Rusyada azərbaycanlıların sayı 3 milyona çatıb. Azərbaycanda azərbaycanlılar azalır, Rusiyada artır. Rusiyadakı siyasi rejim də Azərbaycandakı kimi avtoritar xarakterlidir. Ancaq azərbaycanlıların Rusiyaya axınından belə bilmək olur: azərbaycanlılara Azərbaycanda yaşamaq Rusiyada yaşamaqdan daha ağır, daha çətin, daha dözülməzdir – bütün bunlara görə Azərbaycandan axın Rusiyaya yönəlik demoqrafiya xarakteri alıb. Azərbaycan azərbaycanlılar üçün getdikcə qısırlaşan, Rusiya azərbaycanlılar üçün getdikcə ürüyüb-artan ölkə rolunu oynamaqdadır. İndiki prezident seçkisindən sonra Azərbaycandan axının, başlıcası da Rusiyaya axının daha da artacağını gözləmək olar.
93-cü il çevrilişindən sonra ölkədə H.Əliyevin başçılığı ilə antiQarabağ şousu başladı: “Xalq Cəbhəsi hakimiyəti xalqın balalarını Qarabağda qırdırdı; hər gün ölkənin hər yerinə şəhidlər gəlirdi…” Bu tipli çıxışlar-söyləmələr. Yalnız Bakıda deyil, rayonlarda keçirilən çeşidli yığıncaqlarda da bu sayaq çıxışlar baş alıb gedirdi. H.Əliyev ermənilərlə “atəşkəs” bağlaşması bağladı. Nə oldu? Şəhidlərin arasıkəsildimi? Yox. 20 illik əliyevçi rejim dönəmində ölkəmiz 10 min (ola bilsin, bundan da artıq) şəhid verdi, ancaq Qarabağ-Azərbaycan uğrunda döyüşlərdə yox, eləcə ermənilərin atdığı güllələrdən. Azərbaycan, demək olar, H.Əliyevin hakimiyətə gəlişilə ermənilərlə savaşı dayandırdı, ermənilərsə Azərbaycanla savaşı bü gün də sürdürməkdədirlər, özü də yalnız bizimlə sınır bölgələrində yox, bütün dünyada. Ermənilər bizimlə sınır bölgələrində snayperlə, tankla, topla apardıqları savaşı başqa yerlərdə diplomatik-ideoloji planda aparırlar: durmadan, dayanmadan, prinsipiallıqla, ardıcıllıqla.
Rusiya ermənilərin bizimlə apardıqları ən böyük, ən effektli cavaş meydanıdır. Birinci, özümüzün oradakı sayca çoxluğumuza, ikinci, türk-müsəlman xalqlarının çoxluğuna görə Rusiyada biz ermənilərin antiAzərbaycan-antitürk çıxışlarının qarşısını biryolluq ala bilərdik. Ala bilmirik. İllərlə, il uzunu Rusiya mediasında antiAzərbaycan yazıları gedir, televiziya çıxışları olur. O yazıların, o çıxışların hamısı olmasa da, çoxu pulla başa gəlir. Ermənilər Azərbaycanı, azərbaycanlıları-türkləri gözdən salmaq üçün dünyanın hər yerində, başlıcası da Rusiyada illərlə böyük iş aparırlar. Bu işin çağdaş dünyada konkret adı da var: informasiya savaşı. Ermənilər Qarabağ uğrunda savaşa da getdikcə bütün dünyaya yaydıqları informasiya savaşından başlamışdılar. Bizim bildiyimizcə, bu savaş – informasiya savaşı – Rusiyada başlamışdı, sonra ermənilər getdikcə çevrəni genişləndirirək, daha doğrusu, bizdən gərəkən təpkini görməyərək, onu bütün dünyaya yaymışdılar. Dünənlərdə necə idisə, bugünlərdə də eləcədir: ermənilər hər yerdə bizə qarşı informasiya savaşı aparırlar, biz susuruq. Onlar bizə qarşı informasiya savaşını hər yerdə aparırlar, başlıcası da bizim sayca qat-qat çoxluqda olduğumuz Rusiyada.
Faktik olaraq bizim Rusiyadakı çoxluğumuz yoxluq yerindədir. Rusiya qəzetlərində, televiziyalarında, eləcə də dövlət qulluğunda siz çoxlu erməni görə bilərsiz. Azərbaycanlı yoxdur. Niyə? Doğrudanmı biz ermənilər kimi bacarıqlı deyilik? Doğrudanmı ermənilər intellekt baxımından bizdən üstündürlər? Yox, yox, yenə də yox! Ermənilərin arxasında milli, ideoloji, siyasi, ayrıca olaraq diplomatik baxımdan iki GÜC dayanır: erməni dövləti, erməni kilsəsi! Özü də bütünlüklə, sadaladığım bütün parametrlər üzrə. Erməni dövləti bir yana, erməni kilsəsi də ermənilərin arxasında milli, ideoloji, siyasi, diplomatik GÜC olaraq dayanır. Ermənilər biri-birinə bağlı bu iki faktora görə dünyanın hər yerində bizə üstün gəlirlər. Bizm arxamızda, bizimkilərin arxasında nə dövlət dayanır, nə məscid. Bizdə dövlət də, məscid də bir qrup adamın özəl qazanc obyekti, yayda yaylaq, qışda qışlaq yeridir. Biz bu iki faktora görə dünyanın hər yerində yalnız ermənilərə deyil, hamıya uduzuruq.
Bu gün Rusiyada uduzduğumuz kimi. Beləcə biz bütün dünyanı uduzuruq – Rusiyanı uduzduğumuz kimi. Bizim ermənilərdəki kimi dövlət-məscid siyasətimiz, başqa cür desək, milli strategiyamız olsaydı, başqa ölkələr bir yana, Rusiyada böyük uduş, böyük qazanc yiyəsi olardıq. Milli strategiya, milli strateji yetənəklər baxımından. Sözsüz, bizim bu gün Rusiyada böyük uduşumuz, böyük qazancımız var, ancaq çox sayda azərbaycanlının pullanması-varlanması baxımından. Pullanıb-varlanmaq, sözsüz, yaxşıdır, çox yaxşıdır, di gəl, hansı başla, hansı düşüncəylə, hansı dünyagörüşlə, hansı intellektual, siyasi, ideoloji baza ilə. Belə bazanı başlıca olaraq dövlət, ayrı-ayrı dövlət sosial institutları yaradır. Azərbaycanda, bildiyimiz kimi, nə belə dövlət var, nə də onun belə sosial institutları. Bunlar olmadıqca bizi Qarabağdan Bakıya, Bakıdan Moskvaya, Moskvadan Brüsselə, Brüsseldən Vaşinqtonadək hər yerdə uğursuzluq gözləyir. Belə olub, belə olacaq. Ta biz özümüzü, dövlətimizi dəyişib dünya düzəninə, dünyadakı bir sıra gerçəkliklərə uyğunlaşdırmayanadək.
Rusiyada indi çox sayda azərbaycanlı pullu-varlı adam, ayrıca olaraq 10-dək milyarder var. Nə olsun? Manqurt düşüncəsilə (daha doğrusu, düşüncəsizliyilə) varlanmalardan ölkənin, ulusun hansı qazancı ola bilər? Ola bilsəydi, indi Rusiyada azərbaycanlılar bütün sferalarda olmasa da, bir sıra sferalarda üstünlük qazanar, söz yiyəsi olardılar. İndilikdə bizimkilərin Rusiyada söz yiyəsi olduğu bir sfera var – bazarlar! Ermənilər Rusiya mediasına yiyələnmək uğrunda, Rusiyanın dövlət strukturlarında yer tutmaq uğrunda çarpışırkən, bizimkilər bazarlar, bazarlardakı yerlər uğrunda çarpışma aparırlar. Ən çox da bir-bilərilə. Elə buna görə də Rusiyada azərbaycanlını azərbaycanlının öldürməsi faktı geniş yayılıb. Olduqca ilginc görsənişdir: bazarda azərbaycanlının başlıca konkurenti azərbaycanlı olur. Sözsüz, bu özü özümlü bacarıq görsənişidir, ancaq, axı, biz ortaya başqa bacarıq, yetənək örnəkləri də qoymalıyıq. Bazar baxışlarından, bazara bağlı düşüncədən, dünyagörüşdən uzaqlaşmadıqca başlıca qazancımız sonumuzu tezləşdirmək olasıdır. İndilikdə biz hər yerdə – Azərbaycandan Rusiyaya, ondan da çox-çox uzaqlaradək sonumuzu tezləşdirməyə çalışan xalqıq!
Haçaqsa yazmışdım, yeri gəlib, bir də yazıram. Rayonlarımızın birindən sinif yoldaşı olan 10 gənc “çörək qazanmaq üçün” Peterburqa yollanır (93 çevrilişindən sonrakı illərdə). Onlar əl-ələ verib çalışır, yaxşıca pul qazanırlar. Pullanıb-varlandıqca konkurentlərini çeşidli yollarla sıradan çıxarmaqla böyük alış-veriş şəbəkəsi yaradırlar. Konkurentləri bitirib şəbəkəni genişləndirəndən, böyük pul yiyəsi olandan sonra… öz aralarında konkurentə çevrilirlər. Bundan sonra onlar biri-birini aradan götürməyə girişirlər. Daha onu öldürəcək yoldaşı olmadığından sona biri qalır. Bu acıdan acı olayı mənə qardaşı öldürülən prokuror danışıb. Onun qardaşı sözügedən 10 yoldaşdan biri olub. Onu Azərbaycandakı sinif yoldaşları – Peterburqdakı konkurentləri öldürüblər. Pula sonsuz, manyakcasına sevgi üzündən. Bu isə son illərdə bizim xarakterik özəlliyimizə çevrilməkdədir. Azərbaycanlılar indi yalnız Azərbaycanda deyil, Azərbaycandan uzaqlarda da daha çox pul dəlisi kimi tanınırlar. Bu isə kəsinliklə milli-mənəvi dəyərlərin aşınmasından, daha doğrusu, aşındırılmasından, planlı aşındırılmasından doğan görsənişdir.
1993-dən Azərbaycanda rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya, eləcə də saxtakarlıq DÖVLƏT SİYASƏTİNƏ çevrilib. Bu isə istər-istəməz milli-mənəvi dəyərlərin itirilməsinə millətin az qala ucdantutma aşınmasına gətirib çıxaran PLANLI siyasətdir. Bir var dövlətdə korrupsiya faktlarının olması, bir də var korrupsiyanın dövlət siyasətinə çevrilməyi. Birincidən bütün dünyada var, o, çox da qorxulu deyil; tez-gec qarşısı alınır. İkinci – indiki Azərbaycanda olan – qorxuludan da qorxuludur. Tezliklə aradan qaldırılmasa, son qoyulmasa, bu, millətin, dövlətin sonu deməkdir.
Bu gün Rusiyada azərbaycanlılar arasında geniş yayılmış neqativ görsənişlər, azərbaycanlılarla bağlı baş verən neqativ olaylar Rusiyadan deyil, Azərbaycanın özündən, buradakı sosial-siyasi, mənəvi-psixoloji durumdan qaynaqlanır. Bu gün azərbaycanda açıq-aydın görünən, addımbaşı qarşılaşdığımız uyqarsızlıq-mədəniyyətsizlik ortamı formalaşıb: bütün seçkilər saxtalaşdırılır, təhsil, sağlamlıq sistemi başda olmaqla ölkə rüşvət-korrupsiya bataqlığına çevrilib. Bu bataqlıqdan qurtulmaq üçün Rusiyaya üz tutanlar burada görüb-götürdüklərini – aldıqları tərbiyəni, yiyələndikləri “mədəniyyəti” – də özlərilə aparırlar. Onlar Rusiyada tezliklə pullanmaq, varlanmaq olanağı qazanırlar. Ancaq Azərbaycandakı düşkün ortamda yiyələndikləri baza (etik, estetik, intellektual) onların Rusiyadakı pullanma-varlanma faktorundan gərəyincə yararlanmalarına yol vermir. Bahalı telefon, bahalı maşın, rus qızları-qadınları ilə gündəlik əyləncələr onlar üçün başlıca ideal sayılır. Onlar kitab-qəzet oxumur, teatra getmir, bütün dünyanın sevə-sevə oxuduğu rus klassiklərinin adlarını belə tanımırlar. Bir sözlə, potensial pullu-varlı kriminallar. Bakıda qudurmuşların uşaqları etdiyi kimi, onlar da Mockvada maşıının şüşələrini endirib anlaşılmaz oxumalara sonadək “xod” verir, vəhşicəsinə maşın sürmələri, siqnallarıyla adamları çığnadır, cırnadır, qudurğan, etik normalardan uzaq davranışlarıyla qonşuları bezdirirlər. Qınamağa yer də yoxdur: düşüncən nədirsə, davranışın da odur.
Azərbaycan XİN Orxan Zeynalov olayı ilə bağlı Rusiyaya nota verib: “Məhkəmənin qərarına qədər saxlanılan şəxsə qarşı kobud davranış və KİV-də onun cinayətkar kimi təqdim olunması günahsızlıq prezumpsiyasına ziddir”. PA sözçüsü, ombudsman da yazıq Rusiyanı qanunçuluğa çağıran bu sayaq “notalar” yollayır. Orxan Zeynalovun Rusiyada başına gətirilənlərdən qat-qat artığı illərlə Azərbaycan müxalifətinin başına gətirilib, gətirilir. Bircə elə “Azadlıq”ın gənc jurnalisti Aqil Xəlilin başına açılan oyunlar, əxlaqsızcasına teleşoular… Bunları yaradanlar, bunlara göz yumanlar indi Rusiyanı “topa” tutur. Bütün dünyada üstü açılmış seçki cinayətlərini kompensasiya etmək üçün İCAZƏLİ QƏHRƏMANLIQ axarında əriş-arğaclarıyla bağlandıqları Rusiyaya qıcanır-qolaylanırlar. Seçkidə müəllimlərin paltarlarını dəyişməklə dönə-dönə səs verməsi kimi iyrənc tamaşa düzəldənlər indi Rusiya ilə Azərbaycan arasında tamaşa düzəldirlər. Qanunsuz rejim yoluyla ölkədən qaçırdıqlarına indi Rusiyadan qanun istəyirlər. Bu da saxta seçki teatrı kimi bir teatrdır. Bizə – azərbaycanlılara – yenə hüquqsuz tamaşaçı rolu ayrılıb. Rusiyadakı azərbaycanlılar elə Azərbaycandakı azərbaycanlılardır…
XALİQ BAHADIR. Rusİyadakı azərbaycanlılar…
Oktyabr 25th, 2013 admin