbaycan – Gürcüstan münasibətləri hara aparıb çıxara bilər. Borçalıda yaşayan soydaşlarımıza bəslənilən münasibətlər , Gürcüstan İqtidarının Azərbaycana olan münasibətinin bir hissəsidir. Son dövrdə Azərbaycan prezidenti belə bir fikir səsləndirdi ki, mən 50 milyon azərbaycanlının prezidentiyəm. Əgər bu fikirlər səslənibsə, onda addımlar da atılmalıdır. Nəyə görə onlar özlərini Azərbaycanda əcnəbi kimi hiss etməlidir?! İstərdim ki, səslənən mövzularla bağlı fikirlərimizi dəqiqləşdirək.
İran – Azərbaycan münasibətləri, İranda yeni hakimiyyətin gəlişi, nə baş verəcək Ağşın bəy?
Ağşın Ağkəmərli: Məsələləri dərindən düşünəndə görürsən ki, İran Azərbaycanı, istər quzeydə, istər güneydə gözü götürmür. Bu münasibət də bugünə bağlı olan məsələ deyil, hardasa min illərə bağlı olan məsələlərdir. Tarix boyu Azərbaycan türkü 100 illər hakimiyyətdə olsa da, fars millətinə qarşı heç bir pis münasibəti olmayıb. Əksinə, farsın ədəbiyyatında Nizamilərimiz, Xəqanilərimiz, Şirvanilərimiz böyük rol oynayıb, yazıb yaradıblar. Sadəcə İran çoxmillətli bir ölkə olduğuna görə böyük bir problemlə üz-üzədir. Özəllikcə Azərbaycan türkünə bəslədiyi münasibətə görə. Bir vaxtlar məktəblərin açılmaması ilə bağlı problemlər var idisə, onlar açılmadı heç, hələ üstəlik təhqirlər, aşağılamalar da başladı. Televiziya, radio, jurnal vasitəsi ilə təhqir eləməyə başladılar. Əsas fars hakimiyyətinin yürütdüyü siyasət idi. Pəhləvi hökumətinin yürütdüyü siyasətdir ki, o, bu günə qədər davam edir. O Tay Azərbaycanda yer adlarının dəyişməsi millətin kimliyini danmaq deməkdir. Eyni zamanda onlara təhqiramiz kimliklər verməklə də baba yurdunun adını çəkməkdə bir utanc hissi yaratmaq istəyirlər. Habelə bir millətin dilini danmaqla millətin özünü danmaq məsələsi gündəmdə saxlanır. İran dövlətinin teoristləri Rzazadə Şəfəq, Rza Əfşar, Əhməd Kəsvəri kimi adamlar panfarsizmin təməlini şovinizm əsasında qoymaqla belə götürürlər ki, Azərbaycanda, istər quzey, istər güneydə türk deyilən bir millət yoxdur. Burdakı millət fars kökənlidir, türkdilli olmalarına baxmayaraq. Onda sual ortaya çıxır, bəs niyə 100 ildə apardığı panfarsist siyasəti Azərbaycanı farslaşdıra bilməyib? 1990-cı illərin əvvəllərində yeni dövlətlərin ortaya çıxması və bəzi imperiyaların dağılması ilə yeni bir pəncərə açılır. Burada isə hər şey bizə qarşı yönəlir. İranın İraqla 8 il savaşında ən çox biz itkilər verdik və Azərbaycanın inqilabi hərəkatında bir zəifləmə baş verdi. Çoxlu tutuqlamalar baş verdi və Azərbaycan fəallarının bir çoxu mühacirətə getdi. Bu da bizdə geriləməyə gətirib çıxardı. 1990-cı illərdə Quzey Azərbaycan dövlətinin yaranması Bütöv Azərbaycanın yaranması üçün yeni bir nəfəs idi. Ancaq dediyim kimi, 8 il savaş, mühacirətlər olduğundan uğurlar əldə olunmadı. Bilirsiz, Azərbaycan dövlətinin olması bizim üçün həyati anlam daşıyır.
Abil Ulusoy: İranda yeni prezident seçkisi İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?
Ağşın Ağkəmərli: İran dövləti heç vaxt Azərbaycan türkü ilə barışmayacaq, o taylı, bu taylı. Ona qarşı öz pozucu siyasətini yeridəcək. İran ən son imperiyadır ki, bu günə qədər ayrısının gücü ilə, Qərbin və rusun hesabına bu gün ayaq üstə dura bilir. Ancaq onun da parçalanmaqdan sığortalanmaq imkanı əbədi deyil. İran dövləti İslam faktoru ilə bu gün öz həyatını davam elətdirir. Onun münasibətinin təməlində düşmənçilik var. Başqa millətlərə qarşı mənfi fikir daşıdığına görə davam gətirə bilməyəcəkdir. Hakimiyyətin dəyişilməsi, seçkilər hamısı bəlli bir senaridir. Bir ölkədə ki, parlament bir qanunu qəbul edir, vətəndaş səs verir, Məsləhətinizam deyilən bir qurum var, əgər desə ki, bizim nizamımıza uyğun deyil, onda qurtadı, qəbul olunmayacaq. Orda seçkinin nə mənası var, seçilməyin nə anlamı var?! İran dövləti öz əmniyyətini başqa xalqların əmniyyətsizliyində görür. İran məsələsinin həlli ancaq öz içindəki xalqları nəzərə almaqla ola bilər. İran dövləti heç vaxt dinc qalmayacaqdır. Azərbaycanı özünün şimalı adlandırır, öz ərazisi kimi düşünür. Dini inanclardan istifadə etməklə öz mahiyyətini göstərir.
Abil Ulusoy: Azərbaycan – Gürcüstan münasibətləri, Borçalı amili. Gürcüstanda son durum…
Soylu Atalı: Əslində bizim bu gün münasibət bildirdiyimiz məsələlər siyasi xarakter daşımır, eləcə də politoloji xarakter daşımır, əsasən ideoloji xarakter daşıyır. Bu da nədən irəli gəlir?! Bizim ölkəmizdə bu cür gedişlərə münasibət adətən siyasətin tələbi əsasında qurulur. Ona görə müəyyənlik olmur. Mən hesab edirəm ki, hər bir partiyanın içində maarifçi bir xətt olmalıdır. Mütləq o öz milli istəklərini orada ortaya qoymalıdır. Mən politoloq deyiləm, mənim mülahizələrim də siyasi deyil. Xalqın içində müəyyən bir gücün formalaşması üçün əsaslı iş getməlidir. Bundan ötrü müəyyən bir yanaşma quralı tətbiq olunmalıdır. Ölkədə gedən proseslər bizim narahatlığımızı məhz bu cəhətdən qabardır.
Bu gün bizim ağrılı yerimiz olan Güney Azərbaycanda heç bir sorun öz həllinə doğru getmir. Mən nə qədər nikbin adam olsam da, bu gün Güney Azərbaycanda gedən proseslər məni nikbin eləmir. Çox adam gözünü dikir ordakı hakimiyyət dəyişikliyinə. Hesab edir ki, hakimiyyət dəyişəcəksə nəsə baş verəcək. Ancaq bilmək gərəkdir, hakimiyyətin dəyişməsi, strategiyanın dəyişməsi anlamına gəlmir. Hər bir ölkənin özünün bir strateji müəyyənliyi var, hakimiyyətə seçilən hər kəs onu ortaya qoyur. Qərb öz strategiyasından əl çəkməyib, çəkməyəcək. Ona görə də İrandakı seçkilərdən bir şeylər ummaq olmaz. Güney Azərbaycanın özünün durumu bizə bunu deyir. İraqda Səddam Hüseyin rejimi, heç də İranın bugünkü molla rejimindən geri qalmırdı. Onu devirdilər, konkret olaraq türkmanların aqibətində nə baş verdi? Fəlakət. Bu gün türkmanları orda soyqırıma məruz qoyurlar. Onun yerləşdiyi bölgədə Kürdüstan yaradırlar. Bəs niyə humanist Qərb buna göz yumur. Ortadoğu Projesinin həllini gözləyən ayrıca bəndləri var. İraqda kürdün əsas məskunlaşdığı bölgədə Ortadoğu Projesi məhz bundan başlayır. Hətta bizim güvəndiyimiz Türkiyə, onun başına gələn AKP hakimiyyəti, o vaxt İraqda olan hadisələrə müdaxilə etmədi. Hamı da onu alqışlayırdı, biz də münasibət bildirirdik ki, olmaz axı! Orda bizim neçə milyon insanımız var axı. Ərbil, Kərkük, Mosul, onların aqibəti necə olacaq bəs?! Sən müdaxilə eləmirsən, onlar da istədikləri kimi dağıdacaqlar. Xüsusi tapşırıqla Türkiyə ora müdaxilə etmədi, türkmanların aqibəti belə oldu. İndi növbəti hədəfdə İrandakı Azərbaycan türküdür. Qərb, necə ola bilər ki, İran məsələsində bizimkilərə xoşbəxtlik işığı yandırsın?! Necə ola bilər ki, özü öz başına “bəla” açsın. Axı Güney Azərbaycan məsələsinin həlli onun başına açılan “bəla”dır. Qüdrətli Azərbaycan olanda, bölgədə Qərbin varlığına niyə ehtiyac qalmalıdır?! Bunu ancaq Güney Azərbaycanın özü həll eləyə bilər. Yalançı ümidlərlə gözləmək olmaz.
Sovetlər dağılandan sonra Türk toplumlarının bir araya meyli gərək idi. Türk dövlətlərinin bir araya gəlməsi qaçılmaz idi. Gəlmədilər. Hamı Qərbin çuvalına yüyürdü. Çünki Qərb güclüdür. Güclünün yanında isə sən nökərsən. Heç bir vaxt Azərbaycan indiki qədər tək olmayıb. Azərbaycanın bu gün heç bir köməyi yoxdur. Amerikanı müttəfiq elan elədilər, Rusiyanı müttəfiq elan elədilər. İki bir-birinə rəqib olan güclərin hər biriylə guya Azərbaycan müttəfiq idi. Rusiya ilə heç bir problemimiz yoxdur deyirsən. Axı sən toplumu arxayınlaşdırırsan. Sən deməlisən ki, Rusiya ilə sənin problemin var və toplumu ona hazırlamalısan. Sən bunu birbaşa dövlət kürsüsündən deməyə bilərsən. Məsələni nə cür qoyursan qoy, xalqın içində iş aparmalısan. Sənin milli istəklərin olmalıdır. Sən hansı güc ortaya qoyursan ki, Amerika sənin müttəfiqin olsun? Sən yalnız onun xidmətində ola bilərsən. Bunu zamanında heç kəs hesablamır. Mənim dediklərim bu gün çətin görünsə də, ona doğru iş getməlidir. Bu, qlobal məsələdir. Xalqın içində, onun milli-ideoloji qurulması zəminində, milli şüurun inkişafı zəminində əsaslı iş getməlidir. Bu iş harda baş tutur-tutsun, harda baş verir-versin, bütünlüklə “Uluyurd hərəkatına” bağlanmalıdır. “Uluyurd hərəkatı” – Bütöv Azərbaycan Hərəkatı deməkdir. Bu gün mən hesab edirəm ki, İranda gedən proseslər Qərbin maraqlarına uygun dəyişiləcək. Orda Azərbaycanlılar kifayət qədər parçalanmış durumdadır və bir araya gəlmir. Məktəb yox, milli şüurun inkişafını gündəliyə gətirə bilən vahid fəallıq yox və s. Asif Ata bunu 20 il öncə deyib, İranın sabahında nə baş verir-versin, Müstəqil Uluyurd hərəkatı başlamalıdır.
İmperiya istəklərini qoruyan fars rejimi hətta Güney Azərbaycan torpaqlarında yeni bir Kürdüstanın yaranmasına razı olar, Müstəqil Azərbaycanın yaranmasına razı olmaz. Çünki Azərbaycanın dirçələ biləcək mədəniyyətindən, gücündən qorxur. Mən demirəm ki, Azərbaycan dirçəlsin və İranın gözünü çıxartsın. Bu heç gərək də deyil. Özünün siyasi varlığı üçün bütün gərəkən addımları isə atmalıdır.
Borçalı Güney Azərbaycanımızdan sonra ikinci yaralı yerimizdir. Konkret olaraq maariflənməsi, öz tarixi haqqını dərk eləməsi, öz hüquqlarına çatması, Borçalıların türk dünyasının bir hissəsi olması zəminində təəssüf ki, ciddi bir iş görülmür.
Abil Ulusoy: Soylu bəy, İranda Azərbaycan adına heç bir rəsmi təşkilat yaranmır, amma Borçalıda çoxlu sayda təşkilatlar var. Asif Atanın sözüylə desək, təşkilatların bolluğu, təşkilatların yoxluğudur. İş görən yoxdur.
Soylu Atalı: Azərbaycanda Borçalı adına cəmiyət var, idarə heyəti yeniləndi, amma heç bir yenilik baş vermədi. Borçalının tarixi toponimləri dəyişdirilib, buna qarşı mübarizə aparan yoxdur. Borçalı adına yaranan təşkilatın mübarizə aparmaq səlahiyyəti olmalı idi. Ayrı-ayrı adamların sevgisinə kölgə salmaq fikrim yoxdur, amma həqiqəti demək gərəkdir. Burdan gedib Borçalı yaylaqlarında elat mədəniyyəti adına söz deyib şəkil çəkdirmək və Azərbaycan mətbuatında təbliğ etdirmək Borçalı üçün prinsipial iş görmək anlamına gəlmir. Nədənsə insanlarımız hər şeydə özlərini aldatmağa meyillidirlər. Saakaşvili də deyir mən sizi dəstəkləyirəm… Bu mədəniyyət onsuz da orda var, olana alternativ görüntü yaratmağa nə ehtiyac var?! Bununla Borçalı dediyimiz mahalın nə acısı dərk olunar, nə də onu topluma anlada bilərsən. Bu gün Gürcüstan guya Azərbaycanla müttəfiqdir. Mən belə müttəfiqliyi dərk edə bilmirəm. Müttəfiqlik Azərbaycanın hər məsələdə uduzmalarının qəbul olunması deməkdirmi? Borçalıda məktəblər tədricən bağlanır, toponimlər dəyişdirilir. “Demoktarik” şəkildə Borçalı da Güney Azərbaycanın taleyinə sürüklənir. Borçalının aqibəti yaxın və uzaq gələcək üçün qeyri-müəyyəndir.
Zamanında bu problemlərlə məşğul olmadığımız üçün problemlər daha da çoxalır. Sabah başqa bir problem ortaya çıxacaq. Təşkilat yaradan deyir, gəlin gürcünü qıcıqlandırmayaq. Nə qıcıqlandırmaq, gürcü səni məhv edir. Ona görə yenə deyirəm, xalqın ağlında iş getməlidir, qoy gürcü Borçalı ilə hesablaşsın. Xalq qəti olaraq bilməlidir ki, Borçalı Azərbaycanın bir hissəsidir, bu gün mədəniyyət baxımından, sabah siyasi baxımdan. Toplum özünü orda o cür hiss etməlidir.
İsa Mehdioğlu: Mən 47-ci ildən Azərbaycanda yaşamışam. O vaxt bir dostum var idi, Dərbənddən gəlmişdi. Dedi ki, Dərbənddə 17 min soydaşımız var, bu gün eşitdiyimə görə 2 mindir. Belə getsə, 30-40 ildən sonra Bocalıda yarım milyondan əsər-əlamət qalmayacaq. Bugünkü məktəblər yalandandır. 7-ci sinfi qurtaran uşaqlar orda dərs deyir. Ali təhsil yoxdur. Gürcülər bu saat Azərbaycandan asılı olduqlarına görə pərdə saxlayırlar. Bizim orda toponimlərdən bir dənə ad tapa bilməzsən. Dostluq adına nə qədər istəsən şüar var, amma şikayətə baxan yoxdur. Ziyalılar mənəvi sıxıntılıq çəkirlər, ona görə də qaçırlar.
95-cı ildə Borçalı haqqında bir kitab çıxdı. Orda yazılır ki: vaxtilə gürcü səyahətçisi Borçalını gəzib (1939-cu ildə Moskva ensklopediyasında məqalə çıxmışdı. Gürcüstanda olan Borçalıların ən qədim yaşayış yerlərindən biri Kəpənəkçidir) yazır ki, 7-ci əsrdə, mən Borçalını ziyarət edəndə, Kəpənəkçi kəndi var idi, şəhər tipli idi. Bu kitabı götürüb Tiflisin mədəniyyət nazirliyinə getdim. Dedim ki, bu məqaləyə görə bu kəndin 1500 ili tamam olur. İcazə verin, biz burda 1500 illik yubiley keçirək. Yaxşı qarşıladı. Sonra mənə dedi ki, həmin ensklopediyanın foto üzünü çıxardın, 25-30 nəfər müraciət eləsin, gətir biz müzakirə edək, məncə burda çətin heç nə yoxdu. Mən gəldim ərizə yazdım, kənddə 40-a qədər müəllim var idi. Təəssüf ki,bir nəfər müəllim mənim ərizəmə qol çəkmədi. Xalqda qorxu var. Onlar bizə gəlmə kimi baxırlar, gəlmə kimi baxmanın dalında çox şeylər var. 40-cı ilə qədər Borçalıda bir dənə də olsun, gürcü kəndi yox idi, indi təxminən 7-8 kənd var. Biz nə istəyirik ki, mədəni muxtariyyat. Bizim icrakomumuz qoy azərbaycanlı olsun ki, gedənləri anlaya bilsin, dərdimizlə məşğul ola bilsin.
Elçin Həsən: İsa müəllimə qulaq asdım, mən günahı özümüzdə gördüm. Ölkədə xalqın özünün seçdiyi adamların olmasını istəyirəm. Özümüz özümüzə dəstək olmuruq. Gürcü dövlətçiliyini yaşatmaq üçün belə də eləməlidir. Biz, bir millət olaraq, heç öz ölkəmizdə haqqımızı tələb edə bilmirik.
İsa Mehdioğlu: Bizim orda cəmiyyətlərimiz var, qəzet çıxır, amma hamısı tabeçilik çərçivəsindədir. Milli maarifçilik yoxdur.
Soylu Atalı: Elçin bəy, siz bilirsiniz ki, orada maarifçilik məsələsi bizim istədiyimiz səviyyədə deyil. Orda Borçalı adına üzdə iş görənlər ancaq yarınmaq xətti güdürlər. Çünki onları quran, yaradan bizim müstəqil şəxslərimiz deyil. Onlara yardım edənlərin sözünü deyirlər, Borçalının qayğılarını demirlər. Əzabkeş insanlar lazımdır, kənd-kənd düşüb söhbətlər aparsınlar. Bu günlərdə biz Ağstafa şəhərində olduq, Asif Atanın Sonevini ziyarət elədik. Uzun müddətdir biz, Ağstafada görüş keçirə bilmirik. Həmin günü Ocaqçılarımızdan biri təşəbbüs irəli sürdü ki, gedək, çayçıda adamları yığacam, görüş keçirək. Getdi parkda stolları yan-yana qoydu, adamları yığdı, yaxşı görüş keçirdik. Asif Atanın vəfatından sonra mən 40-a yaxın rayonlarda görüş keçirmişəm. Orda mənə sual verirdilər ki, əgər məktəbləri sizin üzününzə bağlasalar, nə edəcəksiniz? Mən deyirdim ki, küçələri əlimizdən almayıblar ki, gedib insanlara söz deyə bilərik.
O kəslərə ki, rəsmi qurumlar şərait yaradırlar, onlar heç bir vaxt bizim arzularımızı gedib demirlər. Onlar xüsusi konspekt əsasında gedib deyirlər.
Akşin Rafiqoğlu: Mən də bəzi fikirlərimi demək istəyirəm. Başlıca olaraq Bütöv Azərbaycan məsələsinə indi utopiya kimi baxıram. Bütöv Azərbaycan yalnız bizim xəyalımızda olan bir dövlətdir. Bunu reallıqda həyata keçirmək bu gün mümkün deyil. Bu siyasi oyunların qabağında yaxın 100 ilə bu baş verməyəcək. Məni qınaya bilərsiniz, ancaq bu mənim şəxsi fikrimdi. Tale elə gətirdi ki, mən həm Borçalını, həm Güney Azərbaycanı, həm də Dərbəndi gedib gördüm. Qalıb Qərbi Azərbaycan. Sağlıq olsun, oranı da gedib görərik. Başlıca işimiz Qərbi Azərbaycanı qaytarmaq olmalıdır. Burda əsas günahkar bizim hakimiyyətimizdir. Güney Azərbaycandan gələn soydaşlarımız bir aylıq qonaq ola bilir. Gürcüstandan gələn soydaşlarımız 401 manat rəsmi rüsum ödəməlidir… Söhbət əsasında görürsən ki, qorxu hissi hamıda var. İnandırım sizi, Bütöv Azərbaycan ideologiyası heç birində yoxdur. Bunun olmamasının səbəbi bizim hakimiyyətdir. Günah özümüzdədir. Amma ideologiya olanda xalqın qarşısında heç bir hakimiyyət dura bilməz. Əgər xalq bu bütövlüyü istəyəcəksə, hakimiyyət də məcbur olacaq. Bunun üçün də maarifləndirmə işi aparılmalıdır. Baxın, bu gün neçə yerə parçalanmış bölgələrimizin uğurunu, dərdini deyən bir sayt varmı? Yoxdur. Biz nə vaxt özümüzü dərk edəcəyik, onda qalan problemlər öz həllini tapacaq.
Ağşın Ağkəmərli: Müzakirələrimizdən aydın olur ki, yaşadığımız yerdən asılı olmayaraq, bütün türklərin problremi eynidir. Dərd eynidirsə, dərman da eynidir. Siz dövlət məsələsinə toxundunuz, mənsə belə düşünürəm ki, ideoloji bir boşluq var. Vacib olan odur ki, hakimiyyətdən asılı olmayaraq bir araya gəlməyimiz gərəkdir.
Soylu Atalı: Akşin bəy bir məsələyə toxundu ki, Güney Azərbaycan sorunu 100 ilə öz həllini tapacaq. Bəlkə daha tez və ya gec ola bilər, amma söhbət ondadır ki, onun həllini Qarabağda görür. Biz bunu fərqli fikirləşirik. Biz deyirik ki, əgər Güney Azərbaycan həllini tapmasa, o biri problemlər həllini tapmayacaq. Niyə? Bizim Güney Azərbaycanda böyük bir potensiyamız var, say baxımından, aktivlik baxımından çoxlu canlı qüvvə var orda və canlı qüvvə iş apara bilər. Amma Qərbi Azərbaycanda, Qarabağda bizim mübarizə apara biləcək canlı qüvvəmiz yoxdu. Güney Azərbaycanla problemin üstünə gedəndə erməni yerini biləcək. Beynəlxalq güclər də bizimlə hesablaşacaq. Rus bizə Dəmirqapnı verər? İngilis bizə Zəngəzur verər? Bu problemlər hamısı bir-birinin ardınca gəlir. Biz, bir millət olaraq, varlığımızda məğlub oluruq. 35 milyon iş apara bilər, deyə bilər ki, biz bölünmüş xalqıq. Biz tarixi haqqımızı bərpa eləməliyik. Bu bizim sadəcə arzumuz deyil, faktdır.
