Uzun illərdən bəri Azərbaycanda oturub… Azərbaycanla ölüm-dirim savaşı aparan Ramiz Mehdiyev indi ABŞ-la açıq savaşa çıxıb. Müxalifətçi dostların acığına getsə belə, mən bu yerdə keçmiş kompartiya, indiki YAP ideoloqu R.Mehdiyevi ürəkdən alqışlayıram. Adam yetişib! Gələ-gələ yetişib. Çoxları uzun illər onu Heydər Əliyevin əlaltısı olaraq dəyərləndirir, H.Əliyedən sonra onun biryolluq siyasi arenadan gedəcəyini söyləyirdilər. Ancaq görün indi nə baş verir: SSRİ-də, komunist-bolşevik dövlətində olduğu sayaq, Azərbaycan xalqı üzərində TAM, QƏTİ QƏLƏBƏ çalan Ramiz Mehdiyev indi Amerika Birləşmiş Ştatları üzərinə hücuma keçib. Yada komunist şairin bir çağlar orta oxullarda bizə sevə-sevə öyrədilən gözəl şeri düşür: “Fırıldağı, hiyləsi çoxdur komunistlərin, Almadığı bir qala yoxdur komunistlərin!”
Mən inanıram: alınmaz Azərbaycan qalasını alıb darmadağın eləyən R.Mehdiyev ABŞ adlı super qalanı da alacaq, kef onda olacaq! Onda YAP-çılar yalnız Sahil bağının yan-yörəsində yox, bütün dünyada QƏLƏBƏ şənliyi keçirəcəklər, Sumqayıtdakı meyxanaçı qardaşların meyxana bazarlığı da öz yerində! O çağların ən populyar mahnısı bilirsiz hansı olacaq: “Vaşinqton da bizimdir…” Ha çalışsam da, mən bu yox ağlıma sığışdıra bilmirəm: Morninqstar onda hara qaçacaq? Ola bilər, mister Ramiz Mehdiyev onda gedib Ağ evdə oturar, elədə kimdi Yer üzündə Morninqstara sığınacaq verən. Elşad Abdullayev Ramiz Mehdiyevin qorxusundan gedib Fransaya sığınıb, R.Mehdiyev ABŞ-ı yenib Vaşinqtona yiyələnəndən sonra Morninqstar onun əlindən hara qaça bilər?! O indi yekə-yekə R.Mehdiyevin yalanını çıxarır, onu – YAP-ın başlılca seçki ideoloqunu saxtakarlıqda suçlayır. Onu dünyanın harasında qaçıb gizlənsə tutacaqlar – bin Laden kimi. Ancaq, sözsüz, “Vaşinqton da bizimdir…” mahnısı gerçəkləşəndən, Ağ ev YAP-ın Prezident Administrasiyasına çevriləndən sonra! Siz özünüzün dərin ağlınızla inanmazsız, ancaq mən özümün dayaz ağlımla bir daha, ürəkdən gələn inamla deyirəm: “Fırıldağı, hiyləsi çoxdir komunistlərin, Almadığı bir qala yoxdur komunistlərin!” Göz gördüyündən qorxar, deyiblər: bunlar himnimiz, bayrağımızla birlikdə Respublika – Demokratiya QALASINI tutub əlimizdən almadılarmı?!
Bunlar hamısı öz yerində – ABŞ bilər R.Mehdiyev bilər. Bizim bu işlərə qarışacağımız yoxdur. Bu ölkədə Əliyev – Mehdiyev rejimini biz qurmamışıq, ABŞ özü qurub. İndi də kim kimə güc gələr, kim kimi yenər, kim kimi yeyər – özləri bilərlər. Dünən bilmədiyimiz kimi, biz bu gün də bilmirik ortada hansı gizli alış-veriş var. Bizə hələlik burası da qaranlıqdır: ortada gizli alış-veriş varmı? Yoxsa, olan elə açıqda gördüklərimiz – R.Mehdiyevin ABŞ-la qladiatorcasına döyüşə atılmağıdır. Bizi indi daha çox bir görsəniş ilgiləndirir: İlham Əliyevlə Ramiz Mehdiyevin seçkiönü, seçkisonrası taktiki gedişləri. Baxın, seçkiöncəsi İ.Əliyev önə çıxmış, R.Mehdiyev daldaya çəkilmişdi, seçkisonrası R.Mehdiyev önə çıxıb, İ.Əliyev daldaya çəkilib. Nə baş verib? Rollar niyə dəyişib? Bəllidir: seçki cinayəti baş verib. İ.Əliyev seçkisonrası özü daldaya çəkilib, R.Mehdiyevi önə çıxarmaqla kimə nə demək istəyir? Belə çətin çağda Rusiyanın adamını ABŞ-la savaşa göndərmək nə deməkdir? Bəlkə, Putinlə seçkiöncəsi milyardlarla dollarlıq bazarlıqdan sonra Azərbaycan Rusiya ilə birləşmiş dövlət durumuna gətirilib?
Görün korrupsioner rejim ideoloqu nə deyir: “ABŞ Azərbaycanı təcrid etmək fikrində ikən, özü təcrid olunmuş vəziyyətə düşüb”. Eşidib inanmaq istəyirsən, ancaq bu adam özü başqa yerdə yox, elə bu çıxışındaca ABŞ-ı “AŞ PA-ya, Avropa Parlamentinə Azərbaycandakı seçkilərə dair müsbət rəylərini dəyişdirmək üçün təzyiq göstərməkdə suçlayır. “Təcrid” olunmuşun gücünə, üstünlüyünə bax! Hamam hamam içində… yox, yalan yalan içində, görün nələr gizlənir köhnə palan içində!..