Soylu Atalı (Ocaq Yükümlüsü). MÜTLƏQ HAKİMİYYƏTÇİLİK EYBƏCƏRLİYİ

Demokratiya – hakimiyyət uğrunda mübarizə ideologiyasına çevrilib. Hamı demokratiyanı hakimiyyətə gəlmək üçün sevir. Buna görədir ki, hamı partiyalarda qruplaşır. Millətləşmə uğrunda, vətən uğrunda mübarizə aparan şəxsiyyət partiyaçılığa küsənməz, ümummilli Hərəkata başlayar. Partiyaçılıq qrup mənafeyidir, bu səbəbdən də milli istəklər üçün məhduddur. Partiyaçılıqda hədəf hakimiyyət dəyişikliyidir, milli şüur dəyişikliyi deyil. Ümummilli Hərəkatda hədəf milli şüurun inkişafı ilə dövlət yönətim qurallarının milli zəmin üzərinə keçməsini oluşdurmaqdır. Hakimiyyət dəyişikliyi yalan vədlər üzərində həyata keçirilir. Vədlər toplumu aldadaraq onun fiziki imkanlarından yararlanmaq üçündür. Hakimiyyətə gələn maddi imtiyazlar əldə etmək üçün gəlir. Maddi üstünlüyə can atan millətləşmə, vətənləşmə prosesinə əngəl olan nəsnələri aradan qaldıra bilməz. Əksinə, özünün hakimiyyətini sürdürməsi böyük məqsədə əngəl olar. Məsələn, mafioz, talançı komanda ilə Qarabağ problemini həll eləmək heç vaxt baş verməz. Hakimiyyətdə olan ətrafdakıların talançılığına göz yumar ki, onun hakimiyyətini qorusunlar. Talançılar – onlara göz yuman, imkan yaradan başçılarının hakimiyyətçiliyinin ömrünü uzatmağa çalışarlar ki, talançılıqlarının ömrü uzansın. Belə komanda özünü adətən qıraq basqılardan qorumağı daha çox düşünür. Ona görə də ölkənin siyasi mənafeyini qurban verməli olurlar. Qıraqdan basqı olmasa içərini (toplumu) susdurmaq asandır. Çünki qırağa qarşı zor işlətmək çətin olur, qırağın silahı var. İçdə toplum isə əli yalındır. Zorun qarşısında toplum geri çəkilə bilir. Çünki toplumda mübarizə dağınıqlığı və parçalanma gedişləri var. Qıraq qüvvələr də bu durumdan istifadə edib hakimiyyətə öz istədiklərini diqtə edə bilirlər. Ona görə demokratiyanı yeganə dünyəvi ideologiyaya çevirirlər. Demokratiya hər kəsin qruplaşmaq “haqqını” təmin elədiyinə görə böyük milli məqsədlər ətrafında birlik baş tutmur. Qəribədir, necə olur ki, bir ölkənin vətəndaşlarını hər şeydə fərqli düşünməyə sövq edirlər, bunun adını azadlıq qoyurlar. Ancaq dövlətlərin fərqli yönətim qurallarının olmasını azadlıq kimi deyil, özbaşınalıq kimi qiymətləndirirlər. Gərək bütün dünya bir rəngdə olsun, bütün dövlətlərin ideologiyası demokratiyadan ibarət olsun?! Demokratiyanın ağaların ideologiyası – ağalıq ideologiyası olduğu açıq görünür. Ona görə hesab edirik ki, Afina demokratiyasının dünyaya yayılması ilə Türk İnsansevərliyinin kölgələnməsi doğru deyil. Başqa sözlə Türk İnsansevərliyinin demokratiya adlandırılması yanlışdır. Necə ki, Türk Tanrıçılığı ərəb Allahçılığı ilə əvəz olunduqdan sonra türkün həyata münasibəti, baxışı təhrif oldu. Ad dəyişib yerinə başqa ad gələndə, başqa adın məzmunu da gəlir. Özünə yadlaşma başlayır. Türkün mahiyyətindən gələn böyüklük başqalarından gələn cılızlıqla əvəz olunur. Məsələn, 30-cu illərdə Stalin rejiminin doğurduğu repressiya ulusumuzun türk adını ləğv elədikdən sonra düşdüyümüz durum bu qəbildəndir. Hələ də bu millətə öz adını tanıtmaq olmur. Sovet rejiminin dağılmasından 20 il keçsə də, toplumumuzda türk sözünə qarşı ögey münasibət davam edir. Təbii ki, indiki və bundan öncəki Azərbaycan iqtidarının türk sözünə qarşı repressiv mövqe seçməsi də bu məsələdə başlıca rol oynadı. Biz bu hakimiyyəti xalqın maddi sərvətlərini taladığına görə suçlamaqdan daha çox, milli kimliyimizə qarşı yürütdüyü siyasətdə suçlayırıq. Xalqı milli kimlikdən məhrum eləmək maddi sərvətlərdən məhrum eləməkdən daha təhlükəlidir.

Çoxları hesab edirlər ki, İqtidarın Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan etnik toplumları qıcıqlandırmamaq baxımından uğurludur. Ancaq biz milli fəlakətlərimizə uğur adı qoyanları heç cür anlaya bilmirik. Necə olur ki, biz özümlüyümüzdən imtina edəndə başqalarının xoşuna gəlir? Başqalarının xoşuna ədalətli, humanist münasibət demək olarmı?! Bir xalqın milli kimliyindən imtina eləməsi sülhə xidmət edirsə, onda Rusiya da özünə rus deməkdən imtina eləsin, Çin də, qeyriləri də. Əslində iqtidar bizim milli kimliyimizi inkar eləməklə hakimiyyətinin toxunulmazlığına zəmanət alır. İkincisi, biz öz adımıza qovuşub millətləşmə prosesi keçərdiksə, bizi indiki kimi əsarətdə saxlayıb idarə etmək, yurdumuzu talan eləmək mümkün olmayacaqdı. Buna görədir ki, bizi öz mahiyyətimizə yadlaşdırırlar. Ötən yüzilin 18-ci ilində erməni Azərbaycanı qan gölünə çevirmişdi (rusların və ingilislərin dəstəyi ilə). Sonra bizi Bolşevik rejimi erməni ilə barışdırdı, “qardaşlaşdırdı”. Fəlakətlərimizi unutduq, erməninin eybəcərliyini də unutduq. Nəticə nə oldu, nə aradan qalxdı?! 80-ci illərin axırlarında erməni vəhşəti daha amansız biçimdə həyatımıza qayıtmadımı?! İndi Azərbaycançılıq oyunu ilə bizim milli kimliyimizi inkar edib ölkəmizə yiyəlik duyğumuzu ortaqlaşdıranda nə baş verir?! Guya özünü danmaqla etnikləri sakitləşdirirsən? Bizim, bir dövlət olaraq, tutduğumuz mövqedən asılı olmayaraq burada böyük güclərin marağı var. Özünü dansan da, təsdiq eləsən də, böyük güclərin marağı təmin olunmadığı mərhələdə etnikləri sənə qarşı qaldıracaqlar. Sən öz yurduna yiyəlik eləməyəndə balaca toplumlar yiyə çıxacaq. Günlərin bir günü görəcəksən ki, idarəetmə xırda etniklərin ixtiyarına verilib, biz isə öz yurdumuzda imkansız etnik toplum durumundayıq. Məgər ötən yüzilin 18-ci ilində Azərbaycan dövlətinin yerində Ermənistan dövləti yaratmaq hədəf deyildimi? Nuru paşanın gəlişi ilə plan pozuldu. Bütün Azərbaycan ərazisində deyil, onun müəyyən bir hissəsində (Azərbaycanın batı hissəsində-İrəvan, Zəngəzur, Zəngibasar, Göyçə, Qaraqoyunlu, Mehri mahallarında) Ermənistan dövləti yaratdılar.
Təbii ki, biz burada etnik toplumlara qarşı mübarizə cəbhəsinin açılması fikrindən uzağıq. Heç kimin inkarı üzərində deyil, özümüzü milli varlığımızın üzərində təsdiq eləmək fikrini irəli sürürük. Bu çağa qədər türkün kimisə zorakı assimilyasiyaya uğratdığı tarixə bəlli deyil. Hər şeyə ədalət ölçüsü ilə yanaşmaq gərəkdir…
Beləliklə, ortaya çıxan odur ki, Azərbaycanın ulusal problemlərinin həlli ümummilli Hərəkata (Uluyurd Hərəkatına) başlamaqdan keçir. Bütün sorunlarımızın həlli yolunda əngələ çevrilən talançı hakimiyyətin rədd olunmasını da məhz Milli Hərəkat həyata keçirə bilər. “Mütləq hakimiyyətçilik” bəlasının təsirləri artıq xeyli dərinə işləyib. Onunla qruplar halında savaş aparmaq heç bir nəticə verməyəcək. Vətən naminə, millət naminə fədakarlıq eləmək zamanıdır. Milli Qüvvə yaratmaq, böyük Hərəkata başlamaq gərəkdir. Vaxtı balaca iddialara qurban vermək zamanı deyil.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv