44 ildir bir ailənin bir millətlə savaşı gedir. Bir ailənin bir millətlə savaşı ağlasığmaz olsa da, bu var, bu bir gerçəklikdir. Əliyevlər ailəsi 44 ildir bu millətlə (burada siyasi millət anlayışı önə çəkilir) savaş aparır. Ortada çoxlu sayda cinayət faktı olduğundan geriyə yol yoxdur: ailə sonadak bu milləti yenməyə yüklənib. Bu tezisi doğrulayan çoxlu fakt göstərmək olar, ancaq çox uzağa getməyə, faktlar toplusuna əl atmağa gərək yoxdur. Son çağların iki faktını göstərmək yetər.
1. Debat faktı. Xalqın adamına – Cəmil Həsənliyə 6 dəqiqəni də qorxa-qorxa verdilər (onu da seçkiyə az da olsa legitimlik qazandırmaq üçün). Qorxu üzündən debatlarda 7-8 yalançı “namizədi” C.Həsənliyə qarşı qoydular. Nədən qorxurdular? Çoxillik, çoxsaylı cinayətlərindən. Milləti yenməyə yönəlmiş çoxillik savaş görsənişlərindən!
2. Seçkinin qabaqkı illərdəkindən daha aktivliklə, daha aqressivliklə saxtalaşdırılması faktından. 1993-dən bu yana keçirilən seçkilərdə indiyədək saxtalaşdırma daha çox axşamüstü başlayırdı. İndi tezdəndən başladı. Xalqın C.Həsənliyə sevgisi, onlara nifrəti, demək olar, açıq xarakter aldığından, bunu gözəl bildiklərindən başlanğıcdan total saxtakarlığa start verdilər. Mən bunu Xalqın-müxalifətin yetərli olmasa da, önəmli uğurlarından sayıram: öz cinayətlərini bilən rejim Xalqdan qorxdu!
Biz yaxşı bilirik: bu rejim seçki yoluyla yıxılan, hakimiyətdən əl çəkən deyil. İki başlılca faktora: çoxsaylı cinayətlərinə; rüşvət-korrupsiya axarında gündəlik böyük qazanclara görə. Bu isə ən aşağılardan prezidentədək bütün ölkəni bürüyən görsəniş deməkdir. 75 milyonluq Dubay mülkləri, 48 milyardlıq ofşor oğurluğu, hər il bircə gömrük-vergi sistemindən gələn 10 milyardlıq gəlir – bunlar hamısı deyil, Əliyevlər ailəsinin illik, aylıq, gündəlik qazanclarının bir azıdır. Bunlar bir ailənin millətlə savaşının PULa çevrilmiş epizodlarıdır. Rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu-monopoliyanı dövlət siyasətinə çevirdiklərindən PUL bu ailənin üstünə sel kimi axır. Axır, illərdir axır, ancaq gözləri doymaq bilmir… Pul pulu gətirdiyi kimi, cinayət də cinayəti gətirir. Beləliklə, seçkiləri bütünlüklə saxtalaşdırmaq gərəyi yaranır. İtkinin yarısından qayıtmaq da qazancdır, deyirlər. Görünür, onlar tutduqları cinayət yolunu özləri üçün yalnız qazanc yolu olaraq gördüklərindən “qayıtmaq”, “daha bəsdir” anlayışı onlara bütünlüklə yaddır. Bir ailənin bir millətlə savaşı budur. Bir ailə bir milləti yenə bilərmi? Yenə bilər, ancaq taktiki baxımdan. Strateji baxımdan, bir ailə, bir millət savaşında yenilmək ailənin, yenmək millətin payına düşür. İstəsən də belədir, istəməsən də!
12 saylı Qaradağ-Binəqədi seçki dairəsi. Bu bizim dairədir. Yeni Yasamaldakı 286 saylı məktəbdə yerləşən 29 saylı seçki məntəqəsi. Bu da bizim məntəqədir. Bu məktəbdə bir neçə qaçqın rayonunun seçki məntəqələri də var. Bunlar hamısı seçkiləri kütləvi saxtalaşdırma məntəqələridir. Məktəbin direktoru Mübariz Vəliyev, bilənlərin dediyinə görə, Bakının məktəb direktorları arasında sayılıb-seçilən… rüşvətxor direktorlardandır. Bunu onun seçki çağlarındakı ayrıca aktivliyindən də görmək olar. Bu aktivlik nədənilə bizim bir sıra toqquşmalarımız olub. Müəllimlərdən birinin dediyinə görə, M.Vəliyev bu seçkidə belə yenilik eləyib: “Seçki günü hərə məktəbə bir neçə paltarla gəlsin – paltarını dəyişməklə seçki qutularına bülleten tökmək üçün”. Sovet dönəmində buna “səmərələşdirici təklif” deyər, adama pul verərdilər. Bakının ən böyük məktəblərindən olan 286 saylı məktəb satılan ştatları, dərs saatları, ölü canları ilə gündəlik gəlir qaynağıdır. Direktor bu böyük pul qaynağını əldə saxlamaq üçün seçki saxtalaşdırmalarının başında durmalıdır.
Səsvermədən sonra eksitpola yaxınlaşıb hardan (hansı qurumdan) olduğunu soruşuram. Nə desə yaxşıdır: “Naxçıvandanam”. Bəsdir!
XALİQ BAHADIR. KRİMİNAL SEÇKİ FAKTORU
Oktyabr 14th, 2013 admin