Elçin Həsən: Dünyanı da Azərbaycanı da haqsızlıq bürüyüb. Haqsızlığa bürünmədə böyük günah da insanların özündədir. Ədalətsizliyə göz yummaqdır. Biz məğlub bir dövlətik, bu da bizdə qorxaqlıq yaradır daim. Mən Soylu bəylə tam razıyam ki, rayonlarda iş getməlidir. Amma biz öz millətimizi özümüzə qaytaraq ki, sonra o biri məsələləri həll edək. Biz bura yığışmışıq dərdlərimizi bölüşək, bax bunu necə eləməliyik? Avropanın da siyasi maraqları var, amma onların bizə elə də bir ziyanı dəyməyib, nəinki bizim öz qonşularımız, ya da öz içimizdə olan qurdlarımızın. Rusiyanın bizə elədiklərini bizə heç kim eləməyib. Amma Amerikanı, İranı götürsək, onlar bizim torpağımızı almayıb axı. Bizim ləyaqətimizi onlar almayıb. Siyasi fəaliyyətinə görə bir nəfəri incidirdilər, onu apardıq Avropaya. Xarici dövlət onun uşağına görə ona dəymədi, onu müalicə elədi. Avropanın yaxşı cəhətləri də var. Avropanı, Amerikanı pisləmək ən azı bizim çıxış yolumuz deyil.
Soylu Atalı: Bu gün bizim söhbətlərimizdə fərqli fikirlərin olması təbiidir, amma mən istəyirəm ki, müəyyənlik üçün bir məsələyə aydınlıq gətirək.
Birinci, təbii ki, biz burda kifayət qədər açıq danışırıq, Rusiya, İran, Türkiyə haqda. Problemlərin əsaslı təsirləri aydınlaşdırılıb ortaya qoyulur. Lokal problemləri isə burada saya bilmərik. Bunların kökü hardan gəlir? Hardan qaynaqlanırsa ordan bəhs etməliyik. Deyək ki, bizim xəstəmizi sağaltdılar, ya da başqa bir şey. Bunlar bəşər humanizminin lokal tələbləridir. Biz ayrı-ayrı fərdimizə deyil, dövlətimizə, millətimizə münasibətlərin səviyyəsini dərk etməliyik.
Suç məsələsinə gəldikdə isə, əlbəttə bir millət olaraq, suçumuz var ki, kəndiri əldən vermişik. Baş verən hadisənin, yaranan fəlakətin hər yanından link salınıb. Birini mən özüm salmışam, birini Amerika salıb, birini fars salıb, birini rus salıb və s. Xalq tanımalıdır, özünü də, onları da. O ki, qaldı Avropanın yaxşı cəhəti məsələsi. Burada Avropanın öldürücü zərbələrinə dirəniş haqda söhbətlər gedir. Biz burada Avropanın yaxşı cəhətini təhlil etmirik. Avropanın bizə zərər verdiyi nöqtədən başlayırıq danışmağa. Mən durub rusun Tolstoyundan saatlarla danışa bilərəm. Amma hədəf o deyil. Hədəf odur ki, rusun mənim üzərimə yeriyən irticası var. Onu mən necə görürəm, necə qiymərləndirə bilirəm və necə yayına bilərəm?! Avropanın “söz azadlığı”na münasibətnə yaxşı yanaşa bilərik, əslində bunlara da köklü yanaşıb təhlil etmək gərəkdir. O “söz azadlığı” doğrudanmı böyük anlamda söz azadlığıdır?!
Ərəb bizim içimizə gəldi, bundan sonra Azərbaycanın bütün dəyərlərini bağladılar ərəbin ayağına. Rus bizim içərimizə gəldi, bütün böyüklükləri bağladıq rusun ayağına. Avropa bizim içərimizə gəlir, bütün yaxşı cəhətləri bağlayırıq Avropanın ayağına. Bu gün faktik olaraq Avropanın dövlətimizə, millətimizə qarşı siyasətini təhlil edirik. Təhlil edəndə görürsən ki, Avropanın Azərbaycana qarşı yüyütdüyü siyasət assimiləedici mövqedir. Türkiyənin Ərdoğanı Fələstindən danışır, Güney Azərbaycandan danışmır. Kərkükdən, Ərbildən danışmır. Amma humanizmdən danışır, elə bil bütün humanizmi Ərdoğan yaradıb. Bütün xilaskarlığı o yaradıb. Gəlin görək, bizim gözümüzdən asılan pərdə nə deməkdir? Biz hara qədər həqiqəti görə bilirik?! Burada ən çox məsələyə bu yöndən diqqət yönəltməyimiz doğru olardı. Yoxsa yerdə qalan məsələləri hamı bilir. Bax bunları xalqa deyə bilsək, olacaq maarifçilik. Maarifçilik adına yaranan odalar heç də o demək deyil ki, xalqda maarifçilik işi gedir. O demək deyil ki, milli şüurumuz inkişaf edir, eləmir. Nə qədər ki, biz yaxamızı veririk, nə qədər ki, milli kimliyimizin təhrif olunmasına qarşı addımlar atmırıq, araşdırmalar aparmırıq, onun üzərində vurğu etmirik, öz içimizdə gücümüzü, qüdrətimizi axrtarıb ona doğru addım atmırıq, təbii ki, biz həmişə meydanı verəcəyik xariciliyə. Onun nəticəsidir ki, küçədə gözün hara baxır, yadlıqdır. Bunlar nədən qaynaqlanır? Xariciləşməkdən! Başqa mədəniyyətlərdən bəhrələnmək də olar, amma bütünlüklə başqa mədəniyyətləri içinə buraxmaq olmaz. O səni əsarətə götürür. Asif Ata nə deyir? Deyir ki, əməkdaşlığın, müttəfiqliyin birinci şərti odur ki, aldığın qədər veririsən, verdiyin qədər alırsan. Aldığın qədər verə bilmirsənsə, mütləq əsarətdəsən. Siyasi dünyanın tələbi budur.
Abil Ulusoy: Yaxşı bir şeydir ki, 3-5 nəfər öz arasında nəyisə çözməyə çalışır. Amma hər şeyin bir kökü var. Azərbaycanın Quzeyində bir dövlətimiz var və bu idarəçilik bizim öz əlimizdədir. Çox istərdik ki, bu dövlətçilik tarixi ərazilərə yayılsın. Amma bu dövlətin özündən də bir umacağımız var. Bir millət olaraq, bizim, bir ideologiyamız olmalıdır. Azərbaycanda seçkilər yaxınlaşır və bunula bağlı qurumlar yaranır, Şura yaranır və s. Amma mahiyyətdən gələn bir istək olmalıdır. Kim nə yaradırsa-yaratsın, bu yurdda yaranmlıdır, bu yurda xidmət eləməlidir. Sanballı milli ideologiya olmalıdır. Bütün işlər həmin o milli ideologiyanın ətrafında toplanmalıdır. Borçalı məsələsi də, Güney Azərbaycan məsələsi də, Dəmirqapı (Dərbənd) məsələsi də, Qərbi Azərbaycan məsələsi də. Bütöv Azərbaycan məsələsi oturuşmalıdır ağıllarda. Bu xalqdan başqa bizim dünyada heç nəyimiz yoxdur. Ən böyük inanc yerimiz də elə buradır, nə Məkkə, nə Kəbə. Dünyanın ən müqəddəs yeri də Azərbaycandır. Sağ olun!
Şölə Ayı, 35-il. Atakənd.
(iyun, 2013. Bakı.)