XALİQ BAHADIR. XALQIN – MÜXALİFƏTİN QARŞIDAKI GÜNLƏRİ

Axtarışlar… axtarışlar… axtarışlar. Bunlar çağdaş Azərbaycanın başlıca, mən deyərdim, başda duran analitklərindən biri, birincisi olan Hüseynbala Səlimovun yazılarında olan ardıcıl görsənişlərdir – ardıcıl axtarış görsənişləri. Bizdə “analitik-politoloq” adıyla tanınan çoxdur. Çoxu da boşuna ad daşıyıcısıdır. Kim analitik-politoloq deyilənin nə olduğunu bilmək istəyirsə, Hüseynbala bəyin yazılarını oxusun. Gerçək analitik-politoloq özünün gerçəyə yönəlik ağıllı-ayıq baxışları, düşündürücü yazıları-çıxışlarıyla xalqı ayıldan, onun düz yola yönəlməsinə çalışan kimsədir. Başqaları oxşar ad daşıyıcıları olsalar da, yolları-rolları da başqadır.

Analitik-politoloq gerçəklikdən qaynaqlanan, gerçəkliyə bağlı yazılar yazmalı, çıxışlar etməli, xalqı gələcəyə aparan, aparacaq yola işıq salmalıdır. O yolu gedib-getməmək, analitik-politoloqu eşidib-eşitməmək xalqın öz işidir. Analitik-politoloqun başlıca işlərindən biri də yaxın-uzaq gələcəklə bağlı proqnoz verməkdir. Doğru-düzgün proqnozlar isə gerçəkliyin obyektiv, doğru-düzgün analizlərindən doğur. Güclü, doğru-düzgün analitikin proqnozları da doğru-düzgün olur. Proqnoz vermək isə gələcəkdən elə-belə soraq vermək üçün deyil, hansısa qorxuları, hansısa sorunları önləmək, onlardan yayınmaq üçündür. Elə buna görə də çağdaş dünyanın ABŞ, Çin kimi güclü, üstün dövlətlərində güclü analitiklər, seçkin proqnoz ustaları dövlətdən, toplumdan ayrıca sayğı, ayrıca qayğı görürlər. Burada istər-istəməz bir uyğun deyimi anmaq gərəkir: SORAQLISAN – YARAQLISAN!

H.Səlimovun “Azadlıq”dakı “Hakimiyyət maneə görməyəndə” yazısı (31.10.2013.) da onun çox dəyərli yazılarından biridir. Məncə, bu yazıda bircə “axsayan” yer var – bugünlər üçün çox gərəkli proqnoz yeri. O deyir: ”İ.Əliyevin növbəti prezidentlik müddətində hansı dəyişikliklərin baş verəcəyini söyləmək bir qədər çətindir”. Burası mənə inandırıcı görünmür. Bu yöndə bizim analitik dostlarımızın hansısa çətinliyi ola biləcəyinə inanmıram. Proqnoz vermək çətinliyini deyirəm. Ola bilsin, bir neçə ay qabaq belə proqnoz vermək çətin olardı. O da nəyə görə? Bir sıra rejim adamları, eləcə də rejimə satılmış bir sıra adı “müxalifətçi”, özü rejim əlaltısı olaraq tanınan jurnalistlər seçkidən sonra İ.Əliyevin indiki komandanı dəyişəcəyini, bütünlüklə yeni komanda yaradacağını hay-harayla car çəkirdilər. Sözsüz, Prezident Administrasiyasından gələn tapşırıqla. Biz elə o çağlar bütün bunların yalan, seçki kələyi olduğunu yazırdıq. İndi bu yalanın, bu kələyin iç üzü bütünlüklə ortadadır: İ.Əliyev atadanqalma korrupsiya komandasını, demək olar, toxunulmaz saxladı. Elə bu daşlaşmış korrupsiya komandasından çıxış edərək də “İ.Əliyevin növbəti prezidentlik müddətində hansı dəyişikliklərin baş verəcəyini söyləmək…” çox asandır.

İ.Əliyev təkbaşına deyil, indiki atadanqalma doğma komandanın gücünə Dubaydan, Karlovı-Varıdan, Londondan, Mayamiyə, Panamaya, ayrıca olaraq ofşor zonalaradək milyardlarla PUL, MAL-MÜLK yiyəsinə çevrilib. Demək , korrupsiya, oğurluq, soyğunçuluq, monopoliya siyasəti İ.Əliyev administrasiyasının aparıcı DÖVLƏT SİYASƏTİ olaraq qalacaq. Bəlli olduğu kimi, indiki prezident seçkisi əliyevçi rejim üçün ən çətin seçki oldu. Eləcə də bu seçki ən çox korrupsiyalaşmış seçki oldu: bu seçkini udmaq üçün seçkiöncəsi milyonlardan, milyardlardan keçildi. Yetmədi, yetərli olmadı! Seçkisonrası da eləcə yaxın-uzaq yollarda milyonlardan, milyardlardan keçmək gərəyi yaranır. Başqa bir gərək qarşıdakı beş ildə sözügedən milyonlar, milyardlarla manat itkilərin yerini doldurmaqdır. Buna görə bəri başdan ölkənin TƏK müxalifət qəzetini – “Azadlıq”ı susdurmaq GƏRƏYİ yaranır! Gerçəkdə isə bu, bir MİLLƏTİ bütünlüklə susdurub yenməyə yönəlmiş… heydərizm siyasətidir!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv